Məhkəmə qərarları › İş №2-1(106)-18/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-18/2023

08.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-18/2023 08.02.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, Şirvаn İnzibаti Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(120)-729/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 31 avqust 2022-ci il tarixli, 2-1(120)-729/2022 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2019-cu il tarixdən, 57 yaşdan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiyanın təyin edilməsinin və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək bildirdi ki, Dövlət Sosial Müdafiə Fondunun regional ərazi filialı və müvafiq arxiv idarələri tərəfindən iddiaçının sığorta stajı yoxlanılarkən müəyyən edilmişdir ki, iddiaçının 2000-2005-ci illərdə Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatında işlədiyini iddia etdiyi dövrə dair işə qəbul və işdən azad edilmə barədə əmrlər müəssisə tərəfindən möhürlə təsdiqlənməmiş, əmr kitabları isə qaytanlanmamışdır. Həmçinin hazırkı məhkəmə iclasında Hacıqabul rayon Dövlət Arxivinin müdiri X6 da verdiyi ifadəsində göstərdi ki, Hacıqabul rayon Kommunal Müəssisələri Kombinatının 2000-2005-ci illərə dair əmək haqqı kitabları dövlət arxivinə təhvil verilmiş, lakin İddiaçı adı həmin kitablarda yoxdur. Həmçinin iddiaçının 1993-2000-ci illərdə "xxxx" ASC-də işlədiyini iddia etdiyi dövrə dair əmr kitabları sonradan tikilmiş, vərəqlərinin ardıcıl rəqəmlənməsi sonradan həyata keçirilmişdir. Eyni zamanda, hazırkı məhkəmə iclasında Azərbaycan Respublikası Dövlət Arxivinin Şirvan filialının direktor əvəzi X5 da izahatında göstərdi ki, "xxxx" ASC-nin 1993-2000-ci illərə dair əmək haqqı kitabları dövlət arxivinə təhvil verilməyib. Eləcə də, hazırkı məhkəmə iclasında sədrlik edən tərəfindən elan olunan telefonoqramdan da görünür ki, X7 2014-cü ildən "xxxx" ASC-nin direktoru olduğunu, həmin müəssisənin hazırda öz fəaliyyətini dayandırdığını, həmçinin İddiaçı tanımadığını, tərəflərindən İddiaçı heç bir güzəştli iş stajı barədə arayış verilmədiyini, həmçinin iş materiallarındakı arayışları imzalayan “T.A.Mamedov”-u tanımadığını, "xxxx" ASC-nin belə bir işçisinin olmadığını bildirmişdir. Bütün bunlar həm iddiaçının ümumi və güzəştli iş stajı barədə, həm də müvafiq arxiv sənədləri barədə cavabdeh inzibati orqanda əsaslı şübhələr doğurur. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddiadan imtina etdiyini bildirdi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Məhkəmə kollegiyası iddiaçının iddiadan imtinası barədə ərizəsini iş materialları ilə birgə tədqiq edərək hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Həmin Məcəllənin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci, 82-ci və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialının apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibаti Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(120)-729/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı iddiadan imtinası qəbul edilsin və İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı ona xx.xx.2019-cu il tarixdən, yəni 57 yaşdan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar