Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-180/2024 06.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli, 2-1(120)-797/2023 nömrəli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinə qаrşı torpaq sahəsinə dair hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum Qarayevə İradə Lazım qızına aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Əmlak Məsələləri Dövlət Xidməti, Salyan Bələdiyyəsi və Salyan rayon Arbatan Bələdiyyəsi üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişlər. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 28 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-797/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Salyan rayonunun Arbatan kəndi ərazisində yerləşən 0,087 ha və 0,2158 ha torpaq sahələrinin (yeni qaydalarda ünvanları nəzərə alınmaqla) mərhum Qarayevə İradə Lazım qızına mülkiyyət hüququ əsasında aid olması və bu hüququn qeydiyyata alınmasının mümkünlüyü barədə arayışın (çıxarışın) verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması, 50 (əlli) manat ekspertiza tədqiqatının dəyərinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsindən tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ**********0000003944 SWİFT BİK CTREAZ 22. Hesab №AZ43CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının adına tərtib edilmiş Salyan bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 18 saylı protokolundan çıxarış, Salyan bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 18 saylı protokolundan torpaqların alqı-satqısına dair akt, Salyan rayonu Arbatan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı, Salyan rayonu Arbatan bələdiyyəsi ilə Salyan bələdiyyəsi ilə Qarayevə İradə Lazım qızı arasında torpaqların alqı-satqısına dair akt, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008107 saylı plan və ölçü sənədi, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçü sənədi mübahisələndirilmədiyindən, hər hansı orqan tərəfindən ləğv və ya etibarsız hesab edilmədiyindən həmin sənədlərin qanuniliyini şübhə altına almaq düzgün deyildir. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Salyan rayon Bələdiyyəsinin xx.xx.2007ci il tarixli qərarı ilə mərhum anası Qarayevə İradə Lazım qızına Salyan şəhəri, N.Babayev küçəsində bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən özünə məxsus obyektin altındakı və ətrafındakı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m torpaq sahəsi satılmışdır. Torpağın alqı-satqısına dair akt tərtib olunmuş və Salyan rayon Bələdiyyəsinin bank hesabına 1680 manat məbləğində pul ödənilmişdir. Bundan başqa Salyan rayon Arbatan Bələdiyyəsinin 08.11,2006-cı il tarixli 16 nömrəli qərarına əsasən mərhum anası Qarayevə İradə Lazım qızına aldığı inzibati binanın ətrafından Arbatan bələdiyyəsi mülkiyyətinə məxsus olan ərazidən sahibkarlıq məqsədi ilə 0,10 ha torpaq sahəsi satılmışdır. Dövlət Torpaq Kadastrı kitabında xx.xx.2007-ci il tarixdə 101 nömrə ilə uçota alınaraq torpaq sahəsinin planı ölçüsü tərtib edilmişdir. Mərhum anası Qarayevə İradə Lazım qızı öldükdən sonra onun qanun üzrə vərəsəsi iddiaçıdır. Qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması üçün çıxarışın verilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı Şirvan Ərazi İdarəsinə müraciət etsə də imtina edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, iş üzrə təqdim edilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi satılan zaman bələdiyyə mülkiyyətində olsa da hazırda dövlət mülkiyyətindədir və bu baxımdan tərtib olunacaq daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əmlakın cari vəziyyətinə uyğun tərzdə tərtib edilməlidir. Birinci instansiya məhkəməsi Torpaq Məcəlləsinin 51.6-cı maddəsinin tələblərini nəzərə almadan qərar qəbul etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış məktubda bildirilir ki, mərhum Qarayeva İradə Lazım qızının adına Salyan rayonu, Arbatan kəndi ərazində yerləşən 0.087 ha və 0.2158 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciəti üzrə araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin torpaq sahələri elektron məlumat bazasına dövlət mülkiyyətinə aid torpaq sahəsi kimi daxil edilmişdir. Bu səbəbdən “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən müraciətin icrasından imtina edilir. -Salyan rayon 2 saylı xüsusi notariat ofisinin 19 sentyabr 2022-ci il tarixli 749g nömrəli məktubunda bildirlir ki, mərhum Qarayeva İradə Lazım qızının vərəsəsinə verilmiş xx.xx.2009-cu il tarixli 2V-20 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə Bakı şəhəri 19 saylı dövlət notariat ofisində rəsmiləşdirilmişdir. Həmin şəhadətnamənin verilməsinə əsas olan sənədlərin əslinin və ya təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim olunması üçün Bakı şəhəri 19 saylı notariat ofisinə müraciət etmək xahiş olunur. -Salyan bələdiyyəsinin 31 avqust 2007-ci il tarixli, 18 saylı protokolundan çıxarışdan görünür ki, Qarayevə İradə Lazım qızına Salyan şəhəri N.Babayev küçəsində, küçənin qərbində, özünə məxsus obyektin altındakı və ətrafındakı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. -xx.xx.2007-ci il tarixli qəbzin surətindən görünür ki, torpaq sahəsinin dəyəri olan 1680 manat məbləğində pul Qarayevə İradə Lazım qızı tərəfindən Salyan Bələdiyyəsinin hesabına ödənilmişdir. -Salyan rayonu Arbatan bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarından görünür ki, Qarayevə İradə Lazım qızına Arbatan Bələdiyyəsinin mülkiyyətində olan ərazidən sahibkarlıq məqsədilə 0.10 ha torpaq sahəsinin satılması qərara alınmışdır. -Salyan bələdiyyəsinin sədri Ə.X.Xanməmmədov, sədr müavini R.Cavadov, Salyan RİH Memarlıq və Tikinti şöbəsinin müdiri T.Hüseynov, Rayon DT və XK-nın rayon şöbəsinin baş mütəxəssisi Y.Dadaşov, Salyan SES-nin baş həkimi M.Ağayev, Muğan regional DYNİ-nin böyük inspektoru O.Məmmədyarov və Salyan RİH-nin şəhər üzrə nümayəndəsinin iştirakı ilə tərtib edilmiş xx.xx.2007-ci il tarixli aktından görünür ki, komissiya sözügedən əraziyə baxış keçirmiş və Qarayevə İradə Lazım qızına Salyan şəhəri N.Babayev küçəsində, küçənin qərbində, bələdiyyə mülkiyyəti torpağında, özünə məxsus obyektin altındakı və ətrafındakı torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün 2158 kv.m ölçüdə torpaq sahəsinin onun mülkiyyətinə verilməsini məqsədə müvafiq hesab edilmişdir. -Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Salyan şəhəri B.Talıblı küçəsində yerləşən inzibati bina Qarayevə İradə Lazım qızının mülkiyyətinə verilmiş, 14 may 2003-cü il tarixdə 6 №-li reyestr kitabında 6 səhifədə 284 reyestr nömrəsi ilə qeydə alınmışdır. -AN 008107 saylı plan və ölçü sənədindən görünür ki, Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 18 saylı qərarı ilə verilmiş 2158 kv.m torpaq sahəsinin texniki göstəriciləri Qarayeva İradə Lazım qızının adına işlənmişdir. -AN 008108 saylı plan və ölçü sənədindən görünür ki, Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 16 saylı qərarı ilə verilmiş 870 kv.m torpaq sahəsinin texniki göstəriciləri Qarayeva İradə Lazım qızının adına işlənmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 06 iyul 2023-cü il tarixli 10/3010 №-li ekspert rəyində göstərilir ki, Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarış əsasında Qarayeva İradə Lazım qızına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsi ayrıldğı vaxt bələdiyyə mülkiyyətində, hal-hazırda isə torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlar” olmaqla Dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında Qarayeva İradə Lazım qızına sahibkarlıq məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsi ayrıldığı vaxt bələdiyyə mülkiyyətində, hal-hazırda isə torpaqların elektron kadastr uçotu məlumat bazasına əsasən kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”, uqodiyası “Təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, rabitə və digər Sosial və İctimai Tikinti altında olan torpaqlar” olmaqla Dövlət mülkiyyətinə aid torpaq sahəsidir. Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarış əsasında Qarayevə İradə Lazım qızına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsində sənəd üzrə göstərilən torpaq sahəsi ilə faktiki yerdə göstərilən torpaq sahəsi uyğunluq təşkil edir. Salyan rayonu Arbatan Bələdiyyəsinin 08.112006-cı il tarixli qərarı əsasında Qarayeva İradə Lazım qızına sahibkarlıq məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsində sənəd üzrə göstərilən torpaq sahəsi ilə faktiki yerdə göstərilən torpaq sahəsi uyğunluq təşkil edir. Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundna çıxarış əsasında Qarayeva İradə Lazım qızına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsinin və Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında Qarayeva İradə Lazım qızına sahibkarlıq məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsinin koordinatları, elektron kadastr uçotu məlumat bazasına əsasən “Salyan 86 saylı SMD-nin dövlət mülkiyyətinə aid torpaq sahəsi ilə üst-üstə düşür. Salyan Bələdiyyəsinin xx.xx.2007-ci il tarixli protokolundan çıxarış əsasında Qarayeva İradə Lazım qızına sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün satılmış 2158 kv.metr torpaq sahəsi və Salyan rayonu Arbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı əsasında Qarayeva İradə Lazım qızına sahibkarlıq məqsədilə satılmış 0.10 ha (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin AN 008108 saylı plan və ölçüsü əsasında 0.087 ha) torpaq sahəsinin faktiki olaraq kiminsə istifadəsində olmasını müəyyən etmək olmadı. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (maddə 139-1.1.5-ci) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: Qeyd edilməlidir ki, bələdiyyə torpaqlarının idarə edilməsi xüsusiyyətləri nəzərə alınmaqla mülkiyyətə, istifadəyə və icarəyə verilməsinin ümumi qaydaları, istifadəsi və mühafizəsi sahəsində hüquq münasibətləri “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimləyir. Həmin Qanunun: -6.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. -6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. -6.5-ci maddəsinə əsasən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin:- -1-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. -7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşutəsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. -16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. -17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. -18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. -19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. -21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. -23-cü bəndinə əsasən bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlər əsasında 15 gündən gec olmamaqla, bələdiyyənin növbəti iclasında torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və bu barədə 3 gün müddətində ərizəçiyə bildiriş göndərir. Qərarda torpağın təyinatına uyğun olaraq bazar qiyməti nəzərə alınmaqla, torpağın qiyməti və 60 gündən gec olmamaqla, torpağın dəyərinin ödənilməsi müddəti müəyyən edilir. Qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alğı-satqı müqaviləsi bağlanılmalı və torpağın dəyəri ödənilməlidir. -27-ci bəndinə əsasən torpağa mülkiyyət, istifadə və icarə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təsdiq edən sənəd qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Yuxarıda istinad olunan normaların məzmunundan da göründüyü kimi, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət hüququ ilə hüquqi və fiziki şəxslərə verilən zaman bələdiyyə torpağın mülkiyyətə ayrılması haqqında qərar qəbul edir və qərarla müəyyən edilən müddətdə ərizəçi ilə bələdiyyə arasında alqı-satqı müqaviləsi bağlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində hüquqların dövlət qeydiyyatından imtinanın əsasları müəyyən edilmişdir. Həmin qanunun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İşin faktiki hallarından görünür ki, hər iki bələdiyyə tərəfindən bələdiyyə mülkiyyətində olan torpaq sahəsi iddiaçının mərhum anasına satılmış, torpağın dəyəri sonuncu tərəfindən müvafiq hesab ödənilmişdir. Həmçinin həmin torpaq sahəsinə dair keçmiş DT və XK-nin Göygöl rayon şöbəsinin müvafiq rəyi, torpaq sahəsinin yerquruluşu planı, alqı-satqı aktı əldə edilmişdir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili mübahisəli torpaq sahəsinin hazırda dövlət mülkiyyətində olmasıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir. Həmin Fərmanın 2-ci bəndində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır ki: 2.3. torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: 2.3.1. torpaqlardan istifadədə mövcud uyğunsuzluqların şəhər, qəsəbə və kənd ərazi vahidləri üzrə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələri (bundan sonra – ərazi vahidləri üzrə layihələr) əsasında aradan qaldırılması; 2.3.2. torpaqların istifadəsində mövcud uyğunsuzluqların aradan qaldırılmasının torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlərdə göstərilən sahə ölçüsü saxlanılmaqla aparılması, torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən az olduqda isə yeni hüquq müəyyənedici sənədlərdə torpaq sahəsinin faktiki ölçülərinin göstərilməsinə mülkiyyətçinin, istifadəçinin, icarəçinin yazılı razılığı əsasında yol verilməsi; 2.3.3. torpaq sahəsinin faktiki ölçüləri hüquq müəyyənedici sənəddə göstərilən ölçülərdən artıq olduqda, torpaqların elektron kadastr uçotu informasiya sistemində zəbt olunmuş sahənin mülkiyyət növü və ölçüləri barədə məlumatın göstərilməsi; 2.3.4. ərazi vahidləri üzrə layihələrin həmin ərazidə hüquqlarına toxunulan torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri ilə razılaşdırılması; 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi; 2.4. torpaqların elektron kadastr uçotu informasiya sisteminə ərazi vahidləri üzrə layihələr əsasında torpaq sahələri barədə dürüstləşdirilmiş məlumatların daxil edilməsini təmin etsin. “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”nın:- 2.2-ci bəndinə əsasən kameral hazırlıq işləri zamanı aşağıdakı plan-kartoqrafik materialların və uçot məlumatlarının toplanması, sistemləşdirilməsi, təhlili aparılır və onlar çöl işlərinin icrası zamanı istifadə üçün hazırlanır: 2.2.5. torpaqların texniki uçotunun nəticələrinə dair əvvəlki illərə aid hesabatlar və yerquruluşu planları; 2.2.6. mülkiyyətdə, istifadədə və icarədə olan torpaq sahələri və onların üzərində mövcud olan daşınmaz əmlak haqqında daşınmaz əmlakın dövlət reyestrində, yerli icra hakimiyyəti başçılarının kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikləri tərəfindən aparılan təsərrüfatbaşına kitablarda saxlanılan məlumatlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43.3-cü maddəsinin 3-cü hissəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi yerquruluşu işlərinə aid edilmişdir. İstinad olunan qanunvericilik normalarından da göründüyü kimi torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi Əmlak Məsələləri Dövlət Komitəsinin səlahiyyətlərinə aid edilmişdir. Qeyd olunan normaların tələbləri baxımından məhkəmə kollegiyası hesab edir ki, bələdiyyə mülkiyyətində olmuş və hazırda da qüvvədə olan bələdiyyə qərarı ilə satılmış torpaq sahələrinin sonradan “Torpaqların Elektron Katastr Uçotu İnformasiya Sistemi” işlənərkən dövlət mülkiyyəti kimi bazaya işlənməsi bu sahə üzrə səlahiyyətli qurumun səhvi və yaxud yanlış hərəkətinin nəticəsi olduğundan hazırda müvafiq düzəlişin edilməsi də həmin qurumun öhdəliyi kimi nəzərə alınmalıdır. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarı ilə məhkəmə etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsinə münasibətdə əhəmiyyətli mövqe nümayiş etmişdir. Qərardan da görünür ki, Konstitusiya Məhkəməsi hesab edir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Göründüyü kimi Konstitusiya Məhkəməsi Avropa Məhkəməsinin də müvafiq qərarlarını nəzərə almaqla hesab etmişdir ki, inzibati orqan tərəfindən, daha doğrusu inzibati orqanın məsul əməkdaşları tərəfindən yol verilən səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2023-cü il tarixli, 2-1(120)-797/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-180/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-180/2024
06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver