Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-180/2025 23.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X5 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-411/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçın cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın ləğv olunması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müracitə edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 saylı qərarın ləğv edilməsi barədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə mübahisələndirilən qərardan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi üzrlü hesab edilərək, bərpa edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 25 noyabr 2024-cü il tarixli, 2- 1(120)-411/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş “Vergi ödəyicisinin və sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarının ləğv edilməsi, ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat pul vəsaitinin İddiaçındən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, ********** X1, KOD 210005, VÖEN **********1, Müxbir hesab AZ 41 NABZ********************, SWİFT BİK CTREAZ 22) hesabına köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən qərar əlverişsiz inzibati akt olmaqla qanunazidd sayılmalıdır. Həmçinin, məhkəmənin qənaətinə görə mübahisələndirilən qərarın qəbulu iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Çünki, qəbul edilmiş həmin akt iddiaçıya vergi qanunvericiliyi ilə müəyyən edilməyən qaydada hesablanmış müvafiq məbləğdə vergi borcunun ödənilməsi öhdəliyini yaradır. Halbuki, Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən heç kəsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergiləri ödəmək vəzifəsi qoyula bilməz (maddə 3.8.). Vergilər haqqında qanunvericilik elə tərzdə formalaşdırılmışdır ki, hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin (maddə 3.9.). Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Qərardan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2021-ci il tarixli, **********151595 saylı qərara əsasən 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfındən İddiaçı MMC üzrə səyyar vergi yoxlaması həyata keçirilmişdir. Yoxlama gedişində və nəticəsində tərtib edilən Akta onu aldadaraq imza etdirilmiş və latın qrafıkası ilə oxumağı və yazmağı bilmədiyi üçün vəkilə müraciət edib bu barədə məlumat almışdır. Vergi yoxlayıcısı Əhədli Nizami tərəfindən ona təqdim edilmiş SVY aktı müəssisə rəhbərinə tanış edilmədən, hər hansı məlumat verilmədən imzalatdırılmışdır. Daha sonra müəssisə rəhbəri tərəfındən vəkilə müraciət edilmiş, işin faktiki halları barədə məlumat almışdır. Həmin yoxlamanın nəticəsində 83970,62 manatadək vergi və 42305,33 maliyyə sanksiyası hesablanmışdır. Yoxlamanın qanunsuz hesab edilməsinin hüquqi əsaları kimi qeyd etmək istəyir ki, səyyar vergi yoxalaması 30 gün müddətinə keçirilə bilər. Yəni yoxlama müddəti xx.xx.2022-ci ildə bitməli olduğu halda həmin müddətdən 12 gün keçdikdən sonra vergi orqanı tərəfındən yoxlamanın müvəqqəti dayandırlması barədə xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması bitdikdən sonra həmin qərarın qəbul edilməsi Vergi Məcələsinin müddəaları ilə ziddiyyət təşkil edir. Yəni vergi orqanı tərəfındən həmin dayandırma qərarı səyyar vergi yoxlaması bitməzdən öncə qəbul edilərək müəssisəyə təqdim edilməli idi. Bu isə vergi orqanı tərəfındən prosessual pozuntu edilməsinə dəlalət edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 39.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi yoxlaması aktı ilə və ya onun hər hansı bir hissəsi ilə razılaşmadıqda, vergi yoxlaması aktının verilməsi günündən 30 gün müddətində müvafıq vergi orqanına aktı imzalamamasının səbəblərini izah edə, yaxud akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Bu halda vergi ödəyicisi yoxlama aktını imzalamamasını və ya etirazını ona öz yazılı izahatını (etirazını) təsdiq edən sənədlərin surətini əlavə edərək vergi orqanına təqdim etməyə hüququ vardır. Digər hal isə ondan ibarətdir ki, SVY aktında qeyd edimis xx.xx.2022-ci il tarixli “Ekspertizanın təyin edilməsi haqqında” qərara əsasən “Azərekspertiza” Birliyindən ekspert kimi X9 oglu istirak etmişdir. X9 oglu vergi orqanının əməkdaşı olan Əliyev Sakirin qardaşı oğludur. Bu isə həmin ekspertin neytrallıgı olmayan səxs olmasına dəlalət edir. Halbuki, ekpert tərəfsiz və iş üzrə maraqlı olmayan bir səxs olmalıdır. Həmçinin vergi orqanı tərəfındən təqdim edilmiş SVY aktının 10-cu səhifəsində yoxlamanın əhatə etdiyi dövr ərzində (2018-2020-ci illər) mənfəət vergisinin ümumilikdə 67939,98 manat azaldıldığının müəyyən edilməsi göstərilmişdir. Bu barədə bildirmək istəyir ki, tərəfindən sənədlər təqdim edilmiş və həmin hesablamanın hansı əsaslarla aparıldığı onlara məlum olmamışdır. Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi Məcəlləsinin tələblərinə görə səyyar vergi yoxlaması təyin edilməsi qaydaları pozulmuşdur. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfındən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. xx.xx.2021-ci il tarixdə yoxlama başlamış və xx.xx.2022 tarixdə başa çatmışdır. Yoxlama aktı xx.xx.2022ci il tarixdə rəsmiləşdirilmişdir. Yoxlama müddəti VM-nin 38.2 maddəsinə əsasən 30 gün müəyyən edilmişdirsə də müəssisədə yoxlama müddəti xx.xx.2022-ci il tarixdə qüvvəsini almış VM tələbləri nəzərə alınmaqla vergi yoxlaması aparılmışdır. SVY müddəti xx.xx.2022-ci il tarixində başa çatmasına baxmayaraq akt tərtib edilməmiş, imtina müddətləri hesablanmamış və qərar çıxarılmamışdır. Yoxlama müddəti 119 gün sonra yekunlaşdırılmış və xx.xx.2022-ci il tarixdə qərar çıxarılmışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı MMC-də yoxlama “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151595 nömrəli Qərarı əsasında aparılmışdır. Yoxlama zamanı lazımi sənədlər müəssisənin rəhbəri X3 təqdim edilməklə səyyar vergi yoxlaması xx.xx.2021-ci il tarixdə başlanmışdır. Yoxlama cəmiyyətin direktoru X2 iştirakı ilə və onun yoxlamaya təqdim etdiyi ilkin mühasibat sənədləri, cəmiyyətin bank hesabı və əməliyyatları haqqında alınmış məlumatlar, idxal-ixrac əməliyyatarı haqqında məlumatlar, vergi ödəyicisinin vergi orqanında olan baza məlumatları və yoxlamaya cəlb olunmuş ekspert tərəfindən təqdim olunmuş rəy əsasında aparılmışdır. Belə ki, cəmiyyət yoxlamanın əhatə etdiyi dövr ərzində ərzaqlıq və toxumluq kartofun, yapışdırılmış kağız kisələrin, “Taba tape” adlı eni 4.5 sm olan rulonlarda, polipropilendən hazırlanmış, özüyapışan, yapışqan hissəsi sintetik kauçuk əsaslı lentin, motosikl üçün rezin şin və motosikl üçün rezin kamerin idxalı və satışı, həmçinin təzə kartofun ixracı ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən malların satışını təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Müəssisə rəhbərinin yoxlamaya təqdim etdiyi izahat və məlumata əsasən malların idxal olunduğu ayda pərakəndə qaydada satıldığı, növbəti aylara və illərə qalıq qalmadığı bildirilmişdir. İxrac olunan mallar əhalidən tədarük olunmuşdur. Malların satış qiymətləri barədə məlumat və təsdiqedici sənədlər təqdim olunmadığı üçün, həmçinin vergi ödəyicisinin fəaliyyətinə analoji vergi ödəyicisi müəyyən edilmədiyi üçün həmin malların bazar qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə yoxlamaya ekspert dəvət edilməsi zərurəti yaranmışdır. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Ekspertizanın təyin edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********154116 nömrəli qərarı əsasında “Azərekspertiza” Birliyindən ekspert kimi X6 dəvət edilmişdir. “Azərekspertiza” Birliyinin xx.xx.2022-ci il tarixli, 14 nömrəli məktubu ilə ekspert rəyi təqdim olunmuşdur. Yoxlamanın obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların, eləcə də bütün qarşılıqlı əməliyyatların və sənədlərin araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi müddətinin artırılması haqqında” xx.xx.2022-ci il tarixli, **********153558 nəmrəli qərar əsasında yoxlamanın müddəti 30 (otuz) iş günü artırılmış, yoxlamaya ekspert dəvət edildiyi üçün yoxlama müvəqqəti təxirə salınmış, VM-nin 49.1.3-cü madəsinə əsasən “Əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159418 nömrəli qərar əsasında əlavə vergi yoxlaması tədbirləri keçirilmiş və qeyd olunan qərarlar vergi ödəyicisinə təqdim edilmişdir. Yoxlamanin nəticəsi xx.xx.2022-ci il tarixli, **********153294 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmiş, yoxlama aktı vergi ödəyicisinin rəhbəri X4 tərəfindən imza edilməklə qəbul edilmişdir. Daha sonra VM-nin 49.1.1-ci maddəsinə əsasən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərar çıxarılmışdır. Vergi yoxlaması nəticəsində vergilərin ümümilikdə 83970,62 manat azaldılması, 390,36 manat artıq hesablanması müəyyən edilmişdir, o cümlədən 16030,64 manat əlavə dəyər vergisinin azaldılması; 390,36 manat artıq hesablanması 67939,98 manat mənfəət vergisinin azaldılması; Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən ümümilikdə 42305,33 manat, o cümlədən ƏDV-nin azaldılmasına görə 8015,34 manat, mənfəət vergisinin azaldılmasına görə 33969,99 manat, Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə 320,0 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama ilə əlavə hesablanmış vəsaitin 70094,48 manatının aidiyyəti üzrə dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir. MƏNFƏƏT VERGİSİ ÜZRƏ: - Vergi ödəyicisi tərəfindən malların satışı və satış qiymətləri barədə təsdiqedici sənədlərin olmaması səbəbindən yoxlamaya təqdim olunmamışdır. Yoxlama zamanı müəssisənin gəlirləri idxal olunan malların həcminə yoxlamaya cəlb edilmiş ekspert tərəfindən həmin mallar üçün müəyyənləşdirilən qiymətlər (bazar qiymətləri) tətbiq edilməklə müəyyənləşdirilmişdir. Aparılmış hesablamalarla mənfəət vergisinin 2018-ci ildə 24082,98 manat, 2019-cu ildə 1950,90 manat, 2020-ci ildə 41906,1 manat olmaqla, ümümilikdə mənfəət vergisinin 67939,98 manat azaldılması müəyən edilmişdir. ƏDV ÜZRƏ: - Yoxlama ilə vergi tutlan əməliyyatların vaxtı illər üzrə həmin ildə qüvvədə olan vergi Məcəlləsinin 166-cı maddəsinin tələbləri (vergi ödəyici tərəfindən təqdim olunan izahat və məlumatlar nəzərə alınmaqla) nəzərə alınmaqla müəyənləşdirilmişdir. Vergi ödəyicisi idxal olunan ərzaqlıq kartofun satışı üzrə ƏDV-yə cəlb edilən, idxal olunan toxumluq kartofun satışı üzrə ƏDV-dən azad edilən və təzə kartofun ixracı üzrə ƏDV-yə “0” dərəcə ilə cəlb olunan əməliyyatlar aparmışdır. Qeyd olunan əməliyyatlar üzrə dövriyyələrin müəyyənləşdirilməsi zamanı yoxlamaya cəlb edilmiş ekspert tərəfindən təqdim edilmiş bazar qiymətləri barədə məlumatlar nəzərə alınmışdır. Əvəzləşdirilən ƏDV Vergi Məcəlləsinin 170-ci və 175-ci maddələrinin tələbləri nəzərə alınmaqla müəyyən edilmişdir. Yoxlamanın əhatə etdiyi dövr ərzində ƏDV-dən azad olunan əməliyyatların həcminin 44218,8 manat, ƏDV-yə 18% dərəcə ilə cəlb olunan əməliyyatların həcminin 15712,5 manat azaldılması, əvəzləşdirilən ƏDV məbləğinin 12812,1 manat artıq hesablanması nəticəsində büdcəyə çatası ƏDV məbləğinin 15640,3 manat azaldılması müəyyən edilmişdir. Vergi Məcəlləsinin 38.4-cü maddəsinə əsasən səyyar vergi yoxlaması iş günü və vergi ödəyicisinin iş vaxtı ərzində keçirilir. Qeyd olunan sonuncu maddəyə və onun həqiqi mahiyyətini ortaya qoyan məzmununa diqqət edilmiş olarsa aydın olacaqdır ki, vergi orqanının səyyar vergi yoxlamasını yalnız vergi orqanı üçün müəyyən edilmiş iş günlərində həyata keçirmək imkanı olacaqdır. Belə olan halda 30 gün ifadəsini təqvim günü kimi qəbul etmiş olsaq, o zaman 30 gün ərzində olan qeyri-iş günlərində yoxlamanın keçirilməsi təbii ki, imkansız olacaqdır. Nəzərə alsaq ki, vergi orqanı üçün beş günlik iş həftəsi müəyyən edilmişdir ki, bu halda da qeyri-iş günləri hesab edilən bayram günlərini hətta nəzərə almasaq belə, təqvim ayı üzrə şənbə-bazar günləri 8 (səkkiz) gün təşkil edir. Nəticə etibarı ilə yoxlamanın həyata keçirilməsi üçün müəyyən edilmiş 30 gün müddətin 1/3 hissəsi yoxlamanın həyata keçirilməsi müddətinə aid olmadığı üçün yoxlamanın orta hesabla 22 gün davam etməsi mümkündür. Halbuki, qanunverici orqan Vergi Məcəlləsinin 38.2-ci maddəsində günlərdə ifadə olunan müddəti təyin edərkən həmin günləri yoxlamanın həyata keçirilməsi üçün imkan müddəti kimi müəyyən etmişdir. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. 6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151595 nömrəli Qərarına əsasən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması təyin edilmişdir. Yoxlama 02 dekabr 2021-ci il tarixdə başlanmış və 29 iyun 2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi 29 iyun 2022-ci il tarixli, **********153294 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Göründüyü kimi yuxarıda qeyd olunan maddi hüquq norması düzgün tətbiq edilmişdir. Belə ki, səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərarın xx.xx.2021-ci il tarixdə qəbul olunmasını və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətinin yoxlandığı dövrün xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrü əhatə etməsini nəzərə alsaq, vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətinin yoxlanılması və Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinin pozulmaması aydın görünməkdədir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri əsasən iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Şikayətdə həmçinin qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən sübutlara tam həcmdə hüquqi qiymət verilməmiş, həmçinin mübahiələndirilən qərar iddiaçı müəssisənin rəhbərinə xx.xx.2022-ci il tarixdə təqdim edilməsinə baxmayaraq, iddia ərizəsi qanunla müəyyən edilmiş müddət ötürülməklə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Prosessual məsələlər İddiaçının vəkili nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mübahisələndirilən qərarın Vergi Məcəlləsini 57.1-ci maddəsinə əsasən hesablanmış 320 manat məbləğ istisna olmaqla qalan hissədə ləğv olunmasını xahiş etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Hazırki iş üzrə məhkəmə araşdırmasının predmeti cavabdeh tərəfindən qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarın qanuniliyinin yoxlanılmasıdır. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə, onlara tətbiq edilməli olan normativ hüquqi aktlar baxımından hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə apellyasiya şikayətinin mübahisələndirilən qərardan şikayətin qanunla müəyyən edilmiş müddətdə verilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd olunur ki, birinci instansiya məhkəməsi haqlı olaraq buraxılmış müddəti üzrlü hesab edərək, bərpa etmişdir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş tibbi sənədlərdən görünür ki, Cəmiyyətin rəhbəri X4 xx.xx.2022-ci il tarixdən 4 ay müddətində qan-damar sisteminin xəstəliyindən müalicə almış, nəhayət xx.xx.2022-ci il tarixdə vəkillə hüquqi yardım müqaviləsi bağlamış və xx.xx.2022-ci il tarixdə məhkəməyə iddia ərizəsi təqdim etmişdir. Həmçinin Cəmiyyətin rəhbərinin 1968-ci il təvəllüdlü olması onun latın qrafikalı əlifba ilə yazıb-oxuya bilməməsi barədə dəlilinin inandırıcı olmasına dəlalət edir. Bu yanaşma həm də ondan qaynaqlanır ki, sözügedən şəxs mübahisələndirilən qərarın surətini alması barədə qeydi kiril qrafikalı hərflərlə yazmışdır. Bundan başqa cavabdehin mübahisələndirilən qərarının qanuniliyinə qiymət verilməsi üçün vergi sahəsindəki və digər müvafiq aidiyyəti qanunvericilik normalar təhlil edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin:- -23.1.1. maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanlarının hüququdur. -23.1.2. maddəsinə əsasən vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri, o cümlədən bu Məcəllənin 16.1.6-cı maddəsində nəzərdə tutulmuş məlumat və sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, habelə yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda vergi ödəyicisinin özünün, filiallarının və digər struktur bölmələrinin elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək vergi orqanlarının hüququdur. -36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak, yol və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. -49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. -53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. -67.1-ci maddəsinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi)istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: (maddə 67.1.1) vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; (maddə 67.1.2) vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; (maddə 67.1.3) vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; (maddə 67.1.4) vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; (maddə 67.1.5) vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; (maddə 67.1.6) vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; (maddə 67.1.7) vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; (maddə 67.1.8) vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; (maddə 67.1.9) vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar. Məcəllənin 67.2-ci maddəsinə əsasən vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: (maddə 67.2.1) eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; (maddə 67.2.2) eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; (maddə 67.2.3) fəaliyyət göstərilən ərazi. Məcəllənin 72.1-ci maddəsinə əsasən bu Məcəllənin məqsədləri üçün vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş materiallarında olan: -6 saylı Ərazi Vergilər Baş İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli, **********151595 nömrəli qərarından, 29 iyun 2022-ci il tarixli, **********153294 nömrəli səyyar vergi yoxlaması aktından, və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərardan müəyyən olunur ki, İddiaçı MMCnin sahibkarlıq fəaliyyəti üzrə xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr əhatə olunmaqla növbəti səyyar vergi yoxlaması təyin edilmiş, yoxlama 02 dekabr 2021-ci il tarixdə başlanmış və 29 iyun 2022-ci il tarixdə başa çatdırılaraq, nəticəsi 29 iyun 2022-ci il tarixli, **********153294 nömrəli səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin akta əsasən vergi yoxlaması nəticəsində vergilərin ümumilikdə 83970,62 manat azaldılması, 390,36 manat artıq hesablanması, o cümlədən mənfəət vergisinin 2018-ci ildə 24082,98 manat, 2019-cu ildə 1950,90 manat, 2020-ci ildə 41906,10 manat olmaqla, ümümilikdə 67939,98 manat azaldılması, əlavə dəyər vergisinin 16030,64 manat azaldılması və 390,36 manat artıq hesablanması müəyyən olunmuş, vergi hesabatını vaxtında təqdim etmədiyinə görə tətbiq olunması təklif edilən 320 manat maliyyə sanksiyası ilə birlikdə vergi ödəyicisinə 42305,33 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş, qeyd olunan məbləğlərə müvafiq olaraq “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərar qəbul edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyul 2023-cü il tarixli, 9/3297 nömrəli ekspert rəyində göstərilmişdir ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərara əsasən müəyyən edilmiş vergilərin düzgün hesablanmaması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, müvafiq yoxlama dövrünə (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) uyğun “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarda dövriyyə müəyyənləşdirilməmişdir. -16 fevral 2024-cü il tarixli, 9/9862 nömrəli ekspert rəyində göstərilmişdir ki, 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərara əsasən müəyyən edilmiş vergilərin düzgün hesablanmaması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, müvafiq yoxlama dövrünə (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) uyğun “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarda dövriyyə müəyyənləşdirilməmişdir. -23 sentyabr 2024-cü il tarixli, 9/4887 nömrəli ekspert rəyində göstərilmişdir ki, Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərara əsasən müvafiq yoxlama dövrü üzrə (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) İddiaçı ödəməli olduğu mənfəət vergisi və əlavə dəyər vergisinin düzgün hesablanmaması müəyyən olunur. Eyni zamanda qeyd edilir ki, müvafiq yoxlama dövrünə (xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək) uyğun “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********159510 nömrəli qərarda dövriyyə müəyyənləşdirilməmişdir. Göründüyü kimi hər üç ekspert rəyində mübahisələndirilən qərarla mənfəət vergisinin və əlavə dəyər vergisinin düzgün hesablanmadığı müəyyən olunmuşdur. Bundan əlavə, 29 iyun 2022-ci il tarixli səyyar vergi yoxlaması aktından və “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, sözügedən qərarla bütün vergi növləri üzrə oktyabr 2018-oktyabr 2021 tarixləri aralığı üzrə vergi dövrünün yoxlanılması qərara alınmışdır. Bununla da Vergi Məcəlləsinin 36.3-cü maddəsinin tələblərinə zidd olaraq əlavə dəyər vergisi üzrə borc xx.xx.2018-ci il tarixdən hesablanmalı olduğu halda, 2018-ci ilin oktyabr ayından hesablanmışdır. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsində işə baxılarkən mübahisələndirilən qərarla Vergi Məcəlləsini 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş 320 manat maliyyə sanksiyasının əsaslı olub-olmaması araşdırılmamış, müvafiq ekspertiza tədqiqatı zamanı da həmin məsələyə qiymət verilməmiş, buna baxmayaraq məhkəmə qərar qəbul edərkən mübahisələndirilən qərarın bütövlükdə ləğv edilməsi qənaətinə gəlsə də, bunun hüquqi əsasını öz qərarında göstərməmişdir. Buna baxmayaraq, iddiaçının apellyasiya baxışı zamanı mübahisələndirilən qərarın 320 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi istisna olmaqla qalan hissədə ləğv edilməsi ilə bağlı tələbin dəqiqləşdirilməsi barədə müvafiq ərizə təqdim etməsi birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini zəruri edir. İşin araşdırılmış faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, eyni zamanda birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-411/2024 nömrəli qərarı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarı üzrə tətbiq edilmiş 320 manat maliyyə sanksiyasının ləğv edilməsi hissəsində dəyişdirilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli, **********159510 nömrəli qərarı Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən tətbiq edilmiş 320 manat maliyyə sanksiyası istisna olmaqla, qalan hissədə ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-180/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-180/2025
23.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver