Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-182/2023 12.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-1(120)-479/2023 nömrəli qərardadından cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin ona ödənilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2022-ci il tarixli, **********415700 nömrəli əmrinin ona aid hissədə ləğv edilməsi, onun xx.xx.2022-ci il tarixdən işə bərpa olunması və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin (əmək haqqına əlavələrin) ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı vəkili Vəkil vəsatət verərək iddiaçı barəsində cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən edilmiş şikayət əsasında Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət işinin başlanıldığını, işin halhazırda Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğunu, həmin cinayət işi üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə hökmündə göstəriləcək halların iddiaçının iddiasının əsasını təşkil edəcəyini bildirmiş və həmin cinayət işi üzrə yekun məhkəmə hökmü çıxarılıb qanuni qüvvəyə minənə qədər hazırkı inzibati iş üzrə məhkəmə icraatının dayandırılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 26 yanvar 2023-cü il tarixli, 2-1(120)-479/2023 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma ilə əlaqədar almalı olduğu əmək haqqı və digər ödənişlərin ona ödənilməsi barədə iddia tələbinə dair inzibati iş üzrə icraatın Lənkəran Ağır Cinayətlər Məhkəməsinin icraatında olan İddiaçı Azərbaycan Respublikası CM-nin 308.2-ci, 311.3.1ci və 311.3.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması qərara alınmışdır. Qərardaddan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti apellyasiya şikayətində inzibati iş üzrə icraatın dayandırılmasına dair birinci instansiya məhkəməsinin qərardadı ilə razı olmadığını, həmin qərardad qəbul edilərkən maddi və prosessual normaların tətbiqində səhvə yol verildiyini bildirmiş və həmin qərardadın ləğv edilərək iddiaçının vəsatətinin təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək həmçinin bildirdi ki, iddia ərizəsi İddiaçı vəkili Vəkil elektron kabinetindən Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Lakin Vəkil iddia ərizəsini imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə iddia ərizəsinə əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş etibarnamədə isə Vəkil Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə istinadla bilavasitə inzibati xətaya baxılması ilə bağlı müvafiq səlahiyyətlər verilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddiaçının vəsatətinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən sədrlik edən hakim mübahisə ilə bağlı işin həm faktiki, həm də hüquqi tərəflərini proses iştirakçıları ilə müzakirə etməyə borcludur. İşdən görünür ki, hazırkı iddia ərizəsini İddiaçı vəkili Vəkil elektron imza ilə imzalayaraq elektron kabinetindən Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. İddiaçı vəkili Vəkil həmçinin iş üzrə icraatın dayandırılmasına dair vəsatəti də imzalayaraq elektron kabinetindən Şirvan İnzibati Məhkəməsinə göndərmişdir. Lakin Vəkil iddia ərizəsini, eləcə də iddiaçının adından verilən vəsatətləri imzalamaq səlahiyyətini təsdiq edən etibarnamə məhkəməyə təqdim edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş etibarnamədə isə Vəkil Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə istinadla bilavasitə inzibati xəta haqqında işlərə baxılması ilə bağlı müvafiq səlahiyyətlər verilmişdir. Birinci instansiya məhkəməsi isə iddianın mümkünlük şərtlərini yoxlamadan, bununla bağlı iddiaçı tərəfə müvafiq hüquqi yardım göstərmədən İddiaçı vəkili Vəkil vəsatətini təmin edərək iş üzrə icraatın dayandırılmasına dair qərardad qəbul etmişdir. Bununla da, birinci instansiya məhkəməsi ciddi prosessual pozuntuya yol vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı inzibati iş üzrə iddianın mümkünlük məsələsi həll edilmədiyindən məhkəmə kollegiyası həmin iş üzrə icraatın dayandırılmasının əsaslı olub-olmamasına dair cavabdehin apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsinə zərurət olmadığını hesab edir. Beləliklə, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-1(120)-479/2023 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 2-1(120)-479/2023 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-182/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-182/2023
12.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver