Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-182/2025 14.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-4471/2024 nömrəli qərarından cavabdeh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hüququnun yarandığı 60 yaşdan, yəni, 01 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və cavabdeh inzibati orqana müraciət etdiyi tarixdən əvvəlki son 36 ay üçün ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 16 dekabr 2024-cü il tarixli, 2- 1(120)-4471/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı 60 yaşdan, yəni, 01 sentyabr 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ona ödəniləcək pensiya məbləğinin fərqinin cavabdeh inzibati orqana ilk dəfə müraciət edilən tarixdən əvvəlki illər üçün, yəni 19 mart 2021-ci il tarixdən 19 mart 2024-cü il tarixədək hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Salyanneft Neft və qaz çıxarma idarəsində neftin hazırlanması və vurulması sexində işlədiyi və 1 il 1 ay 24 gün iş stajı topladığı “Əmtəə operatoru” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) a)fəhlələr yarımbəndində təsbit olunmuş “əmtəə operatorları” vəzifəsinə, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Salyanneft Neft və qaz çıxarma idarəsinin 1 saylı neft-qaz çıxarma sexində, neftin, qazın çıxarılması üzrə işlədiyi və 8 il 9 gün iş stajı topladığı operator vəzifəsi, həmçinin, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək X6 şirkətinin Neft və qaz çıxarma idarəsinin 1 saylı neft-qaz çıxarma sexində, neftin, qazın çıxarılması üzrə işlədiyi və 2 il iş stajı topladığı operator vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) a)fəhlələr yarımbəndində təsbit olunmuş “neft və qaz hasilatı üzrə operatorlar” vəzifəsinə, eləcə də, xx.xx.2001-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Salyan Oil” LTD şirkətində işlədiyi və 13 il 4 ay iş stajı topladığı təmirçi çilingər vəzifəsi isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) qazma bəndinin (10.1) a)fəhlələr yarımbəndində təsbit olunmuş “buruqlara xidmət üzrə çilingərlər” və “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçi-çilingərlər” vəzifəsinə, həmçinin, neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndinin (10.2) a)fəhlələr yarımbəndində təsbit olunmuş “əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olan təmirçi çilingərlər” vəzifəsinə tam uyğundur. Həmçinin iddiaçının Salyanneft Neft və qaz çıxarma idarəsində neftin hazırlanması və vurulması sexində işlədiyi “Əmtəə operatoru”, Salyanneft Neft və qaz çıxarma idarəsinin və X6 şirkətinin 1 saylı neft-qaz çıxarma sexində, neftin, qazın çıxarılması üzrə işlədiyi operator vəzifəsi, eləcə də, “Salyan Oil” LTD şirkətində işlədiyi təmirçi çilingər vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı qəran ilə təsdiq edilmiş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüquq verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı»nın (iddiaçının əmtəə operatoru, operator və qismən təmirçi çilingər vəzifələrində işlədiyi zaman qüvvədə olmuş və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə qüvvədən düşmüşdür) Xİİ. Qazma, neftin, qazın və qaz kondensatlarının hasilatı və emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı bölməsinin müvafiq olaraq 2130301a—16085 nömrə ilə kodlaşdırılmış “əmtəə operatorları”, 2130200a—15824 nömrə ilə kodlaşdırılmış “neft və qaz hasilatı üzrə operatorlar”, 2130100a—18497 nömrə ilə kodlaşdırılmış “buruqlara xidmət üzrə çilingərlər” və 2130100a—18559 nömrə ilə kodlaşdırılmış “bilavasitə buruqlarda avadanlıqların təmiri ilə məşğul olan təmirçiçilingərlər” bəndlərində güzəştli şərtlərlə pensiya hüquq verən vəzifə kimi nəzərdə tutulmuşdur. Beləliklə, iddiaçının hərbi xidmət illəri nəzərə alınmaqla xx.xx.2014-cü il tarixə ümumilikdə 33 il 6 gün iş stajı toplanmış və bu müddətin 24 il 6 ay 3 günü ona güzəştli şərtlərlə pensiya hüquq verən iş stajıdır. Qərardan cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddianın məzmunu ondan ibarətdir ki, güzəştli şərtlərlə pensiya təyin olunması üçün dəfələrlə cavadeh orqana müraciət etmiş, lakin imtina cavabı verilmişdir. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçının Mərkəzi Filiala təqdim etdiyi “Salyan Oil” LTD-nin ona dair 12 mart 2024-cü il tarixli, HR- 24-11 nömrəli arayışında xx.xx.2001-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində həmin müəssisədə təmirçi-çilingər vəzifəsində işlədiyi qeyd olunub. Lakin sözgedən arayışda iddiaçının təmirçi-çilingər vəzifəsində çalışdığı müddətdə əsas istehsalat sahələrində neft-mədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olmağı barədə də hər hansı məlumat göstərilməyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasına 2 nömrəli Əlavədə müraciət edən şəxsin “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən təqdim etməli olduğu arayışın nümunəsi verilmişdir. Yəni güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirilməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə (hazırkı halda azı 12 il 6 ay) çalışmasını müəyyən etməyə imkan verməlidir. Beləliklə, iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün kifayət qədər güzəştli iş stajı olmadığından onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri əsasən imtina aktı və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Şiayətdə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi xx.xx.2020-ci il tarixinə qanunvericiliyə uyğun olaraq ona münasibətdə 40800,00 manat hesablandığı halda, həmin tarixə onun fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı 37223,23 manat təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etdi. İddiaçının vəkili apellyasiya şikayətinin dəlillərinə etiraz etmiş, həmçinin iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçıya xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi və həmin vaxtdan ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus НЗ-3943318 saylı hərbi biletdən görünür ki, 18 noyabr 1978-ci il tarixdən 05 dekabr 1980-ci il tarixədək 2 il 17 gün keçmiş Sovet ordusunda xidmət keçmişdir. -iddiaçıya məxsus ИТ–İ seriyalı ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Salyan rayonu, 9-cu şöbə, SSRİ-nin 50 illiyi adına 1№-li pambıqçılıq sovxozunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Yüksəliş” pambıqçılıq sovxozunda fəhlə işləmiş və bu müddət ərzində 6 il 5 ay 16 gün iş stajı toplamış, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək Salyanneft Neft və qaz çıxarma idarəsində neftin hazırlanması və vurulması sexində “Əmtəə operatoru” vəzifəsində işləmiş, 1 il 1 ay 24 gün iş stajı toplamış, xx.xx.1991-ci il tarixdən xx.xx.1999-cu il tarixədək Salyanneft Neft və qaz çıxarma idarəsinin 1 saylı neftqaz çıxarma sexində, neftin, qazın çıxarılması üzrə operator vəzifəsində işləmiş, 8 il 9 gün iş stajı toplamış, xx.xx.1999-cu il tarixdən xx.xx.2001-ci il tarixədək X6 şirkətinin Neft və qaz çıxarma idarəsinin 1 saylı neft-qaz çıxarma sexində, neftin, qazın çıxarılması üzrə operator vəzifəsində işləmiş, 2 il iş stajı toplamış, xx.xx.2001-ci il tarixdən xx.xx.2014-cü il tarixədək X6 şirkətinin Mexaniki təmir sexində təmirçi-çilingər vəzifəsində işləmiş, 13 il 4 ay iş stajı toplamışdır. -X3 filialının 10 sentyabr 2024-cü il tarixli, 3-48 DA/9F-2-492/2024 nömrəli məktubuna əlavə edilmiş, X3 filialında mühafizə olunan sənədlərin surətlərindən müəyyən olunur ki, İddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Salyan rayonu, SSRİnin 50 illiyi adına 1№-li pambıqçılıq sovxozunda, xx.xx.1982-ci il tarixdən xx.xx.1987-ci il tarixədək “Yüksəliş” pambıqçılıq sovxozunda fəhlə işləmişdir. -“X6” Şirkətinin xx.xx.2024-cü il tarixli, Ref: HR-24-73 saylı arayışında bildirilir ki, İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının X bölməsinin İİ Yarımbölməsinə əsasən işləmişdir ki, bu da aşağıda göstərilən vəzifələrdə işləməklə ona güzəştli dövlət təqaüdü almaq hüququ verir: - xx.xx.1990-xx.xx.1991-ci illərdə Salyanneft Neft və qaz çıxarma idarəsində neftin hazırlanması və vurulması sexində “Əmtəə operatoru” vəzifəsində, xx.xx.1991-xx.xx.1999cu illərdə Salyanneft Neft və qaz çıxarma idarəsinin 1 saylı Neft, qazçıxarma sexində neftin, qazın çıxarılması üzrə “Operator” vəzifəsində, xx.xx.1999-xx.xx.2001-ci illərdə X6 şirkətinin Neft və qaz çıxarma idarəsinin 1 saylı Neft, qazçıxarma sexində neftin, qazın çıxarılması üzrə “Operator” vəzifəsində, xx.xx.2001-xx.xx.2014-cü illərdə X6 şirkətinin Mexaniki-təmir sexində təmirçi-çilingər vəzifəsində işləmiş və iş stajı 23 il 8 ay 3 gün təşkil edir. -“Salyan Oil” LTD şirkətinin “Təmirçi çilingərlərin vəzifə təlimatı”ndan görünür ki, İddiaçı xx.xx.2001-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində “Salyan Oil” LTD şirkətində işlədiyi təmirçi çilingər vəzifəsinə neft-mədən avadanlıqlarının təmiri ilə bilavasitə məşğul olmaq funksiyasları daxil edilmişdir. Cavabdehin apellyasiya şikayətinin dəlilindən biri müvafiq arayışda (güzəştli) iddiaçının təmirçi-çilingər vəzifəsində çalışdığı müddətdə əsas istehsalat sahələrində neftmədən avadanlıqlarının, kompressor qurğularının təmiri ilə bilavasitə məşğul olması barədə hər-hansı məlumat göstərilməməsi ilə bağlıdır ki, yuxarıda qeyd olunan sənəddə bu məsələyə aydınlıq gətirilmişdir. Bu hal onu deməyə əsas verir ki, iddiaçıya təqdim edilmiş güzəştli iş barədə arayışda qeyd olunan peşənin xüsusiyyətlərinin ətraflı göstərilməməsi ona güzəştli pensiya təyinatından imtina üçün əsas vermir. Apellyasiya şikayətinin digər dəilininə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə 13 may 2022-ci il tarixli 530-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilən tarixdən sonra gözəştli şərtlərlə pensiya təyinatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının həçmi əhəmiyyət daşımır. İddiaçının pensiya təyinatının xx.xx.2022-ci il tarixdən aparılmasını tələb etməsi baxımından qanunvericiliyin əvvəllər tətbiqi nəzərdə tutulmuş bu müddəası hüquqi əhəmiyyət daşımır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir (maddə 149). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, bununla yanaşı Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-4471/2024 nömrəli qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cаvаbdеh Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 dekabr 2024-cü il tarixli, 2-1(120)-4471/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və pensiyanın həmin tarixdən ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-182/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-182/2025
14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver