Məhkəmə qərarları › İş №2-1(106)-183/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-183/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-183/2023 30.03.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı işi üzrə (Açar sözlər: apellyasiya şikayəti verilməsi üçün prosessual müddətinin ötürülməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X3 və Həsənov Müşfiq Kamil oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçıcavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********5812 nömrəli və xx.xx.2022-ci il tarixli, **********6740 nömrəli qərarlarının ləğv edilməsi tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(120)2055/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh inzibati orqanın «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» xx.xx.2022-ci il tarixli, **********5812 nömrəli və xx.xx.2022-ci il tarixli, **********6740 nömrəli qərarlarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, ictimai iaşə fəaliyyəti ilə məşğuldur. Cavabdeh vergi orqanı tərəfindən ona məxsus obyektdə xx.xx.2022-ci il tarixdə operativ vergi yoxlaması keçirilmiş və əsassız olaraq maliyyə sanksiyası tətbiq edilmişdir. Belə ki, ilk növbədə operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərar, reyestrdən çıxarış və operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi haqqında Tələbnamə ona təqdim olunmamışdır. Halbuki, Vergi Məcəlləsinin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Bundan əlavə, Vergi Məcəlləsinin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi üçün əsaslar bunlardır: 50.2.1. vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar; 50.2.2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar; 50.2.3. vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə; 50.2.4. vergi orqanlarının bu Məcəllənin 50.1 -ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda; 50.2.5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda. Lakin cavabdehin “Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarında 50.2-ci maddədə sadalanan hansı əsaslara görə nəzarətin başlanması göstərilməmiş və əsaslandırılmamışdır. Halbuki, Vergi Məcəlləsi vergi ödəyicilərinin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına nəzarət etmək və büdcədən vergi məbləğlərinin yayındırılmasının qarşısının alınması (o cümlədən, vergilərin hesablanması üçün) məqsədilə vergi orqanına müxtəlif tədbirlər həyata keçirmək səlahiyyəti vermişdir ki, bunlar - kameral vergi yoxlaması, səyyar vergi yoxlaması (növbəti və növbədənkənar) və operativ vergi yoxlamasıdır. Vergi qanunvericiliyi hər üç yoxlamanın keçirilmə şərtlərini, qaydalarını tənzimləmiş və vergi orqanı qanunvericiliyin yol verdiyi hədlərdə qeyd edilən yoxlamalardan hər hansı birini seçməkdə diskresion səlahiyyətə malikdir. Operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının (Vergi Məcəlləsinin 50.2ci maddəsi) qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsiməqsədlərinə xidmət edir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar səyyar vergi yoxlamasının həyata keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 50.2-ci maddəsinin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərar qəbul edərkən vergi orqanının sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın başlanılmasını zəruri edən həmin halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur. Hazırkı halda isə cavabdeh “Operativ vergi nəzarətinin həyata keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərarında 50.2-ci maddədə sadalanan hər hansı əsasa istinad etməmiş, Vergi Məcəlləsinin 50-ci maddəsi qeyd edilməklə kifayətlənilmiş, operativ vergi nəzarətinin keçirilməsinin zəruriliyini şərtləndirən hallar göstərilməmiş, diskresion səlahiyyətlərindən bu formada istifadənin vacibliyini əsaslandırılmamışdır. Beləliklə, hesab edir ki, keçirilən vergi nəzarəti onun sahibkarlıq hüquqlarını pozmuş və qanunvericiliyin tələblərinə zidd olmuşdur. Buna görə də, qanunsuz yoxlama nəticəsində qəbul edilmiş iki inzibati akt - “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********65812 saylı və xx.xx.2022-ci il tarixli **********66740 saylı qərarlar ləğv edilməlidir. Qeyd edilənlərin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş olunmuşdur. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı (VÖEN **********) cavabdeh 5 saylı Ərazi Vergilər İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək idarə tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********5812 nömrəli və xx.xx.2022-ci il tarixli **********6740 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İdarə aşağıda qeyd olunan səbəblərə görə iddia tələbi ilə razılaşmır və onu əsassız hesab edir. Belə ki, Vİİ məhəllədə yerləşən **********-65001 kodlu “Qarabağ” adlı yeməkxanada ictimai iaşə fəaliyyəti ilə məşğul olduğu və həmin obyektdə xx.xx.2022-ci il tarixdə Operativ vergi nəzarəti şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq (xx.xx.2022-ci il tarixli **********75800 nömrəli xidməti məktub) zamanı bir sira vergi qanunvericiliyinin pozulması ilə bağlı uyğunsuzluqlar aşkar edilmişdir. Aşkar edilmiş uyğunsuzluqların 10 gün müddətində aradan qaldırılması ilə bağlı vergi ödəyicisinə xx.xx.2022-ci il tarixli, **********583500 nömrəli məktub göndərilməsinə baxmayaraq vergi ödəyicisi tərəfindən monitorinq zamanı aşkar edilmiş uyğunsuzluqlar aradan qaldırılmamışdır. 5 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2022-ci il tarixli, **********5315 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fərdi sahibkar İddiaçı fəaliyyət göstərdiyi Neftçala rayonu, Vİİ məhəllədə yerləşən **********-65001 kodlu “Qarabağ” adlı yeməkxanada nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət edilməsi və Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə, habelə Vergi Məcəlləsinin 220.10-cu maddəsinə uyğun olaraq xidmət göstərən fiziki şəxslərin “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin, məcburi dövlət sosial sığorta və icbari tibbi sığorta haqqının ödənilməsi haqqında qəbz” əldə edilmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbiri keçirilmişdir. Vergi nəzarəti tədbiri zamanı qeyd edilən obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən 1 nəfər fiziki şəxs X1 aylıq əmək haqqı 300 manat olmaqla qabyuyan vəzifəsinə xx.xx.2022-ci il tarixdən cəlb edildiyi müəyyən edilmiş və yoxlamanın nəticəsi xx.xx.2022-ci il tarixli, DVX seriyalı 002835 nömrəli müvafiq aktla rəsmiləşdirilmişdir. Keçirilmiş vergi nəzarəti tədbiri zamanı obyektdə göstərilmiş 1 (bir) çaynik çay xidmətinə görə alınmış 2 manat pul vəsaitinin NKA-ya mədaxil edilmədiyi faktı aşkar edilmiş, NKA nasaz olduğu üçün məbləği bərpa etmək mümkün olmamış və əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisi barəsində xx.xx.2022-ci il tarixli, DVX seriyalı 012268 nömrəli müvafiq akt tərtib edilmişdir. Tərtib edilmiş aktlar əsasında vergi ödəyicisi barəsinə xx.xx.2022-ci il tarixli, **********5812 nömrəli “Məsuliyyətə cəlb etmə haqqında qərar” çıxarılmaqla 1000,0 manat və xx.xx.2022ci il tarixli, **********5812 nömrəli “Məsuliyyətə cəlb etmə haqqında qərar” çıxarılmaqla 2000,0 manat, cəmi 3000,0 (1000,0+2000,0) manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Odur ki, İddiaçı iddia tələbi tam əsassızdır. Göstərilənlərə əsasən, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunması məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(120)-2055/2022 saylı qərarı ilə (hakim A.A.Hüseynova) iddia təmin edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti etiraz ərizəsi ilə eynilik təşkil edir. Cavabdeh əlavə olaraq bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsi xx.xx.2022-ci il tarixli 2-1(120)- 2055/2022 saylı qərarında operativ vergi nəzarətinin keçirilməsinin hansı zərurətdən irəli gəldiyini cavabdeh təşkilatın nümayəndəsinin izah edə bilmədiyini qeyd etmişdir. Qeyd olunanlarla razılaşmırıq və bildiririk ki, operativ vergi nəzarəti Vergi Məcəlləsinin 50.2-ci maddəsində və “Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.6.1 -ci və 1.6.2-ci yarımbəndlərinə əsasən nəzərdə tutulmuş əsaslardan biri olduqda, Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin təsdiq etdiyi formada vergi orqanının əsaslandırılmış qərarına və Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıc sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə müvafiq olaraq vahid məlumat reyestrindən çıxarışa) əsasən həyata keçirilir. Məhkəməyə təqdim edilmiş vergi orqanının qərarında və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda yoxlamanın hüquqi əsası və yoxlamanın təyin olunmağının əsası qeyd edilmişdir. Hesab edirik ki, Şirvan İnzibati Məhkəməsi işi hərtərəfli araşdırmadan, iş üzrə materiallara istinad etmədən və iddiaçı tərəfin məhkəmə iclasında iştirak etməməsinə baxmayaraq, 5 saylı Ərazi Vergilər İdarəsinin qərarlarının ləğv edilməsi barədə yekun qərar çıxarmışdır. Qeyd etmək istəyirəm ki, Şirvan İnzibati Məhkəməsi qərarında operativ vergi nəzarətinin Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar olduqada keçirilə biləcəyini qeyd etmiş və buna istinad edərək “Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.5.2-ci yarımbəndində qeyd edilən mənbəyi bəlli olan məlumatların heç birinin sahibkara və sahibkarlıq subyektinə şamil edilmədiyini qeyd edərək, keçirilmiş yoxlamanın əsassız olduğunu qeyd etmişdir. Əlavə olaraq “Operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi” Qaydalarının 1.5.2-ci yarımbəndində qeyd edilən mənbəyi bəlli olan məlumatların hansının əsasında yoxlama keçirildiyi barədə İdarənin sübut təqdim edə bilmədiyini qeyd etmişdir. Hesab edirik ki, Şirvan inzibati Məhkəməsinin qərarının bu hissəsində 5 saylı Ərazi Vergilər idarəsinin hüquqları pozulmuşdur və qeyd olunan hallardan aydın olur ki, Şirvan inzibati Məhkəməsi təqdim olunmuş yoxlama materiallarına ümumiyyətlə mahiyyəti üzrə hüquqi qiymət verməmişdir. Belə ki, 5 saylı Ərazi Vergilər idarəsinin keçirdiyi yoxlamanın təyin edilməsi əsası sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışda da qeyd edildiyi kimi vergi ödəyicisinin riskli vergi ödəyicisi olmasıdır ( Vergi Məcəlləsi, maddə 50.2.5). Məhkəmənin istinad etdiyi kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinin tərəfimizdən keçirilən operativ vergi nəzarəti tədbirləri ilə heç bir hüquqi əlaqəsi yoxdur və qeyd edildiyi kimi sadəcə Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən operativ vergi nəzarəti tədbiri keçirilmir. Vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar sadəcə operativ vergi nəzarətinin həyata keçirilməsi ücün Vergi Məcəlləsində qeyd edilən əsaslardan biridir. Sübutların təqdim edilməməsi hissəsi ilə də ona görə razılaşmırıq ki, 5 saylı Ərazi Vergilər idarəsi tərəfindən keçirilən yoxlama Şirvan inzibati Məhkəməsinin qərarında qeyd edildiyi kimi Vergi Məcəlləsinin 50.2.2-ci maddəsinə əsasən keçirilmədiyi üçün bu barədə hər hansı sübut təqdim edilməsi də mümkün deyildir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(120)-2055/2022 saylı qərarının ləğv edilməsini, iş üzrə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi apellyasiya şikayətini qanunla müəyyən edilmiş vaxtda verdikləri üçün prosessual müddəti ötürmədiklərini və apellyasiya şikayətinin mümkün hesab edilərək baxışa təyin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq İnzibati Prosessual Məcəllə Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 13. Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Maddə 20.1. Müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları (bundan sonra - məhkəmə aktları), eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Maddə 20.3. Məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Maddə 22.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə 24.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Maddə 24.2. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.2. Apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Maddə 87.3. Apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Maddə 87.4. Apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Apellyasiyanın mümkün sayılmaması barədə qərardad qəbul edilməmişdən əvvəl proses iştirakçılarının dinlənilmə hüququ təmin edilməlidir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 135.1. Bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Maddə 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Maddə 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 1 iyun tarixli 1043 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron məhkəmə” informasiya sistemi haqqında Əsasnamə 2.1.5. elektron kabinet – istifadəçinin özü barəsindəki məlumatlarla tanış olmasını, onları əldə etməsini və dəyişdirməsini, xidmətlərdən istifadə etməsini, ödənişlər həyata keçirməsini, həmçinin sahib və operator ilə qarşılıqlı əlaqəsini təmin edən fərdi elektron səhifədir. 13.1. İnformasiya sistemindən istifadə “Vahid məhkəmə portalı” və onun tərkib hissəsi olan elektron kabinet vasitəsilə həyata keçirilir. 13.2. İstifadəçilər “Vahid məhkəmə portalı” vasitəsilə açıq sənədlərlə (məlumatlarla) tanış ola, X7 (“ASAN login”) ilə eyniləşdirildikdən sonra avtomatik qaydada yaradılmış elektron kabinetləri vasitəsilə özlərinə aid sənədləri (məlumatları) əldə edə, habelə onların gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron variantlarını çap edə, ödənişlər və digər əməliyyatlar həyata keçirə bilərlər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İlk növbədə qeyd olunmalıdır ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən inzibati məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. İş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(120)-2055/2022 saylı qərarı elektron imza ilə tədiq edilməklə xx.xx.2023-cü il tarixdə saat 11:10-da cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsinə məxsus elektron kabinetində yerləşdirilmişdir (iş vərəqi 64). Buna baxmayaraq cavabdeh orqan özünə məxsus elektron kabinet vasitəsilə elektron ərizə ilə məhkəməyə müraciət edərək, Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(120)-2055/2022 saylı qərarının cavabdeh vergi orqanına göndərilməsinin təmin edilməsini xahiş etmişdir (iş vərəqi 69, 87-88). Şirvan İnzibati Məhkəməsi cavabdehin elektron kabinet vasitəsilə edilmiş müraciətini nəzərə alaraq Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2- 1(120)-2055/2022 saylı qərarını poçt vasitəsi ilə təkrar göndərmişdir. İş materiallarından müəyyən edilir ki, cavabdehin nümayəndəsi Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(120)-2055/2022 saylı qərarından 28 fevral 2023-cü il tarixli apellyasiya şikayəti vermişdir. Başqa sözlə, apellyasiya şikayəti prosessual qanunvercilikdə nəzərdə tutulmuş müddətdən (30 gündən) 20 gün keçdikdən sonra verilmişdir. Bununla da, cavabdeh apellyasiya şikayətinin verilməsi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddəti ötürmüşdür. Nəzərə almaq lazımdır ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinə, məhkəməyə müraciət imkanlarının genişlənməsinə, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin və şəffaflığının artırılmasına, süründürməçilik və sui-istifadə hallarının qarşısının alınmasına, aşkarlığın və operativliyin təmin edilməsinə, məhkəmə qərarlarının icrasına nəzarətin effektivliyinin artırılmasına, elektron kargüzarlığın və elektron sənəd dövriyyəsinin təmin olunmasına xidmət edir. Məhz bu səbəbdən “Elektron məhkəmə” informasiya sisteminin yaradılması haqqında 13 fevral 2014-cü il 268 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanına əsasən ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəffaflığın, insan və vətəndaşların hüquq və azadlıqlarının səmərəli müdafiəsinin təmin edilməsi, müasir informasiya texnologiyalarının tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron məhkəmə” informasiya sistemi yaradılması və “Elektron məhkəmə” informasiya sistemində ərizə, şikayət və digər sənədlərin elektron formada qəbulunun, cinayət işləri, mülki, kommersiya, inzibati mübahisələrə dair və inzibati xətalar haqqında işlər üzrə icraatın elektron qaydada aparılmasını və sənədlərin elektron dövriyyəsini o cümlədən sistemdə proses iştirakçısının iştirak etdiyi iş üzrə prosesin gedişi, çıxarılan qərarlar, onların icra vəziyyəti, onlardan verilən şikayət və ya protestlər barədə məlumat almaq imkanlarına malik “şəxsi kabineti”nin yaradılmasının təmin edilməsi qərara alınmışdır. Təsadüfi deyildir ki, ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 3 aprel 2019-cu il tarixli 604 nörməli Fərmanına əsasən məhkəmə qərarlarının elektron qaydada dərc edilməsi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiqi ilə əlaqədar təşkilati işlərin yekunlaşdırılmasının təmin edilməsi, fiziki və hüquqi şəxslərin “Elektron məhkəmə” informasiya sistemindən istifadəsinin təşviqi üçün tədbirlərin görülməsi qərara alınmışdır. Nəzərə almaq lazımdır ki, İnzibati Prosessual Məcəllənin 20.3-cü maddəsinə əsasən məhkəmə aktları və sənədləri bu Məcəllənin 20.1-ci və 20.2-ci maddələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilmiş qaydalara uyğun olaraq təqdim edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.6-cı maddəsi tələb edir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmiş işdə iştirak edən şəxslərə, məhkəmə aktları həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilməklə çatdırılsın. Göründüyü kimi, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu və tərəflərin “elektron kabinet”inin mövcud olduğu məhkəmələrdə məhkəmə aktlarının tərəflərə məxsus elektron kabinetdə yerləşdirilməsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş təqdim etməni özündə ehtiva edir. Başqa sözlə, məhkəmə aktının “Elektron məhkəmə” informasiya sistemində yaradılmış tərəflərə məxsus elektron kabinetə yerləşdirilməsi həmin aktın təqdim edilməsi kimi qəbul edilir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi 20.3-cü və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 135.1 və 135.6-cı maddələrinin tələblərini hazırki işin müəyyən edilmiş faktiki halarına tətbiq edərək belə qənaətə gəlir ki, Şirvan İnzibati Məhkəməsində xx.xx.2019-cu il tarixindən “Elektron məhkəmə” informasiya sistemi tətbiq olunduğundan (Şirvan Apellyasiya Məhkəməsində də tətbiq olunur), eyni zamanda cavabdehin həmin informasiya sistemində “elektron kabinet”i mövcud olduğundan və yekun məhkəmə aktı elektron imza ilə imzalanmaqla həmin elektron kabinetə yerləşdirildiyindən həmin qərardan şikayət verilməsi müddəti qərarın elektron kabinetə yerləşdiyi gündən hesablanmalıdır. Məhkəmə tərəfindən yazılı qaydada cavabdehə hüquqi yardım məktubu ünvanlanaraq apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim edilməsi təklif edilmişdir. Lakin cavabdeh nümayəndəsi tərəfindən prosessual müddətin ötürülməsinin üzrlü səbəblərdən baş verməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut (sənəd) təqdim edilməmişdir. Beləliklə, məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, yekun məhkəmə aktı cavabdehin “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”ində xx.xx.2023-cü il tarixində yerləşdirildiyindən (təqdim edildiyindən) və cavabdeh tərəfindən həmin qərardan verilmiş apellyasiya şikayəti xx.xx.2023-cü il tarixində imzalanaraq məhkəməyə göndərildiyindən cavabdeh apellyasiya şikayətinin verilməsi üçün 30 günlük prosessual müddəti ötürmüşdür. Bundan başqa, məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi izahatında hazırda mübahisələndirilən yekun məhkəmə aktının cavabdehin “Elektron məhkəmə” informasiya sistemində mövcud olan “elektron kabinet”ində yerləşdirildiyini və həmin qərardan məlumatlı olduğunu, lakin inzibati praktikaya görə apellyasiya qaydasında şikayət vermə müddətinin həmin qərarın elektron qaydada kabinetə yerləşdirildiyi tarixdən deyil, poçt vasitəsilə əldə edildiyi tarixdən hesablandığını və inzibati icraatın elektron qaydada aparılmasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə 9-1-ci maddəsi əlavə edildikdən sonra həyata keçirləcəyini güman etdiyini bildirmişdir (Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əlavə edilmiş 9-1-ci maddəsinin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidenti 07 fevral 2023-cü il tarixdə Fərman imzalamışdır). Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatında göstərdiyi dəlillərlə bağlı onu qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə 9-1-ci maddəsinin əlavə edilməsi həmin əlavənin edildiyi tarixədək və ondan sonra qüvvədə olan İnzibati Prosessual Məcəlləsinin 20.3-cü və Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsinin tətbiqini istisna etmir. Başqa sözlə, İnzibati Prosessual Məcəllənin 9-1-ci maddəsi inzibati məhkəmə icraatının iddiaçının seçimi ilə elektron qaydada aparılmasını (elektron qaydada iddianın verilməsi, bildirişlərin göndərilməsi, vəsatətin, şikayətin verilməsi və s.) tənzimlədiyi halda, İnzibati Prosessual Məcəllənin 20.3-cü maddəsi yekun məhkəmə aktının tərəflərə çatdırılması qaydasını tənzimləyir. Cavabdehin nümayəndəsinin inzibati praktikaya dair dəlilə münasibətdə qeyd olunmalıdır ki, formalaşmış məhkəmə təcrübəsinə əsasən mübahisələndirmə haqqında iddia növündə cavabdeh vergi orqanına qarşı “vergi məsuliyyətinə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi” tələbinə dair qaldırılan iddialarda vergi orqanı mübahisələndirilən inzibati aktdan (qərardan) şikayət verilməsi müddətini məhz həmin qərarın iddiaçının elektron kabinetində yerləşdirildiyi gündən hesablanması barədə vəsatətlər verir və müddətin axımının həmin qərarın elektron kabinetində yerləşdirilməsi vaxtından hesablanmasına dair hüquqi mövqe ifadə edirlər. Beləliklə, məhkəmə kollegiyası qənaətinə görə cavabdeh tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, eyni zamanda cavabdeh müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2-1(120)-2055/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və onun qəbulundan imtina edilsin. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar