Məhkəmə qərarları › İş №2-1(106)-183/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-183/2025

02.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-183/2025 02.07.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi) Quliyev Ceyhun Əmir oğlu və Sadıqov Mirlətif Süleyman oğlundan ibarət tərkibdə Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təynatı üzrə Mərkəzi Filialına qarşı “sosial adaptasiya pulunun ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-4323/2024 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin Şirvan binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin üzərinə sosial adaptasiya pulunun ödənilməsi öhdəliyinin həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən ona tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4323/2024 nömrəli, 20 noyabr 2024-cü il tarixli qərardadı ilə, iddia tələbinə “ona penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Qanununun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 7 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla cəzasını Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı cəzaçəkmə müəssisəsində çəkmişdir. Cəza müddətinin bitməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə azad edilmişdir. Uzun müddət yaşayış yeri üzrə qeydiyyata düşə bilməmişdir. Nəhayət müvəqqəti sakin kimi ünvan 1 ünvanında tanıdığı bir mənzil sahibinin mənzilinə qeydiyyata düşmüşdür. Savadsız qadındır, orta məktəb təhsili də almamışdır. 2024-cü ilin aprel ayında xəbər tutmuşdur ki, Möhtərəm Prezidentin imzaladığı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu vardır. Qeyd etdiyi kimi, savadsız qadın olmuş, heç bir inzibati orqan, vəzifəli şəxs onu məlumatlandırmamışdır ki, həmin qanunla onun sosial adaptasiya üzrə müavinət almaq hüququ vardır. Bu hüququnu biləndən sonra xx.xx.2024-cü il tarixdə Fondun 1 saylı Şirvan-Salyan Regional filialına müraciət etmişdir. Ərizəsinə rədd cavabı verilmişdir. Bu cavabla razılaşmayaraq təkrarən Azərbaycan Respublikasının Birinci Vitse-Prezidentinə ərizə ilə müraciət etmişdir. Ərizəsinə filialın direktoru M.Məmmədovun imzası ilə aldığı cavabda əlavə yalnız budur ki, “əlavə olaraq bildiririk ki, sosial adaptasiya müddətinin ötürülməsi ilə bağlı müvafiq təsdiqedici sənəd (üzürlü səbəb göstərilməklə) təqdim etdikdən sonra Sizin sözügedən birdəfəlik müavinət hüququnuza qanunvericiliyə uyğun olaraq yenidən baxıla bilər”. Məgər bunlar üzürlü səbəb deyilmi ki, o, xx.xx.2022-ci il tarixdə cəza müddətinin bitməsi ilə əlaqədar azadlığa buraxılandan sonra uzun müddət daimi yaşayış yeri üzrə (hətta atasının ünvanına belə) qeydiyyata düşmək imkanından məhrum edilmiş və nəhayət tanışının evinə müvəqqəti sakin kimi qeydiyyata düşməklə, hal-hazıra kimi atasının ünvanında yaşayır. Cəzaçəkmə müddətini bitirdikdən sonra onu, təhsilsiz, orta məktəb bitirməmiş savadsız qadını heç bir inzibati orqan, vəzifəli şəxs məlumatlandırmamışdır ki, belə bir qanun var. O, bunlardan başqa obyektiv, əsaslı üzürlü səbəblər ola bilərmi ki, savadsız qadın belə bir hüququndan 2024-cü ilin aprel ayında xəbər tutub. Fondun 1 saylı Şirvan- Salyan Regional filialına müraciət etmiş və filialın direktoru bu arqumentlərini üzürlü səbəb hesab etməyərək, müavinətin ödənilməsini mümkün hesab etməmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Cavabdeh iddiaya dair etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı İddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə cavabdeh inzibati orqana müraciət edərək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. iddiaçının müraciətinə cavab olaraq ona ünvanlanmış xx.xx.2024-cü il tarixli, 3-17- 1/2-B- 114201/2024 nömrəli və xx.xx.2024-cü il tarixli, 3-17-1/2-B-165460/2024 nömrəli imtina məktubları ilə sosial adaptasiya müddəti 1 il olduğundan ona müvafiq müavinətin ödənilməsinin mümkün olmadığı bildirilmişdir. Hesab edirlər ki, cavabdeh inzibati orqanın imtina məktubu qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən sosial müavinətlər bu Qanunla müəyyən edilmiş qaydada ayrıayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununa (bundan sonra - Qanun) əsasən bu Qanun qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə sosial adaptasiyası sahəsində tədbirlərin həyata keçirilməsinin təşkilati-hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. Bu Qanunun 1.0.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər - qanunvericilikdə müəyyən edilmiş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaları çəkməkdən azad edilmiş şəxslərdir. Sözügedən Qanunun 6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosiai adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan səxslərə birdəfəlik pul müavinəti verilir. Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Qanunun 14.1-ci maddəsinə əsasən cəza cəkməkdən azad edilmis tibbi və sosial yardıma ehtiyacı olan səxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na 7 nömrəli əlavənin (müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının) 2.17-ci bəndinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik müavinətin təyin edilməsi üçün cəza çəkməkdən azad edilmə barədə cəzaçəkmə müəssisəsinin arayışı, məhkəmənin bəraətverici əsaslarla şəxsin cinayət məsuliyyətindən və ya cəzasının qalan hissəsini çəkməkdən azad edilməsi barədə qərarının surəti tələb olunur. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2025-ci il tarixli, 2-1(120)-4323/2025 saylı qərarı (hakim Fehruz Abbasov) ilə iddianın təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək cəza çəkmiş və cəza müddəti bitdiyi üçün azad edilmişdir. İddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə cavabdeh inzibati orqana müraciət edərək ona cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə sosial adaptasiyaya ehtiyacı olan şəxslərə verilən birdəfəlik pul müavinətinin təyin edilməsini xahiş etmişdir. İddiaçı müraciətlərinə cavab olaraq ona ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-114201/2024 tarixli və xx.xx.2024-cü il tarixli 3-17-1/2-B- 165460/2024 nömrəli imtina məktubları olə sosial adaptasiya müddəti 1 il olduğundan ona müvafiq müavinətin ödənilməsinin mümkün olmadığı bildirilmişdir. İddiaçının müraciəti əsasında Şirvan İnzibati Məhkəməsi xx.xx.2024-cü il tarixli qərarı ilə sosial adaptasiya məqsədilə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Lakin hesab edirik ki, cavabdeh inzibati orqanın imtina məktubları qanunidir. Çünki iddiaçı xx.xx.2022-ci il tarixdə azad edilmiş, amma cavabdeh inzibati orqana müavinətin təyin edilməsi üçün xx.xx.2024-cü il tarixdə müraciət etmiş bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Bu səbəblə də ona sözügedən birdəfəlik müavinətin təyin edilərək ödənilməsi mümkün olmamışdır. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin müraciət etməsinə deyil, aidiyyatı qurumlar tərəfindən adaptasiya tədbirlərinin həyata keçirilməsinə şamil olunur ki, bu da həmin müddət başa çatdıqdan sonra müvafiq şəxsin ona birdəfəlik pul müavinətinin verilməsini tələb etməsinə maneə yaratmır. Məhkəmənin mövqeyinə münasibətdə bildiririk ki, sosial adaptasiya ilə bağlı aidiyyəti qurumlar tərəfindən adaptasiya tədbirlərinin həyata keçirilməsi üçün vətəndaş müraciət etməli və bununla bağlı olaraq inzibati icraat başlanmalıdır. Belə ki, müvafiq olaraq müraciət daxil olmadığı halda inzibati orqanın həmin vətəndaşa münasibətdə sosial adaptasiya tədbirlərini həyata keçirməsi mümkün deyildir. Eyni zamanda qanunvericiliklə sosial adaptasiya müddəti 1 il müəyyən edildiyindən müvafiq dövr ötdükdən sonra vətəndaş artıq sosial adaptasiyaya ehtiyacı olan şəxs hesab edilə bilməz. Əlavə olaraq məhkəmənin mövqeyindən çıxış etsək, vətəndaş cəza çəkməkdən azad olunduqdan sonra istənilən vaxt sosial adaptasiya ilə bağlı müraciət edə bilər və həmin şəxsə münasibətdə adaptasiya tədbirləri həyata keçirilməlidir. Bildiririk ki, belə mövqe sui-istifadə hallarına və sosial adaptasiyanın qanunçuluq, sosial ədalət, ünvanlılıq prinsiplərinin pozulmasına səbəb olacaqdır. Digər tərəfdən “İnzibati icraat haqqında” Qanunun 50-ci maddəsinə əsasən inzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılmasının səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır. Qanunla birbaşa qadağan olunmuş hallarda buraxılmış müddətin bərpasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göründüyü kimi, hazırki iş üzrə ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçı ona sosial adaptasiya ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbulunu zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmişdir. Bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu iş materialları ilə təsdiq edilir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyəyn edilmiş digər vəzifələri yerinə yetirməlidir (maddə 72) “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. 0 . Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (-); Maddə 1.0.3. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası – penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının, qanuni mənafelərinin qorunması, bu şəxslər tərəfindən törədilə biləcək yeni cinayətlərin və onlara təsir göstərə bilən kriminogen amillərin qarşısının alınması məqsədilə həyata keçirilən hüquqi, iqtisadi, təşkilati və sosial-psixoloji tədbirlər sistemi; (-); Maddə 6.1 Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirlər aşağıdakılardır: Maddə 6.1.1. Cəza çəkməkdən azad edilmiş şəxsləri qeydiyyata almaq, onlarla hazırlıq işlərini aparmaq; (-); Maddə 6.1.7. Cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək; (-); Maddə 8.1 Sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Maddə 8.2. Sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. Maddə 9.1 Cəza çəkməkdən azad edilmiş şəxslər onların barəsində qanunvericilikdə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının Konstitusiyasında, bu Qanunda, digər qanunvericilik aktlarında, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş bütün insan və vətəndaş hüquq və azadlıqlarından istifadə edirlər. Maddə 9.2. Cəza çəkməkdən azad edilmiş şəxlər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət də edə bilərlər. Maddə 9.3. Cəza çəkməkdən azad edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxsər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması onun qanuni nümayəndəsinin bu barədə müraciəti olduqda həyata keçirilir. Bu halda vətəndaşın qanuni nümayəndəsi tərəfindən aşağıdakı sənədlər təqdim olunur: 1) 15 yaşı tamam olmamış vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması haqqında ərizə-anket (forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir); 2) doğum haqqında şəhadətnamə; 3) bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd. Bu maddədə nəzərdə tutulan sənədlərin X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxsin əvvəlki yaşayış sahəsində onun ailə üzvləri yaşayırlarsa, həmin şəxsin oraya qayıtmasına ailə üzvlərinin razılığı tələb olunmur. Yaşayış sahəsində qanunvericiliklə müəyyən olunmuş qaydada himayəyə verilmiş yetkinlik yaşına çatmayanların yaşadıqları hallarda cəza çəkməkdən azad edilmiş şəxs (mənzilin mülkiyyətçisi olduğu hallar istisna olmaqla) qəyyumluq və himayə orqanının razılığı ilə həmin yaşayış sahəsinə yerləşə bilər. Bu maddənin altıncı hissəsində nəzərdə tutulan qəyyumluq və himayə orqanlarının razılığı ilə əlaqədar həmin orqanların qərarları 1 iş günü ərzində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə daxil edilir və belə qərarlar bu maddənin beşinci hissəsinə uyğun olaraq əldə edilir. Maddə 6. Yaşayış yeri üzrə qeydiyyata alınmaq istəyən şəxslər və vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyət orqanı tərəfindən qeydiyyata alınırlar. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə: Maddə 6. Yaşayış yeri üzrə qeydiyyata alınma barədə müraciət etmiş vətəndaş və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal qeydiyyata alınır. Həmin orqan vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri üzrə məlumatı dəyişdirir, vətəndaşlığı olmayan şəxsə isə şəxsiyyət vəsiqəsi verilənə qədər ona Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən müvəqqəti sənəd verir. Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxsə Azərbaycan Respublikasının hüdudlarında istifadə edilməsi üçün 16 yaşına çatdıqdan sonra verilən şəxsiyyət vəsiqəsi verilərkən müvafiq icra hakimiyyəti orqanının məsul əməkdaşı tərəfindən həmin sənəd geri alınır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Maddə 2.2. Həmin Əsasnamənin (“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə) 2-ci maddəsinin birinci abzasında, 3-cü maddəsinin birinci abzasında, 4-cü, 5-ci və 6-cı maddələrində, 9-cu maddəsinin birinci abzasında, 11-ci maddəsinin ikinci və üçüncü cümlələrində, 12-ci maddəsinin birinci abzasında, 13-cü, 14-cü maddələrində, 16-cı maddəsinin birinci abzasında və ikinci abzasının ikinci cümləsində (ikinci halda), eləcə də həmin Əsasnaməyə 3 və 4 saylı Əlavələrdə nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir. “İnzibati icraat haqqında” Qanun: Maddə 50.1 İnzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə 50.2. Maraqlı şəxs bu Qanunun 50.1-ci maddəsində göstərilmiş səbəblər aradan qalxdığı vaxtdan ən geci 10 gün müddətində buraxılmış müddətin bərpa olunmasına dair yazılı ərizə ilə inzibati orqana müraciət etməlidir. Ərizəyə müddətin buraxılması səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər əlavə olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi: Maddə 563.1. Vətəndaşın yaşayış yeri və olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görəxəbərdarlıq edilir və ya otur manat məbləğində cərimə edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin X2rşı qərarı ([Böyük Palata], № 56030/07, 124, AİHM 2014) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının birinci instansiya məhkəməsində işə baxılan zaman (dəqiqləşdirildikdən sonra) tələbi “ona penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxs kimi sosial adaptasiyası məqsədilə minimum aylıq əmək haqqının dörd misli məbləğində birdəfəlik pul müavinətinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar çıxarılması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanununun 5.4-cü maddəsinə görə, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyət müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən əlaqələndirilir. Həmin qanunun 6.1.1-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həmin şəxslər qeydiyyata alınır və onlarla hazırlıq işləri aparılır. Qanunun 7.1 və 7.2-ci maddələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) penitensiar müəssisələrin müdiriyyəti ilə birlikdə ayda bir dəfədən az olmayaraq sosial adaptasiyaya ehtiyacı olan cəza çəkməkdən azad ediləcək şəxsləri müəyyən edir və bu şəxsləri onların razılığı ilə qeydiyyata götürür. Qeydiyyata götürülmüş şəxslərə onların hüquq və azadlıqları, sosial adaptasiya tədbirlərinin məzmunu və həyata keçirilməsi qaydası izah olunur. Penitensiar müəssisələrdə sosial adaptasiya məqsədi ilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) tərəfindən qeydiyyata alınırlar. Cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya müddəti isə “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən 1 ildir. Lakin bu müddət penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin müraciət etməsinə deyil, aidiyyəti qurumlar tərəfindən adaptasiya tədbirlərinin həyata keçirilməsinə şamil olunur ki, bu da, həmin müddət başa çatdıqdan sonra müvafiq şəxsin ona birdəfəlik pul müavinətinin verilməsini tələb etməsinə maneə yaratmır. Həmçinin, nəzərə alınmalıdır ki, cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası fəaliyyətinin əlaqələndirilməsini də ayrıca inzibati orqan olsa da, hazırkı cavabdehin yuxarı təşkilatı (ƏƏSMN) həyata keçirir və müəyyən edilmiş tədbirlərin həmin müddət ərzində həyata keçirilməsinə məhz qeyd olunan təşkilat nəzarət etməli idi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında» Əsasnamənin 3.1.58-ci bəndinə görə öz səlahiyyətləri daxilində penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası üzrə tədbirləri həyata keçirmək, cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətinin verilməsini təmin etmək, cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası sahəsindəki fəaliyyəti əlaqələndirmək Nazirliyin vəzifələri sırasına daxildir. Göründüyü kimi, mövcud qanunvericilik cəza çəkməkdən azad edilmiş şəxslərin adaptasiyası məqsədilə həyata keçirilən tədbirlərin konkret dairəsini və həmin tədbirləri həyata keçirən qurumları müəyyənləşdirmiş və bu tədbirlərin sırasına DSMF-nin yerli qurumları tərəfindən həyata keçirilən birdəfəlik pul müavinətinin verilməsini də aid etmişdir. Qeyd olunan qanunvericilik normalarına əsasən qeyd edilməlidir ki, iddiaçıya münasibətdə sosial adaptasiyanın təşkili məqsədilə müvafiq tədbirlər cavabdeh inzibati orqan tərəfindən həyata keçirilməli idi. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan 1 illik müddət isə həmin tədbirlərin təşkili və həyata keçirilməsi ilə bağlı inzibati orqanın fəaliyyəti müddətini müəyyən edir və iddiaçının sosial adaptasiya məqsədilə birdəfəlik müavinət alması üçün müraciət hüququnu məhdudlaşdıran bir müddət deyildir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Məhkəmə kollegiyası iddiaçının hazırkı iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. İş faktiki hallarından məlum olur ki, İddiaçı Şirvan şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza sonu ilə azad olunub. İddiaçı xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərdə cavabdeh inzibati orqana müraciət edərək ona sosial adaptasiya məqsədilə birdəfəlik müavinətin təyin edilməsini istəmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli cavab məktubları ilə iddiaçıya müvafiq müavinətin təyin edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli, 3-17-1/2- B-165460/2024 nömrəli məktubda cavabdeh imtinanın əsası kimi qeyd etmişdir ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Qanunun 8.2-ci maddəsinə əsasən sosial adaptasiya müddəti cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata götürüldüyü gündən hesablanır. İddiaçı xx.xx.2022-ci il tarixində cəza müddət bitdiyi üçün azad edilməsinə baxmayaraq, xx.xx.2024-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Şirvan-Salyan regional filialına müraciət etməklə bir illik müddəti ötürmüşdür. Bu səbəblə də ona müvafiq müaviətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq iddiaçıya bildirilmişdir ki, sosial adaptasiya müddətinin ötürülməsi ilə bağlı təsdiqedici sənəd (üzrlü səbəb göstərilməklə) təqdim etdikdən sonra onun sözügedən birdəfəlik müavinət hüququna qanunvericiliyə uyğun olaraq yenidən baxıla bilər. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını aşağıdakı hüquq normaları daxilində qiymətləndirməyi zəruri hesab edir. Belə ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinbə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Görünüdüyü kimi penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiya müddəti bir illik müddətlə məhdudlaşdırılmışdır. Yəni, qanunvericilik bir illik müddət ərzində müvafiq sosial adaptasiya tədbirlərinin görülməsini imperativ qaydada təsbit edir. Başqa sözlə, onlar (cəza çəkməkdən azad edilmiş şəxslər) bir il ərzində cəmiyyətə adaptasiya olunmuş hesab edilirlər. Hazırki işin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı cəzadan azad olunduqdan 1 ildən artıq müddət (1 il 3 ay 30 gün) keçdikdən, yəni adaptasiya müddəti başa çatdıqdan sonra sosial adaptasiya məqsədilə birdəfəlik müavinətin təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarına yuxarıda şərh olunan qanunvericiliyin normalarını tətbiq edərək qeyd edir ki, qanunvericiliklə müəyyən edilmiş 1 illik adaptasiya müddəti bitdikdən sonra cavabdeh orqana müraciət etdiyindən həmin müraciətindən imtina ilə bağlı cavabdehin hərəkətləri qanuni və əsaslıdır. Digər tərəfdən “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun 7.2-ci maddəsinə əsasən penitensiar müəssisələrdə sosial adaptasiya məqsədilə qeydiyyata götürülməmiş şəxslər, habelə digər dövlətlərdə cəza çəkməkdən azad edilmiş və Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşları üç ay ərzində ərizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfındən qeydiyyata alınırlar. Göründüyü kimi, sosial adaptasiya məqsədilə cəza çəkməkdən azad edilmiş şəxsin qeydiyyata alınmasının əsası qismində onun üç ay ərzində müvafiq icra hakimiyyəti orqanına müraciəti çıxış edir. Lakin iş üzrə icraat materiallarında iddiaçının üç ay ərzində cavabdeh inzibati orqana müraciət etməsi ilə bağlı təsdiqedici sübut yoxdur. Beləliklə də, iddiaçı müvafiq birdəfəlik müavinətin təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət edərkən bir illik müddəti ötürdüyü kimi, sosial adaptasiya məqsədilə qeydiyyata alınmaq üçün Qanunda müəyyən edilmiş 3 aylıq müraciət müddətini də üzrsüz səbəbdən ötürmüşdür və bu da iddiaçının məsuliyyət sferasına aid olan haldır. İşin faktiki hallarından məlum olur ki, iddiaçı sosial adaptasiya müddətini ötürməsinin səbəbi kimi qeydiyyat ünvanının olmaması səbəbindən şəxsiyyət vəsiqəsi əldə edə bilməməsini qeyd etmişdir. Məhkəmə kollegiyası işin faktiki halına münasibətdə qeyd olunan qanunvericilik normaları əsasında aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidirlər. Göründüyü kimi, qanunvericilik yaşayış yeri üzrə qeydiyyata alınmaqla bağlı müraciət etməklə əlaqədar imperativ norma müəyyən etmiş və müraciət etmək öhdəliyini vətəndaşın üzərinə qoymuşdur. Təsadüfi deyildir ki, İnzibati Xətalar Məcəlləsinin 563.1-ci maddəsində vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan keçməməsi ilə bağlı inzibati xəta üzrə məsuliyyət müəyyən olunmuşdur. Bütün bunlar onu deməyə əsas verir ki, qanunvericiliklə yaşayış yeri üzrə qeydiyyata düşmək üçün vətəndaşın müvafiq inzibati orqana müraciət etmək vəzifəsi təsbit olunmuşdur. İddiaçının sözügedən müraciəti etməməsi onun məsuliyyət sferasına daxil olmaqla sosial adaptasiya üçün nəzərdə tutulan bir illik müddəti ötürməsi baxımından üzrlü səbəb kimi qiymətləndirilə bilməz. Yəni, iddiaçının azadlığa çıxdıqdan sonra faktiki yaşayış yeri üzrə hansısa ünvana yaxud mövcud inzibati təcrübəyə əsasən müvafiq polis şöbəsinin inzibati binalarından birinə müvəqqəti qeydiyyata düşməməsi cavabdeh inzibati orqanın deyil, iddiaçının məsuliyyət və təqsir sferasına daxil olan haldır. Belə ki, iddiaçı cəza çəkməkdən azad edildikdən sonra faktiki yaşadığı yer üzrə ünvana qeydiyyata düşmək məqsədilə yaxud müvəqqəti qeydiyyat üçün polis şöbəsinə müraciət etməli idi. Lakin iş üzrə icraat materiallarında olan Şirvan şəhər Polis şöbəsinin 3- 13-111/2-111/2025 nömrəli xx.xx.2025-ci il tarixli cavab məktubunun da məzmunundan aydın olur ki, iddiaçı cəzadan azad olduqdan sonra bir il ərzində polis şöbəsinə qeydiyyata götürülməklə bağlı müraciət etməmişdir. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsinə əsasən penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan və vətəndaşlığı olmayan şəxslər, əgər qanunvericiliklə müəyyən edilmiş qaydada əvvəlki yaşayış sahəsinə hüquqlarını itirməmişlərsə, müraciət etdikləri vaxtdan üç gün ərzində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin yaşayış yeri üzrə qeydiyyata alınırlar. Əgər iddiaçı azadlığa çıxdıqdan sonra 10 gün müddətində polis şöbəsinə yaşayış yeri üzrə qeydiyyata alınmaqla bağlı müraciət etdiyi təqdirdə, polis şöbəsi qeydiyyata almaqdan imtina etsəydi, iddiaçı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə polis orqanına qarşı məhkəməyə müraciət etməli idi. Bu halda o, bir illik sosial adaptasiya müddətini ötürmüş olsaydı, müddətin bərpa olunması ilə bağlı cavabdeh inzibati orqana yazılı ərizə ilə müraciət etməli və müddətin buraxılmasının səbəbinin üzrlü olduğunu təsdiq edən sənədlər ərizəyə əlavə olunmalı idi. Belə olacağı təqdirdə müddətin ötürülməsi cavabdeh inzibati orqan tərəfindən üzrlü hesab oluna bilərdi. Lakin iddiaçı sosial adaptasiya müddətini ötürməsinin üzrlü hesab olunması ilə bağlı təsdiqedici sübutlarla cavabdeh inzibati orqana müraciət etməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 50-ci maddəsinə əsasən inzibati orqan qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, maraqlı şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında yaşadığı evin satıldığını və artıq həmin evdə qeydiyyatda olmadığını, yəni əvvəlki yaşayış sahəsinə hüququnun olmadığını bildirmişdir ki, belə olduğu təqdirdə də sözügedən hal iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün müraciət etməməsi ilə bağlı üzrlü səbəb hesab olunmadığı kimi, onun yaşayış yeri üzrə qeydiyyatdan keçmək öhdəliyi də aradan qalxmış olmur. Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçı xx.xx.2022-ci il tarixdə azadlığa çıxdıqdan sonra bir illik sosial adaptasiya müddəti ərzində qeydiyyata alınmaqla bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etməmiş və ilk dəfə xx.xx.2024-cü il tarixdə sosial adaptasiya məqsədilə birdəfəlik müavinətin təyin edilməsi üçün müraciət etmişdir. Beləliklə, iddiaçının qanunvericiliklə nəzərdə tutulmuş bir illik sosial adaptasiya müddətini, o cümlədən sosial adaptasiya məqsədilə qeydiyyata alınmaqla bağlı üç aylıq müddəti üzrsüz səbəbdən ötürərək müvafiq birdəfəlik müavinəti almaq üçün müraciət etməsi ilə bağlı yuxarıda sadalanan normalar nəzərə alınmalı və ona sözügedən müavinət ödənilməməlidir. Belə ki, cavabdeh inzibati orqan apellyasiya şikayətində haqlı olaraq iddiaçı tərəfindən bir illik müddətin ötürülməsi, o cümlədən qeydiyyata götürülməməsi ilə bağlı üzrlü bir səbəbi təsdiq edən sübutun ona təqdim edilmədiyini bildirmişdir. Araşdırma ilə bağlı məhkəmə kollegiyası, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iş üzrə müəyyən edilən əsas hal ondan ibarətdir ki, iddiaçının xx.xx.2022xx.xx.2023 tarixində müvafiq polis şöbəsinə yaşayış yeri üzrə yaxud müvəqqəti qeydiyyat üçün müraciətinə, həmin müraciətə imtina məktubuna, o cümlədən üzrlü səbəbdən sosial adaptasiya müddətini ötürməsinə dair hər hansı təsdiqedici sübut iş üzrə icraat materiallarında mövcud deyildir. Məhkəmə kollegiyası yuxarıda şərh olunan qanunvericiliyin müddəalarının hazırki işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı sosial adaptasiya məqsədilə ona birdəfəlik müavinətin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələbində haqlı olmamışdır. Beləliklə işin faktiki hallarının araşdırılması zamanı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.2022-ci ildə cəza çəkməkdən azad edilmiş, lakin üzrsüz səbəbdən azadlığa çıxdıqdan 1 il 3 ay 30 gün sonra (xx.xx.2024-cü il tarixdə) cavabdeh inzibati orqana sosial adaptasiya məqsədilə birdəfəlik müavinətin təyin olunması üçün müraciət etmiş və bununla da sosial adaptasiya müddətini ötürmüşdür. İddiaçı müddəti ötürməsinin səbəbi kimi qeydiyyat ünvanı olmadığını və bu səbəbdən şəxsiyyət vəsiqəsi olmadığı üçün müvafiq birdəfəlik müavinətin təyin olunması məqsədilə cavabdeh inzibati orqana müraciət edə bilmədiyini bildirmişdir. Lakin sosial adaptasiya müddətini ötürməsinin üzrlü səbəbdən olduğunu əsaslandıra bilməmişdir. Şərh olunan qanunvericiliyin müddəaları əsasında məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçıya sosial adaptasiya məqsədilə birdəfəlik müavinətin təyin edilməsi öhdəliyini cavabdehin üzərinə qoymaqla haqlı mövqe sərgiləməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası onu da qeyd edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilmişdir. Beləliklə, iddianın təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-4323/2024 saylı qərarı ləğv edilsin. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (AZ 1025, Bakı şəhəri,Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar