Məhkəmə qərarları › İş №2-1(106)-184/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-184/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-184/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-1(120)-2769/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı artıq ödənilmiş pensiya məbləğinin qaytarılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh artıq ödənilmiş 7216,40 manat pensiya məbləğinin ondan tutularaq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 18 iyul 2023-cü il tarixli, 2- 1(120)-771/2023 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının (sədrlik edən M.K.Həsənov, hakimlər S.F.Həsənov və T.S.Kərimovdan ibarət tərkibdə) 01 dekabr 2023cü il tarixli, 2-1(106)-405/2023 saylı qərardadı ilə iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayətinin qismən təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 18 iyul 2023-cü il tarixli, 2-1(120)-771/2023 nömrəli qərarının ləğv edilməsi, inzibati işin Şirvan İnzibati Məhkəməsinə qaytarılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 09 dekabr 2024-cü il tarixli, 2- 1(120)-2769/2024 nömrəli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə pensiyası dövlət orqanı - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 231 nömrəli qərarı ilə təyin edilmişdir. Həmin qərar iddiaçının qeyd etdiyi kimi qanunvericiliyə zidd olsa belə, bunun məsuliyyətinin cavabdehin üzərinə qoyulması İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə ziddiyyət təşkil edir. Həmçinin hazırki iş üzrə cavabdehə pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında cavabdehin qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi şəxsin əvvəllər mövcud olan vəziyyətinə görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 9 noyabr 1979-cu il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında qeyd olunan məlumatlara əsasən xx.xx.1982xx.xx.1985-ci il tarixləri arasındakı dövr ərzində Saatlı dəmir yolunda operator köməkçisi, xx.xx.1985-xx.xx.1986-cı il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin “Rels-5” cihazında defektskop və xx.xx.1987-xx.xx.1994-cü il tarixləri arasındakı dövr ərzində isə Saatlı ictimai iaşə Müəssisəsində xörəkpaylayan vəzifələrində işlədiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd olunan dövrlərdə onun əmək fəaliyyəti ilə məşğul olduğu vəzifələr Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən Cavabdeh güzəştli iş stajı 12 il 6 aydan az (10 il 7 ay 2 gün) təşkil edir. Göstərilən uyğunsuzluğa baxmayaraq, Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq cavabdehə xx.xx.2018-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunduğu aşkar edilmişdir. Qeyd olunanlara əsasən cavabdehə xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7216,40 manat artıq pul vəsaitinin ödənilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, müvafiq məhkəmə qərarına əsasən keçmiş müddət üçün cavabdehə ödənilməli olan 7589,86 manat pul vəsaiti hissə-hissə ödənilməsinin davam etdirilməsi ilə əlaqədar ona artıq ödənilmiş pul vəsaitinin məbləği hər ay artır, həmin fərq məbləğinin ödənilməsi başa çatdırıldıqdan sonra isə cavabdehin artıq ödəmə məbləği 16109,40 manat təşkil edəcəkdir. Prosessual məsələlər İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respubiikasının Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli, 175 №-li Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti - bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən nəzərə alınır. “İnzibati icraat haqqında” Azərbaycan Respubiikasının Qanununun: -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. -67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. -67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: -67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; -67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. -67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. -67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. İş materiallarında olan: -Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Saatlı rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2018-ci il tarixli, 231 nömrəli qərarından görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixdən 176,57 manat yaşa görə pensiya təyin edilmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” **********9 nömrəli, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, sonuncu yenidən hesablanmış pensiya məbləğinin ödənildiyi dövr xx.xx.2020-xx.xx.2021-ci illəri əhatə edir. -Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(112)-2074/2022 saylı qərarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı pensiya təminatının bərpa olunması öhdəliyi barədə iddiasının təmin edilməsi qərara alınmışdır. Həmin qərar Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(103)-1847/2022 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2-1(102)-1899/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Həmin qərarın məzmununda təsbit edilmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. -Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “əsassız ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında” **********7 nömrəli xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Cavabdeh xx.xx.2018-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 7216,40 manat artıq ödənilmiş əmək pensiyası məbləği təmin edilərək 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır. -Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 may 2023-cü il tarixli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarından görünür ki, yenidən hesablanmanın səbəbi kimi Ali Məhkəmənin Qərarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi göstərilmişdir. Həmçinin həmin qərarla müəyyən edilir ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə 327.21 manat olmaqla ömürlük güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. -Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 sentyabr 2023-cü il tarixli “Əmək pensiyası təyin edilməsi haqqında qərarın ləğv edilməsi haqqında” qərarından görünür ki, Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında qərarın ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehə pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında cavabdehin qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi şəxsin əvvəllər mövcud olan vəziyyətinə görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə qismən razılaşır və əlavə olaraq qeyd edir ki, Cavabdeh təyin edilmiş güzəştli pensiya şəxsin güzəştli iş stajının kifayət etməməsi səbəbi ilə xx.xx.2021-ci il tarixdə dayandırılmış, iddiaçı (həmin iş üzrə Cavabdeh) bununla bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, həmin məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, dayandırılmış güzəştli pensiya bərpa edilmiş və DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 10 may 2023-cü il tarixli qərarı ilə Cavabdeh təyin edilmiş əmək pensiyası yenidən hesablanmışdır. Bundan sonra iddiaçının yuxarıda şərh edilmiş 14 sentyabr 2023-cü il tarixli qərarı ilə Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında qərar ləğv edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə üzrə iddiaçı xx.xx.2018xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində Cavabdeh ödənilmiş ümumilikdə 7216,40 manat artıq pul vəsaitinin geri ödənilməsini tələb edir. Cavabdeh əmək pensiyasının təyin edilməsi haqqında qərar isə qeyd edildiyi kimi xx.xx.2023-cü il tarixdə ləğv edilmişdir. Müvafiq qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən göründüyü kimi qanunsuz əlverişli inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu qənaətə gəlir ki, cavabdehə pensiya təyin edilməsi barədə qərarın ləğv edilməsi ona ödənilmiş pensiya məbləğinin geri ödənilməsinə əsas vermir. Belə olan halda iddiaçının (hazırki iş üzrə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) artıq ödənilmiş məbləği şəxsdən tələb etmək hüququ istisna olunur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 dekabr 2024-cü il tarixli, 2-1(120)-2769/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar