Məhkəmə qərarları › İş №2-1(106)-185/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-185/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-185/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X1 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(120)-3801/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı sərəncamının ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli, 41 nömrəli sərəncamının ona aid hissədə qanunsuz hesab edilməklə ləğv edilməsi və həmin sərəncamın onun yaşayış sahəsi ilə təmin olunanadək mənzil kirayə xərcləri ilə təminatının dayandırılmasına dair nəticələrinin aradan qaldırılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 05 noyabr 2024-cü il tarixli, 2- 1(120)-3801/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2012-ci il tarixli 174 nömrəli qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardadında hazırki mübahisənin predmeti ilə eynilik təşkil edən mübahisənin həlli üzrə şərh verilmişdir. İddiaçının “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9-cu bəndinə (öz arzusu ilə) müvafiq olaraq polkovnik hərbi rütbəsində ehtiyata buraxıldığı müəyyən edilmişdir. Belə olan halda, iddiaçı qeyd edilən subyektlərin dairəsinə düşmür. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1989-xx.xx.1991-ci illər aralığında SSRİ Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət, xx.xx.1995-xx.xx.2021-ci illərdə isə zabitlərin həqiqi hərbi xidmətində olmaqla xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 1618 ş/h №li əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq “polkovnik” rütbəsində ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə və “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Nazirlər Kabinetinin 174 saylı Qərarının 1- ci hissəsinə əsasən mənzil növbəliliyinə qeydə alınmağı üçün yaşadığı yer üzrə müvafiq yerli icra hakimiyyəti orqanına Cavabdehnə tərəfindən müraciət edilmiş və xx.xx.2021-ci il tarixli, 118 №li sərəncamla adı mənzil növbəliliyi, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış hərbçilərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı mənzil-uçot siyahısına daxil edilmiş və mənzillə təmin olunanadək mənzil kirayə xərcləri ilə təmin olunmağı qərara alınmışdır. Cavabdeh başçısı tərəfindən xx.xx.2024-cü il tarixdə 41 №li sərəncam qəbul edilmiş, həmin sərəncamla ona mənzil kirayə xərclərinin ödənilməsini nəzərdə tutan xx.xx.2021-ci il tarixli, 118 №li sərəncam ləğv edilmiş və bu barədə təminatının dayandırılması qərara alınmışdır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 41.0.9-cu bəndinə əsasən (öz arzusu ilə) ehtiyata buraxılıb. Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2021-ci il tarixli 118 nömrəli Sərəncamı ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan İddiaçı, beş nəfər ailə tərkibi ilə birgə mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün mənzil kirayə xərclərinin ödənilməsi ilə təmin edilib. Rayon icra Hakimiyyəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2 və 7-ci hissələrinin, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci maddəsinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 avqust 2021-ci il tarixli 174 nömrəli Qərarının və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 18 iyul 2022-ci il tarixli Qərardadını, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin 6.8-ci bəndini, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala Rayon Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-43-47/2-47/2024 nömrəli məktubunu rəhbər tutaraq, Cavabdeh başçısının xx.xx.2024-cü il tarixli 41 nömrəli Sərəncamı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cü maddəsi (öz arzusu) ilə həqiqi hərbi xidmətdən polkovnik hərbi rütbəsi ilə ehtiyata buraxılan İddiaçı mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğdə yalnız nağdsız qaydada ödənilən kompensasiyası dayandırılmışdır. İddiaçıya xx.xx.2024-cü il tarixli 41 nömrəli Sərəncamından çıxarış təsdiq olunmuş şəkildə cari ilin may ayında şəxsən təqdim edilib, bundan öncə ona məxsus telefon nömrəsi ilə (***-***-**-**) əlaqə saxlanılmış, kirayə xərclərinin dayandırılması barədə məlumat verilmişdir. Rayon icra Hakimiyyəti başçısının “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-ci maddəsinin “j” bəndi və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsi ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılan və müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün mənzil kirayə xərcləri ödənilən bir qrup hərbi qulluqçuların kompensasiyasının dayandırılması haqqında” xx.xx.2024-cü il tarixli 41 nömrəli sərəncamının surəti aidiyyəti üzrə məlumat üçün xx.xx.2024-cü il tarixli 5-67/2-2-554/2024 nömrəli məktubla Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə göndərilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadı xx.xx.2022-ci il tarixində 03/01-890 nömrəli məktubla Şirvan İnzibati Məhkəməsinin sədri Fehruz Abbasova ünvanlanmış və Qərardadın surəti cari ilin mart ayında aidiyyəti üzrə Şirvan inzibati Məhkəməsindən əldə olunmuşdur. Məhz həmin tarixdə Qərardadın müddəaları əsas götürülərək Rayon İcra Hakimiyyəti tərəfindən qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin olunması xahiş edilmişdir. Şikayətinin dəlilləri əsasən ondan ibarətdir ki, cavabdeh inzibati orqan mübahisələndirilən inzibati aktı qəbul edərkən 1 illik zəruri müddət məhdudiyyətinə əməl etməməsindən, həmçinin qanunsuz əlverişli inzibati akt qismində ləğv edilən əvvəlki sərəncamın başqa şəxslərin, həmçinin dövlətin maraqlarına zərə vurmadığı halda iddiaçının ziyanına şərh edilməsindən ibarət faktlar iş üzrə yekun nəticə üçün cavabdehin xeyrinə mötəbər sübutlarla təkzib olunmalı olduğu halda, təkzib olunmamış, bu istiqamətdə məhkəmənin yanaşması yalnız formal mülahizələrlə əsaslandırılmışdır. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddianın qanuni əsasları ilə bağlı aşağıdakıları qeyd edir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun: -12-ci maddəsinin 2-ci bəndinə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa), ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. 7-ci bəndinə əsasən yaşına, səhhətinə, ştatların ixtisarına görə ehtiyata, yaxud istefaya buraxılmış şəxslər (əgər Silahlı Qüvvələrin və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələrin sıralarında 15 təqvim ilindən az olmayaraq və onun beş ildən az olmayan müddətini Azərbaycan Respublikası Silahlı Qüvvələri və qanunvericilikdə nəzərdə tutulan hallarda digər silahlı birləşmələri sıralarında xidmət edibsə) müvafiq icra hakimiyyəti orqanı tərəfindən, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada yaşayış sahələri, yaşayış sahəsi alana kimi isə kirayə haqqı ilə təmin edilirlər. “Ehtiyata və ya istefaya buraxılmış vətəndaşların bəzi kateqoriyalarına müvəqqəti mənzil kirayəsi xərclərinin məbləğinin və ödənilməsi qaydasının müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 avqust 2012-ci il tarixli, 174 nömrəli Qərarının: 1-ci bəndinə əsasən yaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı məbləğlərdə yalnız nağdsız qaydada kompensasiya ödənilir: 1.1. Bakı şəhərində – 150 manat, 1.1-1. Gəncə, Naxçıvan, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda – 100 manat 1.2. başqa şəhər və rayon mərkəzlərində – 75 manat, 1.3. digər yaşayış məntəqələrində –55 manat.

2. Müəyyən edilsin ki, bu qərarın 1-ci hissəsində göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50 faizi miqdarında əlavə ödənilir. İş materiallarına əlavə edilmiş: -Neftçala Rayonu İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 41 nömrəli sərəncamından çıxarışda qeyd edilmişdir ki, həqiqi hərbi xidmətdən ehtiyata buraxılan və aşağıda adları qeyd olunan hərbi qulluqçuların, mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay müəyyən edilmiş məbləğdə yalnız nağdsız qaydada ödənilən kompensasiyası dayandırılsın; “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cü maddəsi (öz arzusu) ilə həqiqi hərbi xidmətdən polkovnik hərbi rütbəsi ilə ehtiyata buraxılan İddiaçı. Həqiqi hərbi xidmətdən ehtiyata buraxılan və sərəncamın birinci bəndində adları qeyd olunan hərbi qulluqçulara mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün mənzil kirayə xərclərinin ödənilməsi haqqında, Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli 40 nömrəli, xx.xx.2022-ci il tarixli 58 nömrəli, xx.xx.2022-ci il tarixli 73 nömrəli, xx.xx.2022-ci il tarixli 137 nömrəli, xx.xx.2021-ci il tarixli 118 nömrəli Sərəncamları qüvvədən düşmüş hesab edilsin; Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Qanununun: 4.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7-ci bəndlərinə və İV hissəsinə əsasən qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları normativ xarakterli akt hesab edilir. “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun: -66.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikasının ərazisində məcburi qüvvəyə malikdir. -67.0. Konstitusiya Məhkəməsinin qərarları aşağıda göstərilən vaxtlardan qüvvəyə minir: -67.0.1. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İİİ hissəsinin 1-7ci bəndlərində, V və Vİİ hissələrində nəzərdə tutulmuş məsələlər üzrə qəbul olunmuş qərarlar qərarın özündə göstərilən vaxtdan; -67.0.2. qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü, Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi barədə qərarlar dərc olunduğu gündən; -67.0.3. Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid başqa məsələlər barədə qərarlar elan olunduğu andan. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 18 iyul 2022-ci il tarixli Qərardadının nəticə hissəsinin 4-cü bəndində qeyd edilmişdir ki, “Qərardad Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.” Göründüyü kimi cavabdehin inzibati orqan olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərar və qərardadlarını dərc edildiyi gündən məcburi icra etmək vəzifəsi olmaqla yanaşı, həmin aktlardan məlumatlı olmaq öhdəliyi də var. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdehin Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərardadını “cari ilin mart ayında aidiyyəti üzrə Şirvan inzibati Məhkəməsindən əldə etməsi” barədə mülahizəsi “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin tələblərindən yayınmaq niyyəti güdür. Bundan başqa, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-3135/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında təsbit edilmiş hüquqi mövqeyə görə: -İnzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. -İnzibati orqan əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər. -Qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. -İnzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir. Beləliklə, qeyd olunan hüquqi yanaşma inzibati orqanlardan onu tələb edir ki, inzibati orqan özünün əvvəlki qərarının tamamilə və ya qismən səhv olduğunu müəyyən etdikdə, sonradan həmin qərarı ləğv etmək və ya dəyişdirməklə bağlı yeni qərar qəbul etməkdə haqlı olsa da, malik olduğu bu səlahiyyətin həyata keçirilməsi zamanı məhdudiyyətlərə və qanunvericiliklə dəqiq müəyyənləşdirilmiş müddətə və proseduralara riayyət etməlidir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 noyabr 2024-cü il tarixli, 2-1(120)-3801/2024 nömrəli qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 41 nömrəli sərəncamı İddiaçı aid hissədə ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar