Məhkəmə qərarları › İş №2-1(106)-186/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-186/2023

11.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-186/2023 11.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlük şərtləri, məhkəmə aidiyyəti) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997ci il tarixli, 34 nömrəli qərarı ilə verilmiş 0.83 ha payı bəlli torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz çəkilmiş işıq xəttlərinin, qoyulmuş elektrik dirəklərinin və sayğacların sökülməsi” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2- 1(120)-1361/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 34 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün 0,83 ha torpaq sahəsi verilmişdir. İddiaçı iddia edir ki, həmin ərazidə başqa şəxslər tərəfindən fərdi yaşayış evləri tikilmiş, eyni zamanda həmin ərazidə dirəklər basdırılaraq fərdi yaşayış evləri sayğacla təmin edilmişdir. İddiaçı ona məxsus torpaq sahəsində qanunsuz çəkilmiş işıq xətlərinin, qoyulmuş elektrik dirəklərinin və sayğacların sökülməsi üçün cavabdeh "xxxx" ASC-nə müraciət etmişdir. Cavabdeh xx.xx.2022-ci il məktubunda qeyd etmişdir ki, X4 Boradigah qəsəbəsində inşa etdiyi fərdi yaşayış evinin elektrik təchizatı üçün 2019-cu il tarixində “Asan xidmət” mərkəzindən aldığı texniki şərtə əsasən sayğac quraşdırılaraq elektrik enerjisi ilə təmin olunmuşdur. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “Masallı rayonu, Boradigah qəsəbəsində yerləşən Masallı rayonu Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 34 nömrəli qərarı ilə verilmiş 0.83 ha payı bəlli torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz çəkilmiş işıq xətlərinin, qoyulmuş elektrik dirəklərinin və sayğacların sökülməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 34 nömrəli qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün ona və ailə üzvlərinə 25 fevral 1999-cu ildə verilmiş 0,83 ha paybəlli torpaq sahəsi ancaq akt üzərindədir. Belə ki, verilmiş həmin paybəlli torpaq sahəsi Boradigah qəsəbə sakinləri X7, X5, X1 və X6 və başqaları tərəfindən müxtəlif ölçülərdə qanunsuz olaraq zəbt edilmişdir. Onlar həmin torpaq sahəsində qeyri-qanuni yollarla evlər tikib, hasar çəkdirib və darvaza qoymuşlar. Bu qeyri-qanuni tikilmiş evlərə heç bir sənəd olmadan idarələr tərəfindən təbii qaz və elektrik enerjisi çəkilmiş, idarələr bu hərəkətləri ilə qanunsuz evlərin tikilməsinə şərait yaratmışlar. Qaz xəttini, işıq dirəklərini, onlara məxsus olan paybəlli torpaq sahəsinin ortası ilə apararaq evinə yol, qaz və işıq çəkmişdir. İşıq sayğacı onun paybəlli torpağında basdırılmış dirəklərdən asılmışdır. Dövlət tərəfindən verilmiş 0,83 ha torpaqdan indiyə kimi istifadə edə bilmir. O, 20 ildən artıqdır ki, bu barədə dəfələrlə aidiyyəti idarələrə, orqanlara, təşkilatlara yazılı surətdə müraciət etmişdir. Bütün müraciətlərə cavab olaraq məhkəmədə mübahisələndirmək tövsiyə olunmuşdur. Həmçinin ona və ailə üzvlərinə məxsus paybəlli torpaq sahəsində basdırılmış işıq dirəklərinin və elektrik sayğaclarının çıxarılması ilə bağlı cavabdeh təşkilata müraciət etmişdir. Cavabında isə ona imtina məktubu verərək X4 Boradigah qəsəbəsində inşa etdiyi fərdi yaşayış evinin elektrik təchizatı üçün 2019-cu il tarixdə Asan Xidmət Mərkəzindən aldığı texniki şərtə əsasən sayğac quraşdırılaraq elektrik enerjisi ilə təmin olunduğu qeyd edilmişdir. Cavabdeh təşkilatın ona ünvanladığı imtina məktubu gülüncdür. O, mülkiyyətçi kimi mülkiyyətinə olan qəsdin aradan qaldırılmasını istəyir. Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2-1(120)-1361/2023 saylı qərardadı ilə (hakim H.N.Nəcəfov) iddia mümkün sayılmamışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından hazırkı iddaya inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı qeyd olunan iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1361/2023 saylı qərardadı ilə razı deyil. Çünki qərardad özü aidiyyət normaları pozulmaqla qəbul edilmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsində yeni tipli bənzər bir iddiaya baxılmış və Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həmin iddia tələbi təmin edilmişdir. Bakı İnzibati Məhkəməsində işə baxıldığı zaman iddia aidiyyət normalarına uyğun olaraq mümkünsüz sayılmışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə iddiaçı tərəfindən verilmiş şikayət təmin edilərək iddianın aidiyyətinin inzibati məhkəməyə aid olduğu müəyyən edilərək iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmışdır. Bundan sonra Bakı İnzibati Mhkəməsində işə baxılaraq iddianın təmin olunması barədə qərar qəbul edilmişdir. Odur ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsi barədə yekun məhkəmə aktının qəbul edilməsi xahiş olunmuşdur. Prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçılar və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – şəxsiyyət vəsiqəsinin surəti, dövlət aktı və.s aiddir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir.

13. Nəzərə alınmalıdır ki, elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır.

14. Tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati məhkəmə icraatı qaydasında məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı:

İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddianın xüsusi mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan əsas mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir və inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati münasibətlər (publik hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt, yəni inzibati orqan iştirak edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən yalnız publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati orqanların inzibati aktların verilməsi, icra olunması və ləğv edilməsi ilə bağlı (faktiki xarakterli hərəkətləri də daxil olmaqla) fəaliyyəti inzibati mübahisənin predmetini təşkil edə bilər. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri-bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. Mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir, xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. İşin hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı ona məxsus torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz çəkilmiş işıq xətlərinin, qoyulmuş elektrik dirəklərinin və sayğacların sökülməsinə nail olmaqdan ibarətdir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının: 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 7-ci bəndinə əsasən iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. 17-ci bəndinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, iddiaçının hazırkı tələbi mülkiyyətin müdafiəsi ilə bağlıdır. Başqa sözlə, iddiaçının hüquqi marağı tələb edir ki, o, mülkiyyətin müdafiəsinə dair iddia qaldırsın. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə (Mülkiyyətin müdafiəsi) əsasən: 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası qənaətinə görə qeyd olunan mübahisə mülki xarakterli olduğundan, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid edilə bilməz. Bu baxımdan hazırkı mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı və həll edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.

Nəticəvi hissə

Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 03 fevral 2023-cü il tarixli, 2-1(120)-1361/2023 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardadddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar