Məhkəmə qərarları › İş №2-1(106)-186/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-186/2024

22.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-186/2024 22.10.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X2 (sədrlik edən və məruzəçi), Hüseynov Fikrət Cilingir oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə 199.000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 199.000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum vasitəsilə satılması barədə tələbinə dair 05 oktyabr 2023-cü il tarixli, 2-1(106)-1186/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdeh1nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə 199.000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 199.000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1186/2023 saylı qərarı ilə (hakim Şahəli Musayev) iddia tələbi təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2023cü il tarixli, 2-1(120)-1186/2023 saylı qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qanunvericiliyə əsasən siyahıya alınmış əmlakın vergi ödəyicisinin mülkiyyətində olması və hüquqi şəxsə məxsus bütün əmlak siyahıya alına bilər. Hazırkı iş üzrə də siyahıya avtonəqliyyat vasitəsi və tikinti materialları alınmış və siyahıya alınmış əşyalar vergi ödəciyisinin səlahiyyətli nümayəndəsinə məsul saxlamaya verilmişdir. Belə ki, siyahıya alınarkən vergi ödəciyisinin səlahiyyətli nümayəndəsi iştirak etmiş və həmin şəxsə əşya məsul saxlamaya verilərkən və ya və əmlakın onlara məxsus olmadığını bildirməmişlər. Bundan başqa, avtonəqliyyat vasitəsi siyahıya alınarkən onun cavabdeh- Cavabdeh1nə məxsus olması barədə mülkiyyət sənədi əlavə olunmuşdur. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş mülkiyyəti təsdiq edən sənəd əlavə olunmuş və əgər avtonəqliyyat vasitəsi siyahıya alınarkən o, özgəninkiləşdirilmiş olsaydı o zaman cavabdeh şəxs tərəfindən bu bildirilməli və mülkiyyəti təsdiq edən sənəd təqdim edilməməli idi. Bundan başqa, məhkəmə tərəfindən avtonəqliyyat vasitəsi özgəninkiləşdirildiyindən digər siyahıya alınmış tikinti materiallarının da cavabdehə məxsus olmaması qənaətinə gəlinmiş və iddia rədd edilmişdir. Qanunvericiliyin normalarından da göründüyü kimi, vergi ödəyicisinin yerinə yetirilməmiş öhdəliyi olduğu təqdirdə vergi orqanı tərəfindən əmlak siyahıya alına bilər və bu zaman hüquqi şəxsə məxsus olan bütün əmlaklar siyahıya alına bilər. Məhkəmə tərəfindən sorğu əsasında müəyyən edilmişdir ki, protokolda qeyd edilən nəqliyyat vasitsəsi xx.xx.2020-ci il tarixli alqı-satqı əsasında özgəninkiləşdirilmiş, buna baxmayaraq məhkəmə idda tələbinə rədd vurmaqla, siyahıya alınan digər əmlaklarında özgəninkiləşdirildiyini düşünmüş və nəticədə düzgün və əsaslı olmayan qərar qəbul etmişdir. Halbuki belə olan halda məhkəmə iddianı qismən təmin etməli idi, çünki siyahıya alınmış əmlakların hər birinin özgəninkiləşdirilməsi faktı aşkar edilməmişdir. Şirvan İnzibati Məhkəməsi tərəfindən siyahıya alınmış avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi əsas gətirilərək iddia rədd edilmişdir. Bununla əlaqədar olaraq bildiririk ki, siyahıya alınmış əmlaklardan birinin özgəninkiləşdirilməsi həmin əmlakın tərkib hissəsi olmayan digər əmlaklarında özgəninkiləşdirildiyi mənasına gəlmir, buna baxmayaraq bu əsasla məhkəmə tərəfindən bir əmlakın özgəninkiləşdirildiyi əsas gətirilərək iddianı rədd etmişdir, hansı ki, belə olan halda bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, iş üzrə siyahıya alınmış avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi digər siyahıya alınmış əmlakın özgəninkiləşdirildiyi mənasına gəlmir. Məhkəmə tərəfindən isə yuxarıda qeyd olunan faktlara məhəl qoyulmadan iddia təmin edilməmişdir. Halbuki əmlak siyahıya alınarkən cavabdehin səlahiyyətli nümayəndəsinə məsul saxlamaya verilmişdir, əgər əmlak cavabdehin olmasaydı o bu fakt barədə məlumat verməli və bununla yanaşı məsul saxlamaya qəbul etməməliydi. Qeyd olunanlardan da göründüyü kimi, məhkəmə tərəfindən düzgün olmayan qərar çıxrılmış və dövlət büdcəsinə ödənilməkdən yayındırılmış ödənişlər ödənilməmiş və nəticədə də siyahıya alınmış əmlak barədə yalnız iddianın rədd olunması qərara almışdır. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1186/2023 saylı qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün saymışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 24. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Maddə 26. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Maddə 60. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının,siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət verə bilər. Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. Maddə 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Maddə 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Maddə 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. Maddə 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. Maddə 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. Maddə 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-İİQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarına əsasən vergi orqanı əməkdaşı fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni maraqlarının müdafiəsini təmin etməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilərr. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli, ləğv edilən hissəsində iddia təmin edilməlidir. Belə ki, iddiaçının tələbi “Cavabdeh1 xx.xx.2021-ci il tarixə dövlət büdcəsinə 199.000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 199.000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qurum vasitəsilə satılması barədə qərar çıxarılması” ilə bağlı olmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, məhkəmə hesab edir ki, xx.xx.2021-cü il tarixli protokol tərtib olunmazdan əvvəl yəni xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi əsasında artıq nəqliyyat vasitəsi özgəninkiləşdrilmiş, yəni mövcud olmamışdır. Belə olan halda xx.xx.2021-cü il tarixli protokol tərtib olunarkən əşyaların (Türkiyə istehsalı (ağ rəngli) mərmərin) mövcudluğu iddiaçı tərəfindən sübuta yetirilməmişdir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdeh1nə dövlət büdcəsinə 199.000 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 199.000 manat məbləğində siyahıya alınmış cavabdehə məxsus olmayan 1 ədəd “Porsche Cayenne-GTS” markalı, **-AZ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin və 1400 ədəd Türkiyə istehsalı (ağ rəngli) mərmərin satılması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə qeyd olunmalıdır ki hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirilməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2021-ci il tarixli, qərar qəbul etmişdir. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2021-ci il tarixə ödənilməmiş 230680.54 manat borcuna görə 199000 manat məbləğində əmlakı, yəni 1 ədəd “Porsche Cayenne-GTS” markalı, **-AZ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və 1400 ədəd Türkiyə istehsalı mərmər (ağ rəngli) siyahıya alınmışdır. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək siyahıya alınmış əmlakın satılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin faktiki hallarını nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İş materiallarından görünür ki, vergi ödəyicisi olan cavabdeh öhdəliklərini yerinə yetirmədiyindən onun dövlət büdcəsinə 199.000 manat məbləğində borcu yaranmışdır. İş materiallarından görünür ki, vergi orqanı olan iddiaçı xx.xx.2021-ci il tarixli bildirişlə yaranmış borcun 5 gün müddətində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsini cavabdehdən tələb etmiş, cavabdeh həmin müddət ərzində borcun ödənilməsini təmin etməmişdir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2021-ci il tarixli, **********5 nömrəli qərarları əsasında xx.xx.2021-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus 1 ədəd “Porsche Cayenne-GTS” markalı, **-AZ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və 1400 ədəd Türkiyə istehsalı mərmər (ağ rəngli) siyahıya alınmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehdən borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmiş, borc ödənilmədiyindən tərəflər arasında hazırki mübahisə yaranmışdır. İş materiallarına əlavə olunan xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, “Porsche Cayenne-GTS” markalı, **-AZ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixdə 30.000 dollara X1. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı siyahıya alınmış hər iki əmlaka, (1 ədəd “Porsche Cayenne-GTS” markalı, **-AZ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi və 1400 ədəd Türkiyə istehsalı mərmər (ağ rəngli)) münasibətdə təmin etməməklə düzgün nəticəyə gəlməmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx.xx.2021-cü il tarixli protokol tərib edilərkən “Porsche Cayenne- GTS” markalı, **-AZ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsi ilə artıq satılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.2-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. Yuxarıda qeyd olunan normanın məzmunundan göründüyü kimi, vergi öhdəliklərinin yerinə yetirilməsinin təmini tədbiri kimi əmlakın siyahıya alınması və ya siyahıya alınmış əmlakın satılması tələbinin yönəldiyi şəxsin əmlakı barəsində tətbiq edilə bilər. Məhkəmə kollegiyası yuxarıda sadalanan qanunvericilik normalarını işin yuxarıda qeyd edilən faktiki halına tətbiq edərək qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi siyahıya alınmış 1 ədəd “Porsche Cayenne-GTS” markalı, **-AZ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə münasibətdə düzgün mövqe ifadə etmişdir. Məhkəmə kollegiyası siyahıya alınmış digər əmlakla, (1400 ədəd Türkiyə istehsalı mərmərə (ağ rəngli)) bağlı bildirir ki, işə baxan birinci instansiya məhkəməsi bu hissədə düzgün nəticəyə gəlməmişdir. Birinci instansiya məhkəməsinin qərarının həmin hissədə ləğv edilməsini zəruri edən şərtlər barədə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə məzmun baxımından öz fikrini yalnız qərarın xüsusi əhəmiyyət kəsb edən əsaslandırma hissəsində bildirir. Məhz qərarın nəticə hissəsində əks olunan məlumatlar (gəlinən nəticə) əsaslandırma hissəsində yazılanların xülasəsidir. Başqa sözlə qərarın əsaslandırma hissəsi məhkəmənin qəbul etdiyi qərara (nəticəyə) necə gəldiyinin izah olunmasına xidmət edir və həmin qərarda məhkəmənin istinad etdiyi faktlar, sübutlar və hüquqi aktlar təsvir və izah olunmalıdır. Belə ki, birinci instansiya məhkəməsi qərarında 1 ədəd “Porsche Cayenne-GTS” markalı, **-AZ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin özgəninkiləşdirildiyindən, digər siyahıya alınmış əmlakın, yəni 1400 ədəd Türkiyə istehsalı mərmərində (ağ rəngli) cavabdehə məxsus olmaması qənaətinə gəlmiş, lakin 1400 ədəd Türkiyə istehsalı mərmərin (ağ rəngli) cavabdehə məxsus olmamasını və yaxud mövcud olub-olmamasını hər hansı formada əsaslandıra bilməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Yuxarıda qeyd edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, bununla da, ciddi prosessual pozuntuya yol vermişdir. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə siyahıya alınmış avtonəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi, digər siyahıya alınmış əmlakın, yəni 1400 ədəd Türkiyə istehsalı mərmərin (ağ rəngli) özgəninkiləşdirildiyi mənasına gəlmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin, birinci instansiya məhkəməsi siyahıya alınmış 1400 ədəd Türkiyə istehsalı mərmərin (ağ rəngli) cavabdehə məxsus olmamasını bildirsədə bu halı əsaslandıra bilməmiş, bu istiqamətdə ümumiyyətlə zəruri araşdırma aparmamışdır. Halbuki, apellyasiya instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 1400 ədəd Türkiyə istehsalı mərmər (ağ rəngli) cavabdehə məxsus olmuş, hazırda da mövcuddur və təsərrüfat subyekti kimi cavabdehin adına qeydə alınmış Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, İ.Nəsimi küçəsində yerləşən ərazidə saxlanılır. Həmin əmlakların cavabdehə məxsus olması cavabdeh müəssisənin rəhbərinin imza və möhürü ilə təsdiq edilmiş sənədlərdən müəyyən edilir. Belə ki, məhkəmənin sorğusu əsasında təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Cavabdeh1in rəhbərinin vergi orqanına təqdim etdiyi arayışın məzmunundan görünür ki, 1400 ədəd Türkiyə istehsalı (ağ rəngli) mərmərin cəmiyyətə (cavavdehə) məxsusdur və bu arayışı cavabdeh imza və möhürü ilə təsdiq edir. İş materiallarında olan Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********694400 nömrəli məktubundan görünür ki, Cavabdeh1 “İxtisaslaşdırılmış topdansatış” fəaliyyəti ilə məşğuldur. xx.xx.2021-ci il tarixli, **********9 nömrəli protokol əsasında siyahıya alınmış mallar AZ1045, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, İ.Nəsimi küçəsində yerləşən və təsərrüfat subyekti kimi Cavabdeh1 adına qeydiyyatda olan anbarda saxlanılması üçün vergi ödəyicisinə təhvil verilmişdir. Vergi ödəyicisinin rəhbəri X4 xx.xx.2021-ci il tarixli, **********9 nörməli protokola əlavə edilmiş arayışda siyahıya alınmış malların cəmiyyətə məxsus olduğunu göstərmiş, arayış onun tərəfindən imzalanaraq möhürlənmişdir. Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, İ.Nəsimi küçəsində yerləşən anbarda xx.xx.2021-ci il tarixli, **********9 nörməli protokol əsasında siyahıya alınmış mallara baxış keçirilmiş və həmin malların göstərilən ünvanda mövcud olması təsdiqlənmişdir. xx.xx.2021-ci il tarixli, **********9 nörməli protokol əsasında əmlakın siyahıya alınması zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 89.5 və 89.6-cı maddəsinin tələbləri gözlənilmişdir. Cavabdeh1nə xx.xx.2021-ci il tarixdə Aktivlər barədə məlumat verilməsi barədə sorğu edilmiş, lakin vergi ödəyicisi tərəfindən aktivlər barədə məlumat verilməmişdir. Əmlakın siyahıya alınması zamanı müəssisənin rəhbərliyi tərəfindən təqdim edilmiş mallar siyahıya alınmış, tərtib edilmiş protokol və arayış vergi ödəyicisinin rəhbəri X4 tərəfindən imzalanmış və möhürlənmişdir. İş materiallarında olan “Siyahıya alınmış əmlaklara baxışın nəticələrinə dair” xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, İ.Nəsimi küçəsində xx.xx.2021-ci il tarixli protokol ilə rəsmiləşdirilmiş əmlaklara baxış keçirilmiş və baxış zamanı 1400 ədəd Türkiyə istehsalı mərmər (ağ rəngli) yerində aşkar olunmuşdur. Həmin akt vergi orqanının əməkdaşları və cavabdeh tərəfindən imzalanmış və möhürlənmişdir. İş materiallarında olan Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, **********694400 nömrəli məktubuna əlavə edilmiş fotolardan görünür ki, xx.xx.2021-ci il tarixli protokol ilə rəsmiləşdirilmiş əmlaklar “Siyahıya alınmış əmlaklara baxışın nəticələrinə dair” xx.xx.2021-ci il tarixli aktda göstərilən xüsusiyyətlərə malik olmuşdur və fiziki olaraq mövcuddur. Bütün yuxarıda qeyd edilənlərdən çıxış edərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddanın 1 ədəd “Porsche Cayenne-GTS” markalı, **-AZ-*** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi hissəsində düzgün nəticəyə gəlsə də, iddianın qalan hissəsində, yəni 1400 ədəd Türkiyə istehsalı mərmər (ağ rəngli) hissəsində yanlış nəticəyə gəlmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, hazırkı işə baxarkən və qərar qəbul edərkən birinci instansiya məhkəməsi iddianı tam olaraq təmin etməməklə yanlış nəticəyə gəlmişdir. Beləliklə apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli (1400 ədəd Türkiyə istehsalı mərmər (ağ rəngli) əmlak hissəsində) və həmin hissədə iddia təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1186/2023 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəllənin 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü tərəfindən maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1186/2023 saylı qərarı 1400 ədəd Türkiyə istehsalı (ağ rəngli) mərmər əmlak hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilsin. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2021-ci il tarixli protokoluna əsasən 154000 manat məbləğində siyahıya alınmış əmlak, yəni 1400 ədəd Türkiyə istehsalı mərmər (ağ rəngli) vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılsın. Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1186/2023 saylı qərarı qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar