Məhkəmə qərarları › İş №2-1(106)-187/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-187/2023

31.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-187/2023 31.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2-1(120)-421/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qərara aldı. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 17 mart 2022-ci il tarixli, **********2 nömrəli məktubu ilə ilə iddiaçının müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “X4” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə, habelə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə istinad edərək iddiaşının xx.xx.2006-cı il tarixə tələb olunan 20 il ümumi iş stajına malik olmadığını, həmin tarixədək onun ümumi iş stajının 18 il 18 gün təşkil etdiyini bildirərək pensiya təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Verilən cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1968-ci ildə anadan olmuş, 1983-cü ildən Salyan rayonu Yenikənd kəndində yerləşən “Bəşirabad” adına kolxozda əmək fəaliyyətinə başlamış və 1983 və 1985-ci illərdə həmin kolxozda işləmişdir. xx.xx.1986-xx.xx.1988-ci illərdə sovet ordusunda həqiqi hərbi xidmət keçmiş, hərbi xidmətdən qayıtdıqdan sonra 15 may 1988-ci il tarixdən 15 dekabr 1989-cu il tarixə qədər “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləmişdir. xx.xx.1990-cı ildən “N.Nərimanov” adına NQÇİ-də əmək fəaliyyətinə neft və qaz hasilatı üzrə operator vəzifəsində başlamış və bu günə qədər həmin vəzifədə işləyir. İşlədiyi neft və qaz hasilatı üzrə operator vəzifəsi istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 1 nömrəli siyahısında (kod 1100000a-15824) öz əksini tapmışdır. “X4” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafıq surətdə təyin edilir. Onun 52 yaşdan güzəştli şəıtlərlə əmək pensiyası almaq hüququ yarandığı üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış 17 mart 2020-ci il tarixli məktubda məhkəməyə müraciət etmək hüququnun olması qeyd edilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh etiraz ərizəsini imtina ilə eyni məzmunda əsaslandıraraq göstərmişdir ki, ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “X4” Azərbaycan Respublikası Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsirıdə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd edilən maddənin hal-hazırki redaksiyası 10 mart 2017-ci il tarixli, 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 may 2017- ci il, № 93, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 5, maddə 676) ilə qəbul edilmiş və bu qanuna əsasən 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və qeyd edilən dəyişiklik 01 iyul 2017-ci il tarixdə güvvəyə minmişdir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 il həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İnzibati orqan tərəfindən aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd etdiyi ümumi iş stajı xx.xx.2006-cı ilədək 20 ildən az olmaqla, cəmi 18 il 18 gün təşkil edir (xx.xx.1986-xx.xx.1988-ci il, xx.xx.1990xx.xx.2005-ci il tarixləri arasındakı dövr). Məhz bu səbəbdən iddiaçının güzəştli pensiya hüququ yoxdur. Göstərilənlərə əsasən məhkəmədən iddianın rədd edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 02 fevral 2023-cü il tarixli, 2- 1(120)-421/2023 saylı qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərarından narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi onun 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixə qədər “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi illəri iş stajı kimi qəbul etməmişdir. Halbu ki, onun əmək kitabçasına əlavə edilmiş Salyan rayon əhalini işə düzəltmə bürosunun verdiyi xx.xx.1990-cı il tarixli arayışından görünür ki, o 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixədək 1 il 7 ay “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləmişdir. Bundan əlavə, o xx.xx.1990-cı il tarixdə Azneft İB N.Nərimanov adına NQÇİ-də işə qəbul edilərkən əmək kitabçasına onun 15 may 1988-ci və 15 dekabr 1989-cu illərdə müvafiq iş staşının olması qeyd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təqdim edilmiş sübutu sübut kimi qəbul etməməklə kobud prosessual pozuntuya yol verilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmiş və prosessual hüquq normalarını kobud şəkildə pozaraq düzgün olmayan nəticəyə gəlmişdir. Ona görə də Şirvan İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı əsassız olduğundan ləğv edilməlidir. b) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-187/2023 saylı, 11 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Cavabdeh apellyasiya şikayətinə qarşı etirazı iddia tələbinə etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq göstərmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq edərək qanuni və əsaslı qərar qəbul etmişdir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması xahiş olunmuşdur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmadan və qərarın isə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. d) İddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizəyə baxış və qəbul edilmiş məhkəmə aktı: İddiaçı 31 oktyabr 2023-cü il tarixdə keçirilmiş şifahi məhkəmə iclasında məhkəmə kollegiyasının hüquqi yardımına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 2-1(106)-187/2023 saylı, 31 oktyabr 2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 52 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 il həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “X4” Azərbaycan Respublikası Qanunun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta (haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin hazırda qüvvədə olan redaksiyada “X4” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “X4” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “X4” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın: 3.1-ci bəndinə müvafiq olaraq sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 3.1.1-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 3.1.2-ci bəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. ... Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqdavə ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlərdüzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi “Azərbaycan Respublikasında arxiv işinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 02 dekabr tarixli, 816 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin bazasında yaradılmış və arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi ona həvalə olunmuş vəzifələri, həm bilavasitə həm də respublika dövlət arxivləri, Naxçıvan Muxtar Respublikasının arxiv idarəsi və digər yerli dövlət arxivləri vasitəsi ilə həyata keçirir. SSRİ Nazirlər Sovetinin 4 avqust 1956-cı il tarixli 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”n 117-ci maddəsinin q) bəndi: Arxiv müəssisələrinin arayışı iş stajını təsdiq edən sübut sayılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1.2. bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməldir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı “1983 və 1985-ci illərdə “Bəşirabad” kolxozunda və 15 may 1988-ci il tarixdən 15 dekabr 1989-cu il tarixə qədər “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi illərin iş stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı, 38-ci maddələrinə, “X4” Azərbaycan Respublikasının Qanununun 7-ci, 9.1-ci, 9.8-ci maddələrinə, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında’’ Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə istinad etməklə əsaslandıraraq qeyd etmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajının 19 il 1 ay 27 gün təşkil etdiyi müəyyən olunmuş və beləliklə yuxarıda istinad etdiyi qanunvericilik aktlarının tələbləri iddiaçıya münasibətdə ödənilməmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixdən, yəni 52 yaşından güzəştli şərtlərlə pensiya təyinatından imtina edilərkən cavabdeh tərəfindən qanunvericiliyin pozulması halına yol verilməmişdir. Cavabdehin imtina dəlillərini əsaslıdır, iddia əsassız olduğundan rədd edilməldir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, yuxarıda sadalanan maddi və prosessual hüquq normalarını tətbiq etməklə apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Arxivi Salyan filialının 24 avqust 2021-ci il tarixli 438 nömrəli arayışından görünür ki, İddiaçı 1983-cü və 1985-ci illərdə Salyan rayonunun Yenikənd kəndində Bəşirabad kolxozunda işləmiş və həmin kolxozda topladığı iş stajı 1 il 1 ay 7 gün təşkil etmişdir. İş materiallarında olan 23 may 1988-ci il tarixli NZ ******* nömrəli hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdən tərxis olunduğu xx.xx.1988-ci il tarixədək 2 il 21 gün sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. İş materiallarında olan Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışından görünür ki, İddiaçı 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixədək 1 il 7 ay “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləmişdir. İş materiallarında olan xx.xx.1990-cı il tarixli, B 496801 nömrəli diplomun surətinə əsasən İddiaçı 02 yanvar 1990-cı il tarixdən 28 iyun 1990-cı il tarixədək 5 ay 26 gün Salyan 76№-li texniki peşə məktəbində təhsil almışdır. İş materiallarında olan iddiaçının adına tərtib edilmiş xx.xx.1990-cı il tarixli əmək kitabçasına əsasən xx.xx.1990-cı ildən hazırki vaxtadək N.Nərimanov adına NQÇİ-də və “Bulla-Dəniz” NQÇİ-də operator vəzifəsində işləyir. Həmin əmək kitabçasının üçüncü səhvəsində N.Nərimanov adına NQÇİ-də və “Bulla-Dəniz” NQÇİ-də işə daxil olana qədər xx.xx.1988-xx.xx.1989-cu illərdə iş stajının olması barədə qeydlər yazılmışdır. İş materiallarında olan Azneft İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2021-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı xx.xx.1990-cü ildən xx.xx.1993-cü ilə kimi N.Nərimanov adına 3 saylı NQSC-də neft və qazçıxarma üzrə operator peşəsində işləyir. (əmr 29/k xx.xx.1993-cü il) Azərbaycan Respublikası NK-nin 21/Vİ -1993-cü il tarixli 320№-li qərarı ilə təsdiq edilmiş bu ixtisas 1100000a-15824 bəndinə əsasən güzəştli sayılır. Güzəştli staj ixtisasına əsasən 2 il 11 ay 21 gündür. xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə kimi "xxxx" NQÇİ-nin 1 saylı NQSC-də neft və qazçıxarma üzrə operator peşəsində işləyir. (əmr 02/k xx.xx.1993-cü il) Azərbaycan Respublikası NK-nin 21/Vİ-1993-cü il tarixli 320№ -li qərarı ilə təsdiq edilmiş bu ixtisas 1100000a-15824 bəndinə əsasən güzəştli sayılır. Güzəştli staj ixtisasına əsasən 12 il 08 ay 22 gündür. Arayışa əsasən güzəştli əmək stajı 14 il 08 ay 13 gündür. İş materiallarında olan Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı 17 mart 2022-ci il tarixli, **********2 nömrəli məktubun məzmunundan görünür ki, iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh “X4” Qanunun 9.1-ci və 9.8-ci maddələrinə, habelə xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında’’ Qanunun 13-cü maddəsinin 1-ci abzasının “a” yarımbəndinə istinad edərək iddiaşının xx.xx.2006-cı il tarixə tələb olunan 20 il ümumi iş stajına malik olmadığını, həmin tarixədək onun ümumi iş stajının 18 il 18 gün təşkil etdiyini bildirərək güzəştli şərtlərlə pensiya təyinatından imtina etmişdir. Məhkəmə araşdırması zamanı iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı 02 fevral 1968-ci il təvəllüdlüdür və onun 02 fevral 2020-ci ildə 52 yaşı tamam olmuşdur. Onun 52 yaşına uyğun tələb olunan 20 ildən artıq ümumi iş stajı və 10 ildən artıq güzəştli iş stajı vardır. İddiaçıya məxsus xx.xx.1990-cı il tarixli, B 496801 nömrəli diplomun surətinə əsasən İddiaçı 02 yanvar 1990-cı il tarixdən 28 iyun 1990-cı il tarixədək, yəni 5 ay 26 gün Salyan 76 №-li texniki peşə məktəbində təhsil aldığı qeyd edilmişdir. Lakin onun adına tərtib edilmiş xx.xx.1990-cı il tarixli əmək kitabçasına əsasən o, xx.xx.1990-cı il tarixdən, yəni təhsilinin başa çatmasına 2 ay 18 gün qalmış N.Nərimanov adına NQÇİ-də operator vəzifəsinə işə qəbul olunmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi haqlı olaraq təhsil müddətinin 2 ay 18 gününün əmək fəaliyyəti dövrü ilə üst-üstə düşməsini nəzərə alaraq həmin müddətin iddiaçının ümumi iş stajından çıxılması qənaətinə gəlmişdir. Yəni təhsil illərinin əmək fəaliyyəti dövrü ilə üst-üstə düşən 2 ay 18 günü istisna olmaqla qalan digər dövrləri sığorta stajına daxil edilməlidir. Bundan başqa xx.xx.1986-cı il tarixdən xx.xx.1988-ci il tarixədək 2 il 21 gün sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olması 23 may 1988-ci il tarixli NZ ******* nömrəli hərbi bileti ilə, 1983-cü və 1985-ci illərdə Salyan rayonunun Yenikənd kəndində Bəşirabad kolxozunda işləməsi Azərbaycan Respublikası Dövlət Arxivi Salyan filialının 24 avqust 2021-ci il tarixli 438 nömrəli arxiv arayışı və qarşılıqlı yoxlama aktı ilə, xx.xx.1990-cı ildən hazırki vaxtadək N.Nərimanov adına NQÇİ-də və “Bulla-Dəniz” NQÇİ-də işlədiyi operator vəzifəsində işləməsi Azneft İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2021-ci il tarixli güzəştli arayışı və xx.xx.1990-cı il tarixli NT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. Beləliklə, iddiaçının təqdim etdiyi əmək kitabçasına, diplomun, hərbi biletin surətlərinə, arxiv arayışına və Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışına əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək 20 ildən artıq sığorta stajı vardır. İddiaçının xx.xx.1990-cü ildən xx.xx.1993-cü ilə kimi N.Nərimanov adına 3 saylı NQSC-də neft və qazçıxarma üzrə operator peşəsindəki, xx.xx.1993-cü ildən xx.xx.2006-cı ilə kimi "xxxx" NQÇİ-nin 1 saylı NQSC-də neft və qazçıxarma üzrə operator peşəsindəki əmək fəaliyyəti Azneft İB-nin N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin xx.xx.2021-ci il tarixli güzəştli arayışına əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21/Vİ-1993cü il tarixli 320№-li qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda (1100000a-15824 bəndinə və 1100000a-15824 bəndinə uyğun) güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur və xx.xx.2006-cı il tarixədək 14 il 08 ay 13 gün güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajının olduğu qeyd olunur. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, iddiaçının pensiya hüququ verən yaş həddinə çatması, həmçinin pensiya təyin edilməsi üçün kifayət edən güzəştli iş stajına malik olması cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mübahisə iddiaçının xx.xx.2006-cı il tarixinə kimi tələb olunan 20 il ümumi sığorta stajına nisbətdə 18 il 18 gün sığorta stajının olmasıdır. Yəni cavabdeh inzibati orqan imtina məktubunda və etiraz ərizələrində imtinanın səbəblərini tam açıqlamasa da iddiaçının Azərbaycan Respublikası Dövlət Arxivi Salyan filialının 24 avqust 2021-ci il tarixli 438 nömrəli arxiv arayışında göstərilən “1983 və 1985-ci illərdə “Bəşirabad” kolxozunda işlədiyi illərini və 15 may 1988-ci il tarixdən 15 dekabr 1989-cu il tarixə qədər “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi illərini sığorta stajı kimi qəbul etmir. Məhkəmə kollegiyası cavabdehin mübahisələndirdiyi dövrlərdən ilk öncə iddiaçının Azərbaycan Respublikası Dövlət Arxivi Salyan filialının 24 avqust 2021-ci il tarixli 438 nömrəli arxiv arayışında göstərilən “1983 və 1985-ci illərdə “Bəşirabad” kolxozunda işlədiyi illərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, «X4» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «X4» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1983 və 1985-ci illərdə “Bəşirabad” kolxozunda işləməsinə dair Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 24 avqust 2021ci il tarixli 438 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 24 avqust 2021-ci il tarixli 438 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının 24 avqust 2021-ci il tarixli 438 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1983 və 1985-ci illərdə “Bəşirabad” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir və həmin dövrlər nəzərə alındıqda iddiaçının mübahisəsiz dövrlərlə birlikdə xx.xx.2006-cı il tarixinə kimi 20 ildən artıq sığorta stajı mövcud olur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1983-cü və 1985-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri onun onun sosial sığorta stajına hesablanmalıdır. Apellyasiya şikayətinin əsas dəlili və cavabdeh inzibati orqanın qəbul etmədiyi (mübahisələndirdiyi) dövrlərdən digəri isə iddiaçının 15 may 1988-ci il tarixdən 15 dekabr 1989-cu il tarixə qədər “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi illərdir. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçının əmək fəaliyyətinin mübahisələndirilən dövrləri və iddiaçının apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışından görünür ki, İddiaçı 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixədək 1 il 7 ay “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləmişdir. İş materiallarında olan iddiaçının adına tərtib edilmiş xx.xx.1990-cı il tarixli əmək kitabçasının üçüncü səhvəsində N.Nərimanov adına NQÇİ-də və “Bulla-Dəniz” NQÇİ-də işə daxil olana qədər iddiaçının xx.xx.1988-xx.xx.1989-cu illərdə iş stajının olması barədə qeydlər yazılmışdır. Göründüyü kimi cavabdeh inzibati orqanın qəbul etmədiyi (mübahisələndirdiyi) iddiaçının 15 may 1988-ci il tarixdən 15 dekabr 1989-cu il tarixə qədər “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi dövrləri iddiaçıya məxsus əmək kitabçasında göstərilmişdir. Həmin əmək kitabçasında qeyd edilmişdir ki, N.Nərimanov adına NQÇİ-də və “Bulla-Dəniz” NQÇİ-də işə daxil olana qədər iddiaçının xx.xx.1988-xx.xx.1989-cu illərdə iş stajı olubdur. Həmçinin iş materiallarında olan Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixədək 1 il 7 ay “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işləmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçı izahatında 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixədək “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyini və bu dövrlər ərzində əmək haqqı aldığını bildirmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu qeyd edir ki, hazırkı iş üzrə mübahisəli məsələ 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixədək olan əmək fəaliyyəti ilə bağlı olduğundan, eləcə də iddiaçının həmin dövrlərdə işlədiyi əmək kitabçasında bu barədə müvafiq qeydiyyat aparılmaqla təsdiqləndiyindən, qanunvericiliyin yuxarıda istinad olunan müddəalarına əsasən sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Başqa sözlə məhkəmə kollegiyası bildirir ki, iddiaçının sosial sığorta stajına daxil edilməsini istədiyi 15 may 1988-ci ildən 15 dekabr 1989-cu il tarixədək olan iş illəri “X4” Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı ilədək olan dövrə aid olduğu üçün həmin dövrdə yaranmış münasibətləri tənzimləyən yuxarıda sadalanan normalar nəzərə alınmalı və əmək kitabçasında göstərilən illər iddiaçının sosial sığorta stajı kimi qəbul edilməlidir. Bununla belə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının həmin dövrlərdə işləməməsi və əmək haqqı almaması və yaxud əmək kitabçasının və yaxud Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışının düzgün olmaması barədə cavabdeh tərəfindən hər hansı mötəbər sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işlədiyi illərə dair müəssisəyə məxsus sənədlərin arxivə təhvil verilməməsi və yaxud hər hansı səbəbdən saxlanılmaması həmin müəssisədə işləyən işçinin (iddiaçının) hüquqlarına mənfi təsir etməməlidir. Məhkəmə kollegiyası cavabdehin imtinasında göstərdiyi dəlillərlə bağlı onu da qeyd edir ki, cavabdehin bildirdiyi hallar iddiaçının təqsiri ilə bağlı yarana biləcək hallar deyildir və belə məsələlərin mövcud olduğu işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından bu hal, müvafiq olaraq onun pensiya hüquqlarının məhdudlaşdırılması nəticəsini doğurmamalıdır Odur ki, məhkəmə iddiaçının təqdim etdiyi əmək kitabçasını, Salyan rayon əhalini işə düzəltmə bürosunun xx.xx.1990-cı il tarixli, 5-29-24 nömrəli arayışını iddiaçnın 15 may 1988-ci il tarixdən 15 dekabr 1989-cu il tarixə qədər “Qırx-Çıraq” arxeoloji qazıntısında fəhlə işlədiyi dövrlərlə bağlı sığorta stajının müəyyən edilməsi üçün mötəbər sübut hesab edir. «X4» Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. «X4» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin hazırda qüvvədə olan redaksiyasına əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “X4” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli 08 oktyabr 2020-ci il tarixli qərardadına əsasən «X4» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. “X4” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 sentyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir: “Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd etməyi zəruri hesab edir ki, göstərilən nəticəyə gələrkən Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər”. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının 17 mart 2022-ci il tarixli, **********2 nömrəli məktubunun məzmunundan görünür ki, iddiaçı ona 52 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunması üçün cavabdeh inzibati orqana 03 mart 2022-ci il tarixdə ərizə ilə müraciət etmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən hüquq normalarını hazırkı işin müəyyən edilmiş faktiki hallarına tətbiq edərək belə qənaətə gəlir ki, İddiaçı pensiya hüququ 02 fevral 2020-ci il tarixdən yarandığından və güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən ötrü 03 mart 2022-ci il tarixdə cavabdeh inzibati orqana müraciət etdiyindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı tarixdən təyin edilməli və ödənilməlidir. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və düzgün tətbiq etməmişdir. Beləliklə, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2-1(120)-421/2023 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 2-1(120)-421/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 02 fevral 2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar