Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-187/2024 03.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Hüseynov Elçin Rövşən oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1969/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 16 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1969/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hərbi xidmət illəri və işlədiyi illər sosial siğorta stajı kimi nəzərə alınmaqla ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxx 1957-ci il tarixdə doğulmuşdur. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması, o cümlədən xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 680 nömrəli arayışı ilə, 1978-1983-cü illərdə Azərbaycan Mühəndis İnşaat İnistitutunda təhsil alması xx.xx.1983-cü il tarixli, KB 015873 nömrəli diplom ilə, 1974-1975-ci illərdə Biləsuvar rayonu “Azərbaycan” kolxozunda işləməsi xx.xx.1977-ci il tarixli, 41 nöməli əmək kitabçası və Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 248 nömrəli arxiv arayışı ilə, xx.xx.1983-xx.xx.1985, xx.xx.1985-xx.xx.2005-ci illərdə Təsərrüfatlararası tikinti idarəsində işləməsi xx.xx.1984-cü il tarixli, NT-İ ******* nöməli əmək kitabçası və Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 34 nömrəli arxiv arayışı ilə təsdiq olunur. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, qanunvericiliklə tələb olunan həcmdə sosial sığorta stajı olmasına baxmayaraq cavabdeh inzibati orqan onun əmək fəaliyyəti dövrlərinin bir qismini nəzərə almamış və pensiya təyinatından imtina etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyini iddia etdiyi Biləsuvar rayonu Təsərrüfatlararası Tikinti İdarəsinin xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əməkhaqqı kitablarında adına rast gəlinməmişdir. Həmçinin, Təsərrüfatlararası Tikinti İdarəsinin 1992, 1995, 1996-cı illərə aid əmək haqqı kitablarının arxivə təhvil verilmədiyindən həmin illərdə iddiaçının işləməsi faktını yoxlamaq mümkün olmamışdır. Odur ki, həmin dövrlər nəzər alınmamaqla iddiaçının 16 il 6 ay 16 gün iş stajı yaranmış olur. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Hüseynov Elçin Rövşən oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -xx.xx.1984-cü il tarixli, NT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1977-ci ildən əmək fəaliyyətinə başlamış, müxtəlif vaxtlarda fasilələrlə ayrı-ayrı müəssisələrdə, o cümlədən 1985-2005-ci illərdə baş ekonomist (iqtisadçı) vəzifəsində işləmiş və xx.xx.2005-ci il tarixdə öz ərizəsi ilə işdən azad edilmişdir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Biləsuvar rayon şöbəsinin xx.xx.2022-ci il tarixli, 680 nömrəli arayışında bildirilir ki, İddiaçı xx.xx.1975xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuşdur. -Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 34 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1987-1990-cı illərdə Təsərrüfatlararası tikinti idarəsində işləmiş və əmək haqqı almışdır. -Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 248 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1974, 1975-ci illərdə Biləsuvar rayonu “Azərbaycan” kolxozunda işləmiş və əmək haqqı almışdır. -xx.xx.1983-cü il tarixli, KB 015873 nömrəli diplomun təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1978-1983-cü illərdə Azərbaycan İnşaat Mühəndislər İnistitutunda təhsil almışdır. -Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli imtina aktında qeyd edilmişdir ki, iddiaçının təqdim etdiyi əmək kitabçasının, təhsil haqqında diplomun surətlərinə və hərbi xidmət haqqında arayışa əsasən sığorta stajı (30.11,1975-ci il tarixindən xx.xx.1977-ci il tarixinədək hərbi xidmətdə olduğu müddət və xx.xx.1977-ci il tarixindən xx.xx.1983-cü il tarixinədək əyani təhsil aldığı iilər də nəzərə alınmaqla) 19 il 6 ay 16 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əmək kitabçanızın surətində qeyd edilmiş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək dövrlərin araşdırılması zərurəti yaranmış, Fondun 2 saylı Şirvan-Salyan regional filialının xx.xx.2022-ci il tarixli aktına əsasən Biləsuvar rayonu Təsərrüfatlararası Tikinti İdarəsinin xx.xx.1993-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək, xx.xx.1997-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək olan əməkhaqqı kitablarında iddiaçının adına rast gəlinmədiyi üçün sözügedən dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. -Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 54950/2023 nömrəli məktubunda da eyni məzmunlu ifadələr yer almış, əlavə olaraq bildirilmişdir ki, iddiaçının xx.xx.2006-cı il tarixinədək 16 il 6 ay 16 gün sığorta stajına əsasən hesablanan pensiya kapitalının xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 13452,66 manat təşkil edir. Həmçinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı qanunla tələb olunan sığorta stajı (25 il) və pensiya kapitalı olmadığından (34560 manat) ona yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir. -Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- 81539/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, iddiaçının yaşa görə pensiya hüququ 65 yaşda, yəni xx.xx.2022-ci il tarixdə yaranır, iddiaçıya məxsus arxiv arayışları, əmək haqqı cədvəlləri və əmək kitabçasına əsasən İddiaçı ümumilikdə sosial sığorta stajı aşağıdakı kimi müəyyən olunur: -Mübahisələndirilməyən dövr: xx.xx.1975-xx.xx.1977-ci illər hərbi xidmət dövrü, xx.xx.1977-xx.xx.1983-cü illər təhsil dövrü, 1974-1975-ci illər üzrə 8 ay - kolxozda əmək fəaliyyəti dövrü (kolxozçunun əmək kitabçasına əsasən), xx.xx.1983-05.05,1985, xx.xx.1985-xx.xx.1992-ci illər üzrə əmək fəaliyyəti dövrü (əmək kitabçasına əsasən), cəmi 16 il 6 ay 16 gün. -Mübahisələndirilən dövr: xx.xx.1993-xx.xx.1995; xx.xx.1997-xx.xx.2005-ci illər Biləsuvar rayonu Təsərrüfatlararası Tikinti İdarəsində işlədiyini iddia etdiyi dövrdə əmək haqqı kitablarında İddiaçı adına rast gəlinmədiyi üçün, 1992, 1995, 1996-cı illər Biləsuvar rayonu Təsərrüfatlararası Tikinti İdarəsində işlədiyini iddia etdiyi dövrdə əmək haqqı kitabları arxivə təhvil verilmədiyi üçün, cəmi 13 il 10 ay 14 gün. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Biləsuvar rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli, 3-48-10RA/2-102-2024 nömrəli arxiv arayışında bildirilir ki, Biləsuvar rayon Dövlət Arxivində mühafizə olunan (Puşkin) Biləsuvar rayon Təsərrüfatlararası tikinti idarəsi 2005-ci ilə kimi fəaliyyət göstərdiyi üçün sənədlər Tikinti idarəsinin öz arxində saxlanılırdı. Təsərrüfatlararası tikinti idarəsinin baş mühasibi mərhum Mehman Şahbazovun arxivə təhvil vermək üçün gətirdiyi sənədlər araşdırılmışdır. Sənədlərdən, yəni əmr kitabları demək olar ki yoxdur. İllər üzrə əmək haqqı kitabları fəhlələr üzrə var. Lakin inzibati idarə işçilərin əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilməyib. Arxivdə olan sənədlərdən 1987-1990-cı illərə aid əməkhaqqı cədvəlləri İddiaçı xx.xx.2021-ci il tarixli, 34 nömrəli arxiv arayışı ilə verilmişdir. 1993-1994-cü illərin əməkhaqqı cədvəlləri də həmçinin fəhlələr üzrə olduğundan, araşdırma zamanı İddiaçı adına rast gəlinməmişdir. Ümumilikdə isə Kolxozlararası tikinti idarəsinin 1992-ci, 1995-ci və 1996-cı illərə aid əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilməmişdir. Göstərilən sənədlərdən başqa Biləsuvar rayon Dövlət Arxivinə heç bir sənəd təhvil verilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İşin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.2022-ci il tarixdə 65 yaşı tamam olmuşdur. 25 ildən artıq sığorta stajı olduğundan o, qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. İddiaçı 25 illik sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi hərbi biletinə və əmək kitabçasına və arxiv məlumatlarına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh inzibati orqan iddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1993-xx.xx.1995, xx.xx.1997-xx.xx.2005-ci illərdə işlədiyi Biləsuvar rayonu Təsərrüfatlararası Tikinti İdarəsinin əmək haqqı kitablarında iddiaçının adına rast gəlinmədiyi üçün, 1992, 1995, 1996-cı illər üzrə Biləsuvar rayonu Təsərrüfatlararası Tikinti İdarəsinin əmək haqqı kitabları arxivə təhvil verilmədiyi üçün, cəmi 13 il 10 ay 14 gün iş stajının olmasını əsas gətirərək, yaşa görə əmək pensiyası təyin edilməsindən imtina etmişdir. İddiaçının hərbi biletinə və əmək kitabçasına əsasən xx.xx.1975-xx.xx.1977-ci illərdə hərbi xidmətdə olmuş, 1978-1983-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnistitutunda təhsil almış, 1974-1975-ci illərdə Biləsuvar rayonu “Azərbaycan” kolxozunda işləmiş, xx.xx.1983-xx.xx.1985, xx.xx.1985-xx.xx.2005-ci illərdə Təsərrüfatlararası tikinti idarəsində işləmişdir. Beləliklə, hesablama nəticəsində iddiaçının hərbi xidmət illəri ilə birlikdə ümumilikdə 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, arxiv məlumatından da göründüyü kimi Biləsuvar rayon Təsərrüfatlararası tikinti idarəsinin yalnız fəhlələr üçün əmək haqqı cədvəlləri arxivə təhvil verildiyindən və inzibati vəzifə tutan işçilərin cədvəlləri təhvil verilmədiyindən, iddiaçı isə 1985-2005-ci illərdə baş ekonomist (iqtisadçı), yəni inzibati vəzifə daşıdığından onun adının əmək haqqı cədvəllərində aşkar edilməməsi labüd haldır. Həmçinin müəyyən dövrlərə aid əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi halı da iddiaçıya məxsus əmək kitabçasının mötəbər olmadığını güman etmək üçün kifayət etmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 il sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 2-1(120)-1969/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-187/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-187/2024
03.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver