Məhkəmə qərarları › İş №2-1(106)-187/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-187/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-187/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(120)-4269/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı ölüm haqqında şəhadətnamədə düzəliş edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, X4 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli 07 saylı ölüm haqqında şəhadətnamədə adının “Səmədağa”dan “Ağasəməd”ə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 18 dekabr 2024-cü il tarixli, 2- 1(120)-4269/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mərhum atası X4 adına tərtib edilmiş xx.xx.2015-ci il tarixli, 07 nömrəli ölüm haqqında sənədlərdə adının “Səmədağa”dan “Ağasəməd”ə dəyişdirilməsi ilə bağlı heç bir sübut, yəni adına düzəliş edilməsi üçün müvafiq tibb müəsisəsinin sənədini və ya məhkəmə qətnaməsini nə inzibati icraatda, nə də məhkəmə icraatında təqdim etmədiyindən cavabdehin imtinası qanuni hesab edilməlidir. Qərardan iddiaçı tərəfindən apelyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, mərhum atası X9 xx.xx.2015-ci ildə Salyan rayon, Arbatan kəndində vəfat etmişdir. Onun ölümü Salyan rayon Arbatan kənd İƏN tərəfindən tərəfindən tərtib edilmiş xx.xx.2015-ci ildə 07 nömrəli aktla Cavabdeh tərəfindən dövlət qeydiyyatına alınmış və AZ-İ 710088 nömrəli şəhadətnamə verilmişdir. Lakin həmin ölüm haqqında şəhadətnamədə mərhum atasının adı “Ağasəməd” əvəzinə “Səmədağa” olaraq qeyd edilmiş və bununla bağlı mərhum atasının ölüm sənədində adına düzəliş edilməsi ilə bağlı Cavabdehnə ünvanladığı ərizə aşağıda qeyd etdiyi səbəblər əsas göstərilərək təmin edilməmişdir. Belə ki, mərhum atasına sonuncu dəfə xx.xx.2005-ci ildə Salyan RPŞ tərəfindən verilmiş AZE 03615396 nömrəli şəxsiyyət vəsiqəsində adı “Səmədağa” yazılmış və atası dünyasını dəyişənədək həmin adda olan şəxsiyyət vəsiqəsi ilə yaşamışdır. Buna görə də onun adına verilmiş ölüm haqqında tibbi şəhadətnamə və digər sənədlərdə adı “Səmədağa” yazılmışdır. Əslində isə atasının adı Ağasəməd olmuş və onun Səmədağa adında qardaşı olmamış, eləcə də yaşadığı Arbatan kənd İƏN-nin ərazisində onun yaşlarında soyadı Miriyev ata adı Əli olan atası Ağasəməddən başqa Ağasəməd və Səmədağa adında şəxs olmamışdır. Bundan başqa ona, bacısı X1, qardaşları X5, X3 məxsus şəxsiyyət vəsiqələrində və doğum haqqında şəhadətnamələrdə ata adı kimi “Ağasəməd” kimi qeyd edilmişdir. Həmçinin 04 yanvar 1961-ci il tarixli, 07 saylı nikah kitabı səhifəsindən verilmiş çıxarışdan görünür ki, vətəndaş X9 və X2 nikahlarını bağlamışlar. Bu da atasının adının əslində “Ağasəməd” olmasını bir daha təsdiq edir. Eyni zamanda Arbatan kənd İƏN-i tərəfindən verilmiş arayışda bütün ailə üzvləri ilə bağlı məlumat göstərilərək atasının əsl adının “Ağasəməd” olduğu təsdiqlənmişdir. Apelyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil edir. Prosessual məsələlər Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişlər, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas Müddəaların:- -1-ci və 2-ci bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndində “vətəndaşlıq vəziyyəti aktı qeydində qeyri-düzgün məlumatların göstərilməsi” vətəndaşlıq vəziyyəti aktları qeydində dəyişikliklər edilməsinə səbəb olan hallardan biri kimi müəyyən olunmuşdur. -10-cu bəndində qeyd olunmuşdur ki, vətəndaşlıq vəziyyəti aktları qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Vətəndaşlıq vəziyyəti aktları qeydində düzəldilən səhvlər və edilən dəyişikliklər ərizə verən şəxslərə oxunur, onlar tərəfindən və dəyişikliyi aparan vəzifəli şəxs tərəfindən imzalanır, möhürlə təsdiq edilir. Bu zaman əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə vətəndaşlıq vəziyyəti aktı qeyd olunması haqqında ərizə verən şəxslərə yeni şəhadətnamə verilir və ya yeni şəhadətnamələrin ərizə verən şəxslərə təqdim olunması üçün rəyi qəbul edən qeydiyyat şöbələrinə və konsulluq idarələrinə 3 gün müddətində göndərilir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının atasının doğum akt qeydində adı “Səmədağa” kimi yazılmış, bundan sonra nikaha girərkən adı nikah şəhadətnaməsində “Ağasəməd” yazılmış, eyni zamanda Səmədağanın övladlarına, o cümlədən iddiaçıya məxsus sənədlərdə ata adı kimi Ağasəməd yazılmışdır. xx.xx.2015-ci il tarixdə Səmədağanın ölümü qeydə alınarkən haqlı olaraq ölüm haqqında şəhadətnamədə adı Səmədağa yazılmışdır. Eyni zamanda qeyd edilməlidir ki, şəxsin doğumu haqqında ilkin və mötəbər sənəd doğum haqqında akt qeydi hesab olunur və həmin sənəddə mərhumun adı Ağasəməd kimi qeyd edildiyindən bundan sonrakı akt qeydlərində, o cümlədən ölüm haqqında akt qeydində düzəliş edilməsi üçün hüquqi əsas yoxdur. Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin təmin edilməsi üçün əsas yoxdur. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 18 dekabr 2024-cü il tarixli, 2-1(120)-4269/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar