Məhkəmə qərarları › İş №2-1(106)-188/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-188/2024

08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-188/2024 08.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Əhmədov İsmayıl Həmid oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının nümayəndəsi Səfərov Ağadadaş Qüdrət oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2-1(120)-1114/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apelyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı qərarın qismən ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın artıq ödəmə hesablanması və tutulması hissəsində qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 01 noyabr 2023-cü il tarixli, 2- 1(120)-1114/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı ilə bağlı Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********5 nömrəli əmək pensiyasının yenidən hesablanması haqqında qərarın artıq ödəmə hesablanması və tutulması hissəsində qismən ləğv edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, müvafiq sənədlərdə artıq vermənin müəyyən edilməsində iddiaçının təqsirli olması barədə heç bir qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apelyasiya şikayəti vermişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək fəaliyyətini davam etdirdiyi üçün qanunvericiliyin tələblərinə uyğun olaraq pensiyanın yenidən hesablanması üçün 2022-ci ilin fevral ayında cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 2022-ci ilin mart ayında pensiyası yenidən hesablanmışdır. Lakin cavabdeh əsassız olaraq 2022-ci ilin aprel ayında ona artıq pensiya ödənilməsi barədə qərar qəbul etmiş və qanunsuz tutulmalar aparmışdır. Belə ki, 2022-ci ilin aprel ayında əmək pensiyası ödənilərkən 46 manat əskik ödəniş olmasını müəyyən emiş və bu barədə məlumat almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron məktubla müraciət etmişdir. Lakin müraciətə heç bir cavab verilməmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə əmək pensiyasından tutulmanın dayandırılması ilə bağlı cavabdeh inzibati orqana rəsmi qaydada müraciət etmiş, cavabdeh inzibati orqan tərəfindən müraciətə cavab verilərək 01.01,2006-cı ilədək 26 il 5 ay 19 gün əmək stajı olduğu halda, pensiya təyin olunarkən səhvən 28 il 1 ay 28 gün olduğu əsas götürüldüyü, bu səhvə görə ona xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4840,60 manat artıq pensiya ödənildiyi, cari ilin aprel ayından etibarən hissə-hissə (hər ay 46,65 manat) əmək pensiyasından tutulmaqla büdcəyə bərpa ediləcəyi bildirilmişdir. Apelyasiya şikayətinin dəlilləri Cavabdeh apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2015-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Sonradan vaxtilə əmək pensiyası təyin edilərkən pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçıya xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4840,60 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş məbləğdən 2022-ci ilin aprel ayından 2023-cü ilin fevral ayınadək 466,49 manat məbləğində tutulma həyata keçirilmişdir. Eyni zamanda “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü və 29.1-ci maddəsinə əsasən indeksləşdirmə ilə bağlı həmin tarixdən İddiaçı əmək pensiyasının məbləği 554.52 manata çatdırılmışdır. İddiaçı ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalanmış və bu fakt Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirilir və inzibati orqanın qərarı qanuni hesab edilir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Səfərov Ağadadaş Qüdrət oğlu məhkəmə iclasında apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apelyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. -Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2022-ci il tarixli, **********9 nömrəli məktubunda bildirilir ki, iddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 26 il 5 ay 19 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyanın sığorta hissəsi 31,25 manat (26,47 il x 170 manat: 144 ay) hesablanaraq xx.xx.2015-ci il tarixinə indeksləşdirilib 57,97 manat müəyyən edilərək, xx.xx.2006-xx.xx.2015-ci il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış 8729,28 manat sığorta kapitalına uyğun 60,62 manat hesablanaraq 218,59 manat (57,97+60,62+100,00 (baza hissəsi) (indeksləşdirilərək xx.xx.2022-ci il tarixinədək 363,55 manat)) ödənilməli olduğu halda, səhvən xx.xx.2006-cı il tarixinədək iddiaçının ümumi iş stajı 28 il 1 ay 28 gün olduğu əsas götürülməklə 61,51 manat sığorta hissəsi müəyyən edilərək, xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabınızın sığorta hissəsində səhvən müəyyənləşdirilmiş 14556,96 manat sığorta kapitalına uyğun 101,09 manat hesablanaraq 262,60 manat (61,51+101,09+100 (baza hissəsi) (indeksləşdirilərək xx.xx.2022ci il tarixinədək 441,75 manat)) əmək pensiyası ödənilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2015-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 4840,60 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş 4840,60 manat pul vəsaiti cari ilin aprel ayından etibarən hissə-hissə (hər ay 46,65 manat) əmək pensiyasından tutulmaqla büdcəyə bərpa edilir. -Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2024-cü il tarixli, 3-17-1/2-77452/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı Fondun Şirvan şəhər şöbəsi tərəfindən xx.xx.2015-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyasının hesablanması zamanı təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 26 il 5 ay 19 gün (xx.xx.1977-xx.xx.1979-cu il, xx.xx.1980-xx.xx.1981-ci il, xx.xx.1981-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasından (xx.xx.2022-xx.xx.2023-cü il tarixləri arasındakı dövrlər) ümumilikdə 466,49 manat məbləğində tutulma həyata keçirilib. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 15(120)-3/2023 nömrəli qərardadının icrası məqsədilə Fond tərəfindən xx.xx.2023-cü il tarixindən etibarən İddiaçı əmək pensiyasından hər hansı tutulma aparılmır. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). İş materiallarına istinadən nəzərə alınmalıdır ki, iddiaçıya əmək pensiyası cavabdeh orqanın bu sahədə səlahiyyətli qurumu tərəfindən təyin edilmişdir və bu əsasla da həmin qurumun müvafiq qərarına etimad göstərilərək müvafiq ödəniş edilmişdir. İddiaçıya pensiya təyinatı üzrə ödəniş bu sahədə səlahiyyətli qurumun onun üçün müəyyən etdiyi statusa görə dövlət tərəfindən şəxslərin tanınan və qorunan sosial təminatı məqsədilə həyata keçirilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39-cu maddəsi ilə artıq ödənilmiş əmək pensiyasının məbləğinin tutulması müəyyən olunsa da, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçıya pensiya məbləğinin ödənilməsi bu sahədə səlahiyyətli qurumun qərarına əsasən həyata keçirildiyinə, eləcə də pensiya ödənişinin həyata keçirilməsinin əsasında iddiaçının qüsurlu hərəkətləri dayanmadığına görə ona verilmiş ödənişin geri qaytarılması məqsədəmüvafiq hesab edilə bilməz. Başqa sözlə Qanunun qeyd olunan müddəası şəxsin əvvəllər mövcud olan vəziyyətinə (səhhəti, sosial durumu və s.) görə verilmiş ödənişin geri qaytarılmasını ehtiva etmir. Hazırki işin hallarından göründüyü kimi cavabdeh orqan qanunvericiliyin qeyd olunan tələblərinə əməl etmədən iddiaçının pensiyasına müvafiq məbləğdə tutma yönəltmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: -67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. -67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apelyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2-1(120)-1114/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar