Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-189/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, vəkili və nümayəndəsi Vəkil1, üçüncü şəxs X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-115/2024 nömrəli qərardadından iddiaçının vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, bələdiyyənin xx.xx.2002-ci il tarixli, 09 saylı qərarının və həmin qərarın hüquqi nəticəsi olaraq verilmiş bütün sənədlərin (torpaqların alqı-satqısına dair akt, cizgi və s) ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 10 dekabr 2024-cü il tarixli, 2- 1(120)-115/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmet olan qərar xx.xx.2002-ci il tarixdə qəbul olunmuşdur, lakin iddiaçı bu qərarı 2022ci ilin yanvar ayında (məhkəməyə daxil oldğu vaxt), yəni sərəncamların qəbul olunduğu vaxtdan 20 il sonra mübahisələndirmişdir. Mübahisələndirilən qərarın iddiaçı tərəfə məlum olması vaxtına gəldikdə isə, Cavabdehnnin xx.xx.2002-ci il tarixli, 09 saylı qərarının olduğu iddiaçıya Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-12/2019 nömrəli qətnaməsindən məlum olmuşdur. İddiaçı tərəfindən qərardan məlumatsız olmasını təsdiqləyən tutarlı dəlil və sübut gətirilmədiyindən, iddia sərəncamlara münasibətdə iddia müddəti ötürülməklə qaldırılmışdır. Qərardaddan iddiaçının vəkili tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayonu, Şüvi kəndi ərazisində 0,4016 ha torpaq sahəsi onun mülkiyyətindədir. Mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. Torpaq sahəsini 2005-ci ildə ilkin olaraq ayrılmış olan şəxsdən alqı-satqı yolu ilə əldə etmişdir. Bu torpaq sahəsi ilkin olaraq mülkiyyət hüququ üzrə 15 sentyabr 1999-cu il tarixdə qeydiyyatdan keçmişdir. Torpaq sahəsinin ərazisində X4 tərəfindən qeyri-yaşayış binası tikilmişdir. Bu tikinti ilə bağlı uzun müddət mübahisələri olmuşdur. H.Höccətov tikinti işləri apardığı torpaq sahəsinin bələdiyyədən alqı-satqı yolu ilə əldə etmiş olduğunu bildirərək qanunvericiliyə uyğun hərəkət etdiyini bildirirdi. Mübahisə üzrə Astara Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, iddia tələbi təmin edilməmişdir. Bundan əlavə, ona məxsus olan torpaq sahəsinin dövlət qeydiyyatına alınması zamanı qeydiyyat orqanı tərəfindən də yalnışlıqlara yol verilmiş və torpaq sahəsinin koordinatları heç bir əsas olmadan dəyişdirilmişdir. Nəticədə ona məxsus olan torpaq sahəsinin koordinatları bir hissədə ümumiyyətlə mübahisəyə aid olmayan digər qonşunun torpaq sahəsinə aid edilmiş, bir hissəsi ümumiyyətlə koordinatlardan kənarda saxlanılmışdır. Mübahisəli hissədə isə mütəxəssis müəyyən etmişdir ki, H.Höccətova satılmış torpaq sahəsinin 27 kv.m. hissəsi mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində olmuşdur. Hal-hazırki iddia tələbləri ilə mübahisələndirdiyi alqı-satqı ilə Şüvi Bələdiyyəsi tərəfindən H.Höccətova cəmi 40 kv.m. torpaq sahəsi satılmışdır ki, həmin sahədə qeyriyaşayış binası tikilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-12/2019 nömrəli qətnaməsinin məzmununda hazırda mübahisələndirilən qərar (inzibati akt) şərh edilməmişdir. Ona görə də iddiaçının həmin qətnamə qəbul edildiyi zaman mübahisələndirilən qərardan məlumatlı olması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin faktiki halına uyğun deyil. Odur ki, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi, iddianın mümkün sayılması və işin baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Prosessual məsələlər İddiaçının vəkili məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Astara Rayon Məhkəməsinin 2019-cu il tarixli qətnaməsində hazırda mübahisələndirilən inzibati akt şərh edilməmiş, həmçinin həmin iş üzrə verilmiş ekspert rəyinə görə torpaqların üst-üstə düşmə halının olmaması vəziyyətinə görə həmin aktla hüquqlarının pozulması barədə iddiaçının məlumatı olmamışdır. Sonradan müstəqil ekspertdən rəy aldıqdan sonra iddiaçının sahələrin üst-üstə düşməsi barədə rəsmi məlumatı olmuş, bundan sonra həmin aktı mübahisələndirmişdir. İddiaçı kollegiyanın sualına cavab olaraq bildirmişdir ki, mübahisəli sahədə üçüncü şəxs tərəfindən tikinti 2016-2017-ci illərdə aparılmışdır. Üçüncü şəxs şikayətin dəlillərini qəbul etmədiyini bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının mübahisələndirilən inzibati aktın mövcudluğu barədə 2019-cu ildən məlumatlı olmaması barədə dəlilləri əsassızdır. Belə ki, iddia ərizəsinin məzmununda iddiaçı üçüncü şəxsin mübahisəli torpaq sahəsində tikinti işləri aparan zaman sahənin ona bələdiyyə tərəfindən satılması barədə məlumat verdiyini qeyd etmişdir. Həmçinin iddiaçı məhkəmə kollegiyasının iclasında tikintinin üçüncü şəxs tərəfindən 2016-2017-ci illərdə aparıldığını bildirmişdir. Digər tərəfdən kollegiya qeyd edir ki, Astara Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(018)-12/2019 nömrəli qətnaməsinin məzmununda “Torpaqların alqı-satqısına dair akt” şərh edilmiş, aktın mülki işin materiallarında olması qeyd edilmişdir. Həmin aktın məzmununda isə torpaq sahəsinin üçüncü şəxsə Cavabdeh xx.xx.2002-ci il tarixli, 09 saylı qərarı ilə satılması qeyd edilmişdir. Hazırki iş üzrə iddiaçı Astara Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Göründüyü kimi iddiaçının hazırda mübahisələndirdiyi inzibati aktın mövcudluğu barədə 2019-cu ildən məlumatlı olmasına baxmayaraq, hazırki iddianı xx.xx.2022-ci il tarixdə qaldırmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia mümkün sayılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, 2-1(120)-115/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-189/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-189/2025
05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver