Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-192/2025 11.06.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(120)-2889/2024 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cəza çəkən şəxs kimi qanunvericilikdə nəzərdə tutulmuş minimum əmək haqqının 4 misli məbləğində birdəfəlik müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 07 noyabr 2024-cü il tarixli, 2- 1(120)-2889/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, dövlətin əsas məqsədi cəza çəkməkdən azad edilmiş şəxslərin hər birinin sosial adaptasiyasına, yəni cəmiyyətə qazandırılmasına nail olmaqdır. Sosial adaptasiya ifadəsinin mənası insanların sosial mühitə uyğunlaşdırılması və nəticə etibarilə onlara özlərini cəmiyyətdə tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verilməsi deməkdir. Azadlıqdan məhrumetmə cəzasını çəkməkdən azad edilməklə əlaqədar müavinətin iddiaçıya münasibətdə təkrar təyin edilərək ödənilməsinin mümkün hesab edilməməsi qanunvericilik normaları ilə tənzimlənmir. Belə ki, sosial adaptasiya ilə əlaqədar müavinətin ödənilməsinin təkrar mümkün hesab edilməməsi və ya hansısa vaxtla məhdudlaşdırılması qanunvericilikdə nəzərdə tutulmamışdır. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xətai Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli qərarı ilə cəzanın çəkilməmiş 3 ay 6 gün müddətindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir. O, cəza çəkməkdən azad edilmiş şəxs kimi qanunvercilikdə nəzərdə tutulmuş minimum əmək haqqının 4 misli miqdarında müavinətin ona ödənilməsi üçün cavabdeh təşkilata müraciət etsə də, ona ünvanlanmış məktubda 21 fevral 2022-ci il tarixdə müavinət verildiyi üçün müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilməmişdir. İlk dəfə Şirvan Şəhər Məhkəməsinin 21 noyabr 2021-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmiş və cəzadan azad edildikdən sonra ona 21 fevral 2022-ci ildə müavinət verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında bu müddət daha bir ilədək uzadıla bilər. Qanunun 14.1 -ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş tibbi və sosial yardıma ehtiyacı olan şəxslərə minimum aylıq əməkhaqqının dörd misli məbləğində birdəfəlik pul müavinəti verilir. İddiaçıya xx.xx.2021-ci tarixli Şirvan şəhər məhkəməsinin hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan sonra xx.xx.2022-ci il tarixdə ərizə ilə birdəfəlik müavinətin təyini ilə bağlı müraciət etmiş və xx.xx.2022-ci il tarixli qərarla 1000 (bir min) manat məbləğində birdəfəlik müavinəti təyin olunmuşdur. Bundan sonra iddiaçı Şirvan şəhər məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək cəza müddətini çəkib, Bakı şəhəri Xətai rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 03 ay 06 günü hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Qanunun 6.1.7-ci maddəsinə uyğun olaraq cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. Eyni zamanda Qanunun 8.1-ci maddəsinə əsasən sosial adaptasiya müddəti bir ildir. Qeyd olunanları nəzərə alaraq hesab edilir ki, iddiaçıya xx.xx.2022-ci il tarixdə birdəfəlik müavinət ödənilmiş, sosial adaptasiyada olduğu 1 il müddətində yenidən azadlıqdan məhrumetmə cəzasına məhkum edildiyindən xx.xx.2023-cü il tarixdə həmin müavinətin təkrar təyin edilərək ödənilməsi mümkün hesab edilmir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, apellyasiya şikayətinin təmin edilərək, iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianının rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, gəlməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Şirvan Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(032)-243/2021 nömrəli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixində cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslər üçün nəzərdə tutulmuş birdəfəlik müavinət təyin olunmuş və ödənilmişdir. -Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-233/2022 nömrəli hökmündən müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. -Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(011)-585/2023 nömrəli qərarından görünür ki, İddiaçı cəzasının çəkilməmiş hissəsinin şərti olaraq vaxtından əvvəl azad olunması barədə ərizəsi təmin edilmiş və Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)-233/2022 nömrəli hökmü ilə təyin edilmiş 01 il 09 ay müddətində azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan 03 ay 06 gün hissəsini cəzaçəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. -Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə müəssisəsinin xx.xx.2024-cü il tarixli məhkəməyə ünvanladığı məktubundan görünür ki, İddiaçı Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunduğu və cəzasının əvvəli 19 may 2022- ci il tarixdən hesablanmış 1 il 9 ay müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkməsi üçün xx.xx.2022-ci il tarixdə müəssisəyə gətirilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən 3 ay 06 gün müddətinə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 3 iyul 2007-ci il Fərmanının 2.3-cü bəndinə əsasən həmin Qanunun 5.4-cü, 6.3-cü, 7.1-ci, 7.2-ci, 8.1-ci, 10.4-cü, 11.1 -ci və 11.2-ci maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir. "Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun: -1.0.1-ci maddəsinə əsasən penitensiar müəssisə - Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrumetmə növündə cəzaların icrasını həyata keçirən cəzaçəkmə müəssisəsidir. -3.1-ci maddəsinə əsasən bu Qanun cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə, habelə digər dövlətlərin penitensiar müəssisələrində cəza çəkməkdən azad edildikdən sonra üç ay müddətində Azərbaycan Respublikasına daimi yaşamaq üçün qayıtmış Azərbaycan Respublikasının vətəndaşlarına şamil olunur. -4-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası qanunçuluq, humanizm, sosial ədalət, ünvanlılıq və könüllülük prinsiplərinə əsaslanır. -6.1.7-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinəti vermək cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədilə həyata keçirilən tədbirdir. -9.2-ci maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər onların hüquq və azadlıqlarını pozan, habelə hüquq və azadlıqlarının həyata keçirilməsinə mane olan qərar və hərəkətlərdən (hərəkətsizliklərdən) qanunvericiliklə müəyyən olunmuş qaydada tabeçilik qaydasında yuxarı orqanlara və ya məhkəməyə şikayət edə bilərlər. -9.3-cü maddəsinə əsasən cəza çəkməkdən azad edilmiş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə vətəndaşlar üçün müəyyən edilmiş vəzifələri yerinə yetirməli və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına əməl etməlidirlər. -Analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-ci il tarixli, 2-1(102)-430/2025 nömrəli Qərarında qeyd edilmişdir ki, “iş üzrə əvvəlki sosial adaptasiya tədbirinin həyata keçirilməsi ilə Qanunun güddüyü məqsədin reallaşması (sosial mühitə uyğunlaşmaq, şəxsə təsir göstərə bilən kriminogen amillərdən uzaqlaşmaq və yeni cinayətlərin törədilməməsi) faktı baş verməmişdir. Sosial adaptasiya tədbirlərinin güddüyü məqsədə nail olunmaması hazırki halda birbaşa iddiaçının təqsirli hərəkətləri ilə bağlı olmuşdur. Cəza çəkməkdən azad edilmiş şəxs qeyd olunan “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Qanunun verdiyi hüquqlardan yararlanarkən, həm də Qanunun 9.3-cü maddəsində təsbit edilmiş üzərinə düşən vəzifə və öhdəliklərə də əməl etməlidir. Qanunun 9.3-cü maddəsi sosial adaptasiya müddətində cəza çəkməkdən azad edilmiş şəxsə (iddiaçıya) öz vəzifələrinə əməl edilməsi və cəmiyyətdə qəbul olunmuş əxlaq normalarına riayət edilməsi tələblərini nəzərdə tutur. Başqa sözlə, sosial adaptasiya tədbirləri yalnız dövlət tərəfindən birtərəfli həyata keçirilməli tədbirləri deyil, məhz qarşılıqlı öhdəliklərin mövcud olduğu tədbirlər sistemini nəzərdə tutur. Həmin qarşılıqlı öhdəliklər çərçivəsində barəsində sosial adaptasiya tədbirləri tətbiq edilən şəxsdən də müvafiq qaydada davranış gözlənilir. Legitim olan həmin gözlənti minimal davranış qaydalarını da ehtiva edir. Ən azından sosial adaptasiya müddəti ərzində qəsdən yeni cinayətin törədilməməsi belə minimal davranışla əhatə olunur. Bu mənada, iddiaçı Qanunun verdiyi bu birdəfəlik müavinət hüququndan yararlandıqdan sonra sosial adaptasiyada olduğu 1 il müddətində yenidən qəsdən cinayət törətdiyi üçün üzərinə düşən vəzifə və öhdəliklərə əməl etməmiş, Konstitusiyanın və Qanunun tələblərini pozmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətmişdir. Belə olan halda cəzanın məqsədi olan məhkumun islah edilməsindən söhbət gedə bilməz. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya sosial adaptasiya tədbiri kimi təkrar birdəfəlik pul müavinətinin verilməsi Qanunun tələbləri və Azərbaycan Respublikası Ali Məhkəməsinin oxşar iş üzrə sərgilədiyi hüquqi mövqeyi ilə ziddiyyət təşkil edir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 07 noyabr 2024-cü il tarixli, 2-1(120)-2889/2024 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına qarşı sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia təmin edilməsin. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-192/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-192/2025
11.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver