Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-193/2024 07.08.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı X cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(120)-174/2023 nömrəli qərarından Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “işlədiyi illərin iş stajına daxil edilməsi və yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 31 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-174/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı ikinci dərəcə əlilliyinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx xxxxxxxx 1958-ci il tarixdə doğulmuşdur. İddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajının olması tələb olunur ki, həmin sığorta stajına malik olması iş materialları ilə təsdiq olunur. Belə ki, həmin müddətin 19 il 05 ay 14 günü cavabdeh tərəfindən mübahisələndirilmir. Mübahisələndirilən 05 il 08 ay hissə isə 1976; xx.xx.1977-xx.xx.1977 (08 ay); 1989;1992;1995;1996-cı illəri əhatə edir ki, həmin illər də Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 112 nömrəli arxiv arayışı ilə öz təsdiqini tapır. Qərardan Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1976-cı ildə Kürdəmir rayonundakı keçmiş "Kirov" adına sovxozda əmək fəaliyyətinə başlamış, xx.xx.1977-ci ilə kimi həmin kolxozda işlədikdən sonra Kürdəmir rayon 115 nömrəli texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1978-ci il tarixə kimi orada oxuyub kiçik mühasib işçisi peşəsinə yiyələndikdən sonra yenidən həmin kolxoza qayıdaraq 1998-ci ilin axırına kimi həmin kolxozda işləmişdir. Respublikada aparılan Aqrar islahatla əlaqədar kolxozların fəaliyyətinə xitam verildiyinə görə 1998-ci ilin axırında kolxozdan işdən çıxmış, 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində Xırdapay bələdiyyəsinə üzv seçilərək 2000-2005-ci illərdə bələdiyyənin baş mühasib vəzifəsində çalışmış, daha sonra 2-ci çağrış noyabr 2004-cü il tarixdə bələdiyyə üzvü seçilmədiyinə görə 17 dekabr 2004-cü ildə işdən azad olunmuşdur. Arxiv arayışında 1993- 1994-cü illərdə kolxozda işləməyi göstərilməsə də, həmin illərdə analıq məzuniyyətində olmaqla kolxozda işləmiş və 1994-cü ildə analıq məzuniyyətindən qayıtdıqdan sonra kolxozdan əmək haqqı almağı əmək kitabçasının 64-65-ci səhifəsində də göstərilmişdir. Onun sənədlərində soyadı Məmmədova getmiş, lakin sonradan ailə vəziyyəti ilə əlaqədar Xanaliyeva soyadını qəbul etmişdir. 2012-ci ilin yanvar ayında 2-ci qrup əlilliyə görə əmək pensiyasına çıxmış, xx.xx.2021-ci il tarixdə əlillik müddəti bitəndən sonra aldığı pensiya dayandırılmışdır. Əlilliyə görə aldığı pensiya dayandırıldıqdan sonra 2021-ci ilin may ayında yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdehə müraciət etmiş, imtina cavabı verilmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, iddiaçının Kürdəmir rayonu Xırdapay Bələdiyyəsində olan iş fəaliyyəti xx.xx.2016-cı tarixli Kürdəmir rayon Dövlət Arxiv arayışına əsasən 2000-2003-cü illəri əhatə etsə də, akin əmək haqqı aldığı dövrlər 2 il 6 ay təşkil etmişdir. İddiaçı əmək kitabçasında qeyd edilmiş Kürdəmir rayonu keçmiş "Kirov" adına kolxozda xx.xx.1976-xx.xx.1998-ci illərdəki iş dövrü aşağıdakı qaydada nəzərə alınmalıdır: "Əmək pensiyaları haqqında" qanunun 22.2-ci maddəsində sığortaolunanın ayrı- ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında nəmin müddətlərdən birinin hesablanması təsbit edilmişdir. Belə ki, iddiaçının təhsil illəri 1977-1978-ci illər olduğundan kolxoz dövrlərində həmin illər iş stajı kimi istisna olunur, 1983-cü il üzrə əmək kitabçasında yerinə yetirilmiş günlə (286 gün), Kürdəmir rayonu Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışında həmin il üzrə qazanılmış gün (75 gün) arasında ziddiyyət olduğundan sosial sığorta stajına daxil edilmir. 1993-cü il üzrə əmək kitabçasında minimum adam günü norması qeyd olunmadığından, eyni zamanda Kürdəmir rayonu Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli arayışında həmin il ümumiyyətlə öz əksini tapmadığından iş stajı kimi qəbul edilmir; 1993-cü il üzrə əmək kitabçasında qeyd olunduğuna baxmayaraq, Kürdəmir rayonu Dövlət Arxivinin xx.xx.2021ci il tarixli arayışında həmin il öz əksini tapmadığından iş stajı kimi qəbul edilmir. Əlavə olaraq bildiririk ki, İddiaçı xx.xx.2006 - xx.xx.2010-cu illərdə işlədiyini iddia etdiyi "xxxx" MMC-yə münasibətdə isə DSMF-nin xx.xx.2021-ci il tarixli **********7 nömrəli məktubuna əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək iddiaçının xeyrinə hər hansı sığortaedən tərəfindən məcburi dövlət sosial sığorta haqqı üzrə ödənişlərin edilməsi aşkar edilməmişdir. Göstərilənlərə əsasən iddiaçının yaşa görə əmək pensiyasının təyin edilməsinə imkan verən 25 il sığorta stajı olmadığından yaxud da fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yığılmadığından əmək pensiyası hüququ yaranmır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh Şirvan İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(120)- 174/2023 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh verilmiş apellyasiya şikayətinin dəlilləri imtina aktının və iddiaya qarşı etiraz dəlilləri ilə eynilik təşkil etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. Surətləri iş materiallarına əlavə edilmiş: -AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə anadan olmuşdur. -AZE ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, X11 1976-cı il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətində olmuşdur. -iddiaçıya məxsus xx.xx.1978-ci il tarixli, 02253 nömrəli Attestatın surətindən görünür ki, Kürdəmir rayon 115 nömrəli Texniki Peşə Məktəbini bitirmişdir. -Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2016-cı il tarixli, 172 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 2000-2003-cü illərdə Kürdəmir rayonu Xırdapay bələdiyyəsində işləyərək aylar üzrə əmək haqqı qazanmışdır. -Kürdəmir rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 112 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1976-1998-ci illərdə Kürdəmir rayonunun “Kirov” adına kolxozda işləmiş və əmək haqqı almışdır. -Dövlət Sosial Müdafiə X18 şəxsinin 12 saylı regional ərazi filialının xx.xx.2021-ci il tarixli, **********4 nömrəli arayışından görünür ki, 02 09.1968 cu il təvəllüdlü, Kürdəmir rayonu rayonu Xırdapay kəndində qeydiyyatda olan İddiaçı həqiqətən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafə X18 şəxsinin 12 saylı regional ərazi filialından xx.xx.2012-ci il tarixdən 2-ci qrup ümumi səbəbdən əlilliyə görə əmək pensiyası almış, xx.xx.2021-ci il tarixdə TSEK-in müddəti bitdikdə pensiyası dayanmışdır. -Kürdəmir rayon X4 yaradılmış "xxxx" MMC-nin arayışından görünür ki, İddiaçı həqiqətən xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixə kimi Kürdəmir rayon X4 yaradılmış "xxxx" MMC-də mühasib vəzifəsində çalışaraq əmək haqqı almışdır. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X16 filialının mütəxəssisləri V.Musayevin, N.Qənimətoğlunun və Kürdəmir rayon Dövlət Arxivinin müdiri Ə.Kərimovun iştirakları ilə tərtib edilmiş xx.xx.2022ci il tarixli aktın surətindən görünür ki, Kürdəmir rayon Dövlət X1 həqiqətən “Kirov” adına kolxozda 1976, 1977, 1989-cu illərdə adam günündə qaralama olduğundan və şübhə olduğundan təsdiq etmək mümkün olmamışdır. 1992-ci ildə vətəndaşın soyadı və ata adı qeyd edilməmişdir. 1995-ci il və 1996-cı ildə ata adı qeyd edilməmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtina edilməsi üçün üç halı əsas götürmüşdür: İddiaçının işlədiyini iddia etdiyi 1976, xx.xx.1977-xx.xx.1977 (08 ay), 1989, 1992, 1995 və 1996-cı il dövrlərlə bağlı təqdim edilən arxiv arayışının mötəbərliyinə əsaslı şübhələrin olduğunu; iddiaçının 25 il ümumi iş stajının toplamaması. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. -3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı (9 nömrəli əlavə) üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qeyd edilməlidir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları, eləcə də əmək haqqı cədvəlləri nəzərə alına bilər. Yuxarıda istinad olunan əmək pensiyaları haqqında müvafiq qanunvericilik normalarına əsasən iş stajı nəzərə alınan zaman ilkin olaraq əmək kitabçası, bu olmadıqda isə digər sənədlər nəzərə alınır. İşin faktiki hallarından görünür ki, iddiaçının xx.xx.1958-ci il tarixdə doğulması, xx.xx.2020-cu il tarixində, yəni 61 il 6 ay yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarıdır. 25 ildən artıq sığorta stajı olduğundan o, qanunvericiliyə əsasən yaşa görə əmək pensiyası hüququna malikdir. İddiaçının yaşa görə əmək pensiyası hüququnun olması iş materiallarına əlavə edilmiş sənədlərlə sübuta yetir. İddiaçı 25 illik sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasına və arxiv məlumatlarına istinad edərək yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iş materiallarında olan Fondun 1 saylı X16 Filialının xx.xx.2022-ci il tarixli aktına əsasən 1976, 1977, 1989-cu illərdə qaralama olması, 1992-ci il tarixdə iddiaçının soyadı və ata adı, 1995 və 1996-cı ildə isə ata adının qeyd olunmaması səbəbindən həmin illəri mübahisələndirilən dövr kimi qiymətləndirərək sığorta stajına daxil etməmişdir. İddiaçının əmək kitabçasında qeyd olunan xx.xx.1976-xx.xx.1998-ci illərdə «Kirov» adma kolxozda (22 il 1 ay 28 gün), xx.xx.2000-xx.xx.2004-cü illərdə Kürdəmir rayon Xırdapay bələdiyyəsində (4 il 10 ay 16 gün) xx.xx.2005-ci il tarixədək 27 il 14 gün ümumi iş stajı hesablanmışdır. İddiaçı təqdim etdiyi sənədlərə baxış keçirilərkən əmək kitabçasında qeyd olunan xx.xx.1976xx.xx.1998-ci illərdə «Kirov» adma kolxozda (22 il 1 ay 28 gün), xx.xx.2000xx.xx.2004-cü illərdə Kürdəmir rayon Xırdapay bələdiyyəsində (4 il 10 ay 16 gün) xx.xx.2005-ci il tarixədək 27 il 14 gün ümumi iş stajı hesablanmışdır. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin 1976, 1977, 1989-cu illərə dair arxiv sənədlərində adam günü norması hissəsində qaralama olması ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsində dindirilmiş Kürdəmir rayon Dövlət Arxivinin müdiri X12 iş üzrə arxiv sənədlərində qeyd olunanlara əsasən heç bir pozuntunun olmadığını bildirərək əlavə olaraq göstərmişdir ki, 1976-cı ildə 154 adam günü normasında qaralama yoxdur və iddiaçı həmin il 478 rubl əmək haqqı almışdır. 1977ci ildə 178 adam günü normasında qaralama olsa da aldığı pul məbləği 473 rubl göstərilmiş və bu digər şəxslərin adam günü norması ilə eynilik təşkil etmişdir. 1989-cu ildə 257 adam günü normasında qaralama yoxdur, iddiaçının aldığı əmək haqqı 935 rubl təşkil edir və bu da digər şəxslərlə eynilik təşkil edir. 1995-1996-cı illərdə iddiaçının ata adı qeyd edilməyib, digər şəxslərin də ata adı qeyd edilməyib, eyni zamanda kolxozda X8 adlı başqa işçi aşkar olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, sənədlərdə kolxozda işləyən ümumi işçilərin ata adlarının qeyd edilmədiyi, İddiaçı adında yalnız bir şəxsin olduğu, ümumi işçilərin əmək haqqı cədvəllərində düzəlişlər edilmədən eyni qələmlə qaralamalar olduğu müəyyən edilsə də, qeyd edilən hallar iddiaçının təqsiri səbəbilə olmamış, eyni zamanda adam günü norması ilə bağlı qaralama olsa da aldığı əmək haqqının miqdarı adam gününün tələb olunan həcmdə olmasını deməyə əsas verir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən hallar iddianın rədd edilməsi üçün əsas hesab edilə bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 il sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Dövlət Sosial Müdafiə Fondu Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 31 oktyabr 2023-cü il tarixli, 2-1(120)-174/2023 nömrəli nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-193/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-193/2024
07.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver