Məhkəmə qərarları › İş №2-1(106)-199/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-199/2023

10.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-199/2023 10.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(120)-1025/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Samir Həsənov) 12 may 2022-ci il tarixli 2- 1(120)-1025/2022 nömrəli qərarı ilə İddiaçı iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1991-xx.xx.1992-ci il tarixlərdə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N () saylı hərbi hissənin şəxsi heyətinin tərkibində erməni qəsbkarlarına qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. Lakin döyüşlərdə iştirak etməsinə baxmayaraq hal-hazıra qədər müharibə veteranı adı və vəsiqəsini ala bilməmişdir. Ərizə ilə Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinə müraciət edərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsini xahiş etmişdir. Həmin idarədən cavab verilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək və məhkəmə kollegiyasının suallarına cavab olaraq həmçinin bildirdi ki, o, hərbi xidmətə Ukrayna Respublikasında başlamış, 1992-ci ilin yanvar ayında Azərbaycana qayıtmış və 1992-ci ilin aprel ayında hərbi xidmətini N () saylı hərbi hissədə davam etdirmişdir. Ukraynadan qayıdarkən hərbi bileti gətirməmiş və könüllü olaraq 1994-cü ilin yay aylarına kimi hərbi xidmətini davam etdirmişdir. 1994-cü ilin yayında hərbi hissə özləri çağıracaqlarını deyib onu evə buraxmışdılar. Onun hərbi bileti Ukraynadan sonradan göndərilmişdir. Onun hərbi biletində Ukraynada hərbi xidməti xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci ilə qədər göstərilsə də, o, Ukraynadan 1992-ci ilin yanvar ayında qayıtmışdır. Onun hərbi xidməti ilə əlaqədar, o cümlədən hərbi xidmətdən qanuni əsaslarla tərxis edilməsi barədə başqa sübutları yoxdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2019-cu il tarixli, 1/A-18036 nömrəli məktubda qeyd edilmişdir ki, Mərkəzi Arxivin xx.xx.2019-cu il tarixli, 9/2-13104 nömrəli arayışına əsasən xx.xx.1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat olmadığına görə ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir. “Vətəndaşların müraciətləri haqqında” Qanunun 14.08-ci maddəsinə görə ərizəçi müraciəti barədə qəbul edilmiş qərarla razılaşmadığı halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququna malikdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, 4/3-2660 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Komissiyanın xx.xx.2019-cu il tarixli iclasında baxılmış və 653 nömrəli protokol ilə barəsində müsbət qərar qəbul edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, 4/2-1632 nömrəli məktubda qeyd edilmişdir ki, N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 70 nömrəli əmrilə (əsas: səh 152, sıra 72) atıcı sıravi İddiaçı Füzuli döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirib qayıtmış hesab edilmişdir. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992ci il tarixli, 89 nömrəli əmrilə (əsas: səh 188, sıra 53) atıcı sıravi İddiaçı Füzuli döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirib qayıtmış hesab edilmişdir. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1992-ci il tarixli, 89 nömrəli nizami hissə üzrə əmrilə (əsas: səh 188, sıra 53, əmrdə atasının adı Alaxan yazılmışdır) atıcı sıravi Abdulov X4 döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirib qayıtmış hesab edilmişdir. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 120 nömrəli əmrilə (əsas: sən 205, əmrdə atasının adı Alaxan yazılmışdır) baş qranatatan köməkçisi sıravi Abdulov X4 döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirib qayıtmış hesab edilmişdir. N () nömrəli hərbi hissə komandirinin xx.xx.1993-cü il tarixli, 140 nömrəli əmrilə (əsas səh 236) baş qranatatan köməkçisi sıravi İddiaçı Füzuli döyüş bölgəsində döyüş tapşırığını yerinə yetirib qayıtmış hesab edilmişdir. N nömrəli hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan xx.xx.1993-xx.xx.1993-cü il tarixli nizami hissə üzrə əmrlərində və N nömrəli hərbi hissə komandirinin may-dekabr 1993-cü il, yanvar-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları (müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti nəzərdə tutulur) tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli, 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. (Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur.). Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. İşin faktiki hallarından görünür ki, İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun xx.xx.1993-cü il tarixdən sonrakı hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması barədə məlumatın olmadığı əsas gətirilərək ona müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandımışdır ki, qanunvericiliyin tələblərinə uyğun olaraq müharibə veteranı adının verilməsini istisna edən hallardan biri də, məhz hərbi xidmətdən qanuni əsaslarla təxris olunmasına dair sübutların (əmrin), həmçinin hərbi qulluqçunun hərbi hissədə xidməti barədə əmrlərin hərbi biletlə bir yerdə təqdim edilməməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin (hərbi qulluqçunun) hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. İş materiallarından müəyyən olunur ki, İddiaçı xx.xx.1993-cü il tarixdən sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda iş materiallarında olan iddiaçıya məxsus hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, həmin hərbi biletdə iddiaçının sonrakı xidməti, yəni qanuni əsaslarla ehtiyata buraxılmasına və döyüş əməliyyatlarında iştirak etməsinə dair qeydlər mövcud deyildir. Belə olan halda birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh inzibati orqan məhz qanunvericiliyin tələblərinə uyğun düzgün olaraq iddiaçıya müharibə veteranı adının verilməsindən imtina etmişdir. İddiaçı ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2-1(120)-1025/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar