Məhkəmə qərarları › İş №2-1(106)-199/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-199/2025

05.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-199/2025 05.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X4 və X3 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, üçüncü şəxslər X1 və X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1381/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Kürdəmir rayon Sığırlı Bələdiyyəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Kürdəmir rayon Sığırlı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Ş.Musayev) 28 oktyabr 2024-cü il tarixli, 2- 1(120)-1381/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi iddiaçı ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra edərək, bələdiyyələr tərəfindən yol verilmiş qanun pozuntularını, o cümlədən qanun pozuntuları ilə qəbul edilmiş inzibati aktları (qərarları) ötən illər ərzində aşkar etməli idi. Bununla bağlı vaxtı-vaxtında öz təşəbbüsü ilə monitorinqlər keçirə, ümumiləşdirmələr apara bilər və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini özgəninkiləşdirilməsi və icarəyə verilməsi ilə bağlı qəbul edilmiş qərarları və həmin qərarların qeydiyyat kitablarına baxış keçirilməsi üçün həmin qərarları və kitabları tələb edə bilərdi. Lakin, iddiaçı bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən inzibati orqan kimi ona verilmiş səlahiyyətləri vaxtında və lazımınca icra etməmiş, hərəkətsizlik göstərərək bələdiyyələr tərəfindən yol verilmiş pozuntuları və qəbul edilmiş qərarı vaxtında müəyyən edib, mübahisələndirməmişdir. Halbuki, iddianın ümumi mümkünlük şərtləri ilə yanaşı bəzi iddia növləri üzrə xüsusi mümkünlük şərtləri də mövcuddur. Mübahisələndirmə haqqında iddiaların xüsusi mümkünlük şərtlərindən biri həmin inzibati aktdan qanunla nəzərədə tutulmuş müddət ərzində şikayət verilməsidir. İddiaçının hazırki iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aiddir və bu zaman iddiaçı mübahisə etdiyi qərardan vaxtında (30 gün müddətində) şikayət verdiyini sübut etməlidir. Lakin iddiaçı məhkəmə tərəfindən ona yardım olunmasına baxmayaraq mübahisələndirdiyi inzibati aktdan vaxtında şikayət verilməsinə dair sübutlarını məhkəməyə təqdim etməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin "torpaq sahəsinin planı və ölçüsü"nə görə Kürdəmir rayonu Sığırlı bələdiyyəsinin xx.xx.2007-ci il il tarixli, 03 saylı qərarı və xx.xx.2007-ci il tarixli, 19 saylı icarə müqaviləsi ilə 30.0 ha əkin və 31.0 ha örüş təyinatlı torpaq sahəsi 30 il müddətinə X2 icarəsinə ayrılmışdır. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin “torpaq sahəsinin planı və ölçüsü”nə görə Kürdəmir rayonu Sığırlı bələdiyyəsinin xx.xx.2007-ci il tarixli, 02 saylı qərarı və xx.xx.2007-ci il tarixli, 19 saylı icarə müqaviləsi ilə 4.0 ha əkin və 35.0 ha örüş təyinatlı torpaq sahəsi 99 il müddətinə X1 icarəsinə ayrılmışdır. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, yuxarıda qeyd olunan qərarların qəbulu zamanı Sığırlı bələdiyyəsi tərəfindən qanunvericiliyin tələbləri pozulmuş, məqsədli təyinatı örüş olan torpaq sahələri 15 ildən artıq müddətə icarəyə ayrılmışdır. Azərbaycan Respublikası “Torpaq Məcəlləsinin” 16-cı maddəsinin tələblərinə əsasən bələdiyyələrin mülkiyyətində olan torpaqlardan əhalinin mal-qarası üçün örüş sahələri yay və qış otlaqları, örüş və biçənək sahələri mülkiyyətində və istifadəsində mal-qara olan hüquqi və fiziki şəxslərə verilir. Yay və qış otlaqları, habelə bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə, bir qayda olaraq, on ildən on beş ilədək verilə bilər. Örüş, otlaq və biçənək sahələrinin icarə müddəti başa çatdıqda, müqavilə qanunvericiliklə müəyyən edilmiş qaydada keçirilən torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri ondan ibarətdir ki, mübahisələndirilən qərarların mövcudluğundan İddiaçı yalnız Səfail Əliyevin müraciəti əsasında araşdırma aparan zaman məlumatlı olmuş, həmin qərarların qanuniliyi yoxlanılmış və müəyyən edilmişdir ki, Kürdəmir rayon Sığırlı bələdiyyəsi xx.xx.2007-ci il tarixli 02 saylı və xx.xx.2007-ci il tarixli 03 saylı qərarları qəbul edərkən, normativ hüquqi aktların tələblərini pozmuşdur. Bundan sonra İddiaçı tərəfindən icarə hüquqlarına xitam verilməsi və digər istiqamətdə tədbirlər görülməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Ə-404 saylı məktubla Kürdəmir rayonu Sığırlı bələdiyyəsinə təklif və tövsiyə göndərilmiş, lakin bələdiyyə tərəfindən təklif müzakirə olunmamış və nəticəsi barədə İdarəyə iclas protokolunun qərarları təqdim edilməmişdir. Birnici instansiya məhkəməsi işin qeyd edilən hallarını düzgün qiymətləndirməmiş, mübahisələndirilən Kürdəmir rayon Sığır bələdiyyəsinin qərarlarından İddiaçı yalnız araşdırma dövründə məlumatlı olduğunu nəzərə almamışdır. Odur ki, qərarın ləğv edilməsini, iddia tələbinin mümkün hesab edilərək baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Prosessual məsələlər Üçüncü şəxslər məhkəmə kollegiyasının iclasında ayrı-ayrılıqda apellyasiya şikayətinin dəlillərini qəbul etməmişlər və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. İddiaçıya və cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələrinin iştirakını təmin etməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Kürdəmir rayon Sığırlı bələdiyyəsinin xx.xx.2007-ci il və xx.xx.2007-ci il tarixli qərarların ləğvini tələb edilsə də, həmin aktların məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 2-1(120)-1381/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar