Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-20/2023 26.04.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), İsmayılov Orxan Nadir oğlu və Həsənov Samir Firdusi oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(120)-981/2022 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialına (hazırda Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı) qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək onun texnikumda təhsil aldığı müddət, hərbi xidmətdə olduğu müddət və işlədiyi dövrlər sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 31 avqust 2022-ci il tarixli, 2-1(120)-981/2022 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, İddiaçı Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının xx.xx.2021-ci il tarixli, 347 nömrəli arxiv arayışında göstərilən Salyan rayon sabiq “Frunze” adına kolxozda işlədiyi 1978-1995-ci illərə dair iş stajı, eləcə də kolxozda işlədiyi 1966-1975-ci illərə dair iş stajı həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət, onun texnikumda təhsil aldığı müddət və hərbi xidmətdə olduğu müddət sosial sığorta stajı kimi hesablanaraq ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Şirvan-Salyan regional filialının üzərinə qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1956-cı il tarixdə doğulmuş, 1971-1975-ci illərdə texnikumda təhsil almış, 1975-1977-ci illərdə hərbi xidmətdə olmuş, 1966-1975-ci və 1978-1995-ci illərdə Salyan rayon “Frunze” adına kolxozda işləmişdir. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin onun 2006-cı ilə qədər 25 il sığorta stajının olmadığı əsas gətirilərək ona imtina cavabı verilmişdir. O, 1966-1971-ci illərdə Salyan rayon “Frunze” adına kolxozda işləmiş olsa da, cavabdeh tərəfindən həmin illər onun iş stajına hesablanmamışdır. Bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan pensiya kapitalına və ya 25 illik sosial sığorta stajına malik deyil. Belə ki, təqdim etdiyi sənədlərdə iddiaçının 1966-1970-ci illərdə, yəni 10 yaşından 14 yaşınadək əmək fəaliyyəti ilə məşğul olması barədə qeydlər vardır. İddiaçının əmək qabiliyyətsiz dövrlərini əhatə etdiyi üçün həmin illərin sığorta stajına daxil edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. İddiaçının 1971-1994-cü illərdə Salyan rayon “Frunze” adına kolxozda işlədiyi illərə dair arxiv arayışındakı məlumatlara əsasən minimum adam günü norması 1978-1994-cü illərə münasibətdə tam yerinə yetirildiyindən həmin illər iddiaçıya tam əmək stajı kimi, yəni 17 il hesablanır. 1971-1975-ci illərə münasibətdə isə iddiaçı minimum əmək iştirakı normasından az işlədiyi üçün həmin illər ona tam əmək stajı kimi deyil, faktiki müddət nəzərə alınmaqla 1 il 18 gün hesablanmalıdır. Həmçinin iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 3 il 9 ay 27 gün əyani təhsil aldığı dövr, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il hərbi xidmət dövrü vardır. Təhsil aldığı dövrlərlə (1971-1975) üst-üstə düşdüyü üçün iddiaçının əmək kitabçasında və arxiv arayışında qeyd edilmiş 1971-1975-ci illərin onun sığorta stajına daxil edilməsi qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən, iddiaçının 1995-ci ildə Salyan rayon “Frunze” adına kolxozda işlədiyini iddia etdiyi dövr yalnız arxiv arayışı ilə təsdiqləndiyindən və əmək kitabçasında öz əksini tapmadığından həmin müddət onun sosial sığorta stajına daxil edilməmişdir. Həmçinin iddiaçının fərdi hesabının sığorta hissəsində 2006-2018-ci illərdə, ümumiyyətlə, pensiya kapitalı qeydə alınmadığından ona avtomatlaşdırılmış qaydada pensiya təyin edilməsi də mümkün olmamışdır. Birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Salyan kənd təsərrüfatı texnikumunda əyani orta ixtisas təhsili almış, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həmçinin 1966-1975-ci, 1978-1995-ci illərdə Salyan rayon “Frunze” adına kolxozda işləmişdir. 1966-1970-ci illərdə məktəbli olsa da, sözügedən kolxozda dərslərdən sonra, əsasən də dərslərin olmadığı yay aylarında işləmişdir. Eləcə də, 1971- 1975-ci illərdə texnikumda əyani təhsil alarkən də, dərslərin olmadığı yay aylarında sözügedən kolxozda işləmişdir. Qeyd edilən illərdə sözügedən kolxozda faktiki işlədiyi günlərə müvafiq olaraq da ona əmək günü (adam günü) yazılmışdır. Həmçinin 1975-ci ildə sözügedən kolxozda işlədiyi 1 gün texnikumu bitirib hərbi xidmətə gedənə qədər olan dövr aralığında olmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Salyan rayonu, Marışlı kəndində doğulmuş, Salyan rayonu, Marışlı kəndində yaşayış yeri üzrə qeydiyyatdadır. İşdə olan iddiaçıya məxsus xx.xx.1966-cı il tarixli, 304 nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 1966-1975-ci, 1978-1994-cü illərdə Salyan rayon “Frunze” adına kolxozda işləmiş, islahatla əlaqədar olaraq xx.xx.1996-cı il tarixdən kolxoz üzvlüyündən azad edilmişdir. İşdə olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, Щ 033348 nömrəli diplomun təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək Salyan kənd təsərrüfatı texnikumunda təhsil almışdır. İşdə olan iddiaçıya məxsus xx.xx.1975-ci il tarixli, H3 ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı noyabr 1975-ci ildən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 6 saylı regional ərazi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli, **********7 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi Salyan rayon sabiq “Frunze” adına kolxoz tərəfindən adına xx.xx.1966-cı ildə açılmış 304 nömrəli kolxozçunun əmək kitabçasında onun əmək qabiliyyətli yaş dövründə işlədiyi 1971-1995-ci illər arasında 25 il stajı olmadığı üçün, xx.xx.2021-ci il tarixli, 347 nömrəli arxiv arayışında göstərilən “Frunze” adına kolxozda 1995-ci il iş stajı əmək kitabçasında yazılmadığı üçün və 1971-ci ildən iş fəaliyyətinin sonuna kimi (təhsil illəri, hərbi xidməti, əmək kitabçasında olan iş stajı, arxiv arayışı nəzərə alınmaqla) cəmi 23 il 10 ay 12 gün olduğu üçün qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmişdir və əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 398 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialında mühafizə olunan Salyan rayon “Frunze” adına kolxozun illik staj kitablarında kişilər üçün 1950-1973-cü illər üzrə minumum əmək günü 240 gün, 1974-1982-ci illər üzrə minumum adam günü 220 gün, 1983-cü ildən sonra minumum adam günü 210 gün qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 05 nömrəli arxiv arayışından görünür ki, İddiaçı 1966-1975-ci və 1978-1995-ci illərdə Salyan rayon “Frunze” adına kolxozda işləmişdir. Onun 1966-cı ildə faktiki əmək günü 15 gün, 1967-ci ildə faktiki əmək günü 70 gün, 1968-ci ildə faktiki əmək günü 75 gün, 1969-cu ildə faktiki əmək günü 57 gün, 1970-ci ildə faktiki əmək günü 44 gün, 1971-ci ildə faktiki əmək günü 26 gün, 1972-ci ildə faktiki əmək günü 48 gün, 1973-cü ildə faktiki əmək günü 74 gün, 1974-cü ildə faktiki adam günü 104 gün, 1975-ci ildə faktiki adam günü 1 gün, 1978-ci ildə faktiki adam günü 306 gün, 1979-cu ildə faktiki adam günü 287 gün, 1980-ci ildə faktiki adam günü 276 gün, 1981-ci ildə faktiki adam günü 289 gün, 1982-ci ildə faktiki adam günü 296 gün, 1983-cü ildə faktiki adam günü 294 gün, 1984-cü ildə faktiki adam günü 285 gün, 1985-ci ildə faktiki adam günü 305 gün, 1986-cı ildə faktiki adam günü 282 gün, 1987-ci ildə faktiki adam günü 307 gün, 1988-ci ildə faktiki adam günü 307 gün, 1989-cu ildə faktiki adam günü 277 gün, 1990-cı ildə faktiki adam günü 247 gün, 1991-ci ildə faktiki adam günü 242 gün, 1992-ci ildə faktiki adam günü 264 gün, 1993-cü ildə faktiki adam günü 324 gün, 1994-cü ildə faktiki adam günü 304 gün, 1995-ci ildə faktiki adam günü 254 gün olmuşdur. Həmçinin həmin arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialında mühafizə olunan Salyan rayon “Frunze” adına kolxozun illik staj kitablarında kişilər üçün 1950-1973-cü illər üzrə minumum əmək günü 240 gün, 1974-1982-ci illər üzrə minumum adam günü 220 gün, 1983-cü ildən sonra minumum adam günü 210 gün qeyd edilmişdir. Salyan rayon “Frunze” adına kolxozda və digər kolxozlarda yeniyetmələr üçün tələb olunan minimum əmək günü və minimum adam günü norması qeyd olunmamışdır. Salyan rayonu üzrə bütün kolxozlar 1995-ci ilin dekabr ayının sonunda ləğv olunaraq onların bazasında 1996-1998-ci illərdə Aqroservis, 1999-2002-ci illərdə Yerli Aqrar İslahat Komissiyaları fəaliyyət göstərmişdir. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən Şirvan Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3- 17-1/2-13614/2023 nömrəli məktubda qeyd edilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə pensiya yaşına çatmışdır. İddiaçının təqdim etdiyi diplomun surətinə əsasən xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək 3 il 9 ay 27 gün əyani təhsil aldığı dövr, hərbi biletin surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək 2 il hərbi xidmət dövrü, kolxozçunun əmək kitabçasının surətinə əsasən xx.xx.1978-ci il tarixdən xx.xx.1994-cü il tarixədək Salyan rayon “Frunze” adına kolxozda işlədiyi dövr 17 il olmaqla, onun mübahisələndirilməyən sığorta stajı 22 il 9 ay 27 gün təşkil edir. Eyni zamanda, iddiaçının xx.xx.2006-cı il tarixədək 22 il 9 ay 27 gün sığorta stajına uyğun olaraq 17400,59 manat pensiya kapitalı onun pensiya yaşına çatdığı tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək onun fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. İddiaçının təqdim etdiyi arxiv arayışında qeyd olunan 1966-1970-ci illər əmək qabiliyyətsiz dövrü (15 yaşdan aşağı) əhatə etdiyi üçün, 1971- 1975-ci illər təhsil aldığı dövrlə üst-üstə düşdüyü üçün və kolxozçunun əmək kitabçasındakı qeydə əsasən xx.xx.1995-ci il tarixdən islahatla əlaqədar kolxoz üzvlüyündən azad edildiyi üçün həmin illərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsi tərəfindən Şirvan İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-43-52/2-180/2023 nömrəli məktubda qeyd edilmişdir ki, Xidmətin Salyan rayon şöbəsinin arxiv sənədlərinə istinad olaraq bildirilir ki, 1956-cı il təvəllüdlü vətəndaşların əlifba qeydiyyat kitabında (sıra sayı 42) İddiaçı keçmiş Salyan rayon hərbi komissarlığı tərəfindən xx.xx.1975-ci il tarixdə müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-48 DA/9F-2-164/2023 nömrəli arxiv arayışında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialında mühafizə olunan Salyan rayon Marışlı kənd “Frunze” adına kolxozun illik staj kitablarında 1973-cü il daxil olmaqla kolxozçular üzrə əmək günü hesablanır, 1974-cü ildən isə adam günü hesablanır. Lakin əmək günü ilə adam günləri arasında fərq olmasını təsdiq edən rəsmi sənəd yoxdur. İddiaçı (ata adı qeyd edilməyib) adının kolxoz üzvləri ilə birlikdə yazılmış 1966-1985-ci illərə aid illik staj kitablarında və 1986-1995-ci illərə aid inventarizasiya kitablarında olan iş fəaliyyəti üzrə sənədlərin surətləri məktuba əlavə olunur. 1996-cı ilə aid sənədlər araşdırıldı, İddiaçı iş fəaliyyəti aşkar olunmadı. Salyan rayon Marışlı kənd “Frunze” adına kolxozun bazasında yaradılan “Marışlı” Aqroservisinin arxiv sənədləri, o cümlədən 1996- 1997-ci illərə aid əmr kitabı və briqada kitabları araşdırıldı, lakin İddiaçı iş fəaliyyəti aşkar olunmadı. İş üzrə apellyasiya instansiya məhkəməsinin 26 aprel 2023-cü il tarixli iclasında mütəxəssis qismində izahat vermiş Azərbaycan Respublikası Dövlət Arxivinin Salyan filialının arxivçisi X1 bildirmişdir ki, Salyan rayon “Frunze” adına kolxozun illik staj kitablarına əsasən 1950-1973-cü illər üzrə əmək günü, 1974-cü ildən sonra isə adam günü anlayışından istifadə olunmuşdur. Salyan rayon “Frunze” adına kolxozun illik staj kitablarında kişilər üçün minumum əmək günü (adam günü) norması 1950-1973-cü illər üzrə 240 gün, 1974-1982-ci illər üzrə 220 gün, 1983-cü ildən sonra isə 210 gün qeyd edilmişdir. Salyan rayon “Frunze” adına kolxozda, eləcə də Salyan rayonunda fəaliyyət göstərmiş digər kolxozlarda uşaqlar üçün ayrıca minmum əmək iştirakı norması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa 23 sentyabr 1992-ci il tarixdə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda (6 mart 2007-ci il tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) nəzərdə tutulmuşdur (Qanunun 67-ci maddəsi). İşin faktiki hallarından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçı 25 illik sığorta stajına malik olmasını təsdiqləyən sübut kimi əmək kitabçasına, arxiv arayışına, hərbi xidmətdə olduğunu təsdiq edən hərbi biletinə və orta ixtisas təhsili aldığını təsdiq edən diploma istinad edir. İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək (3 il 9 ay 27 gün) Salyan kənd təsərrüfatı texnikumunda əyani orta ixtisas təhsili almış, həmçinin xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 7 gün) hərbi xidmətdə olmuşdur. Həmin dövrlərə münasibətdə, eləcə də iddiaçının 1978-1994-cü illərdə Salyan rayon “Frunze” adına kolxozda müəyyən edilmiş minimum əmək iştirakı norması yerinə yetirilməklə işlədiyi 17 ilə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının 1966-1971-ci, 1995-ci illərdə Salyan rayon “Frunze” adına kolxozda işlədiyi müddətə münasibətdə meydana çıxmışdır. İddiaçının 1966-1970-ci illərdə Salyan rayon “Frunze” adına kolxozda işlədiyi müddətə münasibətdə cavabdehin imtinasının və apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, iddiaçı həmin illərdə 14 yaşı tamam olmadığından əmək qabiliyyətsiz olmuşdur, həmin müddətin iddiaçının sığorta stajına daxil edilməsi əmək qanunvericiliyinə ziddir. İddiaçının 1971-ci ildə sözügedən kolxozda işlədiyi müddətə münasibətdə isə cavabdeh iddiaçının həmin ildən artıq texnikumda əyani təhsil almağa başladığını qeyd etmişdir. Məhkəmə kollegiyası əmək hüququnun 14 yaşdan sonra yaranması əsası ilə iddiaçının həmin yaşa qədər işlədiyi müddətin sosial sığorta stajına daxil edilməməsinə dair cavabdehin dəlilini əsaslı hesab etmir. Belə ki, iddiaçının 1966-1970-ci illərdə icazə verilən yaş həddinə çatmaması onun həmin illərdə kolxozda işləməsi faktını dəyişdirmir. İddiaçının həmin illərdə işlədiyi halda icazə verilən yaş həddinə çatmaması onun ziyanına qiymətləndirilə, bu səbəbdən onun əmək pensiyası hüququ məhdudlaşdırıla bilməz. İddiaçı 1966-1970-ci illərdə məktəbli olsa da, sözügedən kolxozda dərslərdən sonra, əsasən də dərslərin olmadığı yay aylarında işlədiyini, işlədiyi faktiki günlərə müvafiq də ona əmək günü yazıldığını qeyd edir. İş materiallarından da görünür ki, sözügedən kolxozda iddiaçının 1966-cı ildə faktiki əmək günü 15 gün, 1967-ci ildə faktiki əmək günü 70 gün, 1968-ci ildə faktiki əmək günü 75 gün, 1969-cu ildə faktiki əmək günü 57 gün, 1970-ci ildə faktiki əmək günü 44 gün olmuşdur. Həmçinin sözügedən kolxozda iddiaçının 1971-ci ildə faktiki əmək günü 26 gün olmuşdur. İddiaçı Salyan kənd təsərrüfatı texnikumunda əyani orta ixtisas təhsili almağa isə xx.xx.1971-ci il tarixdən başlamışdır. Eləcə də, iddiaçı 1975-ci ildə sözügedən kolxozda işlədiyi 1 günün texnikumu bitirib hərbi xidmətə gedənə qədər olan dövr aralığında olduğunu qeyd edir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1966-1971-ci və 1975-ci illərə dair təqdim etdiyi əmək kitabçasında və arxiv arayışındakı məlumatlar iddiaçının işlədiyi kolxozda müəyyən edilmiş əmək iştirakı (əmək günü) minimumuna uyğun tədqiq olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bu, yuxarıda istinad edilən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsindən irəli gəlir. Bununla yanaşı, kolxozdakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktiki müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Salyan rayon “Frunze” adına kolxozun illik staj kitablarında kişilər üçün 1950-1973-cü illər üzrə minumum əmək günü 240 gün, 1974-1982-ci illər üzrə minumum adam günü 220 gün, 1983-cü ildən sonra minumum adam günü 210 gün qeyd edilmişdir. 1966-1971-ci və 1975-ci illərə münasibətdə iddiaçı minimum əmək iştirakı normasından az işləmişdir. Ona görə də həmin illlər ona tam əmək stajı kimi hesablana bilməz. Həmin illər iş stajına yalnız faktiki müddət üzrə nəzərə alınmaqla daxil edilməlidir. Faktiki müddət üzrə hesablama faktiki işlənmiş günlərin sayının cəminin 12 aya (bir il) vurulması və alınan rəqəmin kolxozdakı minimum əmək iştirakı norması kimi müəyyən olunmuş günə bölünməsi ilə aparılmalıdır. İddiaçının 1966-1971-ci illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir – (15 + 70 + 75 + 57 + 44 + 26) x 12 = 3444 / 240 = 14,35 ay (≈ 1 il 2 ay 11 gün). İddiaçının 1975-ci ildə faktiki işlədiyi müddət üzrə iş stajı isə 1 gün müəyyən edilir. Həmin müddətlər də iddiaçının sığorta stajına daxil edilməlidir. 1972-1974-cü illərdə iddiaçı həm Salyan kənd təsərrüfatı texnikumunda əyani orta ixtisas təhsili almış, həm də minimum əmək iştirakı normasından az olmaqla Salyan rayon “Frunze” adına kolxozda işləmişdir (iddiaçı dərslərin olmadığı yay aylarında işlədiyini qeyd edir). Orta ixtisas təhsili aldığı müddətlə üst-üstə düşdüyü üçün iddiaçının kolxozda işlədiyi həmin illərin onun sığorta stajına daxil edilməsinin qanunvericiliyin tələblərinə zidd olmasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən sığortaolunanın ayrı-ayrı fəaliyyət dövrlərinin hər hansı biri digəri ilə üst-üstə düşdükdə, onun seçimi əsasında həmin müddətlərdən biri hesablanır. Göründüyü kimi, qanunverici üst-üstə düşən fəaliyyət dövrlərindən hansının onun sığorta stajına hesablanmalı olmasını sığortaolunanın, yəni hazırkı halda iddiaçının seçimindən asılı etmişdir. İddiaçı məhkəmə iclasında orta ixtisas təhsili aldığı müddətin nəzərə alınmasını istədiyini qeyd etsə də, lakin bu, gələcəkdə, qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası zamanı həll edilməli məsələdir. İddiaçının müəyyən edilmiş minimum əmək iştirakı norması yerinə yetirilməklə 1995-ci ildə (1 il) Salyan rayon “Frunze” adına kolxozda işlədiyi müddətin əmək kitabçasında deyil, arxiv arayışında qeyd edilməsi səbəbindən həmin müddətin sığorta stajı kimi nəzərə alınmamasına dair cavabdehin dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək kitabçasında onun islahatla əlaqədar olaraq xx.xx.1996-cı il tarixdən kolxoz üzvlüyündən azad edildiyi qeyd edilmişdir. Həmçinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə əmək pensiyası növü üzrə pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və sair sənədlər təqdim olunur. Bu Qaydalarda tələb edilən sənədlər siyahısında ümumi iş stajını təsdiq edən istənilən sənədin təqdim edilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1975-ci il tarixədək (3 il 9 ay 27 gün) Salyan kənd təsərrüfatı texnikumunda əyani orta ixtisas təhsili aldığı, xx.xx.1975-ci il tarixdən xx.xx.1977-ci il tarixədək (2 il 7 gün) hərbi xidmətdə olduğu və 1966-1971-ci, 1975-ci, 1978-1995-ci illərdə Salyan rayon “Frunze” adına kolxozda faktiki müddət üzrə işlədiyi (19 il 2 ay 12 gün) dövrlər nəzər alınmaqla ümumilikdə 25 ildən artıq sığorta stajının olduğu müəyyən edilir ki, bu da, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2-1(120)-981/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-20/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-20/2023
26.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver