Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-200/2024 06.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Həşimov Yaşar Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, üçüncü şəxs Vəliyev Teyub Teymur oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(120)-534/2023 nömrəli qərardadından İddiaçı və üçüncü şəxs Vəliyev Teyub Teymur oğlu tərəfindən verilmiiş apellyasiya şikayətləri əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxslər Vəliyev Teyub Teymur oğlu, Bağırova Billurə Bayram qızı) qarşı dərzi emalatxanasının iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, “Şirvan ƏMX-nın “Xəzri” İKF-nin Nizami küçəsində yerləşən dərzi emalatxanasının əmlakının iddiaçıya verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 05 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-534/2023 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki mübahisə predmeti (dərzi emalatxanasının əmlakının iddiaçıya verilməsi) barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur, həmçinin alqı-satqı müqaviləsinin etibarsızlığı ilə bağlı iddia üzrə mübahisə publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, özəl hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. Qərardaddan iddiaçı və üçüncü şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsində qeyd olunan dəlillərlə uyğun məzmunda apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Üçüncü şəxs Vəliyev Teyub Teymur oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi təqdim edilmiş bütün sübutlara qiymət vermədən araşdırma aparmış və düzgün olmayan nəticəyə gəlmiş, bu da iddiaçı ilə münasibətlərinin gərginləşməsinə səbəb olmuşdur. Prosessual məsələlər Üçüncü şəxs Vəliyev Teyub Teymur oğlu məhkəmə iclasında özü tərəfindən verilmiş apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırma aparılmaması iddiaçı ilə münasibətlərinin gərginləşməsinə səbəb olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyası iddianın “Şirvan ƏMX-nın “Xəzri” İKF-nin Nizami küçəsində yerləşən dərzi emalatxanasının əmlakının iddiaçıya verilməsi” hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibətdə qeyd edir ki, iş materiallarında tədqiq edilmiş sübutlarla İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı vurulmuş ziyana görə kompensasiya ödənilməsi barədə iddia tələbi ilə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməsi, həmin məhkəmənin xx.xx.2012-ci il tarixli 2-1(86)-14/2012 nömrəli qərarı ilə iddianın təmin edilməməsi, həmin qərarın Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(106)-01/2014 nömrəli qərarı ilə dəyişdirilmədən saxlanılması, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2-1(102)-1395/2014 nömrəli qərardadı ilə kassasiya şikayətinin qəbulundan imtina edilməsi müəyyən olunur. Göründüyü kimi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması baxımından birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkünsüz hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 78-ci maddəsinə görə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə kollegiyası həmçinin iddianın “alqı-satqı müqaviləsinin etibarsız sayılması” hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin hüquqi mövqeyinə münasibətdə qeyd edir ki, bu qəbildən olan mübahisələr publik hüquq münasibətlərini tənzimləyən normalarla deyil, özəl hüquq münasibətlərini tənzimləyən normalar vasitəsilə nizama salınmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, inzibati mübahisələrə dair iddianın əsaslığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2 bəndində Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alğı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılması təsbit olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 24 dekabr 2021-ci il tarixli, 12 nömrəli Qərarı ilə tövsiyyə edilmişdir ki, notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtinaya dair şikayətlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, həm iddiaçı, həm də üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı və üçüncü şəxs Vəliyev Teyub Teymur oğlu tərəfindən verilmiiş apellyasiya şikayətləri təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 05 oktyabr 2023-cü il tarixli, 2-1(120)-534/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-200/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-200/2024
06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver