Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-202/2022 02.11.2022 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Allahyarov Zaur Mirzağa oğlu və İsmayılov Orxan Nadir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, İddiaçı nümayəndəsi Vəkil, cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-206/2022 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı qərarın qismən ləğv edilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə və Dövlət Vergi Xidmətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın və xx.xx.2021-ci il tarixli, **********272100 nömrəli inzibati şikayətin qismən təmin edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın 302594,7 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 05 iyul 2022-ci il tarixli, 2- 1(120)-206/2022 nömrəli qərarı ilə İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın 302594,7 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********5739 nömrəli qərara əsasən iddiaçının sahibkarlıq fəaliyyəti göstərdiyi ünvan 1 ünvanında yerləşən ərzaq mağazasında həyata keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı nöqsan aşkar edilməyərək, nəticələri xx.xx.2020-ci il tarixli, seriya DVX 000666 nömrəli və seriya DVX 000813 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Eyni zamanda, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə keçirilmiş operativ vergi nəzarəti tədbirləri zamanı 10975,18 manat dəyərində malların alışını və ya mədaxilini təsdiq edən sənədlərin olmadığı, həmçinin xx.xx.2019-xx.xx.2020-ci il tarix aralığında iddiaçı tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində 5289821,5 manat (ƏDV-li) təqdim edilmiş mal göstərildiyi, lakin nəzarət-kassa aparatına isə 522599,7 manat mədaxil olunduğu üçün 4767221,7 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edilməsi kimi qiymətləndirilmiş, nəticədə xx.xx.2020-ci il tarixli, seriya DVX 000487 nömrəli və seriya xx.xx.2020-ci il tarixli, DVX 001053 nömrəli aktlarla rəsmiləşdirilmişdir. Nəzarət tədbiri zamanı təqdim olunmuş xx.xx.2020-ci il tarixli izahatda iddiaçı xx.xx.2019-cu il tarixdən sahibkarlıq fəaliyyətinə başladığını, xx.xx.2019-cu il tarixədək nəzarət-kassa aparatı olmadığından quraşdırılmadığını, bəzi hallarda elektrik enerjisi olmadığından mütəmadi nəzarət-kassa aparatından istifadə edilmədiyini, sonradan əldə olunan məbləğlərin nəzarət-kassa aparatına mədaxil edilmədiyini, 4767221,7 manat dəyərində malların yalnız pərakəndə qaydada satışının həyata keçirildiyini bildirmişdir. Sözügedən xx.xx.2020-ci il tarixli akta əsasən ümumi dəyəri 4767221,7 manat olan malların elektron qaimə-faktura olmadan təqdim edilməsi kimi qiymətləndirildiyi üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən ümumilikdə 476722,17 manat maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuş və həmin akta əsasən də cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixdə **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Qeyd olunan inzibati qərardan iddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə yuxarı inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnzibati şikayətlərə baxılması baş idarəsinə inzibati qaydada şikayət verilmiş və şikayətin nəticəsi üzrə xx.xx.2021-ci il il tarixli, **********272100 nömrəli qərar qəbul edilmişdir. Qeyd olunan qərarla iddiaçının inzibati şikayəti qismən təmin edilmiş, xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar 174127,47 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, digər hissədə, yəni 302594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qərarda yerli vergi orqanının qərarının qismən ləğv edilməsinə səbəb kimi göstərilmişdir ki, operativ vergi nəzarəti tədbiri zamanı iddiaçı tərəfindən təqdim olunmuş 2019-cu ilin ƏDV bəyannamələrində göstərilən təqdim edilmiş malın dəyəri (1991876,7 manat) ilə nəzarət-kassa aparatına mədaxil olunmuş məbləğ (250602 manat) arasında olan 1741274,7 manat fərq məbləği də elektron qaimə-faktura olmadan satış kimi qiymətləndirilərək 174127,47 manat maliyyə sanksiyası hesablanmışdır ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.13-cü maddəsində malların elektron qaimə-faktura əsasında təqdim edilməsi məsələsi üzrə operativ vergi nəzarəti tədbirinin keçirilməsi nəzərdə tutulmamışdır. İddiaçı həmin qərardan narazı qaldığı üçün xx.xx.2021-ci il tarixdə yuxarı inzibati orqan olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət vermiş və şikayətin nəticəsi üzrə qəbul edilmiş xx.xx.2021-ci il tarixli, 41 nömrəli qərarla onun şikayəti təmin edilməmiş, xx.xx.2021-ci il il tarixli, **********272100 nömrəli qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçının inzibati aktdan şikayətinə yuxarı şikayət instansiyası tərəfindən baxılaraq yalnız xx.xx.2021-ci il tarixdə qərar qəbul edildiyindən və həmin qərar xx.xx.2021-ci il tarixli məktubla ona göndərildiyindən qanunla nəzərdə tutulmuş 30 günlük iddia müddəti ötürülməmişdir. İddiaçı hesab edir ki, cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarı əsassız və qanunsuzdur. Belə ki, operativ vergi nəzarətinin keçirilməsi haqqında qərar vergi qanunvericiliyinin tələblərinin pozulması ilə qəbul edilmiş, əsaslandırılmamış, həmin qərarda qanunvericilikdə nəzərdə tutulmuş operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarından heç biri qeyd olunmamışdır. Bu isə, operativ vergi nəzarətinin tamamilə qanunsuz hesab edilməsi üçün əsas kimi qəbul edilir. Qeyd olunan hüquqi mövqe artıq Azərbaycan Respublikası Ali Məhkəməsinin bir neçə qərarlarında formalaşdırdığı məhkəmə təcrübəsində də öz əksini tapmışdır. Həmçinin vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən, bir qayda olaraq, vergi orqanının üzərinə düşür. Cavabdeh inzibati orqan isə iddiaçı tərəfindən vergi qanunvericiliyinin pozulması halını təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən ehtimallara əsaslanaraq operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə akt və məsuliyyət qərarı tərtib etmişdir ki, bu da, öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Başqa sözlə desək, əgər cavabdeh inzibati orqan satılmış malların məhz topdansatış qaydasında sahibkarlıq məqsədləri üçün satıldığını (alan şəxslərdən izahat almaqla və ya digər tutarlı sübutlarla) sübut edə bilsəydi, bu təqdirdə iddiaçı da həmin malların məhz son istehlak üçün satıldığını sübut etməyə çalışardı və bununla bağlı müvafiq sübutları cavabdeh inzibati orqana təqdim edərdi. Həmçinin operativ vergi nəzarətinin nəticəsi üzrə tərtib edilən aktın məzmunundan görünür ki, xx.xx.2019-xx.xx.2020-ci il tarix aralığında vergi ödəyicisi tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində 5289821,5 manat (ƏDV-li) təqdim edilmiş mallar göstərilsə də, nəzarət-kassa aparatına 522599,7 manat mədaxil olunmuş, nəticə etibarı ilə yaranan 4767221,7 manat dəyərində mal fərqi cavabdeh vergi orqanı tərəfindən topdansatış kimi qəbul edilmiş və bu səbəbdən də elektron qaimə-faktura olmadan malların təqdim edildiyi qənaətinə gəlinmişdir. İddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olmuşdur. İddiaçının təsərrüfat subyekti “Ərzaq satışı mağazası” kimi vergi orqanında qeydiyyatdan keçmişdir. Göründüyü kimi, iddiaçı topdansatış fəaliyyəti ilə, ümumiyyətlə, məşğul olmamış və bununla bağlı vergi orqanında hər hansı topdansatış təsərrüfat subyekti kimi qeydiyyatdan keçməmişdir. İddiaçı operativ vergi nəzarət tədbiri zamanı da bəyan etdiyi vergilərlə nəzarət-kassa aparatına vurulan məbləğlər arasında fərqin yaranması səbəbini yeni kassa aparatının gec quraşdırıldığı, tez-tez işıqların söndüyü üçün kassa aparatının işləmədiyi, pərakəndə qaydada satdığı mallara görə işçilərin səhlənkarlığı səbəbindən bir çox hallarda nəzarət-kassa aparatına çeklərin vurulmasını unutduğu ilə izah etmiş, lakin buna baxmayaraq vergiləri vergi orqanına təqdim edilən bəyannamələrdə tam həcmdə bəyan edərək dövlət büdcəsinə köçürdüyünü bildirmişdir. Qanunvericiliyə əsasən pərakəndə satışda mal alıcıya son istehlak məqsədilə və yalnız qəbz və ya nəzarət-kassa aparatının çeki ilə satılır, topdansatışda isə mallar alıcıya sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız elektron qaimə-faktura əsasında satılır. Topdansatış qaydasında mallar yalnız sahibkarlıq fəaliyyəti ilə məşğul olan və vergi uçotunda qeydiyyatda olan fərdi sahibkarlara və hüquqi şəxslərə satılır. Başqa sözlə desək, alıcı vergi orqanında uçotda (VÖEN-i) olmalıdır ki, həmin fərdi sahibkara və yaxud hüquqi şəxsə elektron qaimə-faktura təqdim edə biləsən. Digər tərəfdən, xüsusi olaraq qeyd olunmalıdır ki, nə Azərbaycan Respublikası Vergi Məcəlləsində, nə də ki digər vergi qanunvericilik aktlarında malların hansı həddə və ya həcmdə satışının pərakəndə, hansı həddə və ya həcmdə satışının isə topdansatış kimi qəbul edilməsinə dair meyarlar müəyyən edilməmişdir. Yəni sadə dildə desək, adi vətəndaş müəssisənin pərakəndə satış mərkəzinə yaxınlaşaraq son istehlak məqsədilə özü üçün 100 ədəd mal ala bilər və bu, pərakəndə satış kimi qəbul edilməli, eyni qaydada da fərdi sahibkar və ya hüquqi şəxs müəssisədən həmin maldan sahibkarlıq məqsədləri üçün 50 ədəd mal ala bilər və bu satış topdansatış kimi qiymətləndirilməlidir. Göründüyü kimi, qüvvədə olan qanunvericilik malların sayında və ya həcmində pərakəndə satışdan topdansatışa keçid həddi müəyyən etməmişdir. Satışın məhz pərakəndə satışa, yoxsa topdansatışa aid edilməsi üçün həmin malların alış (yəni son istehlak yoxsa sahibkarlıq fəaliyyəti) məqsədləri müəyyən edilməlidir. Bundan başqa, qüvvədə olan qanunvericiliklə malları təqdim edən şəxsə malları satan zaman həmin malları alan şəxsdən malları hansı məqsədlər üçün aldığını tələb etmək ixtiyarı da verilməmişdir. Yəni əgər vergi uçotunda olmayan şəxs müəssisədən hansısa səbəblə müxtəlif çeşiddə və yaxud bir çeşiddə çoxlu sayda mallar aldığı zaman son istehlak məqsədləri üçün aldığını bəyan edirsə, bu halda malları təqdim edən vergi ödəyicisi həmin alışın dəqiq məqsədlərini necə müəyyən etməlidir ki, həmin malların satışını topdansatışa və yaxud pərakəndə satışa aid edə bilsin. Göstərilənlərdən belə qənaətə gəlmək olur ki, malların satışını topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Lakin operativ vergi nəzarət tədbirini keçirən cavabdeh inzibati orqanın əməkdaşları tərəfindən iddiaçının xx.xx.2019-xx.xx.2020-ci il dövrü ərzində olan bəyannamələrdə qeyd edilmiş satış dövriyyəsi ilə nəzarət-kassa aparatına vurulmuş məbləğ arasında olan fərqin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparılmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə, ümumiyyətlə, müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Bundan başqa, iddiaçı tərəfindən törədilən pozuntu müəyyən səbəblərdən (işçilərin səhlənkarlığı, nəzarət-kassa aparatının vaxtında quraşdırılmaması və yaxud işləməməsi və s.) hər bir pərakəndə satış üzrə çekin nəzarət-kassa aparatına vurulmaması olmuşdur. Lakin belə olduğu təqdirdə də, vergi orqanı yalnız həmin pozuntunu bilavasitə aşkar etdiyi halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7ci maddəsinə əsasən təqvim ili ərzində birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilərdi. Digər tərəfdən də, vergi qanunvericiliyi vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsinə nəzərdə tutulmuş məsələlərə vergi nəzarət forması kimi təsbit etmişdir. Başqa sözlə desək, vergi qanunvericiliyi ilə yoxlama dedikdə operativ vergi nəzarət tədbiri deyil, yalnız kameral və səyyar vergi yoxlamaları başa düşülməlidir. Eyni zamanda, qanunvericilik cavabdeh vergi orqanına 3 il ərzində vergiləri, faizləri və maliyyə sanksiyaları hesablamaq və yenidən hesablamaq hüququnu yalnız yoxlamalar çərçivəsində, yəni kameral və ya səyyar vergi yoxlamaları zamanı vermişdir. Operativ vergi nəzarət tədbiri zamanı isə vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilər. Lakin cavabdeh inzibati orqan qanunvericliyin tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, ümumilikdə 1 il 4 aylıq dövrü üzrə bəyan edilən dövriyyəsi ilə həmin dövr ərzində nəzarətkassa aparatına mədaxil edilən məbləğlərin arasında olan malların dəyəri fərqinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən maliyyə sanksiyası hesablamışdır ki, sanki operativ vergi nəzarət tədbiri deyil, səyyar vergi yoxlaması aparmışdır. Bununla da cavabdeh inzibati orqan vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı iddia ərizəsindəki dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətində o, birinci instansiya məhkəməsinin qərarı ilə razı olmadığını bildirmiş və həmin qərarın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı nümayəndəsi Vəkil məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olmuşdur. İddiaçının təsərrüfat subyekti “Ərzaq satışı mağazası” kimi vergi orqanında qeydiyyatdan keçmişdir. İddiaçı topdansatış fəaliyyəti ilə, ümumiyyətlə, məşğul olmamış və bununla bağlı vergi orqanında hər hansı topdansatış təsərrüfat subyekti kimi qeydiyyatdan keçməmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Lakin həmin qərarda hansı qanuni əsasla iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi göstərilməmişdir. Həmin qərara əsasən keçirilmiş operativ vergi nəzarəti zamanı cavabdeh inzibati orqanın əməkdaşları xx.xx.2019xx.xx.2020-ci il dövrü ərzində iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə göstərilmiş satış dövriyyəsi ilə nəzarət-kassa aparatına vurulmuş məbləğ arasında 4767221,7 manat məbləğində fərq müəyyən etmiş və həmin məbləğ dəyərindəki malların elektron qaimə-faktura olmadan topdansatış qaydasında təqdim edildiyi qənaətinə gəlmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, seriya DVX 001053 nömrəli akt əsasında cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərarla iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən 476722,17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********272100 nömrəli qərarı ilə qismən ləğv edilərək 302594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı operativ vergi nəzarət tədbiri zamanı tərəfindən təqdim edilmiş bəyannamələrdə göstərilmiş satış dövriyyəsi ilə nəzarət-kassa aparatına vurulmuş məbləğ arasındakı fərqin yaranması səbəbinin yeni kassa aparatının gec quraşdırıldığı, tez-tez işıqların söndüyü üçün kassa aparatının işləmədiyi, pərakəndə qaydada satdığı mallara görə işçilərin səhlənkarlığı səbəbindən bir çox hallarda nəzarət-kassa aparatına çeklərin vurulmasını unutduğu ilə bağlı olmasına dair izahat vermişdir. Lakin cavabdeh inzibati orqan iddiaçı tərəfindən sözügedən fərq məbləği dəyərindəki malların elektron qaiməfaktura olmadan topdansatış qaydasında təqdim edildiyini təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən ehtimallara əsaslanaraq operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə akt və məsuliyyət qərarı tərtib etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Qanunvericiliyə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən, bir qayda olaraq, vergi orqanının üzərinə düşür. Başqa sözlə desək, əgər cavabdeh inzibati orqan satılmış malların məhz topdansatış qaydasında sahibkarlıq məqsədləri üçün satıldığını (alan şəxslərdən izahat almaqla və ya digər tutarlı sübutlarla) sübut edə bilsəydi, bu təqdirdə iddiaçı da həmin malların məhz son istehlak üçün satıldığını sübut etməyə çalışardı və bununla bağlı müvafiq sübutları cavabdeh inzibati orqana təqdim edərdi. Qanunvericiliyə əsasən malların satışının topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Lakin operativ vergi nəzarət tədbirini keçirən cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2019-xx.xx.2020-ci il dövrü ərzində olan bəyannamələrdə göstərilmiş satış dövriyyəsi ilə nəzarət-kassa aparatına vurulmuş məbləğ arasında olan fərqin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparılmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə, ümumiyyətlə, müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Bundan başqa iddiaçı tərəfindən törədilən pozuntu müəyyən səbəblərdən (işçilərin səhlənkarlığı, nəzarət-kassa aparatının vaxtında quraşdırılmaması və yaxud işləməməsi və s.) hər bir pərakəndə satış üzrə çekin nəzarət-kassa aparatına vurulmaması olmuşdur. Lakin belə olduğu təqdirdə də, vergi orqanı yalnız həmin pozuntunu bilavasitə aşkar etdiyi halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilərdi. Digər tərəfdən də, vergi qanunvericiliyi vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərə vergi nəzarət forması kimi təsbit etmişdir. Həmçinin operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilər. Lakin cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, ümumilikdə 1 il 4 aylıq dövrü üzrə bəyan edilən dövriyyəsi ilə həmin dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən məbləğlərin arasında olan malların dəyəri fərqinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən maliyyə sanksiyası hesablamışdır ki, sanki operativ vergi nəzarət tədbiri deyil, səyyar vergi yoxlaması aparmışdır. Bununla da, cavabdeh inzibati orqan vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, iddiaçı tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il tarix aralığında təqdim edilmiş vergi bəyannamə məlumatlarına əsasən onun satış dövriyyəsinin yüksək olması onun topdansatış fəaliyyəti ilə də məşğul olmasına əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsinə dair xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda hüquqi əsas kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci maddəsinə istinad olunmuşdur. Həmin Məcəllənin 50.2-ci maddəsində qeyd olunan əsasların biri və ya bir neçəsi olduğu təqdirdə qərarda göstərilməli olması barədə qanunvericilikdə imperativ göstəriş yoxdur. Qeyd edilən xx.xx.2020-ci il tarixli qərara əsasən həyata keçirilmiş operativ vergi nəzarəti zamanı xx.xx.2019-xx.xx.2020-ci il tarix aralığında iddiaçı tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində 52898215 manat (ƏDV-li) təqdim edilmiş mal göstərildiyi, nəzarətkassa aparatına isə 522599,7 manat mədaxil olunduğu, bununla da 4767221,7 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edildiyi faktı aşkar olunaraq nəticəsi xx.xx.2020-ci il tarixli, seriya DVX 001053 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərara əsasən iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 476722,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********272100 nömrəli qərarı ilə qismən ləğv edilərək 302594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsində qeyd olunan dəlillər mülahizələrdən ibarətdir. İddiaçı topdansatış fəaliyyəti ilə məşğul olmadığına dair yalnız özünümüdafiə məqsədilə izahat vermişdir. Lakin həmin izahatdakı halları təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir. 2020-ci ilin sentyabr ayında sahibkarlıq fəaliyyəti həyata keçirdiyi obyektdə aparılmış xronometraj metodu ilə müşahidə zamanı orta günlük satış dövriyyəsinin 3654,71 manat olduğu müəyyən edilmişdir. Bu da, onu deməyə əsas verir ki, daha yüksək günlük dövriyyəni iddiaçı pərakəndə satış qaydasında həyata keçirə bilməzdi. Həmçinin araşdırma zamanı iddiaçının sahibkarlıq fəaliyyəti göstərməmişdən əvvəl "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və fiziki şəxs X5 agent, ekspeditor vəzifəsində işçisi kimi çalışdığı, daha sonra xx.xx.2019-cu il tarixdə vergi uçotuna alındığı, xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanda yerləşən ərzaq satışı mağazasını vergi orqanında qeydiyyata aldırdığı, xx.xx.2019-cu il tarixdə nəzarət-kassa aparatı quraşdırdığı, malları (ərzaq və qeyri-ərzaq) əsasən "xxxx" MMC-nin mallarını satan X4, "xxxx" MMC-dən, "xxxx" MMC-dən, "xxxx" QSC və digər vergi ödəyicilərindən aldığı, vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinə əsasən 1688031,08 manat malların təqdim edilməsindən gəlir əldə etdiyi, ümumi xərclərdə malın dəyərinin 1660551,02 göstərildiyi, ümumi gəlirdə malın dəyərinin xüsusi çəkisinin 98,4% təşkil etdiyi, malın üzərinə 1,6% ticarət əlavəsi qoyduğu müəyyən edilmişdir. Bütün bunlar isə bir daha iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olduğunu sübut edir. Vergi qanunvericiliyində operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququnun olmaması və ya qadağan olunması, operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanının yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan qadağan olunmayan hər bir hərəkət yolveriləndir. İddiaçının da təqsiri operativ vergi nəzarəti zamanı müəyyən edilmiş və müvafiq qərar qəbul edilmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdə olan xx.xx.2020-ci il tarixli, **********5739 nömrəli operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı (VÖEN: **********) məxsus ünvan 2-də yerləşən ərzaq satışı mağazasında malların Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin aparılması qərara alınmışdır. İşdə olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 2-də yerləşən İddiaçı məxsus ərzaq satışı mağazasında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək cari fəaliyyətin yoxlanması üzrə növbədənkənar operativ vergi nəzarətinin həyata keçirilməsinə dair məlumat xx.xx.2020-ci il tarixdə sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinə daxil edilmişdir. İşdə olan operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında xx.xx.2020-ci il tarixli, **********5743 nömrəli tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, operativ vergi nəzarətinin həyata keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması İddiaçı tələb edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, seriya DVX 000318 nömrəli malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və elektron qaimə-faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların siyahısının təsdiq edilmiş surətində qeyd edilmişdir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən özünə məxsus mağazada elektron qaiməfaktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən təqdim edilmiş malın məbləği 4767221,7 manat müəyyən olunmuşdur. İşdə olan xx.xx.2020-ci il tarixli, seriya DVX 001053 nömrəli vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında aktın təsdiq edilmiş surətində qeyd edilmişdir ki, operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı vergi ödəyicisi İddiaçı ünvan 2 ünvanında yerləşən özünə məxsus mağazada fəaliyyət göstərdiyi dövrdə təqdim etdiyi bəyannamələrə əsasən 4767221,7 manat nəzarət-kassa aparatına daxil olunmadan və elektron qaimə-faktura təqdim olunmadan satışı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə onun barəsində Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 476722,17 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunur. İşdə olan 6 saylı Ərazi Vergilər Baş İdarəsinə verilmiş xx.xx.2020-ci il tarixli izahatın surətində İddiaçı qeyd etmişdir ki, xx.xx.2019-cu ildən fəaliyyət göstərdiyi obyekt vergi orqanında qeydiyyatda olmuşdur, xx.xx.2019-cu ilə qədər ölkədə nəzarət kassa aparatı olmadığı üçün, onun rəsmi sifariş verməsinə baxmayaraq xx.xx.2019-cu ilə qədər nəzarət kassa aparatı obyektdə quraşdırılmamışdır. Sonrakı dövrlərdə də verdiyi bəyannamə ilə nəzarət kassa aparatının fiskal göstəriciləri arasındakı fərq məbləği də kassa aparatından mütəmadi istifadə etməməsi olmuşdur, bəzi hallarda elektrik enerjisi olmadığı günlərdə də nəzarət kassa aparatından istifadə edilməmiş və həmin məbləğlər sonradan kassa aparatına mədaxil edilməmişdir. Bu səbəbdən də bəyannamə göstəriciləri kassanın fiskal göstəricilərindən çox yüksəkdir. Arada olan 4767221,7 manat fərqi, yəni həmin məbləğdə olan malları pərakəndə qaydada satmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın təsdiq edilmiş surətindən görünür ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən İddiaçı 476722,17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilməsi, xx.xx.2020-ci il tarixədək 476722,17 manat məbləğin büdcəyə ödənilməsinin təmin edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********272100 nömrəli qərarının təsdiq edilmiş surətindən görünür ki, fərdi sahibkar İddiaçı keçirilmiş operativ vergi nəzarəti tədbirinin nəticəsindən Dövlət Vergi Xidmətinə verdiyi xx.xx.2020-ci il tarixli inzibati şikayətinin qismən təmin edilməsi, xx.xx.2020-ci il tarixli, DVX001053 seriyalı vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında akt əsasında 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərarın 174127,47 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi, qərarın digər hissədə, yəni 302594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli şikayətin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət edərək Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********272100 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2021-ci il tarixli, 41 nömrəli qərarının surətindən görünür ki, fiziki şəxs İddiaçı inzibati şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********272100 nömrəli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İşdə olan poçt qəbzindən görünür ki, hazırkı iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2021-ci il tarixdə poçt orqanı vasitəsilə Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. Həmin Məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron qaimə-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 24.0.2-ci maddəsinə əsasən vergi orqanları vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 50.1-ci, 50.1.3-cü və 50.1.11-50.1.13-cü maddələrinə əsasən operativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti ücün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən və həmçinin əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması; nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi; pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarına nəzarət edilməsi; malların bu Məcəllənin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların vergi ödəyicisinin bir təsərrüfat subyektindən (obyektindən) digər təsərrüfat subyektinə (obyektinə) göndərilməsi zamanı bu Məcəllənin 71-1.5.10-cu maddəsində nəzərdə tutulan növdə elektron qaimə-fakturanın tərtib edilməsinə nəzarət edilməsi üzrə məsələləri əhatə edən vergi nəzarəti formasıdır. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən operativ vergi nəzarətinin həyata keçirilməsi ücün əsaslar aşağıdakılardır: vergi orqanı tərəfindən keçirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar (maddə 50.2.1); vergi orqanlarının mənbəyi bəlli mənbələrdən əldə etdikləri məlumatlar (maddə 50.2.2); vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılması barədə vergi orqanlarının tələblərini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədikdə (maddə 50.2.3); vergi orqanlarının bu Məcəllənin 50.1-ci maddədə göstərilən məsələlər barədə qanunvericiliyin sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslər tərəfindən pozulması barədə kifayət qədər əsası olduqda (maddə 50.2.4); vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda (maddə 50.2.5) Həmin Məcəllənin 50.3-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsinə əsasən operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. Həmin Məcəllənin 50.7-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində nağd pul hesablaşmaları aparan vergi ödəyiciləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzarət-kassa aparatları vasitəsilə belə hesablaşmaları həyata keçirirlər. Həmin Məcəllənin 50-1.1-ci maddəsinə əsasən xronometraj metodu ilə müşahidə operativ vergi nəzarəti növü olmaqla istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi və dəqiqləşdirilməsi məqsədi ilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarında (ərazilərində) aşağıdakı hallarda aparılır: vergi ödəyicisinin təqdim etdiyi vergi bəyannamələrində vergi tutulan dövriyyə əvvəlki hesabat dövriyyələri ilə müqayisədə 30 faizdən çox azaldıqda, yaxud dövriyyə məbləğlərinin vergi ödəyicisinin fəaliyyəti barədə iqtisadi göstəricilərinə, işçilərinin sayına, əmtəə-material ehtiyatlarının həcminə, satış qiymətlərinə və aktivlərinin dəyərinə uyğun olmaması barədə vergi orqanında mənbəyi bəlli məlumatlar olduqda (maddə 50-1.1.1); əhali ilə pul hesablaşmalarının aparılması qaydalarının təkrar pozulması faktları aşkar olunduqda (maddə 50-1.1.2); bu Məcəllənin 15.1.13-cü maddəsinə müvafiq olaraq vergi ödəyicisi yeni xronometraj metodu ilə müşahidə keçirilməsi haqqında vergi orqanına tələb irəli sürdükdə (maddə 50-1.1.3). Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatları quraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POSterminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə: təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində; təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində; təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 1200 manat, bu Məcəllənin 218.1.2-ci maddəsində göstərilən şəxslərə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Həmin Məcəllənin 58.13-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaiməfakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Vergi qanunvericiliyinin iqtisad məhkəmələri tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” 27 noyabr 2003-cü il tarixli qərarında məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3.11-ci maddəsinə əsasən, vergilərlə bağlı işlərə baxılarkən iş üzrə aydın olmayan, vergi orqanı tərəfindən aydınlaşdırılması mümkün olmayan məqamlar, vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan halları, habelə vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. İşin faktiki hallarından görünür ki, İddiaçı (VÖEN: **********) fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı” olan vergi ödəyicisidir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2020-ci il tarixli qərarla iddiaçıya məxsus ünvan 2-də yerləşən ərzaq satışı mağazasında malların Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi məsələləri üzrə xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarətinin aparılması qərara alınmışdır. Operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı iddiaçının sözügedən mağazada fəaliyyət göstərdiyi dövrdə təqdim etdiyi bəyannamələrə əsasən 4767221,7 manat nəzarət-kassa aparatına daxil olunmadan və elektron qaimə-faktura təqdim olunmadan satışının müəyyən olunmasına dair tərtib olunmuş xx.xx.2020-ci il tarixli, seriya DVX 001053 nömrəli akt əsasında iddiaçı barəsində xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarla elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə görə iddiaçı Azərbaycan Respubklikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 476722,17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. İddiaçının şikayətinə əsasən cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərarı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********272100 nömrəli qərarı ilə 174127,47 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilmiş, digər hissədə, yəni 302594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində isə dəyişdirilmədən saxlanılmışdır. İddiaçı əvvəlcə cavabdehlər Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə və Dövlət Vergi Xidmətinə qarşı iddia qaldıraraq xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın və xx.xx.2021-ci il tarixli, **********272100 nömrəli inzibati şikayətin qismən təmin edilməsi haqqında qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın 302594,7 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(120)-1414/2021 nömrəli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəməninin icraatına qəbul edilmişdir. İşə apellyasiya qaydasında baxılarkən iddiaçının nümayəndəsi vəsatət verərək iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin texniki səbəbdən imzalanmamış olsa da, iddiaçı tərəfindən verildiyini, hazırda da iddiaçının həmin ərizəni müdafiə etdiyini bildirdi. Məhkəmə kollegiyası İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın 302594,7 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməsi barədə iddia tələbi üzrə inzibati işə baxılmasının davam etdirilməsini qərara aldı. Həmçinin məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərarının mübahisələndirilməsinə münasibətdə iddia müddəti ötürülməmişdir. Belə ki, iddiaçı tərəfindən sözügedən xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərardan xx.xx.2020-ci il tarixdə yuxarı inzibati orqana, yəni Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə verilmiş inzibati şikayətə əsasən həmin inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********272100 nömrəli qərarı ilə cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərarı qismən ləğv edilərək 302594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Həmin qərardan xx.xx.2021-ci il tarixdə verilmiş inzibati şikayəti Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasının xx.xx.2021-ci il tarixli, 41 nömrəli qərarı ilə təmin edilməmiş iddiaçı xx.xx.2021-ci il tarixdə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının nümayəndəsi qeyd edir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyət növü “İxtisaslaşdırılmış mağazalarda digər ərzaq məhsullarının pərakəndə satışı”ndan ibarət olmuşdur. İddiaçının təsərrüfat subyekti “Ərzaq satışı mağazası” kimi vergi orqanında qeydiyyatdan keçmişdir. İddiaçı topdansatış fəaliyyəti ilə, ümumiyyətlə, məşğul olmamış və bununla bağlı vergi orqanında hər hansı topdansatış təsərrüfat subyekti kimi qeydiyyatdan keçməmişdir. Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarına əsasən iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsinə dair qərar qəbul edilmişdir. Lakin həmin qərarda hansı qanuni əsasla iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsi göstərilməmişdir. Həmin qərara əsasən keçirilmiş operativ vergi nəzarəti zamanı cavabdeh inzibati orqanın əməkdaşları xx.xx.2019-xx.xx.2020-ci il dövrü ərzində iddiaçı tərəfindən təqdim edilmiş bəyannamələrdə göstərilmiş satış dövriyyəsi ilə nəzarət-kassa aparatına vurulmuş məbləğ arasında 4767221,7 manat məbləğində fərq müəyyən etmiş və həmin məbləğ dəyərindəki malların elektron qaimə-faktura olmadan topdansatış qaydasında təqdim edildiyi qənaətinə gəlmişdir. Bu barədə tərtib edilmiş xx.xx.2020-ci il tarixli, seriya DVX 001053 nömrəli akt əsasında cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərarla iddiaçı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 476722,17 manat məbləğində vergi məsuliyyətinə cəlb edilmişdir. Həmin qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********272100 nömrəli qərarı ilə qismən ləğv edilərək 302594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddiaçı operativ vergi nəzarət tədbiri zamanı tərəfindən təqdim edilmiş bəyannamələrdə göstərilmiş satış dövriyyəsi ilə nəzarət-kassa aparatına vurulmuş məbləğ arasındakı fərqin yaranması səbəbinin yeni kassa aparatının gec quraşdırıldığı, tez-tez işıqların söndüyü üçün kassa aparatının işləmədiyi, pərakəndə qaydada satdığı mallara görə işçilərin səhlənkarlığı səbəbindən bir çox hallarda nəzarət-kassa aparatına çeklərin vurulmasını unutduğu ilə bağlı olmasına dair izahat vermişdir. Lakin cavabdeh inzibati orqan iddiaçı tərəfindən sözügedən fərq məbləği dəyərindəki malların elektron qaiməfaktura olmadan topdansatış qaydasında təqdim edildiyini təsdiq edən yetərli sübut və dəlilləri əldə etmədən yalnız sübuta yetirilməyən ehtimallara əsaslanaraq operativ vergi nəzarət tədbirinin nəticəsi üzrə akt və məsuliyyət qərarı tərtib etmişdir ki, bu da öz növbəsində iddiaçının qanunla qorunan hüquq və mənafelərinə toxunması halının yaranmasına səbəb olmuşdur. Qanunvericiliyə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməli deyildir, həmin vəzifə vergi qanunvericiliyinin tələblərinə əsasən, bir qayda olaraq, vergi orqanının üzərinə düşür. Başqa sözlə desək, əgər cavabdeh inzibati orqan satılmış malların məhz topdansatış qaydasında sahibkarlıq məqsədləri üçün satıldığını (alan şəxslərdən izahat almaqla və ya digər tutarlı sübutlarla) sübut edə bilsəydi, bu təqdirdə iddiaçı da həmin malların məhz son istehlak üçün satıldığını sübut etməyə çalışardı və bununla bağlı müvafiq sübutları cavabdeh inzibati orqana təqdim edərdi. Qanunvericiliyə əsasən malların satışının topdansatışa və ya pərakəndə satışa aid edilməsi üçün meyar kimi həmin malların sayı və ya həcmi deyil, malları alan şəxsin məqsədləri dəqiq müəyyən edilməlidir. Lakin operativ vergi nəzarət tədbirini keçirən cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.2019-xx.xx.2020-ci il dövrü ərzində olan bəyannamələrdə göstərilmiş satış dövriyyəsi ilə nəzarət-kassa aparatına vurulmuş məbləğ arasında olan fərqin hamısı heç bir qanuni əsas olmadan və araşdırma aparılmadan topdansatış kimi qəbul edilmiş, satılmış malların alış məqsədləri isə, ümumiyyətlə, müəyyən edilməmiş, bununla bağlı qanunamüvafiq tədbirlər görülməmişdir. Bundan başqa iddiaçı tərəfindən törədilən pozuntu müəyyən səbəblərdən (işçilərin səhlənkarlığı, nəzarət-kassa aparatının vaxtında quraşdırılmaması və yaxud işləməməsi və s.) hər bir pərakəndə satış üzrə çekin nəzarət-kassa aparatına vurulmaması olmuşdur. Lakin belə olduğu təqdirdə də, vergi orqanı yalnız həmin pozuntunu bilavasitə aşkar etdiyi halda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-ci maddəsinə əsasən təqvim ili ərzində birinci dəfə 1000 manat, ikinci dəfə 3000, üçüncü dəfə isə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edə bilərdi. Digər tərəfdən də, vergi qanunvericiliyi vergi sahəsində yoxlama adı altında kameral və səyyar vergi yoxlamalarını müəyyən etmiş, operativ vergi nəzarət tədbirini isə yoxlama kimi deyil, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1-ci maddəsində nəzərdə tutulmuş məsələlərə vergi nəzarət forması kimi təsbit etmişdir. Həmçinin operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququ vergi qanunvericiliyi ilə nəzərdə tutulmamışdır. Operativ vergi nəzarət tədbiri zamanı vergi orqanı yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilər. Lakin cavabdeh inzibati orqan qanunvericiliyin tələblərinə zidd olaraq və maddi hüquq normalarını düzgün tətbiq etməyərək iddiaçının fəaliyyət göstərdiyi təsərrüfat obyektində keçirtdiyi operativ vergi nəzarət tədbiri zamanı sonuncunun xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, ümumilikdə 1 il 4 aylıq dövrü üzrə bəyan edilən dövriyyəsi ilə həmin dövr ərzində nəzarət-kassa aparatına mədaxil edilən məbləğlərin arasında olan malların dəyəri fərqinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13cü maddəsinə əsasən maliyyə sanksiyası hesablamışdır ki, sanki operativ vergi nəzarət tədbiri deyil, səyyar vergi yoxlaması aparmışdır. Bununla da, cavabdeh inzibati orqan vergi qanunvericiliyinin tələblərini kobud surətdə pozmuşdur. Cavabdeh inzibati orqanın nümayəndəsi isə qeyd edir ki, iddiaçı tərəfindən xx.xx.2019-xx.xx.2020-ci il tarix aralığında təqdim edilmiş vergi bəyannamə məlumatlarına əsasən onun satış dövriyyəsinin yüksək olması onun topdansatış fəaliyyəti ilə də məşğul olmasına əsaslı şübhələr yaratmışdır. Bu səbəbdən iddiaçıya münasibətdə operativ vergi nəzarətinin həyata keçirilməsinə dair xx.xx.2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarda hüquqi əsas kimi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50-ci maddəsinə istinad olunmuşdur. Həmin Məcəllənin 50.2-ci maddəsində qeyd olunan əsasların biri və ya bir neçəsi olduğu təqdirdə qərarda göstərilməli olması barədə qanunvericilikdə imperativ göstəriş yoxdur. Qeyd edilən xx.xx.2020-ci il tarixli qərara əsasən həyata keçirilmiş operativ vergi nəzarəti zamanı xx.xx.2019-xx.xx.2020-ci il tarix aralığında iddiaçı tərəfindən təqdim olunmuş ƏDV bəyannamələrində 52898215 manat (ƏDV-li) təqdim edilmiş mal göstərildiyi, nəzarət-kassa aparatına isə 522599,7 manat mədaxil olunduğu, bununla da 4767221,7 manat dəyərində malların elektron qaimə-faktura verilmədən təqdim edildiyi faktı aşkar olunaraq nəticəsi xx.xx.2020-ci il tarixli, seriya DVX 001053 nömrəli aktla rəsmiləşdirilmişdir. Həmin akt əsasında qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli qərara əsasən iddiaçıya Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 476722,17 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Həmin qərar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xx.xx.2021-ci il tarixli, **********272100 nömrəli qərarı ilə qismən ləğv edilərək 302594,7 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. İddia ərizəsində qeyd olunan dəlillər mülahizələrdən ibarətdir. İddiaçı topdansatış fəaliyyəti ilə məşğul olmadığına dair yalnız özünümüdafiə məqsədilə izahat vermişdir. Lakin həmin izahatdakı halları təsdiq edən heç bir sübut iş materiallarında mövcud deyildir. 2020-ci ilin sentyabr ayında sahibkarlıq fəaliyyəti həyata keçirdiyi obyektdə aparılmış xronometraj metodu ilə müşahidə zamanı orta günlük satış dövriyyəsinin 3654,71 manat olduğu müəyyən edilmişdir. Bu da, onu deməyə əsas verir ki, daha yüksək günlük dövriyyəni iddiaçı pərakəndə satış qaydasında həyata keçirə bilməzdi. Həmçinin araşdırma zamanı iddiaçının sahibkarlıq fəaliyyəti göstərməmişdən əvvəl "xxxx" MMC-nin, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və fiziki şəxs X5 agent, ekspeditor vəzifəsində işçisi kimi çalışdığı, daha sonra xx.xx.2019-cu il tarixdə vergi uçotuna alındığı, xx.xx.2019-cu il tarixdə ünvan 2 ünvanda yerləşən ərzaq satışı mağazasını vergi orqanında qeydiyyata aldırdığı, xx.xx.2019-cu il tarixdə nəzarət-kassa aparatı quraşdırdığı, malları (ərzaq və qeyri-ərzaq) əsasən "xxxx" MMC-nin mallarını satan X4, "xxxx" MMC-dən, "xxxx" MMC-dən, "xxxx" QSC və digər vergi ödəyicilərindən aldığı, vergi ödəyicisi tərəfindən 2019-cu il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsinə əsasən 1688031,08 manat malların təqdim edilməsindən gəlir əldə etdiyi, ümumi xərclərdə malın dəyərinin 1660551,02 göstərildiyi, ümumi gəlirdə malın dəyərinin xüsusi çəkisinin 98,4% təşkil etdiyi, malın üzərinə 1,6% ticarət əlavəsi qoyduğu müəyyən edilmişdir. Bütün bunlar isə bir daha iddiaçının topdansatış fəaliyyəti ilə məşğul olduğunu sübut edir. Vergi qanunvericiliyində operativ vergi nəzarət tədbiri zamanı vergi orqanının əvvəlki dövrlərə görə maliyyə sanksiyasını hesablamaq hüququnun olmaması və ya qadağan olunması, operativ vergi nəzarəti tədbiri zamanı vergi orqanının yalnız həmin anda vergi ödəyicisi barəsində keçirtdiyi nəzarət tədbiri çərçivəsində aşkar etdiyi qanun pozuntusuna görə maliyyə sanksiyası tətbiq edə bilməsi nəzərdə tutulmamışdır. Bu baxımdan qadağan olunmayan hər bir hərəkət yolveriləndir. İddiaçının da təqsiri operativ vergi nəzarəti zamanı müəyyən edilmiş və müvafiq qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.2-ci maddəsində operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarının dəqiq siyahısı təsbit edilmişdir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli qərarında operativ vergi nəzarətinin həyata keçirilməsi əsaslarından hər hansı birinə istinad edilməmişdir. Sözügedən qərarda ümumi şəkildə müvafiq maddəyə istinad edilməsi hüquqi müəyyənlik prinsipi baxımından yetərli sayıla bilməz. Belə ki, hüquqi müəyyənlik prinsipinə əsasən cavabdeh inzibati orqan istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə operativ vergi nəzarətinin həyata keçirilməsini zəruri edən şərtlərin mövcudluğunu öz qərarında əsaslandırmağa borcludur. Bu, həm də sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Qeyd edilən hal cavabdeh inzibati orqan tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.3-cü maddəsinin birinci cümləsindən və “İnzibati icraat haqqında” Qanunun 61-ci maddəsinin tələblərindən irəli gələn əsaslandırma öhdəliyinin pozulması kimi qiymətləndirilməlidir. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən operativ vergi nəzarəti Azərbaycan Respublikası Vergi Məcəlləsinin 50.1.1-50.1.14-cü maddələrində əks olunmuş hallara vergi ödəyicisi tərəfindən tədbir anında riayət edilib-edilməməsini yoxlamaq məqsədilə həyata keçirilən nəzarət tədbiridir. Qanunverici operativ vergi nəzarəti tədbirini bu özünəməxsus cəhəti ilə kameral və səyyar vergi yoxlamalarından fərqləndirmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 36.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Həmin Məcəllənin 83.3-cü maddəsinə əsasən vergi orqanının səyyar və kameral (bu Məcəllənin 37.2-ci maddəsində göstərilən hal üzrə kameral vergi yoxlaması ilə hesablama istisna olmaqla) vergi yoxlamasının nəticələrinə görə hesablanmış vergiləri, faizləri və maliyyə sanksiyalarını bu Məcəllənin 85.4-cü maddəsinə müvafiq olaraq yenidən hesablamaq hüququ vardır. Həmin Məcəllənin 56.1-ci maddəsinin ikinci cümləsində göstərilmişdir ki, bu maddə ilə müəyyən edilən müddət bu Məcəllənin 49.1-ci maddəsinə uyğun olaraq məsuliyyətə cəlb edilməsi barədə qərarın qəbul edilmə tarixindən asılı olmayaraq səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki müvafiq dövrü əhatə edir. Məlumdur ki, səyyar vergi yoxlaması ilə yanaşı operativ vergi nəzarəti tədbirinin nəticəsi üzrə qərarlar da Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.1-ci maddəsinə uyğun olaraq qəbul edilir. Həmin Məcəllənin 56.1-ci maddəsi isə həmin normanın əvvəlki müvafiq dövrə aid edilməsini yalnız səyyar vergi yoxlaması ilə əlaqələndirmişdir. Göründüyü kimi, Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən vergi ödəyicisinin əvvəlki fəaliyyət dövrünün yoxlanılması yalnız səyyar vergi yoxlaması ilə, cari (faktiki) fəaliyyəti isə operativ vergi nəzarəti tədbiri ilə həyata keçirilir. Hazırkı iş üzrə cavabdeh inzibati orqanın keçirdiyi operativ yoxlamanın müddəti xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək (xx.xx.2020-ci il tarixi daxil olmaqla) müddəti əhatə etsə də, nəzarət tədbiri zamanı tədbirin keçirildiyi anda deyil, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə aparılmış əməliyyatlar əsasında iddiaçıya maliyyə sanksiyası hesablanmışdır. Başqa sözlə, vergi orqanı operativ vergi nəzarətinin faktiki həyata keçirilmədiyi dövr üzrə baş tutmuş əməliyyatlara görə iddiaçıya maliyyə sanksiyası tətbiq etmişdir. Beləliklə, cavabdeh inzibati orqan iddaçının cari fəaliyyətini deyil, əvvəlki dövr üzrə fəaliyyətini operativ vergi nəzarəti tədbiri ilə əhatə etməklə faktiki olaraq səyyar vergi yoxlaması aparmış, bununla da vergi qanunvericiliyinin tələblərini pozmuşdur. Qeyd edilənlərdən əlavə cavabdeh inzibati orqan həmçinin lazımi qaydada araşdırma aparılmadan iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə bəyannamələrdə göstərilmiş satış dövriyyəsi ilə nəzarət-kassa aparatına vurulmuş məbləğ arasında olan fərq dəyərində malları topdansatış qaydasında təqdim etmiş olması qərarına gəlmişdir. Halbuki vergi orqanı inzibati orqan kimi inzibati icraat apararkən “İnzibati icraat haqqında” Qanunun müddəalarını nəzərə almalıdır. Belə ki, inzibati orqan kimi vergi orqanı inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur, maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz, işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir və təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmçinin Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə bəyannamələrdə göstərilmiş satış dövriyyəsi ilə nəzarət-kassa aparatına vurulmuş məbləğ arasında olan fərq dəyərində malları topdansatış qaydasında deyil, pərakəndə satış qaydasında təqdim etdiyini qeyd edir. Fərqin yaranmasının səbəblərinə dair də operativ vergi nəzarətinin hayata keçirilməsi zamanı yazılı izahat vermişdir. Belə olan halda, iddiaçı tərəfindən sözügedən dövrdə qeyd edilən fərq dəyərində malların topdansatış qaydasında təqdim edilməsini sübut etmək cavabdeh inzibati orqanın üzərinə düşür. Cavabdeh inzibati orqan isə iddiaçı tərəfindən sözügedən dövrdə qeyd edilən fərq dəyərində malların topdansatış qaydasında təqdim edilməsini təsdiq edəcək hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Eyni zamanda cavabdeh inzibati orqan iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində topdansatış müəssisələri üzrə satıcı, ekspeditor, satıcı-reklam vəzifələrinə cəlb olunmuş işçilərinin olduğunu qeyd etsə də, bununla bağlı da məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilmir. Həmçinin cavabdeh inzibati orqan qeyd edir ki, iddiaçının 2020-ci ilin 8 ayı ərzində 1 çek üzrə mal satışı 1157,4 manat olmuşdur. Həmçinin 2020-ci ilin sentyabr ayında sahibkarlıq fəaliyyəti həyata keçirdiyi obyektdə aparılmış xronometraj metodu ilə müşahidə zamanı orta günlük satış dövriyyəsinin 3654,71 manat olduğu müəyyən edilmişdir. Bu da, onu deməyə əsas verir ki, daha yüksək günlük dövriyyəni iddiaçı pərakəndə satış qaydasında həyata keçirə bilməzdi. Eyni zamanda, araşdırma zamanı iddiaçının sahibkarlıq fəaliyyəti göstərməmişdən əvvəl müxtəlif sahibkarlıq müsəssisələrində agent, ekspeditor vəzifəsində işçi kimi çalışdığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, vergi qanunvericiliyində pərakəndə və topdansatış ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi nəzərdə tutulmamışdır və bu səbəbdən pərakəndə ticarət fəaliyyətini həyata keçirən vergi ödəyicisi kimi qeydiyyatda olan iddiaçının günlük satış dövriyyəsinin yüksək olması, eləcə də əvvəllər agent, ekspeditor vəzifəsində işçi kimi çalışmış olması özlüyündə onun topdansatış ticarət fəaliyyəti ilə məşğul olması qənaətinə gəlməyə əsas vermir. Bunlar sadəcə cavabdeh inzibati orqanın şübhə və ehtimallarıdır. Həmin halları da təsdiq edəcək hər hansı mötəbər sübutu cavabdeh inzibati orqan məhkəməyə təqdim etməmişdir. Həmçinin 2020-ci ilin sentyabr ayında iddiaçıya məxsus sözügedən ərzaq satışı mağazasında xronometraj metodu ilə müşahidə aparmış cavabdeh inzibati orqan həmin müddətdə iddiaçının topdansatış ticarət fəaliyyəti ilə məşğul olmasını müəyyən etməmiş, yəni bu barədə də məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Qanunvericiliyə əsasən vergi orqanları vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin tələblərinin pozulduğunu iddia edirsə, konkret dəlillərə əsaslanmalı, ehtimal və şübhələrə istinad etməməlidir. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Beləliklə, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-206/2022 nömrəli qərarı ləğv edilməli, İddiaçı iddia tələbi təmin edilməli, cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020-ci il tarixli, **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı 302594,7 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 05 iyul 2022-ci il tarixli, 2-1(120)-206/2022 nömrəli qərarı ləğv edilsin. İddiaçı iddia tələbi təmin edilsin. Cavabdeh Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2020ci il tarixli, **********0686 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarı 302594,7 manat maliyyə sanksiyası tətbiq edilməsi hissəsində ləğv edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2-1(106)-202/2022
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-202/2022
02.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver