Məhkəmə qərarları › İş №2-1(106)-202/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-202/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-202/2024 13.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı, cavabdehin nümayəndəsi Bağırov Rahib Rəcəb oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(120)-1829/2023 nömrəli qərardadından İddiaçı Cavabdehnə qarşı əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi və 300 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022ci il tarixli, 74 saylı əmrin ləğv edilməsi, Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçi vəzifəsinə işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün ödənilməmiş əmək haqqının ödənilməsi və 300 manat hüquqi xidmət xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 15 noyabr 2023-cü il tarixli, 2- 1(120)-1829/2023 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı mübahisələndirilən əmrdən qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə şikayət verməmiş, bununla da qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. İddiaçı müddətin buraxılmasına səbəb olmuş halları iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi xəstə olması və ambulator müalicə alması ilə əlaqələndirsə də, məhkəmə həmin əsasları ərizənin bərpası üçün yetərli əsas hesab etmir. Belə ki, inzibati prosessual qanunvericiliyin müddətin bərpası əsası ilə bağlı tələbi aşkardır. Tələb təqsirin olmaması ilə bağlıdır ki, iddiaçının ərizəsində qeyd etdiyi təqsirlə bağlı vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun əmək müqaviləsinə Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 74 saylı əmri ilə xitam verilərək, Fizuli Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsindən azad edilmişdir. Həmin əmrdə əsas kimi Dövlət qulluğu haqqında AR qanunun 18.0.9-cu, 20.1.2-ci, 25.2.6-cı maddələri, Dövlət qulluqçularının etik davranış qaydaları haqqında AR qanunun 6.2-ci, 6.4-cü maddələri, Korrupsiyaya qarşı mübarizə haqqında AR qanunun 9.3.1-ci maddələri göstərilib. Lakin həmin əmrin surəti hələ də ona rəsmi qaydada verilməmişdir. Onunla birlikdə qeyri-rəsmi yollar ilə həmin əmrin kserosurəti ilə xx.xx.2022-ci il tarixində tanış olmaq imkanını əldə edə bilmişdir. xx.xx.2022-ci il tarixindən neyroloji problemlər səbəbi ilə xəstə yatır və amblator müalicə alır. Həmin əmr qanunvericiliyin maddi və prosessual imperativ normalarına zidd olduğu üçün ləğv edilməli, öz işinə bərpa olunmalıdır. Əmrdə göstərilir ki, “qulluq keçdiyi orqan rəhbərinin icazəsi olmadan başqa ödənişli fəaliyyət ilə məşğul olduğuna görə” işdən azad edilmişdir. Fizuli Rayon İcra Hakimiyyəti başçısının və digər rəhbər şəxslərə yaxşı məlumdur ki, əvvəlki icra başçısının şifahi təklifi, hətta xahişi əsasında Fizuli rayon 1 saylı Peşə Məktəbinin mühasibatlıq işlərini kənardan icra edib və bunu icra edərkən də Cavabdeh başçılığında olan işinin ahəngini pozmayıb. Onun işdən azad edilməsi qanunsuzdur. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, 74 saylı əmri iddiaçıya icra hakimiyyətinin əməkdaşı Bayram Niftəliyev tərəfindən təqdim edilmişdir. İddiaçı eyni vaxtda iki vəzifədə, yəni Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi 1 saylı Peşə məktəbində mühasib vəzifəsində də işləmişdir ki, bu da “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun və “Korrupsiyaya qarşı mübarizə haqqında’’ Azərbaycan Respublikası Qanununun tələblərinə zidd hesab edilir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətini müdafiə etdiyini bildirmiş, həmçinin məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 2022-ci ilin sentyabr ayında müalicəyə getməklə bağlı icazə almaq üçün RİHB-nın qəbulunda olmuş, həmin vaxt işdən azad edilməsini bilməmiş, lakin oktyabr ayında RİH-nin əməkdaşı Bayram adlı şəxs RİHnin binasında əmək kitabçasını ona təhvil vermişdir. İşdən azad edilməsi barədə əmrin surətini isə 20-25 gün sonra həmin şəxs ona təqdim etmişdir. Cavabdehin nümayəndəsi Bağırov Rahib Rəcəb oğlu apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və bildirmişdir ki, müddətin axımı əmək kitabçasının iddiaçıya təqdim edildiyi vaxtdan başlamışdır, iddiaçı isə qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Cavabdeh başçısının xx.xx.2022-ci il tarixli, 74 saylı əmrinin surətindən görünür ki, qulluq keçdiyi dövlət orqanı rəhbərinin icazəsi olmadan başqa ödənişli fəaliyyətlə məşğul olduğuna, əlavə gəlirlərinin mənbəyini, növünü və məbləğini göstərmədiyinə görə Cavabdeh başçısr Aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi İddiaçı tutduğu vəzifədən azad edilsin, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. -Azərbaycan Respublikası Elmi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi 1 nömrəli Füzuli Peşə Məktəbinin xx.xx.2022-ci il tarixli, 22 nömrəli məktunda bildirilir ki, İddiaçı 1988-ci ildən 1 nömrəli Füzuli Peşə Məktəbində tutduğu Baş Mühasib vəzifəsindən xx.xx.2009-cu il tarixli, 97 nömrəli əmrə əsasən başqa işə keçməsi ilə əlaqədar olaraq dərs saatları saxlanılmaqla öz ərizəsi ilə baş mühasib vəzifəsindən azad olunub. 5 yanvar 2010-cu il tarixli, 99 nömrəli əmrə əsasən ona məktəbin bütün bankmaliyyə işlərini əvvəlki qaydada davam etdirməklə həvala olunmuşdur. Hal-hazırda məktəbdə olan 2018-2019, 2019-2020-ci illərin tarifləşmə cədvəllərinə əsasən Mehdiyev Ələddin məktəbdə müəllim kimi tarifikasiya cədvəli üzrə dərs saatları aparmaqla, eyni zamanda məktəbin baş mühasibi vəzifəsini icra etmişdir. Əmək haqqı cədvəllərində baş mühasib kimi adı qeyd olunaraq 2022-ci il iyun ayına qədər həmin vəzifəni icra etmişdir. Bu barədə heç bir əmək müqaviləsi və elektron hökümət portalında qeydiyyat olmamışdır. 28 iyun 2022-ci il tarixdən 1 nömrəli Füzuli Peşə Məktəbindən baş mühasib vəzifəsindən öz ərizəsi əsasında 40 nömrəli əmrlə azad edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, ********* nömrəli məktubunda bildirilir ki, Baş İdarənin İstintaq idarəsində Azərbaycan Respublikası CM-in 179.3.2, 308 2 və 313-cü maddələri ilə istintaqı aparılmış, işi üzrə Vəliyev Oqtay Kamal oğlu təqsirləndirilən şəxs qismində cəlb edilib ona həmin Məcəllənin 179.3.2, 308.2 və 313-cü maddələri ittiham elan edilməklə cinayət işi yekun ittiham aktı ilə birlikdə baxılması üçün 28 fevral 2023-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Qeyd edilən cinayət işı üzrə 1 nömrəli Füzuli peşə məktəbində bank və maliyyə işləri həvalə olunmuş İddiaçı əməlində cinayət tərkibi müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmçinin həmin qərarın 16.6-cı bəndində qeyd edilmişdir ki, iddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. -73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. -73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. -73.3-cü maddəsinə əsasən inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. İddia müddətlərinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, bu hüquq institutu hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-stabilliyin aradan qaldırılmasına xidmət edir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin üzrlü səbəb olmadan buraxıldığı halda inzibati məhkəmə icraatında iddianın mümkünsüzlüyü kimi hüquqi nəticə nəzərdə tutulmuşdur. İşin faktiki hallarından görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixli, 74 saylı əmrlə xitam verilərək, Fizuli Rayon İcra Hakimiyyətinin başçısı Aparatının Memarlıq və Tikinti şöbəsinin aparıcı məsləhətçisi vəzifəsindən azad edilmişdir. Hazırki iddia ərizəsini isə məhkəməyə göndərilməsi üçün poçt xidmətinə xx.xx.2023-cü il tarixdə təqdim etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı həm iddia ərizəsində, həm də apellyasiya şikayətində qanunla müəyyən edilmiş müddət ərzində şikayət verə bilməməsini qeyd olunan əmrin surətinin və əmək kitabçasının ona təqdim edilməməsi ilə əsaslandırsa da birinci instansiya məhkəməsinin 04 aprel 2023-cü il tarixli iclasında bildirmişdir ki, 2022-ci ilin sentyabr ayında Fizuli Rayon İcra Hakimiyyətinin əməkdaşı Bayram adlı şəxslə birlikdə icra hakimiyyəti başçısının qəbulunda olmuş, oktyabr ayında isə əmək kitabçası ona təqdim edilmişdir. İddiaçı hazırki məhkəmə iclasında da eyni məzmunlu izahat verərək, əmək kitabçasının ona 2022-ci ilin oktyabr ayında təqdim edildiyini bir daha təsdiq etmişdir. Qeyd olunan hal onu deməyə əsas verir ki, iddiaçı onunla əmək-hüquq münasibətlərinə xitam verildiyini xitam verildiyi gündən bir neçə gün sonra bilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə müvafiq inzibati aktın məhkəmə müstəvisində mübahisələndirilməsinə cəhd etməmişdir. Bununla yanaşı qeyd olunur ki, iddiaçı müvafiq əmrin surətinin ona təqdim edilmədiyi halda həmin sənədin ona verilməsi ilə bağlı cavabdeh orqana müraciət etməmişdir ki, bu hal da bir daha onun mübahisələndirilən aktdan şikayət vermə müddətinin ötürülməsinin qarşısını almağa cəhd etmədiyini deməyə əsas verir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının ambulator müalicədə olması səbəbindən müddətin ötürməsinə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməməsi barədə dəlilinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi öz qərardadında haqlı olaraq qeyd etmişdir ki, iddiaçının ambulator müalicədə olması onun sərbəst hərəkət edə bilməsi baxımından iş yerinə getməsinə, rəsmi qaydada işdən icazə almasına, müvafiq məlumatların təqdim edilməsinə və qanunla müəyyən edilmiş müddətdə şikayət verməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu qənaəti ilə razılaşır, eyni zamanda qeyd edir ki, tibb müəssisəsinin müvafiq arayışında iddiaçının xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ambulator müalicə alması qeyd olunsa da iddiaçı öz izahatında sentyabr və oktyabr aylarında RİH-nin binasında olmasını bildirməsi onun xəstə olması səbəbindən məhkəmədə iddia qaldırmaq imkanının olmaması barədə dəlilinin inandırıcı olmaması qənaətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 15 noyabr 2023-cü il tarixli, 2-1(120)-1829/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar