Məhkəmə qərarları › İş №2-1(106)-203/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-203/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-203/2024 05.03.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Allahyarov Zaur Mirzağa oğlundan ibarət tərkibdə, Rəsulzadə Nicat Əjdər oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsinin cavabdeh X3 qarşı «siyahıya alınmış əmlakın satılması» tələbinə dair Şirvan İnzibati Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli, 2- 1(120)-2881/2023 saylı qərarından iddiaçı tərəfindən verilən apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 819,63 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış («VAZ 2102» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi) əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsilə satılması barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vergi ödəyicisi X6 Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun Dövlət Sosial Müdafiə Fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi məqsədilə cavabdehə bildiriş verilmişdir. Lakin cavabdeh tərəfindən borc məbləğinin ödənilməsi təmin edilməmişdir. Borc məbləğinin ödənilməsinin təmin edilməsi məqsədi ilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən öhdəliyin yerinə yetirilməsi üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar çıxarılmışdır. Qərar əsasında cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 819,69 manat borcuna görə 15000 manat dəyərində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli **********7 saylı protokollar tərtib edilmişdir. Siyahıya alınmış əmlakın siyahısı protokollara əlavə edilmişdir.Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc məbləği ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubları göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 819,63 manat məbləğində ödənilməmiş borcu qalmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 03 sentyabr 2023-ci il tarixli, e- 2-1(120)-2881/2023 saylı qərаrı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: X2 (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 819,63 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə vergi orqanı tərəfindən 15000 manat məbləğində əmlakı siyahıya alınmışdır. Cavabdehin mülkiyyətində olan 15000 manat məbləğində əmlak olan 30BX359 qeydiyyat nömrəli “Chevrolet Cruze” avtomobili satılması barədə qərar qəbul edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-1(120)-2881/2023 nömrəli qərarı ilə iddiaçının iddia tələbi rədd edilmişdir. Məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçı tərəfindən təqdim edilmiş siyahıya alınmış əmlak olan 30BC226 qeydiyyat nömrəli “Vaz 2102” markalı avtomobil məhkəmə sorğusuna əsasən Bakı Dövlət Yol Polisi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş 3- 13- 16/2115108/2023 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubundan müəyyən olunur ki, xx.xx.2013-cüil tarixdə X2 adına qeydiyyata alınmış, xx.xx.2017- ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılmış və X4 adına rəsmiləşdirilmişdir. Sözügedən əmlakın cavabdehin mülkiyyətində olmadığını, cavabdehin mülkiyyətində olmayan əmlakın siyahıya alınması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti vasitəsi ilə satılması qanunaziddir. Belə ki, məhkəmə əmlakın cavabdehin mülkiyyətində olmadığını, cavabdehin mülkiyyətində olmayan əmlakın siyahıya alınması və satılmasını iddiaçının tələb etməkdə haqlı olmadığını əsas göstərərək iddianı rədd edilməsi barədə qərar qəbul etmişdir. Qeyd olunanlar nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməsi, Şirvan İnzibati Məhkəməsinin 03 sentyabr 2023-ci il tarixli, e-2-1(120)-2881/2023 saylı qərаrının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-203/2024 saylı, 07 yanvar 2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadını bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsədə məhkəmə iclasında iştirak etmirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası məhkəmə baxışı iclasının davam etdirilməsini mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi və ona əsasə olmuş səbəblər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, işin faktiki hallarını, sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli tədqiq olunmamışdır. Ona görə də apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 03 sentyabr 2023-ci il tarixli, e-2-1(120)-2881/2023 saylı qərаrı ləğv edilməli, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, birinci instansiyası məhkəməsi iddianı rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı inzibati orqan cavabdeh tərəfindən artıq satılmış, başqa şəxsə məxsus əmlak-»VAZ 2102» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini siyahıya almışdır ki, bu da digər üçüncü şəxsin mülkiyyət hüquqlarına məhdudiyyət yaratmış və maraqlarına toxunmuşdur. Bundan əlavə olaraq iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi X2 Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcunun ödənilməsini təmin etmək üçün cavabdehə məxsus əmlakın siyahıya alınmasını həyata keçirərkən qanunvericiliyin tələb etdiyi ardıcıllığa tam riayət olunmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, cavabdeh X2 xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 819,63 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat məbləğində siyahıya alınmış «VAZ 2102» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin satılması üçün heç bir hüquqi əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, məhkəmə proses iştirakçılarının ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Obyektiv araşdırma prinsipinin mahiyyətinə görə, iş üzrə araşdırmanın həcmi, konkret işin hallarından asılı olaraq, hər bir halda məhkəmə tərəfindən xidməti mövqeyinə görə müəyyən olunmalı, iş üzrə düzgün qərarın qəbul edilməsi məqsədlərinə xidmət etməli və bunun üçün yetərli olmalıdır. Bu baxımdan hazırkı mübahisəyə münasibətdə məhkəmə işə aid halların və faktların hərtərəfli tədqiq olunmasına yönəlmiş, obyektiv qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparılmasını təmin etməli idi. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən məqsədlərə cavab verən, iş üzrə mövcud ziddiyyətli məqamların aradan qaldırılmasını təmin edən və xüsusilə də şübhələri susmağa məcbur edən həcmdə araşdırma aparılmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının ləğvini və işin təkrar baxılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. İşə əlavə edilən sənədlərdən görünür ki, yaranmış borcun ödənilməsi cavabdeh tərəfindən təmin edilmədiyindən vergi orqanının xx.xx.2023-cü il tarixli qərarı əsasında xx.xx.2023-cü il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus «VAZ 2102» markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi siyahıya alınmış və siyahıya alınmış əmlak 5000 (beş min) manat dəyərində qiymətləndirilmişdir. İş materiallarında olan iddia ərizəsinin “xahiş edirəm” hissəsindən görünür ki, iddiaçı cavabdehin xx.xx.2023-cü il tarixə mövcud olan borc məbləğindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 819,63 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat dəyərində siyahıya alınmış əmlakının satılması xahiş olunmuşdur. İş materiallarında olan cavabdeh X3 məxsus avtomobillərin siyahısının çıxarışından görünür ki, cavabdehin mülkiyyətində 3 (üç) nəqliyyat vasitəsi ( VAZ 2102; CHEVROLET CRUZE; GEELY MK ) vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş apellyasiya şikayətindən görünür ki, iddiaçının hüquqi marağı cavabdehin mülkiyyətində olan 15000 manat məbləğində əmlak olan **-BX-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET CRUZE” avtomobilinin satılması barədə qərar qəbul edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə müraciət edildiyi bildirilmişdir. İşin faktiki hallarından və iş materiallarında olan sənədlərdən görünür ki, cavabdeh X2 mülkiyyətində 3 (üç) nəqliyyat vasitəsi (VAZ 2102; CHEVROLET CRUZE; GEELY MK) mövcuddur. Birinci instansiya məhkəməsi isə həmin nəqliyyat vasitələrindən yalnız siyahıya alınmış "VAZ 2102" markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə araşdırma aparmış və həmin nəqliyyat vasitəsinin xx.xx.2013-cü il tarixdə X2 adına qeydiyyata alındığını və xx.xx.2017-ci il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarıldığını və X4 adına rəsmiləşdirildiyini müəyyən edərək bu əsasla iddianın rədd edilməsi barədə qərar qəbul etmişdir. Hansı ki, iddia ərizəsinin məzmunundan aydın olur ki, iddiaçı cavabdeh tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 819,63 manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 15000 manat dəyərində siyahıya alınmış əmlakın satılmasını xahiş etmişdir. Eyni zamanda iddiaçı apellyasiya şikayətində göstərir ki, o, cavabdehin mülkiyyətində olan 15000 manat məbləğində **-BX-*** dövlət qeydiyyat nişanlı “CHEVROLET CRUZE” avtomobilinin satılması barədə qərar qəbul edilməsi üçün Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi işə baxan zaman cavabdeh X2 mülkiyyətində 3 (üç) nəqliyyat vasitəsinin (VAZ 2102; CHEVROLET CRUZE; GEELY MK) mövcud olduğu və siyahıya alınmış əmlakın, yəni «VAZ 2102» markalı **-BC- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin dəyərinin 5000 manat olduğunu gördüyü halda, iddiaçının 15000 manat dəyərində siyahıya alınmış əmlakı tələb etməsində olan anlaşılmazlığı aradan qaldırmamış, beləliklə də “işin hallarının araşdırılması” prinsipinə əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən “məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur”. Məhkəmə kolegiyasının mövqeyinə görə işə təkrara baxan birinci instansiya məhkəməsi iddiaçının qeyd etdiyi həmin dəlillər üzrə müvafiq araşdırma aparmalı, bununla bağlı təqdim etdiyi sənədləri tədqiq etməli, zərurət yaranarsa sorğular verməli və sübutlar tələb etməli və bundan sonra gəldiyi nəticəni əsaslandırmalıdır. Yuxarıda qeyd edilənlərdən çıxış edərək, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qanuni və əsaslı qərarın qəbulu üçün zəruri olan həcmdə araşdırma aparılmamış, iş üzrə düzgün qərarın qəbuluna xidmət edən mühüm faktiki hallar müəyyən olunmamışdır. Nəzərə almaq lazımdır ki, məhkəmə tərəfindən zəruri faktiki hallar müəyyən olunmadan və onlara həmin hallara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə qiymət verilmədən, qəbul edilmiş hazırkı məhkəmə qərarı əsaslandırılmış məhkəmə aktı kimi qiymətləndirilə bilməz. Nəticə etibarı ilə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qərarın ləğvinin tələb edildiyi hissədə təmin edilməli və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə təkrar baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən bu qərarın əsaslandırma hissəsində qeyd olunan halları, obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq araşdırılmalı və müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 03 sentyabr 2023-ci il tarixli, e-2-1(120)-2881/2023 saylı qərаrı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 03 sentyabr 2023-ci il tarixli, e-2-1(120)-2881/2023 saylı qərаrı ləğv edilsin, iş təkrar baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar