Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-204/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, iddiaçının nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(120)-1252/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın ləğv edilməsi və əlilliyin elektron altsistemdə bərpa edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin əlillik dərəcəsinin dayandırılması ilə bağlı hərəkətlərin qanunsuz hesab edilməsi və əlillik dərəcəsinin dayandırıldığı vaxtdan bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 11 dekabr 2024-cü il tarixli, 2- 1(120)-1252/2024 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əlillik vəziyyəti xx.xx.2003-cü il tarixində qiymətləndirilmiş və inzibati orqan tərəfindən sonuncu dəfə vətəndaşa xx.xx.2014-cü il tarixində qiymətləndirmə aparıldığı qeyd edilsə də, həmin dövrlə bağlı müvafiq xəstəxana tərəfindən forma-088 tərtib edilmədiyi, müvafiq müayinə aparılmadığı və yekun qərar verilmədiyi müəyyən edilir. İnzibati orqan tərəfindən qeyd edilənləri təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. İnzibati materiallarda olan iddiaçının canlı müayinəsinin aparılması ilə əlaqədar tibbi sənədlərin, yoxlamanın üsul və metod və zəruri xüsusiyyətlərini əks etdirən sənədlər, əvvəllər təyin edilmiş əlilliyin ləğv və ya etibarsız hesab edilməsi barədə qərar, həmin qərarın iddiaçıya təqdim edilməsini təsdiq edən sənədlər, həmçinin iddiaçı barəsində ümumiyyətlə əlilliyin ləğv edilməsinə və ya əsassızlığına əsas ola biləcək hansı halların mövcudluğu, həmin halların hansı qaydada müəyyən edilməsi, yəni ömürlük əlillik təyin edilən şəxsin əlilliyinin ləğv və ya etibarsızlığına səbəb ola biləcək inzibati icraatın başlanılmasına əsas ola biləcək konkret hallar aşkar edilməmişdir. İddiaçı məhkəmə iclasında da onun sağlamlıq vəziyyətinin yoxlanılmasına dair müayinənin aparılmamağına istinad etmişdir ki, bunu təkzib edəcək yoxlama materialları məhkəməyə təqdim edilə bilməmişdir. Qərardan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, 18 saylı zona Tibbi Sosial Ekspert Komissiyasının 391 saylı xx.xx.2003-cü il tarixli aktına əsasən xx.xx.2004-cü il tarixə kimi ümumi səbəbdən İİ qrup əlil hesab edilmiş, buna əsasən Laçın rayon DSMF tərəfindən ona İİ qrup əlil kimi əmək pensiyası təyin edilmişdir. Bundan sonra 2004, 2005, 2006, 2007, 2008, 2009, 2010, 2011, 2012-ci illərdə təkrar müayinələrdən keçərək İİ qrup əlilliyinin müddəti hər dəfə 1 il müddətinə olmaqla ardıcıl olaraq 10 il müddətinə uzadılmışdır. xx.xx.2013-cü ildə isə müddətsiz ümumi səbəbdən İİ qrup əlil hesab edilmişdir. Ona görə də xx.xx.2021-ci il tarixə kımı Laçın rayon DSMF-dan İİ qrup əlil kimi əmək pensiyası almışdır. Lakin 2021-ci ilin mart ayında pensiyası dayandırılmışdır. Ona xx.xx.2013-cü il tarixindən müddətsiz İİ qrup əlillik verildiyinə görə təkrar müayinədən keçmək üçün göndəriş verilməsi barədə heç bir tibb müəssisəsinə müraciət etməmiş və buna ehtiyac da olmamışdır. Buna baxmayaraq, TSEK onun xəbəri olmadan xx.xx.2014cü il tarixində əlillik vəziyyətini qiymətləndirmiş və reablitasiya olunmağı barədə nömrəsiz qərar qəbul edilmişdir. Cavabdeh birinci instansiya məhkəməsinə təqdim etdiyi iddiaya qarşı etiraz mülahizələrində maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, iddianın qanuni əsaslarını təkzib edən hər-hansı dəlil göstərməmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etmiş, əsas kimi göstərmişdir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmək məqsədilə lazımi həcmdə araşdırma aparmamışdır. Prosessual məsələlər İddiaçının nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, həmçinin “Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçıya təyin edilmiş müddətsiz əlilliyin “Əlillik” altsistemində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim etmişdir. İddianın dəqiqləşdirilməsi barədə ərizə icaata qəbul edilmişdir. İddiaçının nümayəndəsi eyni zamanda bildirmişdir ki, iddiaçının mübahisələndirilən qərarın mövcudluğu barədə cavabdehin rəsmi cavabından sonra məlumatı olmuş və dərhal məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qərarın müvcudluğu barədə iddiaçının məlumatlı olması ağlabatan deyil. Belə ki, iddiaçıya 2013-cü ildə müddətsiz əlillik təyin edilmiş, bundan sonrakı dönəmdə heç vaxt əlillik təyinatı ilə bağlı tibbi göndəriş verilməmiş, həmçinin 2021-ci ilədək müvafiq pensiya ödənişi almışdır. Odur ki, həmin qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməsi ilə bağlı iddianın mümkünlük şərtləri ödənilmiş hesab edilməlidir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş sübutlarla müəyyən edilir ki, iddiaçı 2003-cü ildən 2013-cü ilədək davamlı olaraq əlillik vəziyyətində olmuş və nəhayət 2013-cü ildə ona müddətsiz 2-ci dərəcə əlillik təyin edilmişdir. 2014-cü ildə tibb müəssisəsinin müvafiq göndərişi olmadan və əyani müayinə aparılmadan iddiaçının tam reabilitasiya olunması və əlillik təyinatından imtina edilməsi barədə qərar qəbul edilmişdir. Belə ki, “Laçın Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddiaçı 10 yanvar 2013-cü il tarixdə X1 müayinəsindən keçmiş, 88 saylı forma yazılaraq əlillik dərəcəsinin təkrar təyini üçün 22 saylı Tibbi Sosial Ekspertiza Komissiyasına göndərilmiş, xəstəyə müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Ona müddətsiz İİ dərəcəli əlillik təyin edildiyi üçün təkrar Həkim Məsləhət Komissiyasının müayinəsinə cəlb olunmamış və 88 saylı forma yazılmamışdır. Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Bununla yanaşı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Belə ki, mübahisələndirilən qərar iddiaçının əlillik təyinatı ilə bağlı ondan əvvəlki qərarın ləğvinə yönəlməsə də, hər bir halda müvafiq elektron alt sistemdə mövcuddur və iddiaçının əlillik vəziyyətində olması halını sual altında qoymaqla, pensiya təminatını məhdudlaşdırır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -3.4-cü maddəsinə əsasən əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydaları”-na əsasən: 1.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qəran ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra — Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra — göndəriş) əsasında aparılır. 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra alt sistemə ötürülür. 2.3. Göndəriş alt sistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə alt sistem üzərindən dərhal TSEK-ə göndərilir. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1 maddəsinə əsasən İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. -24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2. qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, qanunvericiliyin qeyd olunan normaları ilə hazırki işin faktiki halları sistemli şəkildə təhlil olunduqda belə qənaətə gəlmək olar ki, iddiaçının tələbi əsaslıdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin qərarı dəyişdirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2-1(120)-1252/2024 nömrəli qərarı dəyişdirilsin. İddiaçı barəsində qəbul edilmiş Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2014-cü il tarixli qərarı ləğv edilsin, ona təyin edilmiş müddətsiz əlilliyin dayandırıldığı vaxtdan “Əlillik” altsistemində bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-204/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-204/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver