Məhkəmə qərarları › İş №2-1(106)-205/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-205/2025

26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-205/2025 26.02.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(120)-3563/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidmətinin Akademiyasının İddiaçı akademiyadan xaric olunmasına dair xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, 197 ş/h nömrəli əmrinin ləğv edilməsinə və akademiyaya təhsil aldığı 4-cü kursa bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 17 dekabr 2024-cü il tarixli, 2- 1(120)-3563/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya hüquqi yardım məktubuna münasibət bildirmək üçün vaxt verilmiş, əks təqdirdə Azərbaycan Respublikası İnzibati Prosesual Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddianın mümkünlüyü məsələsinə hüquqi qiymət veriləcəyi barədə xəbərdarlıq edilmişdir. İddiaçı tərəfindən müvafiq ərizə təqdim edilməmiş, əksinə məhkəmə iclasında məlumatının olduğunu bildirmişdir. Bununla da, mübahisələndirilən sərəncam üzrə iddia müddətləri buraxıldığından məhkəmə hazırkı iddianın mümkün sayılmaması qənaətinə gəlir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 2019-cu il tarixdə Dövlət Sərhəd Xidmətinin Akademiyasına kursant kimi daxil olmuşdur. Təhsil aldığı müddətdə dəfələrlə rəhbərlik tərəfindən təltif olunmuşdur. Akademiyanın 4-cü kursunda təhsil alarkən 2023-cü ilin fevral ayında kursantlardan sidik analizləri götürülərək yoxlanılmış və onun sidik nümunəsində narkotik vasitə olan “heroin” aşkar olunması ona bildirilmişdir. Atasının təkidi ilə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Hospitalına aparmış və orada 116 adda narkotik vasitə və psixotrop maddə ilə bağlı qan nümunələri götürülsə də, qan nümunələrində heç bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Dövlət Sərhd Xidmətinin Akademiyası ondan götürülmüş sidik analizinin kart test vasitəsi ilə yoxlanmasının nəticələrini rəhbər tutaraq onun əlavə tibbi müayinələrdən keçirtməkdən imtina etmiş və həmin nəticələri əsas tutmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyası rəisinin xx.xx.2023-cü il tarixli, 197 Ş/h nömrəli əmri ilə o, Akademiyadan xaric olunaraq Akademiya rəisinin xx.xx.2023-cü il tarixli 10 nömrəli təyinat vərəqəsi əsasında hərbi xidmətini davam etdirmək üçün N saylı hərbi hissənin komandirinin sərancamına göndərilmişdir. X12 Xidmətinin Akademiyasının şəxsi heyətindən xaric olunmasına dair əmrin surəti hazıradək də onun ailə üzvlərinə təqdim olunmamışdır. Əmrin surəti N saylı hərbi hissəyə göndərildikdən sonra ona həmin əmrin məhkəmədə mübahisələndirilməsi üçün vəkilə etibarnamə verməsinə süni maneə yaradılmış və yalnız müxtəlif orqanlara müraciətlər ünvanladıqdan sonra hərbi hissədən xx.xx.2023-cü il tarixində etibarnamə verməsi üçün şərait yaradılmışdır. Əmrin tarixi və nömrəsinə məlumatlar isə onun N saylı hərbi hissə komandirnin sərancamına göndərilməsinə dair təyinat vərəqəsindən götürülmüşdür. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçı DSX-nin Akademiyasının rəisinin 16 avqust 2019-cu il tarixli, 0185 nömrəli nizami hissə üzrə əmri ilə Xidmətin Akademiyasına kursantların həqiqi hərbi xidmətinə qəbul olunmuş hesab edilmiş, “əsgər” hərbi rütbəsi verilmişdir. İddiaçı məxsus sidik nümunəsində tiryək qrupuna aid morfin adlı alkaloidin sintetik analoqu olan “heroin” aşkar olunması ilə əlaqədar atası X1 Sərhəd Xidmətinin Akademiyasına dəvət olunaraq onunla söhbət aparılmışdır. Söhbət zamanı Dövlət Sərhəd Xidməti Aparatından daxil olan “sidik nümunələri təkrar müayinə edilməsi və rəy alınması üçün AR Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4”nə göndərilmiş müayinələrin nəticəsinə görə İddiaçı sidik nümunəsinin tərkibində tiryək qrupuna aid olan morfin adlı alkaloidin sintetik analoqu olan “heroin” aşkar olunması barədə valideyni Mahir İsrafilova məlumat verilmişdir. İddiaçı baş verən hadisəylə bağlı xx.xx.2023-cü il tarixdə alınmış izahatdan da görünür ki, o, analiz götürülməmişdən öncə, yəni yeni il bayramı münasibətilə 5 günlük qısa məzuniyyətdə olduğu zaman hər hansı dərman preparatlarından və spirtli içkilərdən istifadə etmədiyini etiraf etmişdir. AR Səhiyyə Nazirliyi ’’Məhkəmə-Tibbi Ekspertiza və X4” Publik Hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 127/K nömrəli aktından görünür ki, İddiaçı sidik nümunəsində narkotik maddə (heroin) aşkar olunması faktı təsdiqlənmişdir. İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin xx.xx.2023-cü il tarixli, 197 ş/h №-li əmri ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”nin 9.18.6-cı maddəsinə (qanunla hərbi qulluqçular üçün müəyyən olunmuş tələblərə uyğun olmadığına görə) müvafiq olaraq, DSX-nin Akademiyasından xaric edilmişdir. DSX-nin Akademiyasının rəisinin xx.xx.2023-cü il tarixli, 057 №-li “şəxsi heyətin siyahısından və bütün növ təminat normalarından çıxarılması haqqında” nizami hissə üzrə əmri ilə “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Akademiyasının Nizamnaməsi”nin 9.18.6-cı maddəsinə (qanunla hərbi qulluqçular üçün müəyyən olunmuş tələblərə uyğun olmadığına görə) müvafiq olaraq, iddiaçı Akademiyadan xaric olunmuş hesab edilmiş və 10 mart 2023-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün növ təminat növlərindən çıxarılaraq müddətli həqiqi hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 165-ci maddəsinə əsasən, ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Qeyd olunanları nəzərə alaraq, iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, iddiaçı iddia ərizəsində əmrin ona təqdim edilmədiyini qeyd etsə də, xx.xx.2023-cü il tarixli iltizamnamədən görünür ki, ona baş vermiş hadisə ilə bağlı barəsində qanunamüvafiq tədbir görüləcəyi bildirilmiş və həmin iltizamnamə həm İddiaçı, həm də atası M.X.İsrafilov tərəfindən imzalanmışdır. Həmçinin N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabfndan görünür ki, kursant İddiaçı xx.xx.2023-cü il tarixdə təyinat vərəqəsi təqdim edilmiş və onu öz imzası ilə təsdiq etməklə imzalayan zaman müddətli həqiqi hərbi xidməti keçmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına göndərilməsi barədə məlumatlı olsa da, o, məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət edərək. 30 gün nəzərdə tutulan iddia müddətini 3 aya yaxın müddətdə üzrsüz səbəbdən ötürmüş və iddia ərizəsində prosessual müddətin üzrlü səbəblərdən ötürülməsini təsdiq edən əsasları göstərməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, Akademiyadan xaric edildikdən sonra hərbi hissədə ona etibarnamə vermək üçün şərait yaradılmamışdır, ona görə də mübahisələndirilən əmrdən qanunla müəyyən edilmiş müddətdə şikayət verə bilməmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin xx.xx.2023-cü il tarixli, 197 ş/h nömrəli əmrdən görünür ki, “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Akademiyasının Nizamnaməsi”nin 9.18.6-cı maddəsinə (qanunla hərbi qulluqçular üçün müəyyən olunmuş tələblərə uyğun olmadığına görə) müvafiq olaraq, kursant İsrafilov X2 xaric edilmişdir. -Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissənin “Təyinatların qeydiyyatı kitabı”ndan görünür ki, kursant İddiaçı xx.xx.2023-cü il tarixdə təyinat vərəqəsi təqdim edilmiş və öz imzası ilə təsdiq etmişdir. Həmçinin qeyd olunur ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixli məktub göndərilərək, buraxılmış prosessual müddətin bərpası ilə bağlı vəsatət təqdim etmək hüququ izah edilmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə iddiaçıya təqdim edilsə də, sonrakı məhkəmə iclaslarında belə bir vəsatət təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İşin faktiki hallarından və təqdim edilmiş sübutlardan görünür ki, iddiaçı cavabdehlə xidməti hüquq münasibətlərinə xitam verilməsi barədə məlumatlı olmuş, lakin qanunla müəyyən edilmiş müddət ərzində müvafiq inzibati aktı mübahisələndirməmiş, həmçinin müddətin ötürülməsi səbəbləri barədə, habelə ötürülmüş müddətin üzrlü hesab edilməsi barədə birinci instansiya məhkəməsinə ərizə təqdim etməmişdir. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianı mümkünsüz saymışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(120)-3563/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar