Məhkəmə qərarları › İş №2-1(106)-206/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-206/2023

11.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-206/2023 11.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Şərifov Sarvan Şərif oğlunun, İddiaçı, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2-1(120)-883/2023 nömrəli qərarından cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə Şirvan şəhərində, Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək ona hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Fehruz Abbasov) 28 fevral 2023-cü il tarixli, 2- 1(120)-883/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-cü ildə əmək fəaliyyətinə başlamış, bundan sonra hərbi xidmət də daxil olmaqla fasiləsiz olaraq xx.xx.1998-ci ilə kimi müxtəlif iş yerlərində işləmiş və 24 il 6 ay 26 gün sığorta stajı əldə etmişdir. Bundan başqa xx.xx.2021-ci ildən başlayaraq 6 ay müddətində sosial sığorta ödənişi etmiş və cəmi 25 il 25 gün sığorta stajı əldə etmişdir. Qanunvericiliyə əsasən 2006-cı ilə qədər qeyd olunan sığorta stajı əmək kitabçası və arxiv arayışlarına əsasən təyin olunur. O, yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara rayon Dövlət Arxivində rayonun sabiq Şiyəkəran kənd “26 Bakı komissarı” adına sovxozun 1973-cü və 1974-cü illər əmrlər kitabı saxlanılmamış, 1991-ci il və 1994-cü illərin əməkhaqqı kitablarında isə İddiaçı Ağdadaş oğlunun adı aşkar olunmamışdır. Eyni zamanda 1988-ci il tarixdə 2 ay, 1989-cu il tarixdə 1 ay, 1990-cı il tarixdə 12 ay, 1992-ci il tarixdə 5 ay, 1993-cü il tarixdə 12 ay, 1995-ci il tarixdə 9 ay əməkhaqqı almışdır. İşdə olan xx.xx.2022-ci il tarixli akta əsasən İddiaçı 1988-ci il tarixdə 2 ay, 1989-cu il tarixdə 1 ay, 1990-cı il tarixdə 12 ay, 1992-ci il tarixdə 5 ay, 1993-cü il tarixdə 12 ay, 1995-ci il tarixdə 9 ay əməkhaqqı almışdır. Aktın qeyd hissəsində bildirilmişdir ki, Astara rayon Dövlət Arxivində saxlanılan rayonun sabiq Şiyəkəran kənd “26 Bakı komissarı” adına sovxozun 1991-ci il və 1994-cü illərin əməkhaqqı kitablarında İddiaçı adı aşkar olunmamışdır. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, 1973-cü ildə məktəbli olmuş, həmin ildə həm məktəbə getmiş, həm də tərəvəzçilik təyinatlı sovxozda işləmişdir. “26 Bakı Komissarları” sovxozunda hər gün işə gedib-gəlmiş və müvafiq əməkhaqqı almışdır. Əməkhaqqı sənədlərinin saxlanmaması onun təqsiri deyil. Onun özünə məxsus torpaq sahəsi var, həmin torpaq sahəsini əkib-becərərək sahibkarlıqla məşğul olmuş və onunla bağlı məcburi dövlət sosial sığorta haqlarını ödəmişdir. “26 Bakı Komissarları” sovxozunda işə daxil olması barədə xx.xx.1973-cü il tarixli əmr onda yoxdur, Astara rayon arxivində həmin əmr tapılmaya bilər, çünki həmin dövrdə Astara rayon Dövlət Arxivinin inzibati binasında yanğın olmuş, əməkhaqqı və əmr kitablarının bir çoxu məhv olmuşdur. O, 1982-1988-ci illərdə Rusiyada eyni vaxtda həm işləmiş, həm də peşə təhsili almışdır, yəni peşə təhsilini gecə almışdır. Qeyd etdiklərini nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü, 34-cü maddələrində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İşdə olan seriya AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə doğulmuşdur. İşdə olan iddiaçıya məxsus xx.xx.1973-cü il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq edilmiş edilmiş surətindən və tərcüməsindən görünür ki, İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək Astara rayonu “26 Bakı Komissarı” adına sovxozda, xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək “İjevsk” Radio zavodunda, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək “Votkinsk” Radiotexniki avadanlıqlar zavodunda, xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Astara rayon “26 Bakı Komissarı” adına sovxozda, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Astara rayon Mülki Müdafiə Qərargahında işləmişdir. İşdə olan iddiaçıya məxsus olan xx.xx.1984-cü il tarixli, ВЦ 207089 nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olmuşdur. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********0 nömrəli imtina məktubunda qeyd olunmuşdur ki, İddiaçı təqdim etdiyi əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu dövr) 21 il 9 ay təşkil edir. Eyni zamanda xx.xx.2006-cı il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 21 il 1 ay sığorta stajına uyğun olaraq 16066,97 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 180,06 manat olmaqla, ümumilikdə 16247,03 manat təşkil edir ki, bu məbləğ pensiya yaşının tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 28800 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (200 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajının qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə sənədlər təqdim edəcəyi təqdirdə sığorta stajı qanunveriliciklə tələb olunan 25 il müddətə tamamlanarsa, əmək fəaliyyəti dövrlərinizə müvafiq qaydada araşdırılmaqla yenidən baxıla bilər. İşdə olan sığortaolunan İddiaçı fərdi hesabından çıxarışın surətindən görünür ki, onun 2021 yanvar – sentyabr 2021 dövrü üzrə pensiya kapitalı 180,06 manat təşkil edir. İşdə olan Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 96/1 nömrəli arxiv arayışından görünür ki, Əliyev X1 Rayon İcra Hakimiyyətinin əmr və əmək haqqı kitablarına əsasən 1995-ci ilin oktyabr ayının 13-də 60 nömrəli əmrlə İcra Hakimiyyətinə Mülki müdafiə qərargahının rəisi vəzifəsinə qəbul edilmiş, 1998-ci ilin mart ayının 11-də 16 nömrəli əmrlə işdən azad edilmişdir. Əliyev X1 Rayon İcra Hakimiyyətində 1995-1998-ci illər üzrə 1995-ci ildə dekabr ayında, 1996-cı ildə yanvar-avqust, dekabr ayında, 1997-ci ildə yanvar-sentyabr aylarında, 1998-ci ildə yanvar-mart aylarında əməkhaqqı almışdır. İşdə olan Astara rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 96/2 nömrəli arxiv arayışından görünür ki, Əliyev X1 rayon sabiq Şiyəkəran kənd “26 Bakı komissarı” adına sovxozun əmr kitablarına əsasən 1973-cü ilin may ayının 12-də 94 nömrəli əmrlə sovxoza fəhlə qəbul edilmiş, 1974-cü ilin noyabr ayının 16-da 231 nömrəli əmrlə hərbi çağırışla əlaqədar işdən azad edilmişdir. Əliyev X1 rayonun sabiq Şiyəkəran kənd “26 Bakı komissarı” adına sovxozun əmr kitablarına əsasən 1988-ci ilin noyabr ayının 2-də 664 nömrəli əmrlə sovxoza fəhlə qəbul olunmuş, 1995-ci ilin avqust ayının 29da 142 nömrəli əmrlə verdiyi ərizəsinə əsasən işdən azad edilmişdir. Astara rayon Dövlət Arxivində saxlanılan rayonun sabiq Şiyəkəran kənd “26 Bakı komissarı” adına sovxozun 1973-cü, 1974-cü illərin əməkhaqqı kitabları saxlanılmır. Astara rayon Dövlət Arxivində saxlanılan rayonun sabiq Şiyəkəran kənd “26 Bakı komissarı” adına sovxozun 1991-ci, 1994-cü illərin əməkhaqqı kitablarında İddiaçı adı aşkar olunmamışdır. Əliyev X1 rayonun sabiq Şiyəkəran kənd “26 Bakı komissarı” adına sovxozunda 1988-ci, 1989-cu, 1990-cı, 1992-ci, 1993-cü və 1995-ci illərdə əməkhaqqı alımışdır. İşdə olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Lənkəran-Astara regional filialının əməkdaşının və Astara rayon Dövlət Arxivinin müdirinin iştirakı ilə tərtib edilmiş xx.xx.2022-ci il tarixli aktın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1988xx.xx.1995-ci illərin iş stajı və əmək haqları yoxlanıldıqda müəyyən edilmişdir ki, xx.xx.1988-ci il tarixli, 664 nömrəli əmrlə ərizəsi nəzərə alınaraq sovxoza işə qəbul edilmiş, xx.xx.1995-ci il tarixli, 142 nömrəli əmrlə ştatların ixtisarı ilə əlaqədar xx.xx.1995-ci il tarixdən işdən azad edilmişdir. 1988-ci ildə 2 ay, 1989-cu ildə 1 ay, 1990-ci ildə 12 ay, 1992-ci ildə 5 ay, 1993-cü ildə 12 ay, 1995-ci ildə 9 ay əməkhaqqı almışdır. Astara rayon Dövlət Arxivində saxlanılan rayonun sabiq Şiyəkəran kənd “26 Bakı komissarı” adına sovxozun, 1991-ci, 1994-cü illərin əməkhaqqı kitablarında İddiaçı adı aşkar edilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (maddə 38). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur (maddə 1.0.2). 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) (maddə 7). İşin faktiki hallarından görünür ki, xx.xx.1956-cı il təvəllüdlü İddiaçı xx.xx.2021-ci il tarixdə kişilərə yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan 65 yaşı tamam olmuşdur. İddiaçı xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək (1 il 10 ay 13 gün) Astara rayonu “26 Bakı Komissarları” sovxozunda işləmiş, xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək (3 il 20 gün) həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1978-ci il tarixdən xx.xx.1985-ci il tarixədək (7 il 10 gün) “İjevsk” Radio zavodunda, xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixədək (3 il 4 ay 17 gün) “Votkinsk” Radiotexniki avadanlıqlar zavodunda, xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (6 il 10 ay) Astara rayonu “26 Bakı Komissarları” sovxozunda, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək (2 il 4 ay 26 gün) Astara rayon Mülki Müdafiə Qərargahında işləmişdir. İddiaçının hərbi xidməti və xx.xx.2006-cı il tarixə qədərki stajı cəmi 24 il 6 ay 25 gün təşkil edir. Bundan başqa İddiaçı 2021 yanvar – sentyabr 2021 dövrü üzrə 6 ay sığorta stajı ilə birlikdə cəmi 25 il 25 gün sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İddiaçının əmək kitabçasına əsasən əmək haqqı aldığı dövrlərə, xx.xx.1974-cü il tarixdən xx.xx.1977-ci il tarixədək hərbi xidmətdə olduğu və yanvar 2021– sentyabr 2021 dövrü üzrə 6 aylıq dövrlərə münasibətdə tərəflər arasında hər hansı mübahisə yoxdur. Tərəflər arasında mübahisə iddiaçının əmək kitabçasına əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1974-cü il tarixədək, həmçinin xx.xx.1988-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Astara rayonu “26 Bakı Komissarları” sovxozunda işlədiyi müddətlərə münasibətdə meydana çıxmışdır. Cavabdehin apellyasiya şikayətinin əsası ondan ibarətdir ki, əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. Bu səbəbdən iddiaçının Astara rayonu “26 Bakı Komissarları” sovxozunda işlədiyi dövrlərdə əmək haqqı almadığı müddətlər onun sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh apellyasiya şikayətində iddiaçının əmək kitabçasına əsasən sözügedən müəssisədə işlədiyi müvafiq illərə dair müəyyən dövrlərlə bağlı əməkhaqqı cədvəllərini təqdim etməməsini əsas gətirərək onun qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməsinin şübhə doğurduğunu qeyd etsə də, şübhələrinin əsaslı olmasına dair məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda iddiaçı qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini və əməkhaqqı aldığını qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləməməsinə dair cavabdeh tərəfindən hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Cavabdehin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, müəyyən dövrlərdə iddiaçının əməkhaqqı alması iş materialları ilə təsdiq edilməsə də, iddiaçının işə girmə və işdən çıxma əmrləri barədə məlumatlar əmək kitabçasında mövcuddur, həmçinin iddiaçının həmin müəssisədə işlədiyi müəyyən edilmişdir. Bu, iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisənin müvafiq dövrə aid əmr və əməkhaqqı kitablarının qorunub saxlanılmamasına, həmçinin həmin kitabların tam işlənilməməsinə, eləcə də həmin kitabların dövlət arxiv idarəsinə təhvil verilməməsinə görə həmin müəssisənin işçisi olmuş iddiaçı məsuliyyət daşımır və həmin hallar iddiaçının ziyanına qiymətləndirilməməli, bu səbəbdən iddiaçı əmək pensiyası hüququndan məhrum edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə istinad edərək məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. İddiaçı qeyd edilən tarixlərdə sözügedən müəssisədə işlədiyini qeyd edir. Bunun əksinə dair, yəni iddiaçının qeyd edilən tarixlərdə sözügedən müəssisədə işləmədiyinə, həmçinin iddiaçının təqdim etdiyi əmək kitabçasının həqiqətə uyğun olmadığına dair cavabdeh tərəfindən məhkəməyə hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Beləliklə, məhkəmə araşdırması nəticəsində iddiaçının ümumilikdə 25 ildən artıq sosial sığorta stajının olduğu müəyyən edilir ki, bu da iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət edir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Cavabdeh tərəfindən bunun əksi sübuta yetirilməmişdir. Göstərilənlər onu deməyə əsas verir ki, cavabdehin imtinası əsassızdır. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 28 fevral 2023-ci il tarixli, 2-1(120)-883/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar