Məhkəmə qərarları › İş №2-1(106)-206/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-206/2025

27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-206/2025 27.01.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Bəhmənov Habil Xanoğlan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “qanunazidd sənəd, arayış və qərarların, alqı-satqı müqaviləsinin, çıxarışların və plan ölçülərin ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)- 4800/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Masallı rayon Türkoba Bələdiyyəsinin sədri Nofəl Cəfərova, Masallı rayon Türkoba Ərazi Nümayəndəsi Leyla Əzizovaya, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Reyestr və Kadastr Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə və Cəlilabad rayon Dövlət Notariat Kontoruna qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Sailə Sadıqovanın məhkəməyə təqdim etdiyi mülki işdə olan Masallı rayon Türkoba Bələdiyyəsinin xx.xx.2003-cü il tarixli ilkin torpaq ayrıma sənədlərində kötüyü olmadan naturada magistral yolun mühafizə zolağını alqı-satqı etməklə Cavabdeh1 və digər şəxslərə satmaqla Türkoba Ərazi Nümayəndəliyinin İslahat zamanı o cümlədən Türkoba Bələdiyyəsi ilə birgə qanunazidd sənəd, arayış və qərarın ləğv edilməsi; Cəlilabad 2 saylı Notariat Kontorunun Cavabdeh2 və Sailə Sadıqovayla bağlanan alqısatqı müqaviləsinin ləğv edilməsi; DƏDKR 8 saylı Cəlilabad Ərazi İdarəsinin Cavabdeh2, Cavabdeh1 verilmiş çıxarışların və plan ölçülərin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 2-1(120)-4800/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Rəşidə Quliyeva) iddia mümkün sayılmamışdır Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayət qanunla müəyyən edilmiş müddətdə verilmədiyindən məhkəmə kollegiyası tərəfindən iddiaçıya müvafiq yardım edilmiş, müddətin üzrlü səbəbdən ötürülməsi ilə bağlı sübut təqdim edilməsi tövsiyə olunmuşdur. Məhkəmə kollegiyasının iclasında İddiaçı Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-4800/2024 nömrəli qərardadından qanunla nəzərdə tutulmuş müddətdə şikayət verdiyini, müddəti ötürmədiyini bildirmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -81.1-ci maddəsinə əsasən inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. -85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. -87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti mümkün sayılmamalı və onun qəbulundan imtina edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-4800/2024 nömrəli qərardadı 16 dekabr 2024-cü il tarixdə elektron qaydada imzalanmış və İddiaçı məxsus elektron kabinetdə yerləşdirilmişdir. Qeyd edilən qərardaddan iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti isə 28 dekabr 2024-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinə təqdim edilmişdir. Göründüyü kimi apellyasiya şikayəti 28 dekabr 2024-cü il tarixdə, yəni apellyasiya şikayətinin verilməsi müddəti bitdikdən 2 gün sonra Şirvan İnzibati Məhkəməsinə təqdim edilmişdir. Bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 85-ci maddəsində nəzərdə tutulmuş 10 günlük müddət ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22.2-ci maddəsinə əsasən müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadından apellyasiya şikayətinin verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürülmüş, bununla yanaşı, məhkəmə kollegiyasına müddətin üzrlü səbəbdən buraxıldığını təsdiq edən sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-4800/2024 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar