Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-207/2023 25.05.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X5nə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlük şərtləri, məhkəmə aidiyyəti) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X5nə qarşı “maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli 2-1(120)-1945/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası 12.1-ci maddəsinin xx.xx.2008-ci il tarixində qüvvədə olan tələblərinə uyğun olaraq həmin tarixdən İİ dərəcə əlilliyə görə əmək pensiyası təyin olunmuşdur. Əlillik müddətinin xx.xx.2020-ci il tarixində bitməsi ilə əlaqədar olaraq əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən dayandırılmışdır. Əlilliyin müddəti xx.xx.2022-ci il tarixindən İİİ dərəcə olmaqla bərpa olunduğu üçün əlilliyə görə əmək pensiyasının ödənişi həmin tarixdən 268.62 manat məbləğində olmaqla bərpa edilmişdir. İddiaçının əlillik müddətinin bitdiyi tarixdən 6 aydan çox (1 il 1 ay 10 gün) müddət keçdikdən sonra təkrar qiymətləndirilmə nəticəsində ‘lilliyin bərpa olunduğu üçün ona ötürülmüş müddət üzrə əmək pensiyasının ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X5nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin təqsiri ucbatından ona dəymiş maddi ziyana görə 3204,0 (üç min iki yüz dörd) manat məbləğində pulun ödənilməsi öhdəliyinin cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X3 üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, ona xx.xx.2008-ci il tarixdən İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuş və xx.xx.2020-ci il tarixədək həmin pensiyanı almışdır. Sonuncu tarixdən onun əlillik müddətinin bitməsi ilə əlaqədar olaraq pensiya ödənişi dayandırılmışdır. O, bununla bağlı növbəti həkim komissiyasından keçmiş, lakin onun sənədləri xəstəxana tərəfindən qanunsuz olaraq altsistemə düzgün yerləşdirilməmiş, xəstəliklə bağlı diaqnozu düzgün təyin olunmamış, yanlış diaqnoz sistemə yerləşdirilmiş və nəticədə o, 1 illik müddət üçün xəstəxananın təqsiri ucbatından əmək pensiyası ala bilməmişdir. Onun əlillik dərəcəsi xx.xx.2022-ci il tarixdə İİİ dərəcə olaraq müəyyən olunmuş və ona pensiya yenidən təyin olunmuşdur. Halbuki, o, komissiyadan 2021-ci ilin yanvar ayında keçdikdə onun hər hansı xəstəliyi müəyyən olunmamışdır. Əgər onun xəstəliyi həmin vaxt doğru diaqnozla müəyyən olunsaydı, pensiya 2021-ci ilin yanvar ayından təmin olunardı. Lakin, cavabdehin təqsiri ucbatından ona 3.204 manat maddi ziyan dəymişdir. Ona dəymiş maddi ziyanın təqsiri birbaşa cavabdeh orqanın üzərinə düşür, həmin orqanın yanlış rəyi və göndərişinə görə o, 1 il pensiya ala bilməmişdir. xx.xx.2022-ci il tarixdə isə onun xəstəliyi təsdiq olunaraq pensiya təyin olunmuşdur. Buradan açıq görünür ki, o, xəstə olduğu halda ona cavabdeh orqanın təqsiri ucbatından pensiya verilməmişdir. Bununla bağlı DSMF-yə də müraciət etmiş, lakin əllilik təyinatının 6 ay keçdikdən sonra təyin olunması səbəbindən həmin müddət üçün pensiya ödənilməsinin mümkün olmadığı göstərilmişdir. Həmin müddətin keçməsinə səbəb xəstəxananın düzgün rəy verməməsi və göndərişi vaxtında sistemə daxil etməməsi olmuşdur. Odur ki, pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2023-cü il tarixli, 2-1(120)-1945/2023 saylı qərardadı ilə (hakim F.N.Abbasov) iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1945/2023 saylı qərardadı ilə razı deyil. Belə ki, o, maddi ziyanın ödənilməsi ilə bağlı Masallı Rayon Mərkəzi Xəstəxanası X5nə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı dəfələrlə müraciət etmiş, lakin ziyan ödənilməmişdir. Həmçinin, bununla bağlı hər hansı bir imtina məktubu verilməmişdir. Həmçinin, qərardadda qeyd olunmuşdur ki, Masallı Rayon Xəstəxanası inzibati orqan deyildir, buna görə də mübahisə mülki xarakterlidir və inzibati məhkəmədə baxılmalı deyildir. Halbuki, Masallı Rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxs olmasına baxmayaraq inzibati akt qəbul etmək səlahiyyətinə malik orqandır. Həmin orqanın hərəkət və ya hərəkətsizliyindən əmələ gələn münasibətlərə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Bütün bunları nəzərə alaraq, iddiaçı Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1945/2023 saylı qərardadının ləğv edilməsini və işə baxılmasının davam etdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə cavabdehin etirazı Cavabdeh apellyasiya şikayətinə etirazında göstərmişdir ki, İddiaçı apellyasiya şikayəti qanunvericiliyin tələblərinə cavab vermir və əsassızdır. Bununla yanaşı, iddia tələbi haqsız və ədalətsizdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3-cü maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası” nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 fevral 2008-ci il tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri” nə elektron sənəd formasında daxil edilmiş tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya (tibb müəssisəsinin həkim-məsləhət komissiyası nəzərdə tutulur) göndərir. Qanunvericiliyin tələblərinə əsasən əlilliyin qiymətləndirilməsi qaydası bu cür müəyyən edilmişdir.Göndəriş vermək hüququ olan tibb müəsisəsi olaraq əlilliyin qiymətləndirilməsi məqsədilə göndərişlərin verilməsi qaydalarına, müayinənin nəticəsi olaraq tibbi sənədlərə uyğun tərtib edilməlidir. İddiaçının cavabdeh tərəfindən qərəzliliklə hüquqlarının pozulması ilə bağlı irəli sürdüyü hal sübuta yetirilmir. İddia tələbi heç bir qanunazidd hərəkətə yol verilməsi öz təsdiqini tapmır. Halbuki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan başqa, inzibati məhkəmə icraatı qaydasında baxılan işlərdə cavabdeh inzibati orqan olmalıdır. Hazırkı iş üzrə cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X5 isə inzibati orqan deyildir. Həmin qurum Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 nömrəli qərarında inzibati orqan kimi müəyyən edilməmişdir. Həmin qərarın V bəndində “qanunvericiliyə uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən yaradılan publik hüquqi şəxslər və inzibati akt qəbul etmək səlahiyyəti verilmiş digər inzibati orqanlar” da nəzərdə tutulmuşdur. Lakin işin ilkin məhkəmə araşdırılması ilə məlum olur ki, iddiaçı ilə cavabdeh arasındakı münasibətlər publik hüquq sahəsinə aid deyil, mülki xarakterlidir. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. İddiaçının iddia tələbinin əsası, iddianın predmeti və yönəldiyi tərəflər arasındakı münasibət inzibati məhkəmə icraatının təsiri altına düşmür. İddiaçının apellyasiya şikayəti heç bir əsaslandırma aparılmadan verilmiş, rədd edilməlidir. Bütün bu qeyd olunanlar və qanunvericiliyin tələbləri rəhbər tutularaq, İddiaçı maddi ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi üzrə Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(120)- 1945/2023 saylı qərardadından iddiaçının apellyasiya şikayətinin təmin edilməməsi, qərardadın dəyişdirilmədən saxlanılması xahiş edilmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı və cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X3 nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçılar və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – şəxsiyyət vəsiqəsinin surəti, göndəriş vərəqələri, tibbi rəy, müayinə aktları və.s aiddir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 10 aprel 2015-ci il tarixli, 4 nömrəli Qərarı: 3.1. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. 7.1 İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan məsuliyyət daşıyır. Maraqlı şəxsin vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi barədə tələbi inzibati orqan tərəfindən təmin edilmədikdə, bununla bağlı iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. 7.2 Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2 -ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayətprosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır. Çünki, sözügedən hallarda tərəflər arasında ziyan vurulması ilə nəyicələnmiş münasibətlər inzibati icraatın həyata keçirilməsi nəticəsində yaranmır. Belə işlərdə məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1ci maddəsinə əsasən işə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və işə yenidən baxılması üçün inzibati iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. İddianı qeyri-mümkün sayan məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki,... “inzibati məhkəmə icraatı qaydasında baxılan işlərdə cavabdeh inzibati orqan olmalıdır. Hazırkı iş üzrə cavabdeh inzibati orqan deyil və iddiaçı ilə cavabdeh arasındakı münasibətlər publik hüquq sahəsinə aid deyil, mülki xarakterlidir. Belə olan halda, məhkəmənin qənaətinə görə hazırkı iddaya inzibati deyil, mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Beləliklə, inzibati məhkəmə icraatı qaydasında iddia mümkün sayılmamalıdır”. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. Nəzərə almaq lazımdır ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı və bunun üzərindən hüquq mübahisəsinin xarakterindən irəli gələn məhkəmə aidiyyəti ilə bağlı məhdudiyyətlərə tabedir. Başqa sözlə, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İnzibati prosessual qanunvericiliyin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Göründüyü kimi, inzibati məhkəmə icraatında iddianın xüsusi mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan ümumi mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. İddiaçı iddia edir ki, növbəti həkim komissiyasından keçmiş, lakin onun sənədləri xəstəxana tərəfindən qanunsuz olaraq altsistemə düzgün yerləşdirilməmiş, xəstəliklə bağlı diaqnozu düzgün təyin olunmamış və nəticədə o, 1 illik müddət üçün cavabdehin təqsiri ucbatından əmək pensiyası ala bilməmişdir. Başqa sözlə, iddiaçının hüquqi marağı ona vurulmuş maddi ziyanın kompensasiyasına nail olmaqdan ibarətdir. Hazırkı iddia tələbinin məhkəmə aidiyyətini müəyyən edən həlledici meyar güman olunan ziyanın məhz hansı hüquq münasibətləri çərçivəsində vurulmasıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər. Müvafiq olaraq maraqlı şəxslərin vurulmuş ziyana görə inzibati orqanlara qarşı qaldırdığı iddialara o halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər ki, həmin ziyan məhz inzibati orqanların inzibati hüquq sahəsindəki fəaliyyəti nəticəsində vurulmuş olsun. Birinci instansiya məhkəməsinin qərardadında qeyd edilmişdir ki, hazırkı iş üzrə cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X5 isə inzibati orqan deyil. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, “X2”nın V bölməsində qeyd edilmişdir ki, qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxslər inzibat orqan kimi təsnif edilir. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi” Qaydalarının: 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.3-cü bəndinə əsasən göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. Qeyd etmək lazımdır ki, Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququ olan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5n tabeliyindəki tibb müəssisələrinin siyahısının 38-ci bəndində Masallı Rayon Xəstəxanası da qeyd edilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, hətta şərti qəbul etsək ki, cavabdeh inzibati orqan deyil, bu hal belə, hazırkı mübahisəyə inzibati məhkəmə icraatında baxılmasına prosessual maneə deyildir. Belə ki, inzibati məhkəmə icraatı zamanı bəzi iddia növləri üzrə cavabdehin formal baxımdan inzibati orqan kimi təsnif edilməməsi həmin mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmasını istisna etmir. Başqa sözlə, mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılması üçün cavabdehin formal baxımdan mütləq qaydada inzibati orqan kimi təsnif olunması heç də həmişə zəruri şərt deyildir. Qeyd olunmalıdır ki, publik hüquqi münasibətlər bir tərəfin digər tərəfin hakimiyyəti tabeliyində olmasına əsaslanır. Bu münasibətlər ümumi maraqlar naminə və dövlətin adından fəaliyyət göstərən bir tərəfin – publik orqanın hakimiyyət səlahiyyətlərinə malik olmasına, digər tərəfin – fərdin (fiziki və hüquqi şəxslərin) isə tabeçiliyinə əsaslanmaqla tərəflərin subordinasiyasını nəzərdə tutur. Xüsusilə qeyd olunmalıdır ki, publik orqanın tələbləri və şəxslərin vəzifələri müqavilədən deyil, qanundan irəli gəlir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 12 yanvar tarixli Qərarı). Hazırkı inzibati mübahisənin inzibati hüquq xarakterli və ümumi (publik) hüquq sahəsinə aid olması onunla bağlıdır ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək qanunverciliyin tələbinə əsasən cavabdeh “Masallı Rayon Mərkəzi Xəstəxanası” X3 səlahiyyətindədir. Nəzərə almaq lazımdır ki, ümumi hüquq normaları cəmiyyət və dövlət mənafeyi ilə bağlı münasibətləri nizama saldığından onlar ayrı-ayrı fiziki və hüquqi şəxslər arasında yaranan münasibətləri tənzimləyən və fərdlərin maraqlarına xidmət edən xüsusi hüquq normalarından fərqli olaraq dispozitiv deyil, imperativ xarakter daşıyır. Təsadüfi deyildir ki, Ali Məhkəmə Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarının 4-cü bəndində göstərilmişdir ki, inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. Beləliklə, məhkəmə kollegiyasının qənaətinə görə qeyd olunan mübahisə inzibati xarakterli olduğundan, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid edilir. Bu baxımdan, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxılmalı və həll edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianının inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkün saymamaqla düzgün nəticəyə gəlməmişdir. Ona görə də Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(120)-1945/2022 nömrəli qərardadı ləğv edilməli, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Şirvan İnzibati Məhkəməsinin 21 fevral 2022-ci il tarixli, 2-1(120)-1945/2022 nömrəli qərardadı ləğv edilsin, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərardad onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-207/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-207/2023
25.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver