Məhkəmə qərarları › İş №2-1(106)-207/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-207/2024

20.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-207/2024 20.11.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Bəhmənov Habil Xanoğlan oğlu və Əsədli Mahir Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(120)-1339/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı qərarın hissəvi dəyişdirilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin **********1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın ona məxsus olması hissəsində səbəbli əlaqənin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi göstərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 16 noyabr 2023-cü il tarixli, 2- 1(120)-1339/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyasının **********1 nömrəli, xx.xx.2022-ci il tarixli qərarın İddiaçı məxsus olması hissəsində səbəbli əlaqənin dəyişdirilərək Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi göstərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya xx.xx.2010-cu il tarixdə ilkin müayinədən keçən zaman 1 il müddətinə, xx.xx.2014-cü il tarixdə 1 il müddətinə, xx.xx.2015-ci il tarixdə 1 il müddətinə, xx.xx.2016-cı il tarixdə 1 il müddətinə, xx.xx.2017-ci il tarixdə təkrar müayinədən keçən zaman 5 il müddətinə əlillik təyin edilmişdir ki, hər birində səbəbli əlaqə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd edilmişdir. İş materiallarına, həmçinin ekspert rəyinə əsasən iddiaçının hal-hazırda da qeyd edilən xəstəliklərdən əziyyət çəkdiyi, xx.xx.2017-ci il tarixdə sonuncu dəfə ikinci dərəcə əlillik təyin edilərkən onda olan xəstəliklər hazırda da müşahidə edildiyi müəyyən olunur. Qərardan cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli qərarına əsasən onun döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü il tarixdə aldığı travmanın hərbi travma olduğu və Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı qeyd edilmişdir. Ona təkrarən xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar ikinci dərəcə əlillik verilmişdir. TSEK diaqnoz olaraq isə “Fəqərəarası diskin dəqiqləşdirilməmiş zədələnməsi, sağ qalça darağının qapalı bitişmiş sınığı, aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi diaqnozu qoyulmuşdur. 2017-ci ildən bu günə qədər onun səhhətində heç bir irəliləyiş olmamışdır. xx.xx.2022-ci il tarixdə yenidən cavabdeh orqan tərəfindən aparılmış qiymətləndirmə nəticəsində ona ümumi xəstəliklə bağlı üçüncü dərəcə əlillik verilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya qarşı etirazda qeyd edilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2010-cu il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G70- G73 - Əzələlərin və sinir-əzələ sinapsının xəstəlikləri => G71 - Əzələlərin birincili zədələnməsi => G71.0 - Əzələ distrofiyası; Diaqnozun mətni: Onurğanın bel oma nahiyəsinin osteoxondrozu L1-S1 f/a diskin yırtığına görə c/ə s/vəz. sol pəncənin parezi L5- S1 f/a disk yırtığının çıxarılmasından s/vəz. Y/çətinləşməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğanın bel oma nahiyəsinin osteoxondrozu L1-S1 f/a diskin yırtığına görə c/ə s/vəz. sol pəncənin parezi L5-S1 f/a disk yırtığının çıxarılmasından s/vəz. Y/ç...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Vİ Sinif - Sinir sistemi xəstəlikləri => G70-G73 - Əzələlərin və sinir-əzələ sinapsının xəstəlikləri => G71 - Əzələlərin birincili zədələnməsi => G71.0 - Əzələ distrofiyası; Diaqnozun mətni: Onurğanın bel oma nahiyəsinin osteoxondrozu L1-S1 f/a diskin yırtığına görə c/ə s/vəz. sol pəncənin parezi L5- S1 f/a disk yırtığının çıxarılmasından s/vəz. Y/çətinləşməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğanın bel oma nahiyəsinin osteoxondrozu L1-S1 f/a diskin yırtığına görə c/ə s/vəz. sol pəncənin parezi L5-S1 f/a disk yırtığının çıxarılmasından s/vəz. Y/ç....” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M80-M94 - Osteopatiyalar və xondropatiyalar => M86- M90 - Digər osteopatiyalar => M86 - Osteomielit => M86.0 - Kəskin he...; Diaqnozun mətni: Onurğanın bel-oma nah-nn osteoxondrozu . L5-S1 f/a diskin yırtığına görə c/ə s/vəz. Sol pəncənin parezi L5-S1 f/a disk yırtığının çıxarılmasından sonrakı hal. y/çətinləşməsi; Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Onurğanın bel-oma nah-nn osteoxondrozu . L5-S1 f/a diskin yırtığına görə c/ə s/vəz. Sol pəncənin parezi L5-S1 f/a disk yırtığının çıxarılmasından sonrakı hal. ...” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümükəzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Fəqərəarası diskin dəqiqləşdirilməmiş zədələnməsi.Sağ qalça darağının qapalı bitişmiş sınığı.Aşağı ətrafların monoplegiyası.Sol pəncənin parezi; Meyar: 2.2. İkinci dərəcə əlillik =>2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması halları” səbəbi ilə 1 il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M50-M54 - Digər dorsopatiyalar => M51 - Digər şöbələrin fəqərəarası disklərinin zədələnmələr...; Diaqnozun mətni: Fəqərəarası diskin dəqiqləşdirilməmiş zədələnməsi.Sağ qalça darağının qapalı bitişmiş sınığı.Aşağı ətrafların monoplegiyası.Sol pəncənin parezi.; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.11. Onurğa beyninin xəstəliyi və ya travması nəticəsində aşağı ətrafların nəzərə çarpan parezi və ya çanaq orqanları funksiyalarının pozulması hallan” səbəbi ilə 5 il müddətinə əlillik dərəcəsi verilmişdir. Sabirabad Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M95-M99 - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozğunluqları => M95 - Birləşdirici toxumanın və sümük-ə...; Diaqnozun mətni: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L5-S1 fəqərəarası disk yırtığına görə L5 fəqərəsinin hissəvi hemilaminektomiyası, L5-S1 fəqərəarası disk yırtığının xaric edilməsindən sonrakı vəziyyət. Aşağı ətrafların monoplegiyası, Sol pəncənin parezi.; Meyar: 2.3 Üçüncü dərəcə əlillik => 2.5.13. əlin və ya pəncənin iflici (G83.0-G83.3);” səbəbi ilə müddətsiz İİİ dərəcə əlillik verilmişdir. Göründüyü kimi, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında xx.xx.2022-ci il tarixdə əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Fləkim Komissiyası tərəfindən xx.xx.2009-cu il tarixli 1412 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Saq çanaq, bud-çanaq oynağı nahivvəsinin əzilmiş sıyrılmış varası. Sap qalça darağının qapalı sınığı. Sap bud-çanaq nahiyyəsi və xavalıpın dərialtı hematoması. Çanağın sağ yarımhissəsirıin əziyi” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri aşkarlanmamışdır. Sağ aşağı ətrafda hərəkətlər sərbəst, əzələ gücü və tonusu dəyişiksiz müəyyən edilmişdir. Eyni zamanda paravertebral nöqtələr ağrılı, Lassek və Neri simptomları müsbət, radikulopatiya əlamətləri izlənilmiş, sol aşağı ətrafda reflekslər enmiş, D>S, soldan distal əzələlərin hipotrofiyası və yerişin paretik olması qeyd olunmuşdur. Anamnestik məlumatlarda, 1997-ci il və 2013-cü il tarixlərdə “Laminoektomivä' əməliyyatı aparılmışdır. Təqdim olunmuş xx.xx.2021-ci il tarixli EMG müayinəsinin nəticəsi “Sol tərəfli L5-S1 sinir köklərinin xronik zədələnməsi ilə uyqundur” kimi müəyyənləşdirilmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.13 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh iddiaya qarşı etiraz ərizəsində qeyd edilmiş dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 1412 nömrəli Qərarından görünür ki, İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Mingəçevir şəhər mərkəz xiəstəxanasında müayinə və müalicə olunduğu travma - diaqnoz: «Sağ çanaq, bud-çanaq oynağı nahiyyəsinin əzilmiş sıyrılmış yarası. Sağ qalça darağının qapalı sınığı. Sağ budçanaq nahiyyəsi və xayalığın dərialtı hematoması» və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi Sabirabad rayonu mərkəzi xəstəxanasında müayinə və müalicə olunduğu travmanın nəticəsi-diaqnoz: «Çanağın sağ yarımhissəsinin əziyi» (Sabirabad RHK-nın xx.xx.2009-cu il tarixli, 4/488 nömrəli göndərişi, xx.xx.2009-cu il tarixli, 4/201 nömrəli arayışı, Mingəçevir şəhər mərkəzi xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, Sabirabad rayonu mərkəzi xəstəxanasından verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 22 may 2023-cü il tarixli, T 285/2023 saylı rəyində göstərilmişdir ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisələrində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Diaqnozun mətni: Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. L5.Sı fəqərəarası disk yırtığına görə L5 fəqərəsinin hissəvi hemilaminektomiyası. L5.Sı fəqərəarası disk yırtığının xaric edilməsindən sonrakı vəziyyət. Aşağı ətrafların monoplegiyası, sol pəncənin parezi” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumenta] müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onların proqnozu və səmərəliliyi qənaətbəxş olmuşdur. Şəxsin TSEK-də müayinələri zamanı ekspertlər tərəfindən əmək qabiliyyətinin itirilməsi 0% olmuşdır. Hazırda da o, yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. İddiaçı əlilliyin təyini zamanı Forma 088 göndərişlərində qeyd edilən diaqnozda X1 üzrə Xİİİ Sinif- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri əsas xəstəlik kimi göstərilmişdir. xx.xx.2017-ci il tarixdə sonuncu dəfə ikinci dərəcə əlillik təyin edilərkən onda olan xəstəliklər hazırda da müşahidə olunur. Diaqnozda olan xəstəliklər tam reablitasiya olunmurlar və hazırda onlarla əlaqədar onun əlavə bərpa müalicəsinə ehtiyacı yoxdur, xəstəliklər kəskinləşdikdə müvafiq ixtisas sahəsinin həkimləri tərəfindən müalicəyə cəlb edilə bilərlər. Göründüyü kimi, iddiaçıya 2017-ci il tarixdən əvvəlki dövrlərdə, eləcə də 2017-ci ildə əlillik təyin edilərkən hazırda onun orqanizmində olan patofunksional pozuntular eyni olmuş və səbəb əlaqəsi “Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Buna baxmayaraq cavabdeh növbəti dəfə əlilliyin qiymətləndirilməsi zamanı səbəb əlaqəsini heç bir tibbi və hüquqi əsas göstərmədən dəyişmiş və “ümumi xəstəlik” kimi göstərmişdir. Qeyd olunan xüsusat nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən müvafiq qərardad qəbul edilərək, cavabdehə yenidən inzibati icraatın aparılması həvalə edilsə də cavabdeh tərəfindən bu halda da əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsindən ətraflı tibbi və hüquqi əsaslandırma göstərilmədən imtina edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X4” X5 17 sentyabr 2024-cü il tarixli, T 591/2024 saylı rəyində göstərilmişdir ki, iddiaçının orqanizmində hazırda olan patofunksional pozuntuların Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 1412 nömrəli Qərarı ilə müəyyən edilmiş patofunksional pozuntularla (Sağ çanaq, bud-çanaq oynağı nahiyyəsinin əzilmiş sıyrılmış yarası. Sağ qalça darağının qapalı sınığı. Sağ bud-çanaq nahiyyəsi və xayalığın dərialtı hematoması) səbəbli əlaqəsi müəyyən edilmədi. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2022-ci il tarixədək (növbəti müayinə vaxtı) iddiaçının orqanizmində olan patofunksional pozuntular həmin tarixdə və ondan sonrakı dönəmdə eynilik təşkil etdiyindən hazırki patofunksional pozuntuların onun orqanizmində Müdafiə Nazirliyi Hərbi-Həkim Komissiyasının xx.xx.2009-cu il tarixli, 1412 nömrəli Qərarı ilə müəyyən edilmiş patofunksional pozuntularla səbəbli əlaqəsinin olmaması ilə bağlı ekspert rəyi mötəbər hesab edilə bilməz. Həmin rəyin mötəbər hesab edilməməsi əsaslarından biri də tədqiqatın aparılmasında cavabdeh qurumun nümayəndəsinin iştirak etməsi və onun işin nəticəsi ilə maraqlı olması ehtimalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. -24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun :- -3.1-ci maddəsinə əsasən şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. -3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. -4.3-cü maddəsinə əsasən əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. -6.4-cü maddəsinə əsasən əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və gəldiyi nəticə ilə razılaşır və belə qənaətə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Odur ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(120)-1339/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(120)-1339/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar