Məhkəmə qərarları › İş №2-1(106)-208/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-208/2023

05.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-208/2023 05.09.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Samir Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həsənov Müşfiq Kamil oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(120)-661/2023 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Cavabdeh qarşı “artıq alınmış 474.11 manat pensiya məbləğinin qaytarılması”barədə iddia tələbi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, vətəndaş Cavabdeh mərhum atasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Adı çəkilən şəxs tərəfindən 1074,11 (bir min yetmiş dörd manat, on bir qəpik) manat mərhuma məxsus kart hesabından götürülmüşdür. X19 dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 42.2-ci maddəsinə uyğun olaraq Cavabdeh ölkə üzrə əmək pensiyasının minimum məbləğinin (200,00 manat) üç misli miqdarında (600,00 manat) dəfn müavinəti hesablanaraq artıq ödənilmiş 1074,11 manat məbləğindən çıxılmış, qalan 474,11 manat məbləğində pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmamışdır. “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 38-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyasını təyin edən orqana məlumat verilməlidir. Cavabdeh yaranmış 474,11 manat borcu, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödəməyi barədə müraciət edilmiş, əks halda qanuna müvafiq olaraq məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Sözügedən Qanunun 39.4-cü maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası üzrə borc ödənilib qurtarmamış əmək pensiyasının ödənişi dayandırılırsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 22 fevral 2023-cü il tarixli, 2-1(120)-661/2023 saylı qərarı ilə iddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının Cavabdeh qarşı “artıq alınmış pensiya məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: a) Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandıraraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin qərarında qeyd edilmişdir ki, cavabdehin artıq ödəmə ilə əlaqədar razılığı alınmamışdır. Dəfn müavinəti almaq üçün cavabdehin imza və tarix hissəsini boş qoymaqla özünün əlyazısıyla doldurduğu ərizə ilə iddiaçı inzibati orqana müraciət etmişdir. Həmin ərizədə artıq ödənilmiş pensiyanın geri qaytarılmasına razılıq verilməsi ilə bağlı bənd mövcuddur. Cavabdeh özünün əl yazısıyla yazdığı ərizəni iddiaçı inzibati orqana təqdim etməsilə özünün iradə ifadəsini nümayiş etdirmiş və nəticədə artıq ödənilmiş pensiya məbləğinin tutulmasına etiraz etmədiyini bildirmişdir. Razılıq bildirilməsinə baxmayaraq, cavabdeh öz hərəkətsizliyi ilə inzibati aktın icrasından yayınmışdır. Qeyd olunanlar nəzərə alınaraq Şirvan İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli 2- 1(120)-661/2022 nömrəli qərarı əsassız olduğundan ləğv edilməlidir. İddiaçı apellyasiya şikayətində Şirvan İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(120)-661/2023 nömrəli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. b) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-208/2023 saylı, 25 aprel 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. 06 iyun 2023-cü il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat vermişdir. O cümlədən sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, iddiaçı tərəfindən ödənilmiş vəsaitin Cavabdeh tərəfindən çəkilməsi faktını inzibati orqana ərizə ilə müraciət edənin Cavabdeh olduğuna görə müəyyən edilmiş, mərhum X13 xx.xx.2020-ci il tarixdə vəfat etsə də mərkəzi filiala məlumat verilmədiyindən, 2020-ci ilin fevral ayından 2021-ci ilin (sentyabr ayı daxil olmaqla) 30 sentyabrına qədər tam şəkildə ödəniş edilmiş, mərhum xx.xx.2020-ci il tarixdə vəfat etsə də, ölüm şəhadətnaməsi xx.xx.2020-ci il tarixlidir. Apellyasiya şikayətində qeyd edilib ki, 2020-ci il tarixdə vəfat etməsi faktı xx.xx.2020-ci il tarixli 102325 nömrəli ölüm haqqında şəhadətnamə ilə təsdiq edilmişdir. Cavabdeh xx.xx.2022-cü il tarixdə dəfn xərcləri ilə bağlı quruma müraciətindən sonra X4 vəfat etməsi iddiaçıya məlum olmuşdur. 2020-ci ilin fevral ayından 2021-ci ilin 30 sentyabrına qədər iddiaçı tərəfindən köçürülmüş ümumi məbləğ 16749.25 azn təşkil etmişdir. Həmin məbləğin 1431.11 azn hissəsi kart hesabından nağdlaşdırılsa da, qalan 15318.14 azn hissəsi isə bank tərəfindən mərkəzi filiala qaytarılmışdır. 05 sentyabr 2023-cü il tarixdə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı AZ0700/********** saylı, xx.xx.2023-cü il tarixli teleqramda iddiaçının ondan tələb etdiyi pensiya məbləğini aldığını, həmin vəsaiti birdəfəlik geri qaytarmağa imkanının olmadığını, hissə-hissə geri qaytara biləcəyini bildirmiş, həmçinin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qeyd ediklərinin məhkəmə kollegiyası tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Cavabdeh xahişini nəzərə alaraq məhkəmə iclasının cavabdehin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. d) Məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Beləliklə məhkəmə kollegiyası qərar qəbul edərkən aşağıdakı faktiki hallara və sübutlara əsaslanmağı zəruri hesab edir. İş materiallarında olan Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ünvanlanmış ərizəsində atası X13 xx.xx.2020-ci il tarixdə vəfat etdiyini qeyd etmişdir, onun dəfn xərclərinin ödənilməsinə köməklik göstərilməsini, artıq pensiya məbləği olarsa, dəfn üçün verilən müavinətdən çıxılmasına etiraz etmədiyini bildirmişdir. Təqdim edilmiş ərizədə tarix və imza qeyd olunmamışdır. (iş vərəqi 3) İş materiallarında olan Astara Rayon Qeydiyyat Şöbəsi tərəfindən X13 barəsində verilmiş 21 iyul 2020-ci il tarixli, AZ-İİ 102325 nömrəli, ölüm haqqında şəhadətnamədən görünür ki, Telman Ağayev xx.xx.2020-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 266 nömrə ilə qeyd edilmişdir. Ölümün səbəbi məhkəmə qərarı ilə müəyyən edilmişdir. (iş vərəqi 4) İş materiallarında olan Astara Rayon Qeydiyyat Şöbəsi tərəfindən X13 barəsində təkrar verilmiş xx.xx.2020-ci il tarixli 340 saylı, ölüm haqqında arayışdan görünür ki, Telman Ağayev xx.xx.2020-ci il tarixdə Abşeron rayonunda ölmüş, bu barədə ölüm haqqında akt qeydləri qeydlər kitabında xx.xx.2020-ci il tarixdə 266 nömrə ilə qeyd edilmişdir. (iş vərəqi 20) İş materiallarında olan Astara Rayonu, Kijəbə Bələdiyyəsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmək üçün verilmiş 05 saylı, xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, verilir Cavabdeh ondan ötrü ki, həqiqətən mərhum atası X13 ilə bir təsərrüfatda yaşamış, onun dəfn xərcini özü çəkmişdir. (iş vərəqi 21) İş materiallarında olan Şirvan İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2- 1(120)-2013/2022 saylı sorğusuna cavab olaraq ünvanladığı 29 dekabr 2022-ci il tarixli, **********2 saylı məktubunda iddiaçı qeyd etmişdir ki, X13 18 fevral 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Mərkəzi Filiala vaxtında məlumat verilmədiyindən mərhumun əmək pensiyası müvafiq kart hesabına 2020-ci ilin fevral (vəfat etdiyi gündən ayın sonuncu gününədək) ayından 30 sentyabr 2021-ci il tarixinədək tam məbləğdə köçürülüb. Sözügedən dövr ərzində köçürülmüş ümumilikdə 16749,25 manat pul vəsaitinin 1431,11 manat hissəsi mərhumun kart hesabından nağdlaşdırılıb, qalan 15318,14 manat hissəsi isə müvafiq bank tərəfindən Mərkəzi Filialın hesabına geri qaytarılıb. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərini nəzərə alaraq, 1 yanvar 2021-ci il tarixinədək vəfat etmiş şəxslərə artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi zamanı "Əmək pensiyaları haqqında" Qanunun 37.8.1-ci maddəsinin həmin tarixdən sonrakı redaksiyasının tətbiq olunması nəticəsində mərhuma artıq ödənilmiş pul vəsaiti 1431,11 manatdan 1074,11 manata azaldılıb. Mərhumun övladı Cavabdeh Mərkəzi Filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə uyğun olaraq ona ölkə üzrə 2020-ci il üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində (600,00 manat) hesablanmış dəfn müavinəti mərhumun kart hesabına artıq köçürülmüş 1074,11 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalıq artıq ödənilmiş 474,11 manat pul vəsaiti isə bugünədək Mərkəzi Filialın hesabına qaytarılmayıb. (iş vərəqi 39) İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 12/1056 saylı “Pensiyanın uçot vərəqi”ndən görünür ki, X10 xx.xx.2012-ci il tarixdə yaşa görə əmək pensiyası təyin olunmuşdur. Həmçinin cədvəldən görünür ki, əmək pensiyasının baza hissəsi 85 manat, sığorta hissəsi 45,93 manat, yığım hissəsi 443,07 manat, əmək pensiyasının ümumi məbləği isə 574 manat olmuşdur. (iş vərəqi 41) İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun HQXRŞİD rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 12/1056 saylı, xx.xx.2012-ci il tarixli qərarına əsasən, X7 xx.xx.2012-ci il tarixdən ömürlük olmaqla 574 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. (iş vərəqi 43) İş materiallarında olan iddiaçı cavabdehə ünvanladığı **********7 saylı, xx.xx.2022 tarixli “Artıq ödənilmiş pul vəsaiti haqqında” məktubunda qeyd etmişdir ki, X11 18 fevral 2020-ci il tarixində vəfat etmiş, lakin bu barədə Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına məlumat verilmədiyi üçün onun müvafiq kart hesabına 2020-ci ilin fevral (vəfat etdiyi gündən ayın sonuncu gününədək) ayından etibarən 30 sentyabr 2021-ci il tarixədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Bu səbəbdən də mərhum Telman Ağayevə 1431,11 manat artıq pul vəsaiti ödənilmişdir. X18 müvafiq kart hesabına artıq ödənilən və Mərkəzi Filialın hesabına bərpa olunmayan 1431,11 manat məbləğində pul vəsaitini könüllü şəkildə büdcəyə (bank rekvizitləri əlavə olunur) qaytarmağınızı xahiş edirik. Əks halda qanunvericiliyə uyğun qaydada müvafiq tədbirlər görüləcəkdir. (iş vərəqi 51) İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Pensiyaçının vəfatı ilə bağlı pensiya ödənişinin dayandırılması haqqında” **********1 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, X7 təyin olunmuş əmək pensiyası xx.xx.2021ci il tarixdən dayandırılmışdır, sonuncu pensiya məbləği 862,75 manat, dəfn üçün müavinətin məbləği 600 manat olmaqla, pensiya üzrə artıq ödənilmiş məbləğ 16392,25 manat (19 ay üçün) hesablanmış, dəfn üçün təyin edilmiş müavinət isə bu məbləğdən çıxılaraq yekunda cəmi ödənilməli məbləğ 15792,25 manat hesablanmışdır. (iş vərəqi 55) İş materiallarında olan Cavabdeh Şirvan Apellyasiya Məhkəməsinə ünvanladığı AZ0700/********** saylı, xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, cavabdeh iddiaçının ondan tələb etdiyi pensiya məbləğini aldığını, həmin vəsaiti birdəfəlik geri qaytarmağa imkanının olmadığını, hissə-hissə geri qaytara biləcəyini bildirmiş, həmçinin məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və qeyd ediklərinin məhkəmə kollegiyası tərəfindən nəzərə alınmasını xahiş etmişdir. e) Məhkəmənin istinad etdiyi normativ hüquqi aktlar: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və işin faktiki hallarını araşdırmaq, işdə olan sənədləri və sübutları tədqiq etmək və onları qiymətləndirmək məqsədilə aşağıda qeyd edilən hüquq normalarına istinad etməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: Maddə 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; Maddə 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; Maddə 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. Maddə 38.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Maddə 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Maddə 39.4. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi bu Qanunla müəyyən edilmiş hallarda dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. “İnzbati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. f) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(120)-661/2023 saylı qərarı tam ləğv edilməli, iddia tələbi təmin edilməlidir. g) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi üçün əsas olmuş səbəblər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Qanunun Maddə 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Hazırkı halda isə iş materialları ilə cavabdehin əmək pensiyasından tutulmaların aparılmasına dair hər hansı razılıq ərizəsi müəyyən edilmir. Bu səbəbdən də iddiaçı pensiya qanunvericiliyini tənzimləyən hüquqi normalar əsasında aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququndan istifadə etmişdir. Qeyd olunur ki, hazırkı iş üzrə inzibati məhkəmə mübahisəsinin əsası artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasının qanuni hesab edilib-edilməməsi ilə bağlıdır ki, məhkəmə hesab edir ki, bu zaman məhkəmə inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə və işin hallarına uyğun olaraq əmək pensiyasının təyin edilməsi barədə inzibati aktın qanuni və qanunsuzluğundan əvvəl həmin inzibati aktın əlverişsiz və ya əlverişli inzibati akt olmasını araşdırmalıdır. Başqa sözlə hazırkı iş üzrə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması barədə tələb, əmək pensiyasının təyin edilməsi barədə qərarın, o cümlədən inzibati orqan faktiki xarakterli digər hərəkətlərinin əlverişli və ya əlverişsiz olmasından asılıdır. Belə ki, nə əmək pensiyasının təyin edilməsi barədə qərarda, nə də məhkəməyə daxil olmuş müvafiq sənədlərdə iddiaçının güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində cavabdehin təqsirli olması barədə heç bir qeyd edilməmişdir. İş materiallarında olan digər sənədlərlə isə əmək pensiyasının təyin edilməsininin əsassızlığı ümumi iş stajının olmaması ilə bağlı əsaslandırılsa da, bu zaman cavabdehin səhv təyinata hər hansı müdaxiləsinin mövcud olduğu qeyd edilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə cavabdeh onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının cavabdehdən gözlənilməsi məntiqsiz olar. Beləliklə, maraqlı şəxs kimi cavabdeh etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, iddiaçının səhvi səbəbindən ödənilən məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı iddiaçının hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər cavabdeh üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Məhkəmə də ehtimal olunan artıq ödənişi pensiya təyini barədə qərarın, sərəncamın qəbul edilməsinin, faktiki xarakterli hərəkətlərin hüquqi nəticəsi kimi gördüyündən artıq ödənişin aradan qaldırılmasına qanunvericiliklə müəyyən edilmiş məhdudiyyət olduğunu nəzərə alaraq geri qaytarılması barədə inzibati orqanın hərəkətlərini qanunsuz hesab edir. Məhkəmə, həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə cavabdehin hesabına düzəldilməsi yol verilməzdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, mübahisənin predmeti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk öncə hazırki iddia tələbinə münasibətdə qeyd edilməlidir ki, hazıki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. Öhdəliyin icrası haqqında iddianın əsaslı olması üçün, ilk növbədə, iddia tələbinin qanuni əsasının mövcud olması və bu qanuni əsasın dispozisiya şərtlərinin yerinə yetirlməsi zəruridir. İddia tələbinin qanuni əsası inzibati hüququn və ya konstitusiya hüququnun ümumi prinsiplərindən, yaxud hər hansı əlverişli inzibati aktdan irəli gələ bilər. Məhkəmə araşdırması zamanı müəyən edilmişdir ki, cavabdehin atası X8 xx.xx.2012-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. X14 xx.xx.2020-ci il tarixdə Abşeron rayonunda vəfat etmişdir. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək atası X5 xx.xx.2020-ci il tarixdə vəfat etməsini bildirmiş və dəfn xərcinin özünə ödənilməsini xahiş etmişdir. Həmçinin müəyyən edilmişdir ki, cavabdeh mərhum atasının ölümü haqqında məlumatı və həmçinin ölüm haqqında şəhadətnaməni Mərkəzi Filiala vaxtında təqdim etmədiyindən, onun müvafiq kart hesabına xx.xx.2021-ci il tarixinədək əmək pensiyası tam məbləğdə köçürülmüşdür. Sözügedən dövr ərzində köçürülmüş ümumilikdə 16749,25 manat pul vəsaitinin 1431,11 manat hissəsi mərhumun kart hesabından nağdlaşdırılıb, qalan 15318,14 manat hissəsi isə müvafiq bank tərəfindən Mərkəzi Filialın hesabına geri qaytarılıb. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin tələblərini nəzərə alaraq, 1 yanvar 2021-ci il tarixinədək vəfat etmiş şəxslərə artıq ödənilmiş pensiya məbləğinin müəyyən edilməsi zamanı "Əmək pensiyaları haqqında" Qanunun 37.8.1 -ci maddəsinin həmin tarixdən sonrakı redaksiyasının tətbiq olunması nəticəsində mərhuma artıq ödənilmiş pul vəsaiti 1431,11 manatdan 1074,11 manata azaldılıb. Mərhumun övladı Cavabdeh Mərkəzi Filiala dəfn müavinətinin alınması ilə bağlı müraciətinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun 42.2-ci maddəsinə uyğun olaraq ona ölkə üzrə 2020-ci il üzrə minimum əmək pensiyasının (200,00 manat) üç misli məbləğində (600,00 manat) hesablanmış dəfn müavinəti mərhumun kart hesabına artıq köçürülmüş 1074,11 manatdan çıxılaraq büdcəyə bərpa edilib. Qalıq artıq ödənilmiş 474,11 manat pul vəsaiti isə bugünədək cavabdeh tərəfindən Mərkəzi Filialın hesabına qaytarılmayıb. Həmçinin, cavabdeh Ağayev X12 Apellyasiya Məhkəməsinə AZ0700/********** saylı, xx.xx.2023-cü il tarixli teleqram ünvanlayaraq iddiaçının ondan tələb etdiyi pensiya məbləğini aldığını, həmin vəsaiti birdəfəlik geri qaytarmağa imkanının olmadığını, hissə-hissə geri qaytara biləcəyini bildirmiş və qeyd ediklərinin məhkəmə kollegiyası tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası işin müəyyən edilmiş faktiki hallarını yuxarıda qeyd edilən hüquq normaları daxilində qiymətləndirərək belə qənaətə gəlir ki, yaşa görə təyin edilmiş əmək pensiyası həmin pensiyanın aid olduğu şəxsin sağlığında kompensasiyası məqsədilə ona ödənilən aylıq pul ödənişidir. Həmin şəxsin ölməsi ona təyin edilmiş əmək pensiyası ödənişinin dayandırılması ilə nəticələnir. Başqa sözlə pensiyanın təyin edilməsi ilə bağlı qərar həmin qərarın yönəldiyi (ünvanlandığı) şəxsə nisbətdə qüvvədə olur və öldüyü vaxta qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Hazırki mübahisəyə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, 12/1056 nömrəli xx.xx.2012-ci il tarixli qərarla X8 xx.xx.2012-ci il tarixindən yaşa görə təyin edilmiş əmək pensiyası yalnız ona nisbətdə hüquqi qüvvəsi olmuş və həmin qərarın hüquqi qüvvəsi X5 öldüyü vaxtdan başa çatmışdır. Bu baxımdan X5 öldüyü tarixdən sonra ona məxsus kart hesabına pensiya vəsaitin köçürülməsinin və həmin vəsaitin cavabdeh tərəfindən kart hesabından götürülməsinin hüquqi əsası olmamışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, hüquqi əsas olmadan əldə edilmiş pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmalıdır. Təsadüfi deyildir ki, “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə əsasən vəfat etmiş və ya həlak olmuş ailə başçısının həmin maddədə göstərilən ailə üzvlərinin ailə başçısını itirməyə görə əmək pensiyası hüququ vardır. Bu ondan irəli gəlir ki, əmək pensiyaçısı vəfat etdikdə, onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvləri ailə başçısının ölümü ilə əlaqədar itirdikləri gəlirlərin kompensasiyası məqsədilə hər ay pul ödənişi (pensiya) ala bilsin. Yəni, əmək pensiyaçısı vəfat etdikdən sonra onun qanunla dairəsi müəyyən edilmiş ailə üzvləri vəfat etmiş əmək pensiyaçısına ödənilən (kart hesabına köçürülən) pensiya vəsaitini deyil, ailə başçısını itirməyə görə əmək pensiyası təyin edildiyi halda həmin pensiya vəsaitini özlərinə məxsus kart hesabından götürə bilərlər. Odur ki, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı iddia tələbində haqlı, cavabdehin hərəkətləri isə qanunsuz olmuşdur. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuş və düzgün tətbiq etməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Nəticəvi hissə: Beləliklə, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 22 fevral 2023-ci il tarixli, 2-1(120)-661/2023 saylı qərarı ləğv edilməli, iddia tələbi təmin edilməli və Cavabdeh üzərinə 474,11 manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi (qaytarılması) öhdəliyi qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 22 fevral 2023-ci il tarixli, 2-1(120)-661/2023 saylı qərarı ləğv edilsin. İddia təmin edilsin. Cavabdeh üzərinə 474,11 manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi (qaytarılması) öhdəliyi qoyulsun. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar