Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-208/2024 06.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(120)-2663/2023 nömrəli qərardadından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı sərəncamın ləğv edilməsi və ilk sərəncamın yenidən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quliyeva Firuzə Mursaqulu qızına verilmiş sərəncamın ləğv edilməsi, ona verilmiş sərəncamın yenidən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması bаrədə qərаr çıхаrılmаsını хаhiş еtmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 02 noyabr 2023-cü il tarixli, 2- 1(120)-2663/2023 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iddia müddətinə riayət etmədən, yəni iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etmişdir. Belə ki, iş materiallarında olan sənədlərə əsasən iddiaçıya inzibati orqan tərəfindən xx.xx.2009-cu il, xx.xx.2013-cü il, xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixlərdə mübahisələndirdiyi hissələrlə bağlı məktubların ünvanlandığı, qeyd edilən hallarla bağlı iddiaçı tərəfindən 2020-ci ilin fevral ayında məhkəməyə müraciətinin olduğu müəyyən edilmiş və iddia tərəfindən məhkəməyə göndərilən iddia ərizəsində 25 sentyabr 2019-cu il tarixdə artıq qeyd edilən mənzildən çıxarıldığını və hal-hazırda mübahisələndirdiyi inzibati aktlardan məlumatının olduğunu qeyd etmişdir. Qeyd edilənlərdən görünür ki, İddiaçı 2019-cu il tarixdə artıq inzibati aktlar barədə məlumatı olmuşdur. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, iddia müddətinin ötürülməsi sübuta yetirilməmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı gəlməmiş, cavabdeh isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -Cavabdeh başçısı yanında mənzil komissiyasının üzvü və digəer səlahiyyətli şəxslər tərəfindən tərtib edilmiş xx.xx.2009-cu il tarixli təhkim aktının surətindən görünür ki, Lerik şəhərinin H.Aslanov küçəsində tikilmiş 18 mənzilli yaşayış binasında Lerik şəhər sakini İddiaçı fərdi evin tikintisinə maliyyə imkanlarının olmaması, mənzilə ehtiyacının olması nəzərə alınaraq ona binanın üçüncü blokunda 18 (on səkkiz) nömrəli, ümumi sahəsi 71.90 kvadrat metr, yaşayış sahəsi isə 45.36 kvadrat metr olan 3 (üç) otaqlı mənzil verilmişdir. -Cavabdeh başçısı yanında mənzil komissiyasının xx.xx.2009-cu il tarixli, 03 nömrəli protokolundan görünür ki, İddiaçı mülkiyyətində fərdi yaşayış evinin olması müəyyən edildiyindən Lerik şəhəri, H.Aslanov küçəsində yerləşən 18 mənzilli kommunal yaşayış binasında ümumi sahəsi 71,90 kv.m yaşayış sahəsi 45,36 kv.m olan 3 otaqlı 18 nömrəli mənzilin İddiaçı təhkim edilməsi ilə bağlı 20 iyul 2009-cu il tarixli təhkim aktı ləğv edilmiş, mənzilin İddiaçı tərəfindən asudələşdirilməsi və rayon icra hakimiyyətinin balansına qaytarılması ilə bağlı tədbirlər həyata keçirilməsi qərara alınmışdır. -Cavabdeh başçısının xx.xx.2019-cu il tarixli, 201 nömrəli sərəncamının surətindən görünür ki, Lerik şəhər sakini Quliyeva Firuzə Mursaqulu qızına şəhərin Həzi Aslanov küçəsində yerləşən 18 mənzilli yaşayış binasında 18 nömrəli, ümumi sahəsi 71,90 kvadrat metr, yaşayış sahəsi 45,36 kvadrat metr olan 3 (üç) otaqlı mənzil verilmişdir. Qeyd olunan sənədlərin ümumi xülasəsi ilə müəyyən edilir ki, iddiaçıya 2009-cu ildə cavabdeh tərəfindən müvafiq təhkim aktı ilə mənzil verilmiş, bir neçə ay sonra onun mülkiyyətində fərdi yaşayış evinin olması müəyyən edildiyindən həmin akt cavabdehin müvafiq qərarı ilə ləğv edilmiş və hazırda mübahisələndirilən xx.xx.2019-cu il tarixli, 201 nömrəli sərəncamla həmin mənzil başqa şəxsə verilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. -12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. -12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. -13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir; -24.2-ci maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; -24.3-cü maddəsinə əsasən ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; -24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; -24.5-ci maddəsinə əsasən ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; -24.6-cı maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir. -38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etmir və qeyd edir ki, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Lakin hazırkı iş üzrə birinci instansiya məhkəməsi tələbin mümkünlük şərtləri üzrə düzgün hüquqi dəyərləndirmə aparmamış, mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim edilməsi və yaxud iddiaçının həmin akt barədə məlumatlı olması anını tərəflərin izahatları, yaxud digər vasitələrlə müəyyən etməmiş, bununla da iddiaçının qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaması qənaətinə gələrək, iddianı mümkünsüz hesab etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından görünür ki, tərəflərlə bu məsələ müzakirə edilməmiş, eyni zamanda cavabdeh inzibati orqandan mübahisələndirilən inzibati aktın iddiaçıya tədim edilməsi ilə bağlı sübut tələb edilməmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi qərardadında iddiaçının mübahisələndirilən inzibati akt barədə məlumatlı olmasını cavabdeh tərəfindən sonuncuya ünvanlanmış məktubların məzmununda, həmçinin onun Şirvan İnzibati Məhkəməsinə xx.xx.2020-ci il tarixdə təqdim etdiyi iddia ərizəsinin məzmununda həmin akt barədə ifadələrin olması ilə əlaqələndirmişdir ki, bu yanaşmanı da məhkəmə kollegiyası əsaslı hesab etmir. Belə ki, qeyd olunan sənədlərin məzmununda həmin aktın mövcud olması barədə hər-hansı məlumat yer almamış, yalnız iddiaçının ona verilmiş mənzili boşaltmalı olması və s. məsələlər qeyd edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə yenidən araşdırma apararkən diqqət yetirməli olduğu məsələlərdən biri də iddia müddətinə qiymət verilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddəsinin tələblərinin nəzərə alınmasıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(120)-2663/2023 nömrəli qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(120)-2663/2023 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-208/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-208/2024
06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver