Məhkəmə qərarları › İş №2-1(106)-208/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-208/2025

14.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-208/2025 14.05.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X3 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-4579/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş deilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik huquqi şəxsinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə qarşı qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, torpağın mülkiyyətə verilməsinə dair JN-785A Kod 80501039 saylı şəhadətnamədən X1 adının çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 25 noyabr 2024-cü il tarixli, 2- 1(120)-4579/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisələndirilən torpağın mülkiyyətə verilməsinə dair JN-785A saylı şəhadətnamə Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 027 saylı qərarı əsasında verilmişdir. İddiaçının hazırkı tələblə Masallı rayon Aqrar İslahat komissiyasına müraciət etmək, müraciətinizdən imtina olunduğu halda komissiyanın hərəkətkərindən və yaxud qəbul etdiyi qərarından şikayət vermək hüququ var idi. Lakin bununla bağlı qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, torpağın mülkiyyətə verilməsinə dair JN- 785A Kod 80501039 saylı Şəhadətnamə ilə Masallı şəhəri, Dadva 2, Nizami Gəncəvi küçəsində 0,04 ha torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Qeyd olunan torpaq sahəsi uzun müddətdir ki, istifadəsində olmaqla orada fərdi yaşayış evi vardır. Torpaqlara mülkiyyət hüququna dair şəhadətnamələr verilərkən ona verilməmişdir. Bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrinə müraciət edərkən isə şəhadətnamədə onun ailə üzvləri ilə yanaşı ailəyə aidiyyəti olmayan X1 da adı qeyd edilmişdir. Ümumiyyətlə, qeyd olunan ad, soyad və ata adına malik şəxs mövcud deyildir. Lakin mövcud olmayan şəxsin adının onlara məxsus şəhadətnamədə qeyd edilməsi onun sözügedən torpaqdan sərbəst istifadə etməsinə imkan vermir. Bu da həmin torpağa dair mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin iddiaya qarşı etiraz mülahizələri ümumən ondan ibarətdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsi daşınmaz əmlak üzərində yaranmış mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatın alınmasını, torpaq sahələrinin plan və ölçülərinin tərtib edilməsini, daşınmaz əmlakın qiymətləndirilməsini, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işlərinin aparılmasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanıdır. İddiaçıya izah edilmişdir ki, ad səhvinə düzəliş edilməsi ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və işə yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayətinin dəlilləri iddianın məzmunu ilə eynilik təşkil edir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə tam və hərtərəfli araşdırma aparmamış, yalnız şəhadətnaməyə əsasən Masallı rayon Aqrar islahat Komissiyasının qərarında mövcud olmayan şəxsin adının qeyd edilməsi qənaətinə gəlmiş, lakin həmin islahat Komissiyasının Qərarını əldə etməmiş, bunu araşdırmamışdır. Adının şəhadətnamədən çıxarılmasını xahiş etdiyi şəxsin mövcud olmaması barədə DİN BPQMİnin MAPS Şöbəsinin arayışını nəzərə almamış, buna qiymət verməmişdir. X9 və Xəritəçəkmə Komitəsindən sonra onun funksiyalarını icra edən Azərbaycan Respublikasının İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsinə yönəlsə də, məhkəmə İslahat Komissiyasının qərarından şikayət etmək prosedurunu izah etmiş, tələbinin belə qərarın ləğvi ilə bağlı olmamasını nəzərə almamışdır. Məhkəmə həmçinin şikayətlə bağlı müddətin ötürülməsini qeyd etsə də, nəzərə almamışdır ki, sovxoz tərəfindən verilmiş sənədlər əsasında hüquququnu qeydiyyata aldırmaq istəyərkən şəhadətnamənin mövcudluğunu bilmiş və dərhal müraciət etmişdir. Bütün bunlar məhkəmənin tam, hərtərəfli araşdırma aparmamasını, maddi və prosessul hüquq normalarını pozaraq düzgün olmayan nəticəyə gəlməsini göstərir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclaslarının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, surəti işə əlavə edilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-785A saylı Şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999cu il tarixli, 027 saylı qərarı ilə İddiaçı Polad qızına, X7 və X4 ümumilikdə 0.04 ha həyətyanı torpaq sahəsi verilmişdir. Eyni zamanda, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 11 aprel 2025-ci il tarixli məktubuna əlavə edilmiş Masallı rayonunun Dadva kəndində həyətyanı torpaq sahəsi almaq hüququ olan subyektlərin siyahısından görünür ki, X2 adı 785-ci sırada İddiaçı Polad qızının və X5 adı ilə birlikdə qeyd olunmuşdur. Göründüyü kimi, X6 torpaq sahəsi müvafiq komissiyanın qərarı ilə verilmiş və həmin qərar qüvvədə olduğu halda sözügedən qərar əsasında tərtib edilmiş sənəddə düzəliş edilməsi mümkünlük şərtlərinə cavab vermir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli, 2-1(120)-4579/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar