Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-209/2024 24.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firusi oğlu və Əsədov İlham Qoşunalı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, cavabdehin nümayəndəsi Məmmədov Əsədulla Zəkulla oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(120)-1603/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Cəfərov Əfras Hüseynqulu oğlunun cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinə qаrşı qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cəfərov Əfras Hüseynqulu oğlu cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Sabirabad rayonu, Quruzma kəndində özünə məxsus 0.08 ha torpaq sahəsində yerləşən, sahəsi 330 kv.m olan qeyriyaşayış sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 16 noyabr 2023-cü il tarixli, 2- 1(120)-1603/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Cəfərov Əfras Hüseynqulu oğluna məxsus Sabirabad rayonu, Quruzma kəndində 0.08 ha torpaq sahəsində yerləşən, sahəsi 330 kv.m olan qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılaraq müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 13 saylı Şirvan Ərazi İdarəsinin üzərinə qoyulması, 50 manat ekspertiza tədqiqatının dəyərinin iddiaçı Cəfərov Əfras Hüseynqulu oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (SAP hesabı: Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ******************** SWİFT BİK CTREAZ 22. Məhkəmə Ekspertiza Mərkəzi: VÖEN **********, Hesab № AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ümumən onunla əsaslandırmışdır ki, cavabdeh orqanın imtina aktında göstərilən dəlillər öz təsdiqini tapmadığından, həmçinin iddiaçı öz mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində qanuni əsaslarla tikinti apardığından iddia əsaslıdır. Qərardan cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ona məxsus Sabirabad rayonu, Quruzma kəndində yerləşən 0.08 ha torpaq sahəsində Sabirabad Rayon İcra Hakimiyyətinin xx.xx.2018-ci il tarixli, 02-1 nömrəli obyektin tikintisinə icazə sənədi əsasında 480 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi inşa etmişdir. Həmin qeyri-yaşayış sahəsinin lisenziyalı memar tərəfindən çəkilmiş layihəsi icra hakimiyyəti tərəfindən təsdiq edilmişdir. Qeyri-yaşayış sahəsi tikilib başa çatdıqdan sonra icra hakimiyyəti tərəfindən xx.xx.2020-ci il tarixli, 05 nömrəli tikinti obyektinin istismarına icazə sənədi verilmişdir. İnşa etdiyi qeyr-yaşayış sahəsinə dair yuxarıda qeyd edilən sənədlərlə mülkiyyət hüququnun qeydiyyatının aparılması üçün cavabdehə müraciət etmiş, lakin Ərazi İdarəsi ona xx.xx.2022-ci il tarixli, **********03 nömrəli imtina bildirişi göndərmişdir. İmtina bildirişində mülkiyyət hüququnun qeydiyyatından imtina edilməsinə əsas kimi istismara icazə sənədində çatışmazlıqların olduğu (tikinti obyektinin kodunun olmaması), layihə ilə tikili arasında uyğunsuzluq olduğu və tikilinin sahəsinin sənədlərdə qeyd olunandan az olduğu göstərilmişdir. İdarənin xx.xx.2022-ci il tarixli, **********03 nömrəli imtinası qanunsuz və əsassızdır. Belə ki, qeyd olunan qeyri-yaşayış sahəsinə dair qanunvericilikdə nəzərdə tutulan bütün sənədlər idarəyə təqdim edilmişdir. Həmin sənədlərdən hər hansı birində hansısa çatışmazlığın olması səbəbindən hüququn qeydiyyatından imtina edilməsi absurddur. Belə ki, müvafiq inzibati orqan tərəfindən verilmiş sənədlərdə hansısa uyğunsuzluğun olub-olmadığını yoxlamaq vətəndaşın vəzifəsi deyil və bu halı araşdırmaq ona həvalə edilə bilməz. Qanunvericilik heç bir halda müraciət edən şəxsin üzərinə inzibati orqanın verdiyi sənədlərin qanunvericiliyə uyğun verilibverilmədiyini yoxlamaq öhdəliyi qoymur. İmtinaya əsas kimi göstərilən hal iddiaçının səhvi və ya günahı ucbatından meydana gəlməmişdir və onun nəticələrini iddiaçının üstünə yıxmaq qanunsuz və ən azından ədalətsizlikdir. Digər tərəfdən lisenziyalı memar tərəfindən çəkilmiş və icra hakimiyyəti tərəfindən təsdiq edilmiş layihə ilə qeyri-yaşayış sahəsinin mövcud vəziyyəti arasında heç bir uyğunsuzluq yoxdur. İdarə formal mülahizələrə əsaslanaraq mülkiyyət hüququnun qeydiyyatından imtina etmişdir. Cavabdehin imtina aktı və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçının təqdim etdiyi xx.xx.2020-ci il tarixli 05 saylı “tikinti obyektinin istismarına icazə” sənədində “tikintiyə dövlət nəzarətini həyata keçirən orqan tərəfindən verilən tikintinin istismara hazırlığını təsdiq edən istismara hazırlıq aktının verilmə tarixi və qeydiyyat nömrəsi” və “tikililərin dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi” qeyd edilməmişdir. Təqdim edilmiş “tikinti obyektinin istismarına icazə” tərtib edilərkən obyektin əsas göstəriciləri olan faktiki və layihə üzrə göstəricilər 480.0 kv.metr qeyd edilmiş, lakin faktiki olaraq qeyri yaşayış binasının tikinti altı sahəsi 310.6 kv.metr təşkil edir. İnşa edilmiş qeyri-yaşayış binası tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsindən fərqlidir, yəni qeyri-yaşayış binası tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun olaraq inşa edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Məmmədov Əsədulla Zəkulla oğlu məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -H hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri tərəfindən xx.xx.2019-cu il tarixli çıxarışın surətindən görünür ki, Sabirabad rayonu, Quruzma kəndində 0.08 hekatar torpaq sahəsi Cəfərov Əfras Hüseynqulu oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. -Sabirabad Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin xx.xx.2018-ci il tarixli, 02-1 nömrəli obyektin tikintisinə icazənin təsdiq edilmiş surətindən görünür ki, Cəfərov Əfras Hüseynqulu oğluna Sabirabad rayonunun Quruzma kəndində 480 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin tikintisinə icazə verilmişdir. -Sabirabad Rayon İcra Hakimiyyətinin memarlıq və tikinti şöbəsinin xx.xx.2020-ci il tarixli, 05 nömrəli “tikinti obyektinin istismarına icazə”nin təsdiq edilmiş surətindən görünür ki, Cəfərov Əfras Hüseynqulu oğluna Sabirabad rayonunun Quruzma kəndində 480 kv.m sahəsi olan qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/5387 nömrəli ekspert rəyində bildirilir: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********98 qeydiyyat nömrəli Çıxarış və A № 404938 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Cəfərov Əfras Hüseynqulu oğlunun mülkiyyətində olan 0.08 ha torpaq sahəsi hansı döngə nöqtə koordinatları naturada (yerdə) müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələlən Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********98 qeydiyyat nömrəli Çıxarış və A № 404938 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Cəfərov Əfras Hüseynqulu oğlunun mülkiyyətində olan 0.08 ha torpaq sahəsinin koordinatları ilə əhatə olunmuş sərhəd daxilində 330.0 kv.m və 84.0 kv.m ölçüdə tikililər yerləşir. Əlavə olaraq 0.08 ha mülkiyyətə verilmiş torpaq sahəsindən kənarda da 98.0 kv.m tikili mövcuddur və mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********98 qeydiyyat nömrəli Çıxarış və A № 404938 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Cəfərov Əfras Hüseynqulu oğlunun mülkiyyətində olan 0.08 ha torpaq sahəsində yerləşən tikililər həmin tikililərin yerləşdiyi torpaq sahəsinin təyinatına uyğundur. -Qeyd edilən tikilinin və altında yerləşən torpaq sahəsinin neçə kv.m olduğu müəyyən edilərək mütəxəssis rəyinə əlavə edilmiş yerquruluşu planında göstərilmişdir. -Qeyd edilən 330 kv.m ölçüdə olan tikili tikinti lahiyəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun inşa edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, **********98 qeydiyyat nömrəli Çıxarış və A № 404938 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi əsasında Cəfərov Əfras Hüseynqulu oğlunun mülkiyyətində olan 0.08 ha torpaq sahəsində inşa edilmiş və dam örtüyü metal konstruksiyadandır. Həmin torpaq sahəsi və torpaq sahəsi üzərindəki tikililər üçüncü şəxslərin torpaq sahəsi ilə üst-üstə düşmür və heç kimin hüquqları pozulmur. İşin araşdırılmış hallarından müəyyən olunur ki, iddiaçı öz mülkiyyətində olan torpaq sahəsində müvafiq icazə almaqla qeyri-yaşayış binası inşa etmiş, tikilinin istismarına səlahiyyətli qurum tərəfindən icazə verilmişdir. İddiaçı həmin qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması məqsədilə cavabdehə müraciət etsə də, sonuncu bundan imtina etmişdir. Cavabdeh orqanın imtinasının əsası kimi tikilinin layihəyə uyğun inşa edilməməsi, eyni zamanda tikinti obyektinin istismarına icazə sənədində dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun göstərilməməsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İlk növbədə qeyd edilməlidir ki, daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -8.0.10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən və tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 8.0.10.2-ci maddəsinə əsasən məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd daşınmaz əmlak üzərində hüquqlarının əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmçinin tikinti obyektinin istismarına icazə sənədində dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun göstərilməməsi iddiaçının həmin əmlakla bağlı hüquqlarının reallaşdırılmasını məhdudlaşdırmamalıdır. Belə ki, sözügedən sənəd müvafiq orqan (Sabirabad Rayon İcra Hakimiyyəti) tərəfindən tərtib edilmişdir və həmin sənədin vahid formasına aidiyyəti orqan tərəfindən əməl edilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Başqa sözlə müvafiq kodun alınmaması iddianın əsassız olmasına dəlalət etmir, çünki qanunvericilik həmin prosedurun həyata keçirilməsi vəzifəsini istismara icazə verən qurumun üzərinə qoymuşdur. Belə ki, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 103.1-ci maddəsinə əsasən tikinti obyektinin istismarına icazədə aşağıdakı məlumatlar nəzərdə tutulur: -103.1.1. tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları; -103.1.2. tikinti obyektinin istismarına icazə verən orqanın (qurumun) adı və ünvanı, eləcə də həmin orqanın vəzifəli şəxsinin adı, soyadı, vəzifəsi və imzası; -103.1.3. tikinti obyektinin istismarına icazənin verildiyi tarix və icazənin nömrəsi; -103.1.4. tikinti obyektinin istismar təyinatı; -103.1.5. tikinti obyektinin əsas texniki göstəriciləri; -103.1.6. Tikintilərin Dövlət reyestri tərəfindən tikinti obyektinə verilmiş kodun nömrəsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktları ilə müəyyən olunmuş qaydada aparılır. -12-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənəd əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139-1.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri (maddə 139-1.1.5-ci) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin tikilinin müvafiq layihəyə uyğun inşa edilməməsi ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, qeyd olunan hal iş üzrə verilmiş ekspert rəyi ilə təkzib olunduğundan bu dəlilin hüquqi əsası yoxdur. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 13 saylı Şirvan ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 16 noyabr 2023-cü il tarixli, 2-1(120)-1603/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-209/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-209/2024
24.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver