Məhkəmə qərarları › İş №2-1(106)-209/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-209/2025

30.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-209/2025 30.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X9 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X6 və vəkili Vəkil1, üçüncü şəxs X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-1115/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı sərəncamının və orderin ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh İmişli Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İmişli şəhəri, H.Əliyev prospekti, 168 saylı binanın 7 saylı mənzilinə order verilməsi barədə İmişli Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2006-cı il tarixli, 110 saylı sərəncamının və xx.xx.2006-cı il tarixli, 686 saylı orderin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İmişli rayon X8 İcraiyyə Komitəsinin 27 iyul 1978-ci il tarixli, 14 saylı qərarı ilə X10 İmişli şəhəri, H. Əliyev prospekti, (əvvəlki adı: İmişli şəhəri, Kommunist küçəsi) ev 68 ünvanda yerləşən 7 nömrəli mənzil verilmişdir. Həmin mənzil uzun müddət onların istifadəsində olmuşdur. Ərizəyə əlavə edilmiş ev kitabından görünür ki, əri X12 və o, İmişli rayonu Kommunis küçəsi 7 saylı evdə daimi qeydiyyatdadır. X12 həmin mənzili bacısına müvəqqəti istifadəsinə verməsinə baxmayaraq bacısının əri X1 saxtalaşdıraraq həmin mənzili mülkiyyətinə keçirmişdir. Belə ki, X3 H. Əliyev Prospekti, 168 saylı binanın 7 saylı mənzilə order verilməsi barədə İmişli rayon İcra Hakimiyyəti başçısı tərəfindən 19 may 2006-cı il tarixli 110 saylı sərəncam verilmişdir. İmişli RİH tərəfindən verilmiş 19 may 2006-cı il tarixli, 686 nömrəli orderlə İmişli şəhəri Heydər Əliyev prospekti ev 168, mənzil 7 ünvanında yerləşən yaşayış sahəsi X3 verilmişdir. O, X7 varisi kimi tanınmışdır. Həyat yoldaşı mənzili qohum kimi bacısının ərinin istifadəsinə vermişdir. Həyat yoldaşının adına verilmiş mənzildən istifadəyə dair order halhazırda da qüvvədədir. Kamran Orucova verilmiş order ləğv edilməmişdir. Ona görə də mənzildən istifadə və sahiblik hüququ Kamran Orucovun ailəsində qalmaqdadır. İmişli rayon İcra hakimiyyəti order vermək hüququndan bir dəfə istifadə edə bilər. Həmin hüquqdan istifadə etdikdən sonra yenidən həmin hüquqdan istifadə edilməsi qanunsuz hərəkətdir. Bundan başqa həmin mənzilə dair xx.xx-2021-ci il tarixdə DƏDRX-nin 6 saylı Beyləqan Ərazi İdarəsi tərəfindən X3 Seriya MA №0210395 saylı Dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarışın alınması üçün əsas olan sərəncam və order etibarsız hesab edildiyi halda reyestrdən çıxarış da ləğv edilməlidir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 02 dekabr 2024-cü il tarixli, 2- 1(120)-1115/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışla mübahisəli mənzilin verildiyi X12 xx.xx.1999-cu ildə ölmüşdür. İddiaçı mübahisəli mənzildə uzun illər yaşamadığı və həmin mənzildən istifadə etmədiyi üçün müvafiq iddia predmeti üzrə məhkəməyə müraciət etməyə hər hansı subyektiv hüquqa malik deyil. İddiaçının 30 ildən artıq müddətdə vaxtilə istifadəsində olmuş mənzilin aqibəti ilə bağlı aparılan işlərdən məlumatsız olması həqiqətə uyğun hesab oluna bilməz. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırma aparılmamış, onun subyektiv hüququnun olması ilə bağlı sübutlara düzgün hüquqi qiymət verilməmişdir. Prosessual məsələlər Məhkəmə kollegiyasının iclasında idiaçının nümayəndəsi və vəkili ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə etdilər. Üçüncü şəxs apellyasiya şikayətinin dəlillərini qəbul etmədiyini bildirməklə, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 14 saylı iclas protokolundan çıxarışa əsasən, əvvəllər X5 məxsus Kommunist küçəsi, 7 saylı evdəki 2 otaqlı, 36.8 kv.m-lik mənzil sahəsinin 4 nəfər ailə üzvü olan X10 verilməsi təsdiq edilmiş, Mənzil istismarı təşkilatının rəhbərinə mənzil kirayəsinin vaxtında alınmasının təmin eidlməsi tapşırılmışdır. -İmişli Rayon İcra Hakimiyyətinin 110 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə İmişli Rayon İcra Hakimiyyəti Mənzil Komissiyasının xx.xx.2006-cı il tarixli protokolunu nəzərdən keçirərək, H.Əliyev prospekti 168 saylı binanın İİ blok, İ mərtəbə, yaşayış sahəsi 38 kv.m olan 3 otaqlı 7 saylı mənzili X3 mənzildən istifadəyə dair order verilməsi qərara alınmışdır. -İmişli Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 686 saylı, xx.xx.2006-cı il tarixli orderdən görünür ki, İmişli şəhəri, H.Əliyev pr, ev 168, 7 saylı mənzil X3 ailə tərkibi ilə birlikdə yaşaması üçün verilmişdir. -“Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, X7 qanun üzrə vərəsələri qismində İddiaçı və qeyriləri tanınmışdır. Qeyd olunan sənədlərin ümumi xülasəsi ilə müəyyən edilir ki, İmişli şəhəri, H.Əliyev pr, 168 nömrəli evin 7 nömrəli mənzili İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 14 saylı qərarı ilə 4 nəfər ailə üzvü ilə birlikdə yaşamaq üçün X10 verilmişdir. Bundan sonra İmişli Rayon İcra Hakimiyyətinin 110 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı ilə həmin mənzil X3 verilmiş, sərəncam əsasında order və bunun əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmçinin iş materiallarında həmin mənzilin X10 verilməsi barədə İmişli rayon XDS İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 14 saylı qərarının ləğv edilməsi, etibarsız sayıılması, qüvvədən düşməsi və s. barədə hər-hansı sübut mövcud deyil. Birinci instansiya məhkəməsi iddiaçının həmin mənzillə bağlı subyektiv hüququnun olmamasını onun uzun müddət ərzində bu mənzildə yaşamaması, bununla da istifadə hüququnun olmaması və mənzilin başqa şəxsə verilməsinin ona məlum olması ilə əlaqələndirsə də, mənzilin X10 verilməsi barədə qərarın hazırda qüvvədə olması, iddiaçının isə sonuncunun ailə üzvü (arvadı) olması baxımından məhz həmin qərara etimad göstərərək, bu iddianı qaldırması məsələsinə qiymət verməmişdir. Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, inzibati hüququn təməl prinsiplərindən birini etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə iddiaçının subyektiv hüquqa malik olması ilə bağlı xüsusi mümkünlük şərtlərinə qiymət verilməsi üçün bir sıra maddi normalar təhlil edilməlidir. Eyni zamanda iddiaçının subyektiv hüquqa malik olması ilə bağlı mümkünlük şərtinə həmin sahədən faktiki istifadə vəziyyətinə, habelə iddianın mahiyyəti, yəni mübahisəyə tətbiq edilməli olan maddi normalar konteksindən baxılmaqla qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.1-ci maddəsinə əsasən inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda apellyasiya instansiyası məhkəməsi barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-1115/2024 nömrəli qərardadı ləğv edilməli, iş üzrə iddianın mümkünlük şərtlərinə yenidən qiymət verilməsi və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün iş həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-1115/2024 nömrəli qərardadı ləğv edilsin, inzibati iş Şirvan İnzibati Məhkəməsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar