Məhkəmə qərarları › İş №2-1(106)-211/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-211/2023

17.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-211/2023 17.08.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər X3 (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2005-ci il tarixdə iddiaçıya hesablanmış əmək pensiyasının ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasından hər ay 41 manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılması və həmin tarixdən tutulmuş vəsaitin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2023-ci il tarixli, 2-1(120)-1065/2023 saylı qərаrından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağdakı qərarı qəbul etdi. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək təyin edilmiş əmək pensiyasının məbləğinin azaldılması və artıq ödənilmənin tutulması barədə cavabdehin qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın bərpa edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı artıq vermənin məbləği və yaranma səbəbləri barədə iddiaçının mobil nömrəsinə göndərilmiş SMS bildirişlə də məlumat verməklə, o cümlədən iddiaçının müraciətinə cavab olaraq iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli. **********5 nömrəli imtina məktubundan görünür ki, iddiaçının pensiya sığorta kapitalı düzgün hesablanmadığı üçün (132-yə bölünməli olduğu halda, 72-yə bölünüb) 4031,80 manat artıq ödəmə yaranmışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.2022-ci il tarixdən əlilliyə görə əmək pensiyasının aylıq məbləği 291,34 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Verilən cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, təyin edilmiş əmək pensiyasının məbləğinin azaldılması və artıq ödənilmənin tutulması barədə cavabdehin qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(120)-1065/2023 saylı qərardadı ilə iddiaçı və cavabdeh olduğu kimi qalmaqla, iddiaçının dəqiqləşmə barədə ərizəsinə əsasən, iddia tələbinə cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsini, xx.xx.2005-ci il tarixdə iddiaçıya hesablanmış əmək pensiyasının ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsini, xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasından hər ay 41 manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılması və həmin tarixdən tutulmuş vəsaitin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşmə aparılması qərara alınmışdır. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ona 2018-ci ilin fevral ayından yaşa görə əmək pensiyası təyin edilmişdir. 2022-ci ilin avqust ayında onun pensiyası azalıb. Bununla əlaqədar cavabdehə müraciət etdiyi zaman onlar onun nömrəsinə cavab olaraq məktub göndərmişlər ki, guya ona 4031,80 manat məbləğində artıq pensiya ödənilmişdir, xx.xx.2022-ci il tarixdən 291.34 manat pensiya ödənilməlidir. Sentyabr ayında isə həmin məbləğdən də 50 manat qədər tutulmanın olduğu bilinmişdir. İddiaçının razılığı olmadan və "İnzibati icraat haqqında" AR Qanununun tələblərinə pozaraq cavabdeh tərəfindən qərar qəbul edilmiş və buna uyğun olaraq artıq ödənilmiş iddia edilən vəsaitin Fondun büdcəsinə vurulmuş zərər kimi xarakterizə edilmiş, buna uyğun olaraq həmin qərara icra sənədi statusu verərək hər ay pensiya məbləğindən vəsait tutularaq 988,48 manat məbləğində pensiya məbləği kart hesabına köçürülməyə başlanmışdır. Qanunvericlikdə artıq ödənilmiş vəsaitin qaytarılmasının iki əsası müəyyən edilmişdir: 1.Əmək pensiyaçısının razılığı. 2. Məhkəmə qərarı. Hazırki mərhələdə məhkəmə qərarı ümumiyyətlə mövcud deyildir. Əmək pensiyaçısının razılığına münasibətdə isə qeyd edilməsi zəruridir ki, o, nəinki razılıq bildirməmiş, eyni zamanda tutulmalara etiraz etmişdir. Belə olan halda hazırki mərhələdə cavabdehin hərəkətləri qanunsuzdur və heç bir hüquqi əsas olmadan son 12 ay müddətində əmək pensiyasından tutulmaların həyata keçirməsi əsassızdır. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək etirazı onunla əsaslandırmışdır ki, Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialından iddiaçıya verilən məktuba əsasən, aparılan araşdırma zamanı əmək pensiyasının məbləğinin artıq hesablanıb ödənildiyi aşkar edilmişdir. Belə ki, xx.xx.2017-ci il tarixində Qanunun 37.3.2-ci maddəsinə əsasən (işdən çıxma) yenidən hesablanma zamanı gözlənilən pensiya ödənişi müddəti aylarının sayı 132 götürülməli olduğu halda texniki səhv olaraq 72 kimi götürülərək hesablanmışdır.Nəticədə İddiaçı xx.xx.2017-ci il tarixdən 31,08.2022-ci il tarixədək əmək pensiyası üzrə artıqvermə müəyyən edilmişdir və nəticədə iddiaçının pensiya sığorta kapitalı düzgün hesablanmadığı üçün 4031,80 manat artıq vermə yaranmışdır. Bunu xx.xx.2022-ci il tarixli **********0 nömrəli “ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında” qərar da özündə əks elətdirir. Həmçinin qeyd olunan artıqvermənin məbləği və yaranma səbəbləri barədə İddiaçı **********5 nömrəli xx.xx.2022-ci il tarixli məktubla və iddiaçının mobil nömrəsinə göndərilmiş SMS bildirişlə də məlumat verilmişdir. Lakin İddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün müraciət etməmişdir. İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 -ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər. İnzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İnzibati orqan vətəndaşın ona artıq ödənilmiş vəsaitdən əsassız olaraq faydalandığını hesab edir və bunu, Fondun büdcəsinə dəymiş ziyan kimi qiymətləndirir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 64.1 -ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Qanunvericiliyin tələbinə əsasən şəxsə əsassız ödənilmiş yaşa görə pensiyanın məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən həll edilməli olan məsələdir. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, həm qərar, həm sərəncam, həm də digər növ hakimiyyət tədbiri formasında olmaqla, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir. Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Qeyd olunan artıqvermənin məbləği və yaranma səbəbləri barədə İddiaçı **********5 nömrəli xx.xx.2022ci il tarixli məktubla və iddiaçının mobil nömrəsinə göndərilmiş SMS bildirişlə də məlumat verilmişdir. Lakin İddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün tədbir görməmişdir. Göründüyü kimi, Filial tərəfindən qərar qəbul edilərkən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 82.3-cü maddəsinə tələblərinə tam olaraq riayət edilmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsinin tələblərini rəhbər tutaraq, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına qarşı "pensiyanın bərpa edilməsi və tutulan məbləğin geri qaytarılması" tələbinə dair 2-1(120)-2730/2022 nömrəli iş üzrə iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 20 fevral 2023-ci il tarixli, 2-1(120)-1065/2023 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin hallarını araşdırmamış, maddi və prosessual hüquq normalarını pozaraq əsassız qərar qəbul etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Cavabdehin nümayəndəsi X5 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə ilə bağlı verilmiş suallara cavab olaraq iddiaçının kartından artıq hesablanmış vəsait inzibati orqan tərəfindən tutularkən, bununla bağlı iddiaçının razılığının alınmadığını, pensiyanın yenidən hesablanması ilə bağlı hazırda mübahisələndirilən qərar qəbul olunarkən iddiaçının inzibati icraata cəlb olunması və onun hüquqlarının təmin olunması ilə bağlı inzibati orqan tərəfindən görülən tədbirlər barədə iddiaçıya məlumat verilmədiyini bildirdi. Məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı məhkəmə iclasında izahat verərək hesabından 2 ay tutulmalar olduqdan sonra inzibati orqana ərizə yazdığını və ona məxsus hesabdan hansı səbəbə görə vəsait tutulması barədə ona məlumat vermələrini xahiş etdiyini, bundan sonra ona məlumat verildiyini bildirdi. Məhkəmə kollegiyasından Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2023cü il tarixli, 2-1(120)-1065/2023 saylı qərarının qüvvədə saxlanması və apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tətbiq edilən hüquq: “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Qanun: 2.1. 2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. 2.1. 6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.1. 8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 67.1. inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət edərək təyin edilmiş əmək pensiyasının məbləğinin azaldılması və artıq ödənilmənin tutulması barədə cavabdehin qərarının ləğv edilməsi və təyin edilmiş pensiyanın bərpa edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçı üçün əlverişli inzibati akt cavabdeh inzibati orqan tərəfindən "Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2022-ci il tarixli **********0 saylı qərarı ilə cavabdehin öz təşəbbüsü ilə dəyişdirilmişdir. Həmin aktlar qəbul edilərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılmasını tələb etməkdən öncə, cavabdeh tərəfindən inzibati icraatın öz təşəbbüsü ilə başlanması üçün əsasların nə ilə bağlı olduğu, yəni iddiaçıya təyin edilmiş pensiyanın qanuniliyinin araşdırılması barədə cavabdehin istinad etdiyi daxili araşdırmanın aparılmasına dair qərarın qəbul edildiyi, inzibati icraatın hansı qaydada aparılması, inzibati icraat barədə tərəfin məlumatlandırılması, inzibati icraatda iddiaçının iştirakının, həmçinin onun dinlənilmə hüququnun təmin edilməsi, sübutların obyektiv araşdırılması, etimad hüququnun gözlənilib-gözlənilməməsi, başqa sözlə, aparılan icraatın "İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun aparıldığı müəyyən olunmur. Beləliklə, sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, iddiaçıya pensiya təyin edilməsi barədə xeyrinə əlverişli inzibati aktın mövcud olmasına baxmayaraq, cavabdeh inzibati orqan daxili nəzarət qaydasında öz təşəbbüsü ilə araşdırma apararaq (bu barədə ayrıca inzibati akt qəbul edildiyi müəyyən olunmur) "pensiya təyinatı ilə qanun pozuntusuna yol verildiyini” aşkar etdiyinə istinad etməklə, "İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış, barəsində əlverişli inzibati akt qəbul edilən maraqlı şəxsi - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2022-ci il tarixli **********0 saylı qərarı qəbul etmiş, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında məktub ünvanlamışdır (bu barədə qərarın qəbul edildiyi müəyyən olunmur). Bununla da iddiaçının qanunla qorunan pensiya təminatı hüququna qanunsuz olaraq müdaxilə etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh xx.xx.2022-ci il tarixli **********0 saylı əmək pensiyasının yenidən hesablanması haqqında qərarı qəbul edərkən, habelə artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması məsələsini həll edərkən həm "Əmək pensiyaları haqqında” Qanunun normalarını, həm də "İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə inzibati icraata aid edilə bilməcəyək bir araşdırma nəticəsində qərar qəbul etməklə pensiyadan tutulmanı da apara bilməz. Məhkəmə həmçinin qeyd etmişdir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab edib, xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddiaya qarşı verilən etirazın dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Bununla yanaşı, apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi barədə qərarın (xx.xx.2005-ci il tarixli qərarın) ləğv edilməsi, geri çağırılması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab edilməsi barədə iş materiallarında inzibati akt mövcud deyildir. İddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qüvvədə olan qərar cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq ləğv edilməmiş (dəyişdirilməmiş, qüvvədə olma müddəti qurtarmamış və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilməmiş) və bununla bağlı qanunvericiliyin tələblərinə uyğun hər hansı icraat aparılmamışdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan başqa, nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilibödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və "İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. “İnzibati icraat haqqında” Qanunun 58.1-ci maddəsinə əsasən, inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Cavabdehin mübahisələndirilən xx.xx.2020-ci il tarixli **********0 nömrəli qərarı qəbul olunarkən “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 39.1-ci maddəsinin redaksiyası nəzərdə tuturdu ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, əmək pensiyasını təyin edən orqan yalnız əmək pensiyaçısının razılığı olduqda artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin pensiyaçıdan tutulması barədə qərar qəbul edir. Lakin məhkəmə araşdırması zamanı iddiaçının belə razılığının (nə şifahi nədəki yazılı) olması müəyyən olunmamışdır. Başqa sözlə, burada pensiya təyin edən cavabdeh orqanın diskresion səlahiyyətinin mövcudluğu müəyyən edilmir. Məhkəmənin sorğusu əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə daxil olan xx.xx.2023-cü il tarixli 3-17-1/2- 14046/2023 nömrəli və xx.xx.2023-cü il tarixli 3-17-1/2-167073/2023 nömrəli məktublarda göstərilmişdir ki, Mərkəzi Filialın xx.xx.2020-ci il tarixli **********0 nömrəli qərarı (hazırda mübahisələndirilən qərar) əsasında İddiaçı əlilliyə görə əmək pensiyasından artıq ödənilmiş pensiya məbləği tutulmağa başlanılmışdır və həmin qərar "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 81-82-ci maddələrinə əsasən icra qərarı hesab olunur. Göründüyü kimi, cavabdeh qanunvericiliyin qeyd olunan tələblərini nəzərə almadan, iddiaçını inzibati icraata cəlb etmədən və onun razılığını almadan, öz təşəbbüsü ilə xx.xx.2020-ci il tarixli **********0 nömrəli qərar qəbul edərək, iddiaçıdan artıq ödənilmiş pul adı altında pensiya məbləğinin geri ödənilməsini tələb etmiş, bununla da pensiya qanunvericiliyinin tələblərini pozmuşdur. Qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Eyni zamanda, İPM-in 70.1-ci maddəsinə əsasən, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə əsasən, inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Beləliklə, cavabdehin xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi, xx.xx.2005-ci il tarixdə iddiaçıya hesablanmış əmək pensiyasının ödənişinin xx.xx.2022-ci il tarixdən bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən iddiaçının pensiyasından hər ay 41 manat məbləğində pul vəsaitinin tutulmasının dayandırılması və həmin tarixdən tutulmuş vəsaitin iddiaçıya geri ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması işin hallarına və inzibati icraat haqqında hüquq normalarına uyğun nəticədir. Ən azından, «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə əsasən, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qanunun qeyd olunan tələbləri baxımından, konkret halda da, məhz, cavabdeh etimad göstərdiyi qərar əsasında qeyd olunan illər ərzində hər ay ona ödənilmiş pensiyanı xərclədiyi, hazırda isə aşkar ahıl dövrünü yaşadığı və artıq xərclənmiş həmin pul vəsaitini qaytarmaq iqtidarında olmadığı halda, iddiaçı tərəfindən ondan artıq ödənilmiş pul adı altında həmin vəsaitin ondan qaytarılmasının tələb olunması qanunsuzdur. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar)”. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır. Odur ki, apellyasiya şikayətinin təmin olunması üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2023-ci il tarixli, 2-1(120)-1065/2023 saylı qərаrı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarından tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar