Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-211/2025 20.08.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Quliyev Ceyhun Əmir oğlu və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-2609/2024 nömrəli qərarından iddiaçı X3 və Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən verilmiş apellyasiya şikayətləri əsasında iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.1998-ci il tarixdən, 50 yaşdan xx.xx.2017ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsinin və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim F.Abbasov) 02 dekabr 2024-cü il tarixli, 2- 1(120)-2609/2024 nömrəli qərarı ilə iddianın qismən təmin edilməsi, iddiaçı X1 güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı xx.xx.2000-ci il tarixdən, 52 yaşdan xx.xx.2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyaları haqqında” Qanunu 9.8-ci maddəsinə əsasən və xx.xx.2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən pensiya təyin edilməsi və müraciət etdiyi tarixdən 3 il əvvələ olan dövrlərin ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının X6 Təmizləmə Fabrikində işlədiyi peşə və vəzifələr «Əmək pensiyaları haqqında» Qanunun xx.xx.2017-ci il tarixə kimi qüvvədə olan 9.8-ci maddəsinin tələbinə müvafiq olaraq 01 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunan 2 nömrəli Siyahıdakı X. KİMYA İSTEHSALATİ: “zəhərli maddələrlə zəhərlənmis xüsusi geyimin yuyulması ilə məşğul olan xüsusi geyimin yuyulması və təmiri üzrə maşinistlər” vəzifəsinə uygundur və 2110A030 - 14042 nömrə ilə kodlaşdırılmışdır. Göründüyü kimi, iddiaçı xx.xx.2006-cı il tarixədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun əldə edilməsi üçün xx.xx.2006-cı il və xx.xx.2017-ci il tarxədək qüvvədə olmuş qanunvericilik aktlarında təsbit edilən maddi hüquq normalarının müəyyən etdiyi tələblərə müvafiq olaraq yaş həddinə, ümumi və güzəştli sığorta stajına malik olmuş və güzəştli pensiya təyinatı hüququnu əldə etmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən (01 iyul 2017-ci ilə qədər qüvvədə olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tələbinin birinci hissəsi üzrə güzəştli şərtlərlə yaşa görə əmək pensiyanın 50 yaşının tamam olduğu xx.xx.1998-ci il tarixdən deyil, hüququnun yarandığı, yəni 52 yaşının tamam olduğu xx.xx.2000-ci il tarixdən təyin olunmasını tələb etməkdə haqlıdır. Qərardan iddiaçı və Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialı tərəfindən apellyasiya şikayətləri verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh orqana müraciət edərək, onun xx.xx.1966-xx.xx.1968-cı il tarixə kimi “Əli Bayramlı 12 №-li Mexaniki Çörəkxana”-da “texnik”, xx.xx.1969-cu il tarixdən xx.xx.1998-ci il tarixə kimi “X6-Təmizləmə Fabrikin”-də “kimyəvi təmizləmə üzrə aparatçı” və xx.xx.1999-hal-hazıra kimi “Əli Bayramlı Əmlak Məsələləri Dövlət Komitəsi”-nin keçmiş “Xidmət Konserni”-nin İB-nin “X6 Təmizləmə” Fabrikinin direktoru vəzifəsində işləyir. Belə ki, onun işlədiyi xx.xx.1966-xx.xx.1968-cı il tarixə kimi “Əli Bayramlı 12 №-li Mexaniki Çörəkxana”-da “fəhlə”, xx.xx.1969-cu il tarixdən xx.xx.1998-ci il tarixə kimi “X6-Təmizləmə Fabrikin”-də “kimyəvi təmizləmə üzrə aparatçı” vəzifələri ağır və zərərli iş stajı olduğuna görə ona 01 iyul 2017-ci il tarixə kimi qüvvədə olmuş “Əmək pensiyalan haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixə kimi qüvvədə olmuş “Vətəndaşlann pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” və yaxud “b” bəndlərinə və həmin Qanunun 17-ci maddəsinin 5-ci abzasına əsasən xx.xx.1997-ci il tarixə kimi 30 il 06 ay 18 gün ümumi və 28 il 08 ay 07 gün güzəştli iş stajı olduğundan, 23 iyun 1993-cü il tarixli, 320 saylı 1 nömrəli Siyahısı üzrə 15 il ümumi və 7 il 6 ay güzəştli iş stajı və yaxud Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfındən təsdiq olunan 23 iyun 1993-cü il tarixli, 320 saylı 2 nömrəli Siyahısı üzrə 20 il ümumi və 10 il xüsusi iş stajı olduğundan, xx.xx.1998-ci il tarixdən, 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin cavabdeh imtina etmişdir. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı tərəfindən cavabdeh inzibati orqana güzəştli arayış qismində “X6 Təmizləmə Fabriki”-nin xx.xx.1998-ci il tarixli Aktı təqdim edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 №-li Siyahıda və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarları ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) sözügedən Aktda göstərilməmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının iddianın təmin olunmayan hissəsində ləğv edilməsi və həmin hissədə iddianın təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayətin dəlili ondan ibarətdir ki, məhkəmə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri imtina aktının və iddiaya qarşı etirazın məzmunu ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, təmsil etdiyi orqanın apelyasiya şikayətinin təmin olunmasını və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi. İddiaçı özünün apellyasiya şikayətini müdafiə etdi, həmçinin cavabdehin apellyasiya şikayətinin dəlillərinə etiraz etdi. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, cavabdehin apellyasiya şikayəti əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -iddiaçıya məxsus əmək kitabçasının surətindən müəyyən olunur ki, Əli Bayramlı 12 №-li Mexaniki Çörəkxana”da xx.xx.1966-cı il tarixdən xx.xx.1968-ci il tarixədək fəhlə (1 il 9 ay 11 gün), “X6-Təmizləmə Fabriki”ndə xx.xx.1969-cu ildən xx.xx.1998-ci il tarixədək aparatçı (10 il 9 ay 2 gün), sex ustası (5 ay 24 gün) və qəbuledici (17 il 5 ay 15 gün) vəzifələrində işləmiş, bu müddət ərzində 30 il 5 ay 15 gün iş stajı toplamış, xx.xx.1999-cu ildən həmin müəssisənin direktoru vəzifəsində işləməsi qeyd edilmişdir. -X6 Təmizləmə Fabrikinin kadrlar şöbəsinin rəisi və həmkarlar təşkilatının sədri, idarənin baş mühasibi və idarənin baş qəbulçu vəzifəsində işləmiş Nüşaba Ədilovanın iştirakı ilə tərtib edilmiş xx.xx.1998-ci il tarixli, 30 nömrli aktda idarənin baş qəbulçu vəzifəsində işləmiş Nüşaba Ədilovanın işlədiyi dövr ərzində müəssisəni Əli Bayramlı şəhərindən və ətraf rayonlardan, o cümlədən Bakı şəhərində yerləşən “Belavoy baza”, X8- Qaz Çıxarma İdarəsi (“Şirvan Oyl”), Əli Bayramlı Şəhər Xəstəxanası, X9 DRES, Saatlı hərbi qospitalı və Qazı Məmməd Şəhər Xəstəxanasından fəhlə və işçilərin üst geyimlərini, xəstəxanaların və xəstələrin mələfə və dəyişəklərinin və matraslarının kimyəvi üsulla təmizlənməsi və həmin təşkilatlara təhvil verilməsi prosesini həyata keçirməsi qeyd edilmişdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, 3-21-3/2-M-19xx-xx/2023 saylı məktubunda bildirilir ki, “Azərbaycan Respublikası “Xidmət” Dövlət Konserinin ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 383 nömrəli 13 avqust 1996-cı il tarixli Sərancamının icrasını təmin etmək məqsədilə keçmiş Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin 96 nömrəli 17 aprel 2007-ci il tarixli sərancamı ilə ləğv olunmuş “Xidmət” Dövlət Konserinin tabeliyindəki X6 Təmizləmə fabrikinin bazasında “X6 Təmizləmə” Açıq Səhmdar Cəmiyyəti yaradılmış və hazırda səhmdar cəmiyyətin səhmlərinin 44.84 %-i dövlət mülkiyyətindədir. -“X4” Şirkətinin xx.xx.2024-cü il tarixli, 04-2/206 saylı məktubunda bildirilir ki, Şirkətdə “Kimyəvi təmizləmə üzrə aparatçı və ya aparatçı maşinist” vəzifələri yoxdur. Lakin, Şirkətdə hazırda “Regional idarəetmə aparatının İnzibati-təsərrüfat qrupunda paltaryuyan maşınların operatoru” vəzifəsi vardır və bu vəzifədə çalışan işçiyə əmək şəraitinin ağır və zərərli olmasına görə əlavə əmək haqqı və məzuniyyət günlərinin verilməsi təyin edilmişdir. Bu vəzifədə işləyən işçinin vəzifələri-maşınların düzgün işləməsinə, paltaryuyan maşınlarda və boru kəmərlərində idarəetmə və ölçü cihazlarınm işləmə ardıcıllığına nəzarət etmək, ağartma və nişasta məhlullarının tədarükünü təmin etmək, yuyulmuş camaşırların təmizliyini müəyyənləşdirmək, paltaryuyan maşında durulama aparmaq, yuyulmuş camaşırları maşından boşaltmaq və avadanlıqları təmizləməkdən ibarətdir. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Azərbaycan Standartlaşdırma İnstitutu” Publik Hüquqi xx.xx.2024-cü il tarixli, 3-21-1-3/2-877/2024 saylı məktubunda bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 06 noyabr tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərə həftə ərzində 36 saatdan çox olmayan, qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısında əllə xüsusi geyimlərin yuyulması ilə məşğul olan xüsusi geyimlərin yuyulması və təmiri üzrə maşinistin vəzifəsi zərərli peşələrə aid edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 05 iyul tarixli 92 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraitinə və əmək funksiyasının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın 407-ci bəndində zəhərləyici, aşındırıcı və qıcıqlandırıcı kimyəvi maddələrlə çirklənmiş xüsusi geyimlərin qəbulu və yuyulması üzrə fəhlələrə 6 təqvim günü müddətində əlavə məzuniyyətin verilməsi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tərixli 320 nömrəli Qərarına “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” əlavə edilmiş 1 nömrəli Siyahıda (12424000 kodu ilə Sanitar-buraxılış məntəqələrində (duşxanalarda, camaşırxanalarda, xıisusi geyimlərin təmizlənməsi və tozsuzlaşdırılması işləri), “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin”, 2 nömrəli Siyahıda isə (2092500a-1753 kodu ilə xüsusi geyimin qəbulu, yuyulması, qurudulması və təmiri ilə məşğul olan fəhlələr, 2110A030-14042 kodu ilə zəhərli maddələrlə zəhərlənmiş xüsusi geyimin yuyulması ilə məşğul olan xüsusi geyimin yuyulması və təmiri üzrə maşinistlər, ******* a-14042 və 2130302a-14042 kodları ilə zəhərli maddələrlə zəhərlənmiş xüsusi geyimlərin təmiri və təmizlənməsi) üzrə vəzifələr müəyyən edilmişdir. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 06 aprel 2015-ci il tarixli **********1 nömrəli Qərarı ilə təsdiq edilmiş AZS ***- **** “Məişət xidmətləri. Camaşırxana xidmətləri. Ümumi texniki şərtlər’’ dövlət standartı tikiş və trikotaj məmulatlarının yuyulması üzrə xidmətlər göstərən təşkilatlara və fərdi sahibkarlara şamil olunmuş və bu standartda məmulatların yuyulması və işlənməsi üzrə xidmətlərə dair ümumi texniki tələblər, istehlakçıların həyat və sağlamlığı, onların əmlakının qorunması üçün xidmətlərin göstərilməsində təhlükəsizlik və ətraf mühitin qorunması üzrə tələblər göstərilmiş, eyni zamanda sözügedən standartda işlərin görülməsi zamanı istifadə edilmiş kimyəvi mənşəli maddələrin təhlükəliliyi baxımından zərərliliyin müəyyən edilməsi üçün göstəricilər qeyd olunmamış və tələblər müəyyən edilməmişdir. -Məhkəmə kollegiyasının sorgularına cavab olaraq, “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1-35/2-661/2025 nömrəli məktubunda bildirilir ki, xəstəxanada işləyən işçilər zəhərli kimyəvi maddələrlə işləmir, ona görə də 1969-1998-ci illərdə yuyulmaq üçün verilmiş üst geyimlər zəhərli maddələrlə çirklənməmişdir. -Həmçinin “Şirvan Şəhər Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1-41/2-582/2025 nömrəli məktubunda bildirilir ki, X6 Təmizləmə fabrikinə yuyulmaq üçün təhvil verilmiş geyimlər barədə məlumat yoxdur. Birinci instansiya məhkəməsi iddianın təmini əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyun 1993-cü il tarixli, 320 saylı qərarı ilə təsdiq olunmuş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 nömrəli Siyahısında X. KİMYA İSTEHSALATİ: “zəhərli maddələrlə zəhərlənmis xüsusi geyimin yuyulması ilə məşğul olan xüsusi geyimin yuyulması və təmiri üzrə maşinistlər” vəzifəsinə uygun olması və 2110A030 - 14042 nömrə ilə kodlaşdırılmasını göstərmişdir. Qeyd olunur ki, həmin sahə kimya istehsalatı ilə bağlıdır və iddiaçının çalışdığı müəssisənin fəaliyyət istiqaməti ilə oxşarlığı yoxdur (sahə uyğunsuzluğu). Digər tərəfdən həmin kod altında zəhərli maddələrlə zəhərlənmiş geyimlərin yuyulmasından bəhs olunur ki, iddiaçının məhz bu cür geyimlərin yuyulması ilə məşğul olması təqdim edilmiş sübutlarla öz təsdiqini tapmır (peşə uyğunsuzluğu). İddiaçı sığorta stajının əsas hissəsini təşkil edən xx.xx.1969-cu ildən xx.xx.1998-ci il tarixədək olan dövrdə zərərli iş hesab olunan peşədə çalışmasını əsas gətirərək, güzəştli pensiya hüququnun olmasını iddia etsə də, onun calışdığı sahə və peşə yuxarıda qeyd olunan müvafiq siyahıda nəzərdə tutulmadığından ona güzəştli şərtlərlə pensiya təyin edilməsi istisna olunur. “Əmək pensiyaları haqqında” Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd olunanlara əsasən, işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməklə iddia təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət Sоsiаl Müdаfiə Fоndunun Məhkəmə Mübahisələri ilə İş üzrə mərkəzi filialının apellyasiya şikayəti təmin edilsin. Şirvan İnzibati Məhkəməsinin 02 dekabr 2024-cü il tarixli, 2-1(120)-2609/2024 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi tələbinə dair iddiası təmin edilməsin. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-211/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-211/2025
20.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver