Məhkəmə qərarları › İş №2-1(106)-212/2024

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-212/2024

12.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-212/2024 12.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X11 və X1 ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, İddiaçı, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-1309/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması və torpaq sahəsinin naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı Beyləqan Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, İmişli rayonu Kürdmahmudlu kəndində yerləşən, onun və ailə üzvlərinin mülkiyyətində olan 3,86 ha torpaq sahəsinin mütəxəssis vasitəsilə yerinin naturada müəyyən edilməklə ona təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən iddia dəqiqləşdirilərək “icarədə olan torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması və torpaq sahəsinin naturada tanıdılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi baxılması qərara alınmışdır. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 22 noyabr 2023-cü il tarixli, 2-1(120)- 1309/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı icarəsində olan torpaq sahəsinə dair mərzçəkmə işlərinin aparılması və torpaq sahəsinin naturada tanıdılması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 6 saylı Beyləqan Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni ümumən onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan torpaq sahələri üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olduqlarından iddia əsaslıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ona və ailə üzvlərinin ümumi birgə mülkiyyətlərinə verilmiş kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı 3,86 ha torpaq sahələri vardır. Bu barədə dövlət aktı da vardır. Qeyd edilən torpaq sahəsi kənddən kənarda yerləşməklə gedib-gəlməkdə çətinlik törətdiyinə görə həmin torpaq sahəsinin dəqiq yerini bilmək üçün iddiaçı 6 saylı Beyləqan Ərazi İdarəsinə mütəxəssisin torpaq sahələrini yerində ölçməsi üçün müraciət etmiş və 120 manat rüsum ödəmişdir. Lakin mütəxəssis gəlsə də, heç bir iş görməmişdir. İnzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış məktubda qeyd edilmişdir ki, ərazidə mübahisəli hal olduğuna görə ölçü işlərinin aparılması mümkün olmamışdır. Cavabdehin imtina aktı və iddiaya qarşı etiraz dəlilləri ondan ibarət olmuşdur ki, mütəxəssislər tərəfindən sözügedən torpaq sahəsinə müvafiq inventarlaşdırma (çöl ölçmə) işlərinin aparılması üçün baxış keçirilmiş, baxış zamanı JN-0139 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında göstərilən 3.86 ha torpaq sahəsi GPS aləti vasitəsilə ölçülərək döngə nöqtələrinin koordinatları göstərilən zaman həmin ərazinin başqa mülkiyyətçilər tərəfindən istifadə olunduğu məlum olmuşdur. Ərazi mübahisəli olduğu üçün torpaq sahəsini göstərmək mümkün olmamamışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri imtina aktı və iddiaya qarşı etirazın dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın rədd olunmasını xahiş etdi. İddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş JN-0139 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, İmişli rayon Aqrar İslahat Komissiyasının 21 may 2004-cü il tarixli, 05 nömrəli qərarı ilə X10, X2, X5, X7, X3, X6 mülkiyyətinə kənd təsərrüfatı məhsullarının istehsalı üçün 3.86 hektar torpaq sahəsi verilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamənin 3.0.31-ci bəndinə əsasən daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahələrində mərzçəkmə işləri aparmaq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin səlahiyyətinə aid edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 oktyabr 2010-cu il tarixli 171 saylı qərarı ilə təsdiq edilmiş «Mərzçəkmə qaydaları və mərz nişanlarının formalarının nümunələri»nin : -2.1-ci bəndinə görə, mərzçəkmə işləri - kompleks iş olmaqla torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin torpaq sahələrinin naturada yerlərinin və sərhədlərinin müəyyənləşdirilməsindən, razılaşdırılmasından, dəqiqləşdirilməsindən, bərpa edilməsindən, döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsindən və mərz nişanlarının bərkidilməsindən (basdırılmasından) ibarətdir. -2.2-ci bəndinə görə mərzçəkmə işləri Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən və torpaqların məqsədli təyinatı və hüquqi rejimindən asılı olmayaraq bütün torpaq sahələrində aparılır. -2.3.4-cü bəndinə əsasən hüquqları dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrinin bir hissəsi alınıb-satıldıqda, bölündükdə, dəyişdirildikdə, bağışlandıqda mərzçəkmə işləri aparılır. -2.3.5-ci bəndinə əsasən torpaq sahələrinin sərhədlərinin bərpası zamanı sərhədlərdə mübahisə olduqda, fiziki və hüquqi şəxslərin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaqlarda yerdə mərz nişanları və torpaq sahələrinə aid olan tanınma nişanları itirildikdə də mərzçəkmə işləri aparılır. -2.4.8-ci bəndinə görə mərzçəkmə işlərində həmçinin torpaq sahəsinin sərhədinin planölçüsünə və ya kadastr xəritələrinə istinad edilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinin tələblərinə görə, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Beləliklə məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən müddəalarını nəzərə alaraq hesab edir ki, iddiaçı mülkiyyətində olan torpaq sahələri üzərində mərzçəkmə işlərinin aparılmasını tələb etməkdə haqlı olmuşdurlar. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Bu baxımdan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin tələbin qanuni əsasına münasibətdə gəldiyi nəticə ilə razılaşsa da, naturada tanıdılması tələb olunan torpaq sahəsinin iddiaçının icarəsində deyil, mülkiyyətində olması ilə bağlı xüsusata qiymət verməsi hissəsində razılaşmır. Buna baxmayaraq məhkəmə kollegiyası hesab edir ki, iş materallarında ümumiyyətlə iddiaçının icarəsində hər-hansı torpaq sahəsinin olması barədə sübutlar olmadığından və iddiaçının hüquqi marağı məhz mülkiyyətində olan torpaq sahəsi ilə bağlı olduğundan qeyd olunan əsasla birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi iddiaçının maraqlarına xidmət etməyəcəkdir. Beləliklə, işin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81- 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 6 saylı Beyləqan ərazi idarəsinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2023-cü il tarixli, 2-1(120)-1309/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar