Məhkəmə qərarları › İş №2-1(106)-213/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-213/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-213/2025 03.09.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Hacıyev Pərviz Vaqif oğlu və X1 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi ilə, Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-1999/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin Cavabdehnə qarşı siyahıya alınmış əmlakın satılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 30000,00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 30000 manat məbləğində siyahıya alınmış əmlakın müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar çıxarılmasını etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 26 noyabr 2024-cü il tarixli, 2- 1(120)-1999/2024 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Cavabdeh xx.xx.2021-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 30000,00 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 6 saylı Ərazi Vergilər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli protokoluna əsasən 30000 manat məbləğində siyahıya alınmış əmlakı (Lənkəran şəhərində olan 30000 manat dəyərində, MİTSUBİSHİ L200 minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan vasitəsilə satılması, əmlakın satışından əldə edilmiş pulun qalan hissəsi Cavabdehnə qaytarılması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi ödəyicisinin üzərinə qanunla müəyyən edilmiş vergiləri və digər ödənişləri ödəmək vəzifəsi qoyulduğundan və o, vergi və digər borcların ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdeh olduğundan iddia əsaslıdır. Qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehin borcu yaranmış, bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləğini ödəmədiyinə görə öhdəliklərinin yerinə yetirilməsinin təminetmə üsulu kimi cavabdehin əmlakının siyahıya alınması barədə qərar çıxarılmış, həmin qərar əsasında yaranan borcuna görə əmlakı siyahıya alınmışdır. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borcun ödənilməyəcəyi təqdirdə siyahıya alınmış əmlakın vergi orqanı tərəfindən müəyyən edilən ticarət şəbəkələrində satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xəbərdarlıq məktubu göndərilsə də, cavabdeh tərəfindən borc ödənilməmişdir. Cavabdehin hal-hazırda 30000,00 manat ödənilməmiş borcu qalmışdır. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, hazırkı iddia tələbində qeyd olunan borc məbləği qanuni qüvvəyə minmiş məhkəmə qərarı icra olunaraq silinməli idi. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2-1(120)- 140/2024 nömrəli qərarından görünür ki, iddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-78/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin iddiaçıda aparılmış növbədənkənar səyyar vergi yoxlamasının nəticələrinə dair qəbul etdiyi xx.xx.2020-ci il tarixli, **********143319 nömrəli qərarı qismən, yəni “mənfəət vergisi üzrə 31624,06 manat və bu məbləğə tətbiq edilmiş 15812,03 manat maliyyə sanksiyası, əmlak vergisi üzrə 376,25 manat və bu məbləğə tətbiq edilmiş 188,12 manat maliyyə sanksiyası”, habelə “vergi hesabatını və ya bu məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə tətbiq olunmuş 960,0 manat məbləğində maliyyə sanksiyası” hissəsi istisna olmaqla qalan hissədə ləğv edilmiş, iddia tələbi qalan hissədə rədd edilmişdir. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsində işə baxılarkən ədalətli məhkəmə araşdırması aparılmamış, məhkəmə həqiqətin müəyyən edilməsini təmin etməmiş və təqdim edilmiş sübutlara qiymət verməmişdir. Prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı nümayəndəsinin iştirakını təmin etməmiş, cavabdeh gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarına əlavə edilmiş: -vergi orqanının xx.xx.2022-ci il tarixli qərarı əsasında xx.xx.2022-ci il tarixli protokol və həmin protokola əlavə ilə cavabdehə məxsus əmlak– (Lənkəran şəhərində olan 30000 manat dəyərində, MİTSUBİSHİ L200 minik markalı, ** PH *** dövlət qeydiyyat nişanlı avtomobil) siyahıya alınmışdır. -Azərbaycan Respuiblikası Daxili İşlər Nazirliyi Baş X3 İdarəsinin xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarında qeyd edilmişdir ki, DİN Baş X3 İdarəsi Qeydiyyatimtahan idarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən "MİTSUBİSHİ L200" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2011-ci il tarixdə Cavabdeh adına qeydiyyata alınmışdır. xx.xx.2020-ci il tarixdə nəqliyyat vasitəsinə Cavabdeh adında qeydiyyatda qalmaqla, AD862475 nömrəli yeni qeydiyyat şəhadətnaməsi verilmişdir. "MİTSUBİSHİ L200" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2011-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilməsinə əsas olmuş sənədlərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 mart 1999-cu il tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə müəyyən edilmiş saxlama müddəti bitdiyi üçün onlar müvafiq qaydada məhv edilmişdir. Eyni zamanda, Lənkəran rayon Məhkəməsinin 19 fevral 2021-ci il tarixli 8(049)-22/2021 saylı Qərardadı ilə "MİTSUBİSHİ L200" markalı **-PH-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbsin, Lənkəran rayon icra və probasiya şöbəsinin 04 fevral 2021-ci il tarixli 36914/06 nömrəli məktubu əsasında isə qeydiyyatla bağlı məhdudiyyətin qoyulması barədə DİN Dövlət Baş Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində müvafiq qeydlər mövcuddur. -“Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2022-ci il tarixli aktdan görünür ki, siyahıya alınmış əmlak cavabdehin nümayəndəsinə məsul saxlanmaya verilməsi qeyd edilmişdir. Cavabdehin nümayəndəsi siyahıya alınmada iştirak etməmiş, akt və protokolun surəti hüquqi şəxsə göndərilmişdir. -Birinci instansiya məhkəməsindən alınmış məlumatdan görünür ki, iddiaçı Cavabdeh MMC-nin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “vaxtı keçmiş əsas borcun və ona hesablanmış faizlərin ümidsiz borc kimi silinməsi” barədə iddia üzrə icraata xitam verilmişdir. -“Hüquqi şəxs haqqında məlumat”dan görünür ki, cavabdeh (VÖEN **********) Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsində qeydiyyatdadır. -Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi məhkəmə kollegiyasının sorğusuna cavab olaraq, 05 iyun 2025-ci il tarixli məktubda bildirmişdir ki, Alfa LTD” Şirkətinin dövlət büdcəsinə olan borcların alınması məqsədi ilə 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixli **********64 saylı qərar çıxarılmış, qərar üzrə borc məbləği 4088851.81 manat təşkil etmişdir. “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixli **********64 saylı qərarla xx.xx.2022-ci il tarixdə müəssisənin 30000.0 manat dəyərində əmlakı siyahıya alınmışdır. Siyahıya alınmanın həyata keçirildiyi tarixə müəssisənin dövlət büdcəsinə ümümilikdə 4408573.58 manat, o cümlədən ƏDV üzrə 801522.82 manat, Ödəmə mənbəyində tutulan vergi üzrə 510448.75 manat, mənfəət vergisi üzrə 32638.91 manat, əmlak vergisi üzrə 630.88 manat, hesablanmış faizlər üzrə 345808.0 manat, tətbiq edilmiş maliyyə sanksiyası üzrə 2717524.22 manat borcu mövcud olmuşdur. Borcun tərkibində müəssisənin xx.xx.2014-cü il tartixdən xx.xx.2019-cu il tarixədək fəaliyyət dövrü üzrə keçirilmiş son səyyar vergi yoxlaması aktına əsasən hesablanmış əlavə vergi məbləği 356928.62 manat, tətbiq edilmiş maliyyə sanksiyası məbləği 520284.46 manat təşkil etmişdir. Şirvan inzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(120)-7812022 nömrəli qərarına əsasən müəssisənin fəaliyyəti üzrə keçirilmiş son səyyar vergi yoxlaması aktı hesablanmış 31624.06 manat mənfəət vergisi və ona tətbiq edilmiş 16405.4 manat maliyyə sanksiyası, 376.25 manat əmlak vergisi və ona tətbiq edilmiş 188.13 manat maliyyə sanksiyası, vergi hesabatını və ya Vergi Məcəlləsinin 16.2 maddəsində nəzərdə tutulan arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə tətbiq edilmiş 960.0 manat maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edildiyi üçün xx.xx.2024-cü il tarixə SVY ilə hesablanmış məbləğlər müəssisənin şəxsi hesab vərəqəsində azaldılmışdır. Müvafiq azalmalardan sonra müəssisənin şəxsi hesab vərəqəsi üzrə dövlət büdcəsinə ümümilikdə 3778969,77 manat, o cümlədən əsas vergi məbləği üzrə 1174680,39 manat, maliyyə sanksiyası üzrə 2260557,5 manat və faizlər üzrə 343731,88 manat borcu qalmışdır. Şəxsi hesab vərəqəsinin xx.xx.2025-ci il tarixə olan göstəricisinə əsasən Cavabdeh dövlət büdcəsinə hesablanmış vergi, faiz və maliyyə sanksiyası üzrə ümümilikdə 3783469.76 manat borcu mövcuddur. Göründüyü kimi, cavabdeh əmlaklarının siyahıya alınması üçün əsas kimi göstərilmiş borc məbləğinin məhkəmə qərarı ilə silindiyini (ləğv edildiyini) iddia etsə də, müəyyən edilmişdir ki, həmin borc məbləği məhkəmə qərarından sonrakı dövrdə yaranmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: -1.4-cü maddəsinə əsasən bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. -16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. -24.1.1-ci və 24.1.12-ci maddələrinə əsasən vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; bu Məcəllə və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə vergi orqanlarının təyinatına uyğun olaraq müəyyən edilmiş digər vəzifələri həyata keçirməyə borcludur. -77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. -78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. -89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. -90.1-ci maddəsinə görə vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. -90.3-cü maddəsinə əsasən vergi ödəyicisinin siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra qətnamə ilə təmin edilmiş borca faizin hesablanması dayandırılır və bu Məcəllənin 90.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla vergi borcunun dövlət büdcəsinə ödənilməsi vergi orqanı tərəfindən təmin edilir. -90.4-cü maddəsinə əsasən əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-1999/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar