Məhkəmə qərarları › İş №2-1(106)-214/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-214/2025

29.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-214/2025 29.04.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X2 və Quliyev Ceyhun Əmir oğlundan ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(120)-2943/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdehnə qarşı sərəncamın hissəvi ləğv olunması və yenidən eyni müddətə torpaq icarə müqaviləsi bağlanılması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizısi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 67 nömrəli sərəncamının hissəvi ləğv edilməsini və Cavabdeh başçısının 23 iyun 2008-ci il tarixli, 130 nömrəli sərəncamı əsasında 15 illik icarə hüququ əsasında onun fasiləsiz istifadəsində olmuş 100 hektar torpaq sahəsi üzrə yenidən onunla eyni müddətə torpaq-icarə müqaviləsi bağlanılmasına dair öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 22 noyabr 2024-cü il tarixli, 2- 1(120)-2943/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sərəncamın 2016-cı ildə qəbul edilməsinə baxmayaraq iddiaçının müqavilədə qeyd edilən 15 illik müddətin son gününə kimi, yəni 2023-cü ilin iyun ayına kimi torpaq sahəsindən istifadə etdiyi müəyyən edilmişdir. Mübahisələndirilən sərəncam ləğv olunacağı təqdirdə iddiaçının hansı hüquqlarının bərpa edilməsi halı müəyyən edilmir. Sərəncamın ləğv olunub-olunmaması iddiaçının hüquqlarının pozulması ilə nəticələnmir və həmin hissədə iddiaçının subyektiv hüququnun olmadığı müəyyən edilir. Həmçinin iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş şikayət vermə müddətini ötürmüşdür. Bununla bağlı iddiaçıya hüquqi yardım edilməsinə baxmayaraq, müvafiq vəsatət təqdim etməmişdir. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh başçısının 23 iyun 2008-ci il tarixli, 128 nömrəli sərəncamı əsasında Neftçala rayon torpaq fonduna aid 8 saylı qış otlaq sahəsindən 100 hektarı ona 15 (on beş) il müddətinə icarəyə verilmiş və müqavilə müddətində qanuni istifadəsində olmuşdur. 23 iyun 2023-cü il tarixdə icarəsinə verilmiş torpaq sahəsinə dair torpaq icarə müqaviləsinin müddəti başa çatmışdır. Həmin müqavilənin müddəti başa çatmadan Cavabdeh sabiq başçısı tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verilmişdir. Bu barədə hər hansı sənəd təqdim edilməmiş, rəsmi və qeyri-rəsmi olaraq heç bir məlumat verilməmişdir. Cavabdehnə bu iddia ərizəsi ilə eyni məzmunda olan 24 dekabr 2023-cü il tarixli yazılı müraciətinə hazıradək heç bir cavab verilməmişdir. Həmin torpaq sahəsi 1948-ci ildən etibarən fasiləsiz olaraq ailələrinin istifadəsindədir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayətinin dəlilləri iddianın məzmunu ilə eynilik təşkil edir. Həmçinin şikayətdə qeyd edilmişdir ki, məhkəmə onun “Məhkəmənin 01 oktyabr 2024-cü il tarixli məktubuna cavaba dair mülahizə”sində göstərdiyi dəlillərə qiymət verməmiş, onları qərardada daxil etməmişdir. Prosessual məsələlər İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən sərəncam barədə 2023-cü ilin may ayında məlumatları olmuşdur, birinci instansiya məhkəməsinin hüquqi yardımla bağlı məktubuna müvafiq mülahizə hazırlanaraq, poçt vasitəsilə məhkəməyə göndərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməmiş və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, əsas kimi göstərmişdir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Əsaslandırma Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Surətləri iş materiallarına əlavə edilmiş: -Cavabdeh başçısının xx.xx.2008-ci il tarixli, 128 saylı sərəncamından görünür ki, İddiaçı istifadəsində olmuş 8 saylı qış-otlaq sahəsindəki 100 (bir yüz) hektar örüş sahəsi qoyunçuluğu inkişaf etdirmək məqsədilə istifadə müddəti artırılaraq 15 (on beş) il müddətinə icarəyə verilmişdir. -Cavabdeh başçısının xx.xx.2016-cı il tarixli, 68 saylı sərəncamından görünür ki, İddiaçı istifadəsində olmuş 8 saylı qış-otlaq sahəsindəki 100 (bir yüz) hektar torpaq sahəsindən istifadə hüququna xitam verilmişdir. -Birinci instansiya məhkəməsinin 01 oktyabr 2024-cü il tarixli məktubunda iddiaçıya izah edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh başçısının müavininin qəbulunda olarkən ona yeni müqavilə bağlanılması məsələsinə baxılacağı bildirilmiş, həmçinin xx.xx.2008-ci il tarixli müqavilənin müddəti başa çatmadan Cavabdeh sabiq başçısı tərəfindən müqaviləyə vaxtından əvvəl xitam verildiyi qeyd olunmuşdur. İddia ərizəsinə əsasən iddiaçının mübahisələndirilən inzibati aktla bağlı uzun müddətdir məlumatlı olması müəyyən edilmişdir. Odur ki, müddətin bərpası barədə ərizə təqdim etməsi tövsiyyə edilmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya müvafiq hüquqi yardım göstərilsə də, iddiaçı bu fürsətdən yararlanmamışdır. Bundan başqa, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinə cavaba dair mülahizə təqdim etdiyini qeyd etsə də, iş materiallarından görünür ki, həmin sənəd birinci instansiya məhkəməsində icraat zamanı mövcud olmamışdır. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi sözügedən sənədin poçt vasitəsilə birinci instansiya məhkəməsinə göndərilməsini bildirsə də, müvafiq sorğu əsasında həmin məhkəmədən alınmış cavabda qeyd edilmişdir ki, adıçəkilən sənəd məhkəməyə daxil olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı mübahisə üzrə prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırdığından və müddətin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübut təqdim etmədiyindən birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq iddia mümkün sayılmamışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 noyabr 2024-cü il tarixli, 2-1(120)-2943/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar