Məhkəmə qərarları › İş №2-1(106)-215/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-215/2023

26.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-215/2023 26.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Həsənov Müşfiq Kamil oğlu (sədrlik edən və məruzəçi), Kərimov Tale Suliddin oğlu və İmanov Cahid Fehruz oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, İddiaçı iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(120)-727/2023 nömrəli qərarından cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı əmrin ləğv edilməsi, hərbi xidmətə bərpa və sair barədə iddia tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2020-ci il tarixli, 0522 nömrəli əmrin ləğv edilməsi, onun hərbi xidmətə bərpa olunması, tərxis edildiyi üçün itirilmiş xidməti müddətin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Amilya Hüseynova) 02 mart 2023-cü il tarixli, 2-1(120)-727/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, Azərbaycan Respublikası Müdafiə nazirinin İddiaçı barəsində xx.xx.2020-ci il tarixli, 0522 nömrəli əmrinin ləğv olunması, İddiaçı hərbi xidmətə bərpa olunması, tərxis edildiyi üçün itirilmiş xidməti müddətin hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Qərardan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin ehtiyatda olan zabitidir. 2016-cı ildə Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində Ehtiyat Zabit Hazırlığı Kursunda “artilleriyaçı” ixtisası üzrə, 2018-ci ildə isə “bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini” ixtisası üzrə təhsil almış və ön xətdə yerləşən hərbi hissələrdə həqiqi hərbi xidmət keçmişdir. xx.xx.2020-ci il tarixdə Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təyin edilmişdir. O, orduda xidmət etdiyi zaman istifadəsi qadağan olunmuş “smartfon” tipli mobil telefon işlətməmişdir. 2020-ci ilin aprel ayında evdə buraxılışda olan zaman özünə məxsus “smartfon” tipli mobil telefonunu açarkən işğalçı Ermənistanın cinayətə meyilli baş naziri Paşinyanın Şuşada terrorçu erməni generalları ilə rəqs edib, qələbə qeyd edərək Azərbaycan dövlətinə və xalqına qarşı işlətdiyi aşağılayıcı ifadələri bir zabit kimi qəbul edə bilməyib, “Facebook” sosial şəbəkəsi vasitəsilə məcburi köçkünlərə müraciət etmişdir. Müraciətində beynəlxalq təşkilatların Ermənistanın işğalçı siyasətinə seyrçi qalmaqla onu dəstəklədiyini, dövlətin təslimçi sülhə məcbur edildiyini qeyd edərək, beynəlxalq ədalətsizliyə qarşı Ali Baş Komandanın ətrafında sıx birləşərək ərazi bütövlüyünün təmin olunmasına nail olmağa çağırış etmişdir. Onun bu çağırışla bağlı statusunu görən hərbi hissənin xüsusi şöbə əməkdaşı onun barəsində komandanlığa məruzə etmişdir. Bu əsasla o, Müdafiə Nazirliyinin Təhlükəsizlik İdarəsinə çağırılaraq ifadəsi alınan zaman istifadəsi qadağan olunmuş “smartfon” tipli mobil telefon işlətmə adı ilə tərxisə təqdim edilməsi üçün ondan hərbi hissədə adı çəkilən telefonu işlətdiyini yazması tələb edilmişdir, o da, məcbur olub tələb edilən kimi ifadə vermişdir. Lakin onun qadağan olunmuş telefon işlətməsini təsdiq və sübut edən akt olmamışdır. Buna baxmayaraq, xx.xx.2020-ci il tarixdə Müdafiə nazirinin müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən qanunsuz şəkildə ehtiyata buraxılmışdır. xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissənin uçotundan çıxarıldığı halda xx.xx.2020-ci il tarixə qədər çöllükdə həyəcan komandasında xidmətini davam etdirmişdir. Tərxis edildikdən sonra etiraz məktublarına əsassız cavablar almışdır. xx.xx.2020-ci il tarixdə Müzəffər Ali Baş Komandanın Azərbaycan ərazi bütövlüyünün bərpa olunması məqsədi ilə elan etdiyi qismən səfərbərliklə Vətən Müharibəsinə çağrılmadığını görəndə öz iradəsi ilə cəbhə xəttinə getmiş, hərbi hissə komandirindən döyüşmək üçün silah tələb etsə də, ona silah verilməmişdir. 09 oktyabrda yaralı əsgəri təxliyyə edərkən onun silahını götürərək döyüşlərə qatılmış, 13 oktyabrda düşmən bunkerinə basqında yaralanmış, 5 qəlpə yarası ilə Füzuli Mərkəzi Xəstəxanasına gətirildikdən sonra Müdafiə Nazirliyinin uçotuna salınmışdır. Müalicə olunandan sonra yenidən ön xəttə qayıtmış, bir sıra strateji məntəqələrin azad olunması əməliyyatlarında iştirak etmişdir. İkinci dəfə xx.xx.2020-ci il tarixdə Şuşa-Xankəndi yolunda düşmən pusqusuna düşərək ağır yaralanmış, 2 gün yaralı halda dağları dırmaşıb tibb məntəqəsinə çatmışdır. Müalicədən sonra xx.xx.2020-ci il tarixdə Şuşa şəhərinə qayıtmış, Şuşa və Xankəndi ətrafı dağlarda post başçısı kimi ən çətin şərtlər altında xidmət etmiş və xidmətdən də qürur duymuşdur. xx.xx.2021-ci il tarixdə “Hərbi xidmətkeçmə haqda” Əsasnamənin 197-ci maddəsi ilə tərxis edilmişdir. Müzəffər Ali Baş Komandanın sərəncamı əsasında “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Orduya bərpa olunması üçün Müzəffər Ali Baş Komandana müraciətləri nəticəsində Prezidentin Hərbi məsələlər üzrə müşaviri, general-polkovnik Məhərrəm Əliyev onu qəbul etmiş, haqlı mövqeyini dəstəkləmiş və məsələnin araşdırılmasını tapşırmışdır. Bundan sonra Müdafiə Nazirliyi Kadrlar İdarəsi sənədlərini qəbul edib, arşdırılması üçün Dövlət Təhlükəsizlik Xidmətinə göndərmişdir. Dövlət Təhlükəsizlik Xidməti tərəfindən araşdırmanın nəticəsi olaraq barəsində müsbət rəy verilmişdir. Ancaq Müdafiə Nazirliyi Hərbi Prokurorluqdan gələn rəyi də rədd edərək onu Orduya bərpa etməmişdir. Cavabdehin mövqeyinin heç bir hüquqi əsası yoxdur. Bu səbəbdən məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Hesab edir ki, pozulmuş hüquqları məhkəmə tərəfindən bərpa olunmalıdır. O, məhkəməyə müraciət etmə müddətini ötürməmişdir, davamlı olaraq hüquq-mühafizə orqanlarına, Müdafiə Nazirliyinə, Prezident Administrasiyasına şikayətlər etmişdir ki, bəlkə, məhkəmədənkənar qaydada məsələ həll olundu. Lakin gördükdən sonra ki, Müdafiə Nazirliyi onu xidmətə bərpa etmək istəmir və yuxarı orqanlara etdiyi şikayətlərə də heç bir əhəmiyyət vermir, məcbur olaraq məhkəməyə müraciət etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan ləğv edilməlidir. Belə ki, 3-cü tabor komandirinin N nömrəli hərbi hissə komandirinə ünvanladığı raportda baş leytenant İddiaçı Əli oğlunun informasiya təhlükəsizliyi və məxfilik rejimini kobud şəkildə pozaraq hərbi qulluqçuya yaraşmaz ifadə söylədiyi üçün kiçik zabitlərin şərəf məhkəməsində dinlənilməsinə sərəncam verilməsi xahiş olunmuşdur. N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xidmətində yol verdiyi nöqsanlara görə onunla bir neçə dəfə tərbiyəvi mövzuda fərdi söhbət aparılsa da, bu söhbətlərdən nəticə çıxarmaması, vəzifəsinin icrasında nöqsanlara yol verməsi, mobil telefondan istifadə zamanı informasiya təhlükəsizliyi tələblərinin pozması, habelə müxtəlif növ şəkil, videoçəkmə imkanları olan, internet şəbəkəsinə bağlantını dəstələyən “smartfon” tipli mobil telefondan hərbi hissənin ərazisində istifadə etməsi müəyyən edildiyi, rəhbər heyətin əmrlərini, tələblərini kobud şəkildə pozduğu, habelə hərbi xarakterli məlumatların sızmasına şərait yaratdığı üçün iddiaçının xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırılması qərara alınmışdır. N nömrəli hərbi hissənin xx.xx.2020-ci il tarixdə keçirilmiş kiçik zabitlərinin şərəf məhkəməsində iddiaçı ona qarşı edilən iradlarla razı olduğunu, tutulan iradların haqlı olduğunu və gələcəkdə bir daha xidmətində nöqsanlara yol verməyəcəyini bildirmişdir. Bununla da, iddiaçı xidməti zamanı “smartfon” tipli telefondan istifadə etməklə hərbi xarakterli məlumatların yayılmasına şərait yaratması da daxil olmaqla yol verdiyi nöqsanları etiraf etmişdir. Beləliklə də, N nömrəli hərbi hissənin 3-cü taborunun bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini baş leytenant İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli müvafiq əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Qeyd olunan xüsusatlar birinci instansiya məhkəməsi tərəfindən ətraflı araşdırılmamış, cavabdeh tərəfindən təqdim edilən sənədlər (əmr və əmrin verilməsinə əsas olan sənədlər) nəzərə alınmadan, iddia tələbi əsassız olaraq təmin edilmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə etiraz edərək bildirdi ki, o, hərbi hissədə “smartfon” tipli mobil telefondan, o cümlədən sosial şəbəkələrdən istifadə etməmişdir. Zabit heyəti tərəfindən heç vaxt ondan narazılıq olmamışdır. Həmişə yuxarı zabit heyəti ondan müsbət təqdimatlar vermişdir. Cavabdeh tərəfindən də bunun əksinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Qeyd etdiyi kimi, o, hərbi hissədə “smartfon” tipli mobil telefondan, o cümlədən sosial şəbəkələrdən istifadə etməmişdir. Lakin fərdi söhbət zamanı ona edilən təkidlər nəticəsində söhbət vərəqəsində yazmışdır ki, sosial şəbəkələrdən istifadə etməyəcəkdir. Bu, onun hərbi hissədə əvvəllər sosial şəbəkələrdən istifadə etdiyinin etirafı anlamına gəlmir. O, demək istəmişdir ki, bundan sonra hərbi xidmətdən kənarda da sosial şəbəkələrdən istifadə etməyəcəkdir. Tərxis olunandan sonra onun aidiyyəti orqanlara müraciətləri nəticə vermədiyindən məcbur olub sosial şəbəkələrdə müvafiq müraciətlər etmişdir. Qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşdə olan N nömrəli hərbi hissənin kiçik zabitlərinin şərəf məhkəməsinin xx.xx.2020ci il tarixli, 7 nömrəli protokolunun və qərarının təsdiq edilmiş surətlərində qeyd edilmişdir ki, 3-cü tabor 8-ci bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini – baş leytenant İddiaçı onunla xidmətdə yol verdiyi nöqsanlara görə bir neçə dəfə tərbiyəvi mövzuda fərdi söhbət aparılsa da, bu söhbətlərdən nəticə çıxarmaması, vəzifəsinin icrasında nöqsanlara yol verməsi iclas iştirakçılarının diqqətinə çatdırıldı. Baş leytenant İddiaçı tərəfindən mobil telefondan istifadə zamanı informasiya təhlükəsizliyi tələblərinin pozulması halları, habelə müxtəlif növ şəkil, videoçəkmə imkanları olan, internet şəbəkəsinə bağlantını dəstəkləyən “smartfon” tipli mobil telefondan hərbi hissənin ərazisində istifadə etməsi müəyyən olunmuşdur. Baş leytenant İddiaçı rəhbər heyətin əmrlərinin tələblərini kobud şəkildə pozduğu, habelə hərbi xarakterli məlumatların sızmasına şərait yaratdığı üçün xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırılması qərara alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli söhbət vərəqinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə müvafiq olaraq həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına razı olmadığını bildirmiş, Azərbaycan Respublikası Silahlı Qüvvələrində şərəflə xidmətini davam etdirmək arzusu nəzərə alınaraq ordu sıralarından tərxis olunmamağa köməklik göstərilməsini xahiş etmiş və bir daha sosial şəbəkələrdən istifadə etməyəcəyinə and içmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 0522 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissənin 3-cü taborunun bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini – baş leytenant İddiaçı, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və qeydiyyat üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon bölməsinə göndərilmişdir. İşdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 0859 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamına əsasən baş leytenant İddiaçı xx.xx.2020ci il tarixdən 181-ci mexanikləşdirilmiş briqadanın (N nömrəli hərbi hissə) 1813-cü mexanikləşdirilmiş taborunun (BTR, SandCat) mexanikləşdirilmiş bölük (BTR) komandirinin şəxsi heyət üzrə müavini təyin edilmişdir. İşdə olan xx.xx.2020-ci il tarixli, EZ ******* nömrəli hərbi biletin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak edib. xx.xx.2020-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə sol sağrı nahiyəsini dəlib keçən odlu silah yarası almışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2716 nömrəli sərəncamı əsasında “Füzulinin azad olunmasına görə”, xx.xx.2020-ci il tarixli, 2369 nömrəli sərəncamı əsasında “Qubadlının azad olunmasına görə”, xx.xx.2021-ci il tarixli, 2716 nömrəli sərəncamı əsasında “Şuşanın azad olunmasına görə”, xx.xx.2021-ci il tarixli, 2724 nömrəli sərəncamı əsasında “Cəsur döyüşçü” medalları ilə təltif olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2021-ci il tarixli, 086 nömrəli əmrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, 181-ci mexanikləşdirilmiş briqadanın (N nömrəli hərbi hissə) 1813-cü mexanikləşdirilmiş taborunun (BTR, SandCat) mexanikləşdirilmiş bölük (BTR) komandirinin şəxsi heyət üzrə müavini – baş leytenant İddiaçı “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli, 2361 nömrəli sərəncamına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 197-ci maddəsinə müvafiq olaraq səfərbərlikdən tərxis edilmişdir. “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İşin faktiki hallarından görünür ki, barəsində rəhbər heyətin əmrlərinin tələblərini kobud şəkildə pozduğu, habelə hərbi xarakterli məlumatların sızmasına şərait yaratdığı üçün xidməti uyğunsuzluğa görə Azərbaycan Ordusundan ehtiyata buraxılması barədə vəsatət qaldırılmış N nömrəli hərbi hissənin 3-cü taborunun bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini – baş leytenant İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. İddiaçı sözügedən əmrin qanunsuz və əsassız olduğunu əsas gətirərək məhkəmədə hazırkı iddianı qaldırmışdır. İddiaçı həmçinin məhkəməyə vəsatət verərək xx.xx.2020-ci il tarixdə ordu sıralarından tərxis edildikdən sonra sözügedən əmrdən yuxarı orqanlara müraciətlər etdiyini, xx.xx.2020-ci il tarixdə başlayan Vətən Müharibəsinə qatıldığını, iki dəfə yaralandığını, müalicədən sonra qayıdıb xidmətini davam etdirdiyini, “Hərbi xidmətkeçmə haqda” Əsasnamənin 197-ci maddəsi ilə xx.xx.2021-ci il tarixdə tərxis edildiyini, bundan sonra sözügedən əmrdən təkrarən yuxarı orqanlara müraciətlər etdiyini, lakin nəticəsinin olmadığını, bununla əlaqədar ondan aslı olmayan üzrlü səbəblərdən məhkəmədə gec iddia qaldırdığını bildirərək buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli, 1/Ş-11719 nömrəli, xx.xx.2021-ci il tarixli, 1/Ş-12267 nömrəli və xx.xx.2022-ci il tarixli, 1/Ş-6506 nömrəli məktubların surətlərindən görünür ki, İddiaçı xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmasına etirazı və yenidən həqiqi hərbi xidmətə qəbul olunma istəyi barədə çoxsaylı ərizələrlə yuxarı inzibati orqanlara müraciətlər etmişdir. Şirvan İnzibati Məhkəməsinin 07 dekabr 2022-ci il tarixli, 2-1(120)-2129/2022 nömrəli qərardadı ilə İddiaçı vəsatəti təmin edilərək buraxılmış prosessual müddət bərpa edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, İddiaçı İkinci Qarabağ Müharibəsinin başlaması ilə əlaqədar xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək N nömrəli hərbi hissənin tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə iştirak etmiş, xx.xx.2020-ci il tarixdə Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə yaralanmış, müalicə aldıqdan sonra yenidən N nömrəli hərbi hissəyə qayıdaraq xx.xx.2021-ci il tarixədək həmin hərbi hissədə xidmətini davam etdirmiş, Füzuli, Qubadlı, Şuşa inzibati ərazi vahidlərinin azad olunması uğrunda gedən döyüşlərdə layiqli iştirakına görə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına gorə, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir. Məhkəmə yuxarıda qeyd olunanları İddiaçı “xidməti uyğunsuzluğu”nu təkzib edən, habelə hərbi hissənin ərazisində “smartfon” tipli mobil telefondan istifadə etməklə hərbi xarakterli məlumatların sızmasına şərait yaratmasını istisna edən hal kimi qiymətləndirilməsini mümkün hesab edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, mübahisələndirilən əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi vəzifə və xidmət haqqında” Azərbaycan Respublikası Qanununun, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin və “Silahlı Qüvvələrin İntizam Nizamnaməsi”nin tələblərinə uyğun qəbul edilmədiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən İddiaçı hüquqlarını kobud şəkildə pozur və iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndi (xidməti uyğunsuzluğa görə) ilə N nömrəli hərbi hissənin 3-cü taborunun bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsindən azad edilib, həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barəsində Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2020-ci il tarixli, 0522 nömrəli əmrinin ləğv edilməsini tələb etməkdə haqlıdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ümumi şəkildə apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarından narazı olduğunu bildirmiş, lakin apellyasiya şikayətinin dəlilləri ilə bağlı hər hansı bir mötəbər sübut təqdim etməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 mart 2023-cü il tarixli, 2-1(120)-727/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti vermək olar.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar