Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-215/2024 29.05.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Kərimov Tale Suliddin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, İddiaçı və vəkili Şükürov Vamiq Qabil oğlunun iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(120)-1480/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinə qarşı Lənkəran rayon Aqrar İslahat Komisiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarının hissəvi ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Lənkəran Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarının iddiaçı və Mirzəyev Dadaş Musa oğlu, Əmirova Xalidə Xanağa qızı, Mirzəyeva Səkinə Yavər qızı, Mirzəyev Murad Dadaş oğlu, Mirzəyev Toğrul Dadaş oğlu, Mirzəyev Çingiz Dadaş oğlu, Mirzəyev Musa Dadaş oğlu və Mirzəyev İsa Dadaş oğlu ilə bağlı hissədə qismən ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərardadı ilə iş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 10 saylı Ərazi İdarəsi, Mirzəyeva Səkinə Yavər qızı, Mirzəyev Murad Dadaş oğlu, Mirzəyev Toğrul Dadaş oğlu, Mirzəyev Çingiz Dadaş oğlu, Mirzəyeva Qəmər Dadaş qızı, Mirzəyev Musa Dadaş oğlu, Mirzəyev İsa Dadaş oğlu, Mirzəyeva Aygün Dadaş qızı və Əmirova Xalidə Xanağa qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Hilal Nəcəfov) 02 noyabr 2023-cü il tarixli, 2- 1(120)-1480/2023 nömrəli qərardadı ilə iddiaçının buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizısi təmin edilməmiş, iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan sərəncamlar barədə iddiaçı məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçı həmin iddia müddətini ötürmüşdür, lakin müddətin buraxılmasına səbəb olmuş halları qeyd edilən iddiaçıya 2021-ci il tarixində məlum olması və mülkiyyətlə bağlı mübahisələrə iddia müddətin şamil edilmədiyi ilə əlaqələndirsə də, məhkəmə həmin əsasları ərizənin bərpası üçün yetərli əsas hesab etmir. Belə ki, inzibati prosessual qanunvericiliyin müddətin bərpası əsası ilə bağlı tələbi aşkardır. Tələb mülkiyyətlə bağlı deyil inzibati orqanın qərarının ləğvi ilə, eləcə də təqsirin olmaması ilə bağlıdır ki, iddiaçının ərizəsində qeyd etdiyi təqsirlə bağlı vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Qərardaddan İddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi mərhum atası Mirzəyev Musa Rəhim oğlu və mərhum anası Kazımova Qızqayıt Hacıağa qızına uzun müddət fəhlə işlədiklərinə görə Kirov çay sovxozu tərəfindən verilmişdir. İddiaçının mərhum ata və anası uzun illər həmin mülkdə yaşamış və vəfat etmişlər. İddiaçı son illərə qədər Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli, 10 saylı qərarı ilə 0.15 hektar torpaq sahəsinin qardaşı Mirzəyev Dadaş Musa oğlu və onun ailə üzvlərinin mülkiyyətinə verilməsindən xəbərsiz olmuş və məlumatı olan təqdirdə həmin şəhadətnamənin ləğvi ilə bağlı Lənkəran Şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Lənkəran Şəhər İcra Hakimiyyəti tərəfindən iddiaçıya ünvanlanmış imtina məktubunda qeyd edilmişdir ki, Aqrar İslahat Komissiyası tərəfindən Lənkəran rayonunda vətəndaşlara torpaq sahəsinə dair şəhadətnamələrin verilməsindən ötrü torpaq islahatı aparıldığı zaman iddiaçının mənzil növbəsində olmaqla Lənkəran şəhərində qeydiyyatda olduğundan adı həmin şəhadətnamədə qeyd olunmamışdır. Eləcə də, mərhum anası Kazımova Qızqayıt Hacıağa qızı nə ev növbəsinə dayanmış, nə də ki, şəhərdə qeydiyyatda olmuşdır. Tam əksinə o dünyasını dəyişənədək Lənkəran rayonunun keçmiş Kirov qəsəbəsində, yəni hazırda İstisu qəsəbəsi kimi tanınan və adlanan qəsəbədə qeydiyyatda olmuş və orada faktiki olaraq yaşamışdır. Bu fakt onu deməyə əsas verir ki, şəhadətnamə verilərkən saxtakarlığa yol verilmiş və bu hal ondan və anasından gizlədilmişdir. Torpaq islahatı haqqında qanunvericiliyə əsasən həyətyanı torpaq sahələri qanuni istifadələrində olan şəxslərin mülkiyyətinə verilməlidir, lakin buna baxmayaraq iddiaçı və mərhum anasının hüquqları pozulmuşdur. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apelyasiya şikayətində iddia ərizəsində göstərilən dəlillərə istinad edərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Prosessual məsələlər İddiaçı məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, islahat zamanı qardaşı onu aldadraq torpaq sahəsinin özünün və ailə üzvlərinin adına verilməsinə nail olmuşdur. İddiaçını vəkili Şükürov Vamiq Qabil oğlu məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, islahat zamanı iddiaçı həmin ərazidə formal olaraq qeydiyyatda olmasa da onun gözlənilən mülkiyyət hüququ olmuş, bu qəbildən olan mübahisələrə isə müddət tətbiq edilmir. Odur ki, birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işdə olan JN-036A KOD 80200016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin surətindən görünür ki, Lənkəran rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 10 nömrəli qərarına əsasən 0,15 ha. torpaq sahəsi Mirzəyev Dadaş Musa oğlunun, onun ailə üzvləri Mirzəyeva Səkinə Yavər qızı, Mirzəyev Murad Dadaş oğlu, Mirzəyev Toğrul Dadaş oğlu, Mirzəyev Çingiz Dadaş oğlu, Mirzəyeva Qəmər Dadaş qızı, Mirzəyev Musa Dadaş oğlu, Mirzəyev İsa Dadaş oğlu, Mirzəyeva Aygün Dadaş qızı və Əmirova Xalidə Xanağa qızının mülkiyyətinə verilmişdir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq islahatının obyekti Azərbaycan Respublikasının vahid torpaq fondudur. Torpaq islahatı zamanı vahid torpaq fondunda: dövlət mülkiyyətində saxlanılan torpaqlar (dövlət torpaqları); bələdiyyə mülkiyyətinə verilən torpaqlar (bələdiyyə torpaqları); xüsusi mülkiyyətə verilən torpaqlar müəyyən edilir (maddə 3). Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir (maddə 9). Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir (maddə 10). Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının və ya Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyasının qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir (maddə 22). Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı bələdiyyələr, icra hakimiyyəti orqanları və onların struktur qurumlarının cavabdeh qismində iştirak etdiyi işlər üzrə 2016-2017-ci illərdə məhkəmə təcrübəsi öyrənilərək məhkəmələrə tövsiyə olunmuşdur ki, “İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək, yəni mübahisə olunan inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24-1-ci fəslində (Dövlət hakimiyyət orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və kollektivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2011-ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, orqanların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdur”. Həmçinin “Mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də həmin aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 1 yanvar 2011-ci il tarixədək qəbul edilmiş aktların mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 1 yanvar 2011-ci il tarixədək artıq ötürülmüşsə, onlar yeni qanuna istinadla mübahisələndirilə bilməzlər”. Məhkəmə qeyd olunan tövsiyəni nəzərə alaraq hazırki iş üzrə də eyni hüquqi yanaşmanın tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, baxılan iş üzrə Lənkəran rayon Aqrar İslahat Komissiyasının 30 may 1998-ci il tarixli 10 saylı qərarının qismən ləğv edilməsi tələb edilsə də, həmin aktın məhkəmə qaydasında mübahisələndirilməsi imkanı artıq aradan qalxmışdır və qüvvədə olan İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanını istisna edir. Göründüyü kimi sözügedən qərarın mübahisələndirilmə imkanı aradan qalxmışdır. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 73.1 maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 nömrəli Qərarının 1.1, 1.3, 1.4 və 2.1-ci bəndlərində göstərilmişdir ki:- -Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. -Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. -İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. -Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İnzibati prosessual qanunvericiliyin prinsiplərinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri – iddia tələbinin iddia müddətinə dair normalara riayət etməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 2-1(120)-1480/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-215/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-215/2024
29.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver