Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-216/2023 01.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Masallı rayonu Bədəlan Bələdiyyəsinə qarşı iş üzrə (Açar sözlər: iddianın mümkünlüyü) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Həsənov Müşfiq Kamil oğlu və X1 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı cavabdeh Masallı rayonu Bədəlan Bələdiyyəsinə qarşı 50 sot torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, yəni sahiblik, istifadə və sərəncam vermək hüququnun bərpa edilməsi barədə inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(120)-606/2023 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Masallı rayonu Bədəlan bələdiyyəsinə qarşı iddia ərizəsi ilə müraciət edərək, 50 sot torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, yəni sahiblik, istifadə və sərəncam vermək hüququnun bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, ona tam qanuni sənədlər əsasında 50 sot pay bəlli torpaq sahəsi verilmişdir. Torpaq sahəsi uzun bir müddətdir ki, onun istifadəsindədir. Torpaq sahəsində istifadə etməməsi ilə bağlı heç kimin mülkiyyəti pozmamışdır. Torpaq sahəsi abadlaşdırmışdır. Lakin bələdiyyə həmin torpaq sahəsini kənar şəxsə vermək istəyir və torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun pozulmasına gətirib çıxaracaqdır. Odur ki, onun 50 sot torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, yəni sahiblik, istifadə və sərəncam vermək hüquqlarının bərpa edilməsi barədə qərar çıxaırlmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(120)-606/2023 saylı qərardadı ilə (hakim A.A.Hüseynova) iddia mümkün sayılmamışdır. İddiaçı birinci instansiya məhkəməsinin qeyd edilən qərardadından apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində bildirmişdir ki, o, uzun illərdir ki, sözügedən torpaq sahəsindən istifadə edir. Torpaq sahəsi ilə bağlı heç bir mübahisə yoxdur, heç kimin mülkiyyət hüquqlarını pozmur. Odur ki, Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(120)-606/2023 qərardadının ləğv edilməsini, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və cavabdeh Masallı rayonunun Bədəlan Bələdiyyəsinə rəsmi qaydada məlumat verilməsinə (bildirişdə - məhkəmə baxışına gəlmədiyi halda işə baxılaraq, qərar qəbul edilməsi barədə xəbərdarlıq edilmişdir) baxmayaraq, iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməmələrinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verilməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzər.ə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
9. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 16.6.İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İddianı qeyri-mümkün sayan birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki,...“iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüququnun olmasına və yaxud subyektiv hüququnun pozulmasına dair sübutlarının məhkəməyə təqdim edilməmişdir...İddiaçının iddiası öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı hazırkı iddia tələbi ilə əlaqədar ilkin olaraq cavabdehə müraciət etməmişdir. Yəni, iddiaçı cavabdehin iddia tələbinə münasibətini müəyyən etmədən inzibati orqana qarşı məhkəmədə iddia qaldırmışdır”. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. Bununla belə, məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, iddianın mümkünlüyü onun əsaslılığının yoxlanılması üçün ilkin məcburi şərtdir. Məhkəmələr tərəfindən yalnız mümkün sayılmış iddialara mahiyyəti üzrə baxılır. Mümkünlük şərtlərini ödəməyən iddiaya mahiyyəti üzrə baxılması və onun əsaslılığının yoxlanılması istisna olunur. İşin hallarından müəyyən edilir ki, iddiaçının hüquqi marağı 0,5 hektar torpaq sahəsinə mülkiyyət hüququnun bərpa edilməsi, yəni sahiblik, istifadə və sərəncam vermək hüququnun bərpa edilməsinə yönəlmişdir. Məhkəmə tərkibi qeyd edir ki, əgər iddiaçının hüquqi marağı 0,5 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından ibarətdirsə, bu zaman həmin iddiaya cavab verməli inzibati orqan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 8 saylı Cəlilabad Ərazi İdarəsidir. Hazırkı mübahisəyə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh Masallı rayonu Bədəlan bələdiyyəsi tərəfindən iddiaçının hüquqlarının pozulduğu müəyyən olunmur, eləcə də onun qanunvercilikdə nəzərdə tutulmuş vəzifəsini yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Bundan başqa, məhkəmə tərkibi qeyd edir ki, əgər iddiaçı cavabdeh inzibati orqan tərəfindən hər hansı faktiki xarkterli hərəkətlərin edilməsini istəyirsə, bu zaman o, həmin tələblə əvvəlcə cavabdehə müraciət etməli, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etdiyi təqdirdə isə müvafiq inzibati məhkəmədə iddia qaldırmalır. Ancaq iş materiallarından iddiaçının hazırkı tələblə ilkin olaraq cavabdehə müraciət etməsi müəyyən edilmir. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, iddianın mümkün sayılması üçün iddiaçının iddia ərizəsində inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırması mütləq şərtdir. Hazırkı halda mümkünlük şərtləri yerinə yetirilmədiyindən birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymamaqla düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 15 fevral 2023-cü il tarixli, 2-1(120)-606/2023 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılısın. Qərardaddan tam formada təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.