Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-217/2023 17.10.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) X6 Firdusi oğlunun sədrliyi ilə, Hakimlər Həsənov Müşfiq Kamil oğlu və Mayılov Samir İlham oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2- 1(120)-342/2023 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq qərara aldı. İşin halları: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. Cavabdeh orqan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 14 yanvar 2022-ci il tarixli, **********9 saylı məktubu ilə ilə iddiaçının müraciətindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.8-ci maddələrinə müvafiq olaraq iddiaçı tərəfindən təqdim olunan əmək kitabçasına və ona əlavə edilmiş sənədlərə əsasən ümumi iş stajı 25 ildən az olduğuna görə pensiya təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat və məhkəmənin gəldiyi nəticə: Verilən cavabla razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 13 iyun 2022-ci il tarixli, 2-1(120)1160/2022 nömrəli qərardadı ilə iddia tələbinə “1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” qərara alınmışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1963-cü ildə anadan olmuşdur, O, 1979-cu ildən əmək fəaliyyəti ilə məşğuldur. O, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin, cavabdeh 14 yanvar 2022-ci il tarixli, **********9 saylı məktubla ümumi stajı 25 ildən az olduğu üçün iddiaçıya pensiya təyin edilməsindən imtina etmişdir. Hansı ki, onun 35 ildən çox əmək stajı vardır. Ona hüququnun yarandığı tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. Cavabdehin imtinasını qanunsuz hesab etdiyi üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh iddia ərizəsinə qarşı etiraz ərizəsini məhkəməyə təqdim etmişdir. Cavabdeh etiraz ərizəsini imtina ilə eyni məzmunda əsaslandıraraq göstərmişdir ki, ki, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununun 9.1-ci və 9.8-ci maddələrinə müvafiq olaraq iddiaçı tərəfindən təqdim olunan əmək kitabçasına və ona əlavə edilmiş sənədlərə əsasən ümumi iş stajı 25 ildən az olduğuna görə iddiaçıya pensiya təyin edilməsindən imtina edilmişdir. Bundan əlavə, “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 2.4.1-ci və 3.2-ci bəndlərinə görə iddiaçı güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışı və əmək kitabçası ilə yanaşı sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədləri də təqdim etməlidir ki, iddiaçı təqdim etdiyi arayışı təsdiq etməmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, iddiaçının Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı iddiasının təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim Şahəli Musayev) 09 fevral 2023-cü il tarixli, 2- 1(120)-342/2023 saylı qərarı ilə İddiaçı 1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Həmin qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə qarşı etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının 1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işləməsinə dair qeydlər əmək kitabçasında qeyd edilməməsinə, elecə də Fondun 2 saylı Şirvan-Salyan regional filialı tərəfindən tərtib edilmiş müvafiq aktın məzmunundan da göründüyü kimi əmək haqqı kitablarında İddiaçı ata adının qeyd edilməmiş olmasına rəğmən həmin dövrlər sığorta stajına daxil edilmişdir. Qeyd edilənlərə əsasən hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və işin faktiki hallarını dərindən araşdırmamışdır. Ona görə də Şirvan İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı əsassız olduğundan ləğv edilməlidir. b) Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri: Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(106)-217/2023 saylı, 02 may 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları və prosessual məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin 16.3-cü maddəsində nəzərdə tutulmuş hallar (yazılı icraat) istisna edilməklə, məhkəmə tərəfindən mübahisəyə şifahi məhkəmə baxışı (şifahi dinləmələr) qaydasında baxılır. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunaraq birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin olunmadan və qərarın isə dəyişdirilmədən saxlanılması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının: 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. 71-ci maddəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 149-cu maddəsinə əsasən Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı ─ əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. (Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il, 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta (haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin hazırda qüvvədə olan redaksiyada “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 08 oktyabr 2020-ci il tarixli, 03/2020 nömrəli qərardadına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın: 3.1-ci bəndinə müvafiq olaraq sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. 3.1.1-ci bəndinə görə, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. 3.1.2-ci bəndinə uyğun olaraq Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosesual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, “1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işlədiyi iş stajının həmin dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınmaqla sosial sığorta stajı kimi qəbul edilərək, hüququnun yarandığı tarixdən, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını” xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci, 149-cu maddələrinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa 9.1-ci, 21.1-ci maddələrinə, Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə və həmin qaydaların 13 nömrəli əlavəsinə və Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə istinad etməklə əsaslandıraraq qeyd etmişdir ki, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işləməsinə dair Neftçala rayon Dövlət Arxivinin 03 sentyabr 2021-ci il tarixli, 104 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Neftçala rayon Dövlət Arxivinin 03 sentyabr 2021-ci il tarixli, 104 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul edir. Məhkəmə Neftçala rayon Dövlət Arxivinin 03 sentyabr 2021-ci il tarixli, 104 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı həmçinin aşağıdakı normaları qeyd edir. Məhkəmə hesab edir ki, iddiaçının 1979-1981-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri onun onun sosial sığorta stajına hesablanmalıdır. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir və həmin dövrlər nəzərə alındıqda iddiaçının mübahisəsiz dövrlərlə birlikdə xx.xx.2006-cı il tarixinə kimi 25 ildən artıq sığorta stajı mövcud olur. Beləliklə də iddiaçının 1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işləməsi ilə bağlı əmək stajı, həmçinin də xx.xx.1985-xx.xx.1988-ci illərdə “Salyanneft” NQÇİ-nin X4 Təmiri sexində qazmaçı köməkçisi, xx.xx.1988-xx.xx.2003-cü illərdə quyuların yeraltı təmiri operatoru, xx.xx.2003-xx.xx.2004-cü illərdə qazmaçı köməkçisi, xx.xx.2004-xx.xx.2022-ci illərdə X4 Təmiri sexində təmirçi-çilingər vəzifəsində işləməsi, xx.xx.1981-xx.xx.1982-ci il tarixlərdə təhsil alması, xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olması sığorta stajı kimi nəzərə alınmaqla, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini tələb etməkdə haqlıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçının 27 oktyabr 2020ci ildə 57 yaşı tamam olmuşdur. Onun 57 yaşına uyğun tələb olunan 25 ildən artıq ümumi iş stajı və 12 il 6 aydan artıq zərərli iş stajı vardır. Onun xx.xx.1981-xx.xx.1982-ci il tarixlərdə Bakı şəhəri 14 nömrəli texniki məktəbində təhsil alması A №749750 nömrəli diplom ilə, xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmətdə olması Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Neftçala rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 787 nömrəli arayış ilə, 1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işləməsi Neftçala rayon Dövlət Arxivinin 03 sentyabr 2021-ci il tarixli, 104 nömrəli arxiv arayışı ilə, xx.xx.1985-xx.xx.1988-ci illərdə “Salyanneft” NQÇİ-nin X4 Təmiri sexində qazmaçı köməkçisi, xx.xx.1988-xx.xx.2003-cü illərdə quyuların yeraltı təmiri operatoru, xx.xx.2003xx.xx.2004-cü illərdə qazmaçı köməkçisi, xx.xx.2004-xx.xx.2022-ci illərdə X4 Təmiri sexində təmirçi-çilingər vəzifəsində işləməsi Salyan OİL LTD şirkətininin xx.xx.2021-ci il tarixli, HR-21-018 nömrəli arayışı, Salyan OİL LTD şirkətininin xx.xx.2022-ci il tarixli, HR- 22-029 nömrəli arayışı, NT-İ ******* nömrəli əmək kitabçası ilə təsdiq olunur. İddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 saylı xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (2130200a-11292, 2130200a-15866, 2130200a-11292, 2130200a-18559) göstərilən vəzifələrdə (xx.xx.2006-cı il tarixədək) 12 il 6 aydan artıq iş stajı, həmçinin ümumilikdə 25 ildən çox ümumi iş stajı vardır. İddiaçının xx.xx.1985-xx.xx.1988-ci illərdə “Salyanneft” NQÇİ-nin X4 Təmiri sexində qazmaçı köməkçisi, xx.xx.1988-xx.xx.2003-cü illərdə quyuların yeraltı təmiri operatoru, xx.xx.2003-xx.xx.2004-cü illərdə qazmaçı köməkçisi, xx.xx.2004-xx.xx.2022-ci illərdə X4 Təmiri sexində təmirçi-çilingər vəzifəsi qeyd olunan Siyahıda güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən vəzifə kimi nəzərdə tutulmuşdur. Cavabdeh tərəfindən iddiaçının pensiya hüququ verən yaş həddinə çatması, həmçinin güzəştli vəzifəsi cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Mübahisə iddiaçının xx.xx.2006-cı il tarixinə kimi tələb olunan 25 il ümumi sığorta stajına nisbətdə 23 il 06 ay 17 gün sığorta stajının olmasıdır. Yəni cavabdeh inzibati orqan iddiaçının Neftçala rayon Dövlət Arxivinin 03 sentyabr 2021-ci il tarixli, 104 nömrəli arxiv arayışında göstərilən 1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işlədiyi dövrləri əmək kitabçasında qeyd edilməməsi səbəbindən sığorta stajı kimi qəbul etmir. Məhkəmə cavabdehin mübahisələndirdiyi dövrlərlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə cavabdehin pensiya təyin edilməsindən imtina edərkən istinad etdiyi «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydalarının 3.1.1-ci maddəsinə (iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsi) münasibət bildirərək qeyd edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununda sosial sığorta stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi ilə bağlı göstəriş nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 149-cu maddəsinin Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları»na 13 nömrəli əlavədə əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısı göstərilmişdir. Həmin Siyahıya əsasən yaşa görə pensiya növü üzrə – pensiya təyin edilməsi üçün müraciət edən şəxsin yaşını təsdiq edən sənəd (şəxsiyyət vəsiqəsi), ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlər və s. sənədlər təqdim olunur. Göründüyü kimi, tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin təqdim olunması göstərilmişdir ki, iddiaçı da bunu təsdiq edən sənədi (1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işləməsinə dair Neftçala rayon Dövlət Arxivinin 03 sentyabr 2021-ci il tarixli, 104 nömrəli arxiv arayışını) cavabdehə təqdim etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli, 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi haqqında» Əsasnamənin 1-ci və 3-cü bəndlərinə əsasən arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən dövlət orqanlarından biri kimi Neftçala rayon Dövlət Arxivinin 03 sentyabr 2021-ci il tarixli, 104 nömrəli arxiv arayışını iddiaçının sığorta stajının müəyyən olunmasında mötəbər sübut kimi qəbul etmişdir. Neftçala rayon Dövlət Arxivinin 03 sentyabr 2021-ci il tarixli, 104 nömrəli arxiv arayışını mötəbər sübut kimi qəbulunun mümkünlüyü ilə bağlı həmçinin aşağıdakı normaları qeyd edir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 15 may 1990-cı il tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə əsasən əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə,1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Eyni məzmunlu müddəa xx.xx.1992-ci il tarixdə qəbul edilmiş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununda da nəzərdə tutulmuşdur. Qeyd olunanlardan göründüyü kimi, iddiaçının 1979-1981-ci illərdə “Azərbaycan” kolxozunda işləməsinin onun əmək kitabçasında qeyd olunmaması iddiaçıya əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir və həmin dövrlər nəzərə alındıqda iddiaçının mübahisəsiz dövrlərlə birlikdə xx.xx.2006-cı il tarixinə kimi 25 ildən artıq sığorta stajı mövcud olur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının 1979-1981-ci illərdə əmək iştirakı normasına görə faktiki müddət üzrə iş illəri onun onun sosial sığorta stajına hesablanmalıdır. Apellyasiya şikayətinin digər dəlili 1979-1981-ci illərə aid əmək haqqı kitablarında İddiaçı ata adının qeyd edilməmiş olmasına rəğmən həmin dövrlərin sığorta stajına daxil edilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilləri üzrə müvafiq araşdırma aparmış və məlum olmuşdur ki, apellyasiya şikayətinin həmin dəlillərinin heç bir əsası yoxdur. Belə ki, iş materiallarında olan Neftçala rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli 3-13100/2-6705/2023 saylı məktubundan görünür ki, Neftçala rayonu X8i İnzibati Ərazi Dairəsində 1979-1981-ci illərdən hal-hazıra kimi xx.xx.1963-cü il təvəllüdlü Dadaşov X2 rayonu, X8ində qeydiyyatda olmaqla yaşayır. Yuxarıda qeyd edilən illər ərzində Neftçala rayonu X8ində İddiaçı kimi eyni ada və soyada məxsus digər şəxslərin olması tərəfimizdən müəyyən olunmadı. Həmçinin iş materiallarında olan Neftçala rayon İcra Hakimiyyəti Başçısının X8 İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 5-67-5/2-166/2023 saylı məktubundan görünür ki, Neftçala rayonu X8ində 1979-1981-ci illərdə vətəndaş İddiaçı başqa eyni ad və soyada məxsus digər şəxslər yaşamamış, qeydiyyatları olmamışdır. Göründüyü kimi apellyasiya şikayətinin həmin dəlilləri əsası olmayan formal mülahizələrdən ibarətdir. Ən azından “Azərbaycan” kolxozunun həmin dövrlərə aid sənədlərində adı qeyd edilən İddiaçı adlı şəxsin məhz iddiaçı deyil, digər şəxsin olmasına dair hər hansı sübut da cavabdeh tərəfindən təqdim edilməmişdir. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filial tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 09 fevral 2023-cü il tarixli, 2-1(120)-342/2023 saylı qərаrı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti vermək olar. Sədrlik edən Samir Həsənov Hakimlər Müşfiq Həsənov Samir Mayılov
Məhkəmə qərarları › İş №2-1(106)-217/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-217/2023
17.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver