Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2-1(106)-217/2025 12.03.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X6 və Əsədov ilham Qoşunəli oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, cavabdehin nümayəndəsi X4, üçüncü şəxs X8 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-839/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı “X14 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətin cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı “X14 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyət cavabdeh Astara rayon Ərçivan Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh ilə X10 arasında icarə müqaviləsi bağlanmasına dair qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim P.Qurbanova) 26 noyabr 2024-cü il tarixli, 2- 1(120)-839/2024 nömrəli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarında olan məktub, xəbərdarlıqlardan və Astara rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli bildirişindən müəyyən edilir ki, Ərçivan Bələdiyyəsi cavabdeh X3 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin bələdiyyəyə təhvil verilməsi” tələbi ilə məhkəmədə iddia qaldırmış və məhkəmə hazırlıq iclası 17 fevral 2022-ci ilə təyin edilmişdir. “X14 Təsərrüfatı" MMC hərracın nəticələrinə münasibət bildirməmiş və hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bununla da iddiaçı torpaq sahəsinin hərrac yolu ilə X1 məlumatlı olmuşdur. İddia ərizəsi isə xx.xx.2023-cü il tarixdə Şirvan İnzibati Məhkəməsinin icraatına daxil olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı mübahisə üzrə qanunvericiliyin müəyyən etdiyi prosessual müddət ötürüldükdən sonra məhkəmədə iddia qaldırmışdır. Qərardaddan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X14 təssərüfatı” MMC Cavabdeh ilə 15 fevral 2000-ci ildə 20 il müddətinə 20 ha torpaq sahəsinə icarə müqaviləsi bağlamışdır. Azərbaycan Respublikasının İcarə Haqqında 30 aprel 1999-cu il qanunun 13-cü maddəsinin 4-cü bəndində qeyd edilir ki, müqavilənin müddəti qurtardıqda icarəçinin müqaviləni təzələmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinin 5-ci bəndində qeyd olunur ki, müqavilənin müddəti qurtardıqdan sonra ona xitam vermək və onu dəyişdirmək haqqında tərəflərdən birinin ərizəsi olmadıqda o, müqavilədə nəzərdə tutulmuş eyni müddət üçün və eyni şərtlərlə uzadılmış hesab edilir. Müqavilə yeni müddət üçün uzadılarkən onun şərtləri tərəflərin razılığı ilə dəyişdirilə bilər. İcarə müqaviləsinin ayrı-ayrı növləri üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər qanunları ilə başqa qaydalar da müəyyən edilə bilər. İcarəyə verən müqavilənin müddəti bitdikdən 3 il sonra müqavilənin müddətinin bitməsinə istinad edərək müqaviləyə xitam vermək istəyir, bununla da icarəyə verən İcarə haqqında qanunun 13-cü maddəsinin 5-ci bəndinin tələblərini pozur. Halbuki həmin maddənin tələbinə əsasən müqavilənin müddəti bitdikdən sonra icarəyəverənin müqaviləyə xitam vermək barədə ərizəsi olmadığı üçün qanuna əsasən müqavilənin müddəti həmin müddətə və həmin şərtlərlə uzadılmışdır. "xxxx" kəndli fermer təsərrüfatının iqtisadi əsasını icarəyə götürdüyü həmin torpaq sahəsi təşkil edir. Əgər həmin torpaq sahəsi ondan alınarsa müəssisənin iqtisadi əsası sarsılar və bu da müəssisənin ləğv olunmasına gətirib çıxaracaqdır. Torpaq sahəsinin icarəyə götürüldüyü halda icarəçi öz mövcudluğunun iqtisadi əsasını təşkil edən müəsissəni həmin sahəsiz saxlaya bilmədikdə və müqavilə üzrə hüquq münasibətlərinə xitam verilməsi icarəçi və onun ailəsi üçün hətta icarəyə verənin əsaslı mənafeləri ilə haqq qazandırıla bilməyən mənfi nəticələr törədə bildikdə də icarəçi müqavilə üzrə hüquq münasibətlərinin davam etdirilməsini tələb edə bilər. İcarəyə götürülmüş torpaq sahəsi müəssisənin iqtisadi əsasını təşkil edir və həmin müqaviləyə xitam verilməsi müəssisənin iqtisadi əsasını sarsıda biləcəyi üçün icarəçi və onun ailəsi üçün mənfi nəticələrə səbəb ola bilər. İcarəyəverən müəssisənin icarəsində olan torpaq sahəsi üçün onunla müqavilə münasibətlərini davam etdirməməyin səbəblərini və ya özünün əsaslı mənafelərini göstərmir. İcarəyəverən həmin torpaq sahəsini qanunsuz olaraq 22 oktyabr 2021-ci il tarixli 3M-133 saylı icarə müqaviləsi ilə bələdiyyə ərazisində yaşamayan başqa kəndin sakininə icarəyə vermişdir, halbuki həmin müqavilənin müddəti qanuna əsasən uzadılmış və müqavilə artıq yenidən bağlanmış hesab edilmişdir. Qanunun 13-cü maddəsinə əsasən müqavilə müddəti bitdiyində icarəyəverən müqavilə münasibətlərinə xitam verilməsi barədə ərizə vermədiyi üçün müqavilənin müddəti həmin müddətə və həmin şərtlərlə davam etdirilmiş sayılır. Cavabdehin iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçı X2 qanunsuz istifadəsində olan 20 hektar torpaq sahəsinin 10.60 hektarı hərrac yolu ilə X9 icarəyə verilmişdir. Torpaq sahəsi ilə bağlı iddiaçı X3 hərracın keçirilməsi barədə məlumat verilmiş və hərracda iştirak etməməsi səbəbləri məlum deyildir. Hərracın nəticələrinin etibarsızlığı təsdiq olunmur və buna görə hərracı udmuş şəxslə, yəni X10 ilə bağlanan müqavilə etibarlı hesab edilir və 10.60 hektar torpaq sahəsinə dair çıxarışın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur (əsas AR Mülki Məcəlləsinin 416.1-ci maddəsi). İddia ərizəsində Astara rayon Ərçivan bələdiyyəsinin cavabdeh qismində qoyulması əsassızdır. Belə ki, X10 10.60 hektar torpaq sahəsi hərracda satın almış və hərracın nəticəsinə görə X9 10.60 hektar torpaq sahəsi icarəsinə verilmişdir. Bunlara əsasən X8 adına olan çıxarışın ləğv edilməsi qanuni hesab edilə bilməz. “X14 Təsərrüfatı" MMC hərracın nəticələrinə münasibət bildirməmiş və hərracın nəticələrinin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bunlar da “X14 Təsərrüfatı” MMC-nin hərracın nəticələri ilə razı olduğunu təsdiq edir. X9 icarəyə verilmiş torpaq sahəsinə dair çıxarışın ləğv edilməsini X14 Təsərrüfatı” MMC tərəfindən tələb edilməsi qanunsuz və əsassızdır. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində iddia ərizəsinin məzmununa oxşar dəlillərə istinad etmiş və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. İddiaçı şikayətində həmçinin bildirmişdir ki, mübahisələndirilən qərar bələdiyyə tərəfindən ona təqdim edilməmişdir, birinci instansiya məhkəməsi müddətin ötürülməsi qənaətinə gələrkən bu xüsusata düzgün qiymət verməmişdir. Prosessual məsələlər Cavabdeh və üçüncü şəxs ayrı-ayrılıqda apellyasiya şikayətini qəbul etmədiklərini bildirdilər və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçıya məhkəmə iclasının vaxtı barədə məlumat verilsə də, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası məruzəni dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: -xx.xx.2000-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, “X14 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Astara rayon Ərçivan Bələdiyyəsi arasında 20 ha torpaq sahəsinə dair 20 illik icarə müqaviləsi bağlanmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti, Hərracların Təşkili üzrə X5 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının torpaq müsabiqə və hərracının nəticələri barədə xx.xx.2021-ci il tarixli, 27 nömrəli iclas protokolundan görünür ki, Cavabdeh mülkiyyətində “ehtiyyat fond torpaqları” kənd təsərrüfatı təyinatlı 10.6 ha torpaq sahəsinə dair keçirilən hərracın qalibi X10 olmuşdur. -Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışdan müəyyən edilir ki, 10.6 ha ehtiyyat fondu torpaq sahəsinə dair X8 icarə hüququ qeydə alınmışdır. -Ərçivan Bələdiyyəsinin 01 mart 2021-ci il tarixli 06 saylı iclas protokolundan çıxarışından müəyyən edilir ki, Ərçivan Bələdiyyəsinin 15 fevral 2000-ci il tarixli 01 saylı iclasında "xxxx" KFT-na 20.00 ha torpaq sahəsinin 20 il müddətinə icarəyə verilməsi barədə müqavilənin müddəti qurtardığı üçün həmin icarə müqaviləsinə xitam verilməsi və torpaq sahəsi ilkin vəziyyətə qaytarılıb bələdiyyəyə təhvil verilməsi qərara alınmışdır. -Ərçivan Bələdiyyəsinin 12 iyul 2021-ci il tarixli 18 saylı iclas protokolundan çıxarışından müəyyən edilir ki, 10.6 ha torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma prosedurunun başa çatdırılması, açıq müsahibə keçirilməsi, bələdiyyə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Lənkəran Ərazi Şöbəsinin Torpaq müsabiqə və hərrac komissiyası arasında müqavilə bağlanması qərara alınmışdır. -Astara Rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli bildirişindən müəyyən edilir ki, Ərçivan Bələdiyyəsi cavabdeh X3 qarşı “torpaq sahəsindən çıxarılma və torpaq sahəsinin bələdiyyəyə təhvil verilməsi” tələbi ilə məhkəmədə iddia qaldırmış və məhkəmə hazırlıq iclası 17 fevral 2022-ci ilə təyin edilmişdir. -Ərçivan Bələdiyyəsi tərəfindən X3 ünvanlanmış xx.xx.2020-ci il tarixli bildirişdə bələdiyyə ilə bağlanmış icarə müqaviləsinin müddətinin xx.xx.2020-ci il tarixdə başa çatması, bu işlə əlaqədar olaraq idarəyə gəlməsi xahiş olunur. -Ərçivan Bələdiyyəsi tərəfindən X3 ünvanlanmış 04 mart 2021-ci il tarixli bildirişdə qeyd edilir ki, “xx.xx.2000-ci il tarixli icarə müqaviləsinin xx.xx.2020-ci il tarixdə müddəti bitmişdir. Müqavilənin müddəti bitdiyinə görə icarədar kimi fəaliyyətiniz dayandırılmışdır. Müqavilənin şərti ilə əlaqədar sizə bir neçə dəfə xəbərdarlıq edilmişdir. Lakin müqavilənin şərtlərinə tərəfinizdən vaxtı-vaxtında əməl edilməmişdir. Ödənilən məbləğə qanuni olaraq 2020-ci il tarixə aiddir. Yenidən torpaq icarəsi ilə əlaqədar olaraq bələdiyyə mülkiyyətinə götürüləndən sonra 10.6 ha torpaq sahəsi hərrac yolu ilə vətəndaşlara icarə müqaviləsi bağlana bilər. Siz də həmin hərracda iştirak edə bilərsiniz.” -X2 xx.xx.2021-ci il tarixli Ərçivan Bələdiyyəsinə ünvanlanmış məktubda qeyd edilmişdir ki, “sizin məktubunuza cavab olaraq bildirirəm ki, Ərçivan Bələdiyyəsinin 15 fevral 2000-ci il tarixli 01 saylı 20 illiyinə bağlanmış müqavilə müddəti 15 fevral 2019-cu il tarixdə bitmişdir. Müqavilə müddətinin bitməsinə baxmayaraq mən 2019-2020-ci illərin icarə haqqını da ödəmişəm. Həmçinin müqavilədə nəzərdə tutulan məbləğdən də artıq ödəmişəm. Müqavilənin 15 fevral 2019-cu ildə bitməsinə baxmayaraq siz mənə 2020-ci ilə aid icarə haqqını tələb etmisiniz. Məhz iki il müqaviləsiz icarə haqqı ödədiyimə görə mövcud qanunvericiliyə istinad edərək mənim müqavilə müddətim avtomatik olaraq artırılmalı idi. Ona görə də mən fəaliyyətimi bundan sonra da davam etdirmək üçün müqavilənin müddətini daha 20 il artırmaq istəyirəm. Xahiş edirəm ki, mənimlə sözü gedən torpaq sahəsinə görə yenidən müqavilə bağlayasınız.” -Astara Rayon İcra Hakimiyyəti başçısının Ərçivan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 18 yanvar 2024cü il tarixli məktubunda qeyd edilmişdir ki, "xxxx" KFT MMC-nin icarəyə götürdüyü 20.0 ha torpaq sahəsindən bu günə qədər fermer kimi heç bir fəaliyyət göstərməmişdir. Götürdüyü torpaq sahəsinə heç bir aqrotexniki qulluq göstərilməmiş və kənd təsərrüfatı məhsulları istehsal edilməmişdir. İcarə müqaviləsinin müddəti bitəndən sonra həmin torpaqları zəbtində saxlamış, Ərçivan Bələdiyyəsi ilə müqavilə bağlamamış və həmin torpaqlardan qonşu kəndlərin sakinlərinin mal-qarasının örüş sahəsi kimi qazanc məqsədilə istifadə etmişdir. Həmin torpaq sahəsinə görə icarə müqaviləsinə Ərçivan Bələdiyyəsi tərəfindən xitam verildiyinə baxmayaraq bu günə qədər qanunsuz istifadə etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. -64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: -24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. -38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. İş üzrə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının müqavilə müddətinin bitməsi ilə bağlı məlumatı olsa da, bələdiyyə tərəfindən ona bildiriş göndərilən tarixədək müddətin uzadılmasına və yaxud yeni müqavilənin bağlanmasına cəhd etməmiş, həmçinin onun bələdiyyənin 04 mart 2021-ci il tarixli bildirişinə cavab verməsi bu qənaətə gəlməyə əsas verir ki, onun mübahisəli sahənin hərrac yolu ilə icarəyə veriləcəyi barədə məlumatı olmuş, lakin bu imkandan da yararlanmamış və hərracda iştirak etməmişdir. Həmçinin qeyd edilir ki, birinci instansiya məhkəməsinin qeyd etdiyi kimi, iddiaçının mübahisəli torpaq sahəsinin hərrac yolu ilə digər şəxsin icarəsinə verilməsi barədə Astara Rayon Məhkəməsində baxılan digər mübahisənin icraatı zamanı məlumatı olmuş, lakin hazırki iddianı qanunla müəyyən edilmiş müddəti ötürməklə məhkəməyə vermişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı “X14 Təsərrüfatı” Məhdud Məsuliyyətli Cəmiyyətinnin apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(120)-839/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-217/2025
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(106)-217/2025
12.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver