Məhkəmə qərarları › İş №2-1(106)-219/2023

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-219/2023

13.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-219/2023 13.07.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə (Açar sözlər: əlilliyin səbəbinin dəyişdirilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), Əhmədov İsmayıl Həmid oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(120)-391/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx.xx.1974-cü il tarixdə Füzuli rayonu, Arış kəndində anadan olmuş, ona xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, diaqnoz kimi isə “Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur. Toksiki ensefalopatiya davamlı qalıq əsmələri” qeyd edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2026-ci il tarixə kimi 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, lakin əlillik səbəbi kimi ümumi xəstəlik, diaqnoz kimi isə “qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur. Sol baş nahiyəsinin bıçaq yarası (boyuna xəsarət). Hipertoniya xəstəliyi İİİ mərhələ. Üzvi mənşəli şəxsiyyət pozğunluğu” qeyd edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, ölkənin ərazi bütövlüyü uğrunda gedən qanlı döyüşlərdə iştirak edərək qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumaları zədəsi almışdır. Amma Ekspert Komissiyasının qanunsuz və əsassız rəyində bildirilir ki, guya sol baş nahiyəsindən bıçaq yarası almışdır. İddiaçı bununla bağlı bildirmişdir ki, onda ümumiyyətlə bıçaq zədəsi yoxdur və döyüşlər vaxtı da bıçaqdan heç bir xəsarət almamışdır. Bunun nəticəsi olaraq da ona ümumi xəstəliklə bağlı əlillik təyin edilmişdir. Hesab edir ki, onun hüquqları kobud formada pozulmuşdur. O, döyüşlərdə qəlpə yarası almış və bu xəsarət də onda ömrünün axırına kimi davam edəcəkdir. Eyni diaqnoz və eyni əsasla ona ümumi əlillik təyin edilmişdir. Özlərindən əlavə bıçaq xəsarəti də əlavə etmişdirlər. İddiaçı qeyd edir ki, “... bıçaq xəsarəti olmaya-olmaya necə yazıla bilər ki, guya bıçaq xəsarəti alınmışdır?” Hərbi həkim komissiyasının müvafiq rəyində də açıq aydın göstərilmişdir ki, onda hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır. Amma ona məlum olmayan hansısa səbəblərdən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi həqiqətən də Azərbaycan Respublikasının Müdafiəsi zamanı xəsarət almasını nəzərə almaq istəməmişdir. Qeyd olunanlara əsasən İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Şirvan İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(120)-1312/2022 nömrəli qərardadı ilə “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır. Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi və üçüncü şəxs qismində cəlb edilmiş “Füzuli Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsi tərəfindən etiraz (yazılı münasibət) təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(120)-391/2023 saylı qərarı ilə (hakim Ş.C.Musayev) iddia təmin olunaraq, İddiaçı təyin edilmiş əlilliyin səbəb əlaqəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik kimi qeyd edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətində qeyd olunur ki, iddiaçının əlillik vəziyyətinə Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli 2712003AABHS saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Azərbaycan Respubikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1 : XX sinif -Xəstələnmənin və ölümün xarici səbəbləri = Y35-Y36-Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = Y36 - Hərbi əməliyyatlar = Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin dırnaq falanqası üzərində çapıq toxumalar qeyd olunur; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi” səbəbi ilə imtina verilmişdir. Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2016-cı il tarixli 2712003AABJM saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Azərbaycan Respubikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik; X1 : XX sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri = Y35 - Y36 -Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = Y36 - Hərbi əməliyyatlar = Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur; Toksiki ensefalopatiya. Prostravmatik ensefalopatiya davamlı qalıq əlamətləri; Meyar: 2.2 İkinci dərəcə əlillik = 2.2.8 etiologiyasından asılı olmayaraq aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9)” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli 2712003AADTS saylı göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1 : XX sinif - Xəstələnmənin və ölümün xarici səbəbləri = Y35 - Y36 - Qanunla nəzərdə tutulmuş hərəkətlər və hərbi əməliyyatlar = Y36 - Hərbi əməliyyatlar = Y36.2 - Hərbi əməliyyatlar nəticəsində digər...; Diaqnozun mətni: Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur; Sol baş nahiyəsinin bıçaq yarası (boyuna xəsarət). Hipertoniya xəstəliyi İİİ mərhələ, Üzvi mənşəli şəxsiyyət pozğunluğu; Meyar: 2.2 İkinci dərəcə əlillik = 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərə çarpan veg..” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. İPM-in 12-ci madddəsinə əsasən: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 12.3. Məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. 12.4. Proses iştirakçıları tərəfindən hər hansı sübutun məhv edilməsi və ya gizlədilməsi yaxud hər hansı başqa üsulla həmin sübutun araşdırılmasına maneçilik törədilməsi qadağandır. Belə halların baş verdiyi təqdirdə, məhkəmə konkret işlə bağlı bütün xüsusiyyətləri nəzərə alaraq sübut etmə vəzifəsinin dönüşü haqqında qərardad qəbul edə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi tərəfindən məhkəmə-tibbi ekspertizası keşirilməsini təklif etməli olduğu halda təklif etməmiş və orqanın diskresion səlahiyyətlərini mənimsəmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 1.4-cü bəndinə əsasən göndərişin forması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarıınn bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit, fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 2.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün şəxs ( onun qanuni nümayəndəsi) və ya müalicə həkimi komissiyaya müraciət edir. 2.2-ci bəndinə əsasən komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2 - ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bəndinə əsasən Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.8-ci bəndinə əsasən bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, digər hallarda Komissiya tərəfindən göndərişin verilməsindən imtina barədə əsaslandırılmış qərar göndəriş üçün müraciət edilən gün qəbul edilir. Həmin qərardan “İnzibati icraat haqqında“ Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4-cü bəndinə əsasən Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik Altsistemi vasitəsilə aparılır. 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş Hərbi-həkim Komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə Əlilliyin qiymətləndirilməsi qaydası və təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik-xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünəxidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. 4.1-ci bəndinə əsasən birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. 4.3-cü bəndinə əsasən əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Şirvan İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçının əlilliyin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prossessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Şirvan İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İPM-in 81.1-ci maddəsinə əsasən, inzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərar və qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları tərəfindən baxılır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəm qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Bütün bu şərh edilənləri nəzərə alaraq, Şirvan İnzibati Məhkəməsinin 2- 1(106)-391/2023 saylı 07 fevral 2023-cü il tarixli qərarı ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər: Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını tələb edərək, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verdiyi izahata uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə rəsmi qaydada məlumat verilməsinə (bildirişdə - məhkəmə baxışına gəlmədiyi halda işə baxılaraq, qərar qəbul edilməsi barədə xəbərdarlıq edilmişdir) baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iştirak etməməsinin səbəbi barədə məhkəmə kollegiyasına məlumat verməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə “Əlilliyin qiymətləndirilməsi qaydası” Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Bənd 1.7. Şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1-dək əlilliyi olan şəxs hesab edilir. Bənd 2.9. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydası” 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat” Maddə 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: Maddə 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu: Maddə 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra- xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; Maddə 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; Maddə 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; Maddə 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; Maddə 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; “İnzibati icraat haqqında” Qanun Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati Prosessual Məcəllə Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Mülki Prosessual Məcəllə Maddə 19.1.6. O, tərəflərdən biridirsə və ya tərəflərdən birinin və yaxud onun nümayəndəsinin və ya vəkilinin qohumudursa və ya qohumu olmuşsa; Maddə 20.1. Etiraz etmək üçün bu Məcəllənin 19-cu maddəsində göstərilən əsaslar eyni ilə ekspertə, mütəxəssisə, tərcüməçiyə və məhkəmə iclasının katibinə də aiddir. Maddə 20.2. Ekspert və ya mütəxəssis, bunlardan başqa, aşağıdakı hallarda da işə baxılmasında iştirak edə bilməz: Maddə 20.2.1. o, işdə iştirak edən şəxslərdən və ya onların nümayəndələrindən, yaxud vəkillərindən qulluq mövqeyinə görə və ya sair cəhətdən asılıdırsa, yaxud asılı olmuşsa; Maddə 20.2.2. o, məhkəməyə müraciət etməyə əsas verən materiallar üzrə təftiş aparmışsa və ya bu materiallardan həmin işin baxılmasında istifadə edilirsə; Maddə 20.2.3. onun səlahiyyəti olmadığı müəyyən edilərsə. Maddə 20.3. Ekspertin, mütəxəssisin, tərcüməçinin və məhkəmə iclası katibinin həmin işə əvvəllər baxılmasında müvafiq olaraq ekspert, mütəxəssis, tərcüməçi və məhkəmə iclası katibi qismində iştirak etmələri onlara etiraz edilməsi üçün əsas deyildir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından müəyyən edilir ki, İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixə kimi 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik səbəbi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik, diaqnoz kimi isə “Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur. Toksiki ensefalopatiya. Posttravmatik ensefalopatiya davamlı qalıq əlamətləri; Əlilliyin müəyyən olunması meyarı: 2.2. İkinci dərəcə əlillik= etiologiyasından asılı olmayaraq aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30- G32.9, G80-G80.9); Əmək zəmanəti barədə: Əsəb gərginliyi tələb olunmayan işlərdə işləyə bilər; Tibbi-sosial yardım və reabilitasiya vasitələri: İxtisaslaşmış müalicə” kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş № 2712003AADTS saylı xx.xx.2021-ci il tarixli sonuncu müayinə sənədindən müəyyən edilir ki, İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2026-cı il tarixə kimi 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, əlillik səbəbi kimi ümumi xəstəlik, diaqnoz kimi isə “Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur. Sol baş nahiyəsinin bıçaq yarası (boyuna xəsarət); Hipertoniya xəstəliyi İİİ mərhələ; Üzvi mənşəli şəxsiyyət pozğunluğu; Əmək zəmanəti barədə: Ruhi-əsəb gərginliyi tələb olunmayan yüngül işlərdə işləyə bilər” kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi - Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli 3-17-4/2-17490/2023 saylı məktubunda qeyd edilmişdir ki, “...Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlilliyin qiymətləndirilməsi dövlət tibb müəssisələrinin göndərişləri əsasında məmur-vətəndaş ünsiyyəti olmadan, adsızlaşdırılmış sənədlər üzərindən elektron qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2023-cü il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”na əsasən, şəxsin sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, XBT-10 təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar göstərilməklə göndərişin tərtibi, rəsmiləşdirilməsi və elektron sənəd formasında müvafiq altsistemə daxil edilməsi dövlət tibb müəssisələrinin səlahiyyətlərinə aiddir. Məlumat üçün nəzərinizə çatdırırıq ki, İddiaçı 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının 2712003AABJM nömrəli göndərişi əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarxili 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2.8 bəndinə (etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının finksiyalarının pozulması) uyğun olaraq (diaqnoz: Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar, Posttravmatik ensefalopatiya) xx.xx.2016 – cı ildə 5 il müddətinə ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Əlillik müddətinin bitdiyi xx.xx.2021-ci il tarixdən sonra İddiaçı əlillik vəziyyəti 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının 2712003AADTS nömrəli göndərişi və müraciəti əsasında (Diaqnoz: Qəlpə yaralanmasından sonrakı çapıq toxumalar. Sol baş nahiyəsinin bıçaq yarası. Hipertoniya xəstəliyi İİİ mərhələ, Üzvi mənşəli şəxsiyyət pozuntusu). xx.xx.2021-ci ildə Agentlikdə keçirilən komissiyada əyani müayinədə ətraflı qiymətləndirilmiş və hərbi səbəb-əlaqəsi təsdiqlənmədiyindən ümumi səbəbdən xx.xx.2021-ci il tarixindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğununmüəyyən olunması meyarlarına dair Əsasnamə” nin 2.2.9 bəndinə (qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri) uyğun olaraq ikinci dərəcə əlillik təyinatı aparılmışdır. Bildiririk ki, hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı qulluq keçdiyi qurumun Hərbi-həkim Komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd (məhkəmə qərarı və s.) əsas götürülür. Belə ki, müayinə zamanı məlum olmuşdur ki, Ə. Sadıqova Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Mərkəzi Hərbi-həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 133 nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə Qəlpə yaralanmalarından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3 - nin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar”. Diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Əyani müayinədə xx.xx.2016-cı il tarixli 133 nömrəli şəhadətnamədə göstərilən xəstəliklər öz təsdiqini tapmamış (parez, atrofiya əlamətləri aşkarlanmadı, reflekslər tam, əzələ gücü və tonusu ətraflarda normal olmuşdur), lakin yanaşı xəstəlik olan “Ensefalopatiya. Üzvi mənşəli şəxsiyyət pozuntusu” diaqnozu əlilliyin təyininə əsas verdiyindən, qanunvericiliyə uyğun olaraq ümumi xəstəlik səbəbindən müvafiq qaydada təyinatın aparılması barədə əsaslı və düzgün qərar qəbul edilmişdir. Nəzərə almağınızı xahiş edirik”. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi Bakı Baş Səhiyyə Mərkəzi “21 nömrəli Şəhər Xəstəxanası”nın tərəfindən xx.xx.2023-cü il tarixli №121 saylı məktubunda qeyd edilmişdir ki, “...Sabunçu rayonu X5 ünvanında yaşayan xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.2016-cı ildən “Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr“ diaqnozu ilə 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında nevropatoloq tərəfindən dispanser qeydiyyata götürülmüşdür və hal-hazırda həkim nəzarətindədir. Xəstəyə xx.xx.2016-cı ildə HMK-nın qərarına əsasən “Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. G92-Toksiki ensefalopatiya F06- Baş beyinin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozğunluqlar” diaqnozları ilə TSEK-nə göndərilərək İİ qrup əlillik təyin edilmişdir. Xəstənin əlillik müddəti bitdiyi üçün xx.xx.2021-ci ildə yenidən “Y36.2-Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. T90-Baş səthi travmalarının nəticələri. T94-Bədənin bir neçə və dəqiqləşdirilməmiş nahiyəsini əhatə edən travmaların nəticələri. X99-İti cisimdən istifadə etməklə qəsd etmə. F07- Baş beyinin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsində yaranan şəxsiyyət və davranış pozğunluqları” diaqnozu ilə forma 88 yazılaraq TSEK-nə göndərilmiş və İİ qrup əlillik təyin olunmuşdur”. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili iddiaçıya qoyulmuş diaqnozun hərbi xidmətlə səbəb əlaqəsinin təsdiqlənməməsi ilə bağlıdır. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, yuxarıda qeyd olunan sənədlərdəki məlumatlardan müəyyən olunur ki, iddiaçıya ilkin əlilliyin təyini və təkrar əlillik üçün müayinə zamanı qoyulan diaqnozlar eyni olmuşdur. Başqa sözlə, cavabdeh eyni diaqnoz (qəlpə yaralanmasından sonrakı çapıq toxumalar) əsasında iddiaçıya 2016-cı il tarixdə 5 il müddətinə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin etsə də, həmin diaqnoz əsasında 2021-ci il tarixdə ümumi səbəbdən əlillik təyin etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Belə olan halda, 2016-cı ildə qoyulan diaqnoz əsasında əlillik təyinindən sonra təkrar müayinə zamanı diaqnozda müəyyən edilən xəstəliklərin davam etməsi halında iddiaçının cavabdehin inzibati praktikasına, yəni onun davranışına etimad hüququ və bununla bağlı onun inzibati orqandan qanuni gözləntisi yaranmışdır. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə” Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. İş materiallarında olan AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi-həkim Komissiyasının 19 fevral 2016-cı il tarixli, 133 saylı qərarında qeyd olunmuşdur: “Füzuli RHK tərəfindən 1992ci ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı Mayis oğlunun döyüş zonasında hərbi xidmət keçərkən 1993-cü ildə aldığı və xx.xx.2016-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X2 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş travmanın nəticələri-diaqnoz: “Qəlpə yaralanmalarından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3-nin ön səthində döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar (Azərbaycan Respublikası SHXÇDX-nin Füzuli rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 94 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 92 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 128 nömrəli məhkəmə-tibbi müayinəsi aktı, iki nəfər keçmiş hərbi qulluqçunun şahid ifadəsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir): “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”. ƏSAS: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə-nin 7.2. bəndinin a) yarımbəndi; Göründüyü kimi, Müdafiə Nazirliyi Mərkəzi Hərbi-həkim Komissiyasının 19 fevral 2016-cı il tarixli, 133 saylı qərarına əsasən iddiaçının diaqnozu “Qəlpə yaralanmalarından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1/3-nin ön səthində döş qəfəsinin sol ön səthində sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar: “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmişdir. Bundan başqa, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsi tərəfindən verilmiş T 565/2022 saylı (ekspertizanın başlanma tarixi 16 noyabr 2022-ci il, başa çatma tarixi 06 dekabr 2022-ci il) rəydən görünür ki, 1974-cü il təvəllüdlü İddiaçı adına tərtib edilmiş sənədlərə, özünün məhkəmətibbi müayinəsinə və qərardadda göstərilən suallara uyğun olaraq Komissiya nəticəyə gəlir: 1. İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına tibb müəssisəsində doldurulub göndərilmiş (Forma TQS 088) 0274003AAF9U saylı göndərişdə qeyd edilmiş “Əlillik qrupu: 2.2. İkinci dərəcə əlillik => 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibulyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki- koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beyinin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G-20, G23-G23.9, G25-G26, G35-G37.8, G45-G46.8, G95-G95.9); Diaqnoz: Qəlpə yaralanmasından sonra başın sol ənsə qabarı proyeksiyasında, sağ budun aşağı 1\3 hissəsinin ön səthində, döş qəfəsinin sol ön səthində, sağ ayaq pəncəsinin İİ barmağının dırnaq falanqası üzərində çapıq toxumalar müşahidə olunur. Sol baş nahiyəsinin bıçaq yarası, (boyuna xəsarət), hipertoniya xəstəliyi İİİ mər., üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu xəstənin stasionar müayinə və müalicələri zamanı anamnestik, kliniki, laborator-instrumental müayinələrinin əsasında qoyulmuş, aparılmış müalicə tədbirləri diaqnoza uyğun olduğundan xəstəlik qənaətbəxş proqnozla nəticələnmişdir. Şəxsin əlillik dərəcəsinin təyini ilə əlaqədar TSEK-də müayinələri zamanı müvəqqəti əmək qabiliyyətini itirməmiş hesab edilmişdir. Yuxarıda göstərilən diaqnozla əlaqədar hazırda onun əlavə reabilitasiya müalicəsinə zərurət yoxdur. 2. İddiaçı tibbi sənədlərinin təhlilinə əsasən sonuncu Forma 088-də qeyd edilən diaqnozla əlaqədar ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2. maddəsinin 2.2.9 bəndinə uyğun ümumi səbəblə ikinci dərəcə müddətsiz əlillik dərəcəsi düzgün təyin edilmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə - Tibbi Ekspertiza və X3 publik hüquqi şəxsi tərəfindən verilmiş T 565/2022 saylı rəyini mötəbər sübut kimi qəbul etmir. Belə ki, həmin rəyin hazırlanmasında cavabdehin nümayəndəsi Günel Soylu da ekspert kimi iştirak etmişdir. Halbuki, bu hal Azərbaycan Respublikası MPM-in ekspertə etirazın əsaslarının təsbit olunduğu, onun prosesdə ekspert qismində iştirakını istisna edən 19.1.6 və 20-ci maddələrinin tələbləri ilə üst-üstə düşmür. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İPM-nin 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 07 fevral 2023-cü il tarixli, 2-1(120)-391/2023 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar