Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-22/2024 05.06.2024 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), Həsənov Samir Firdusi oğlu və Hacıyev Pərviz Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Camalov Hüseyn Əli oğlunun, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinin nümayəndəsi Əzizli Aişə Teyub qızının iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(120)-689/2023 nömrəli qərarından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Naziriliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim A.Hüseynova) 22 fevral 2023-cü il tarixli, 2- 1(120)-689/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı ünvan 1 ünvanda yaşamaması səbəbi ilə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə xx.xx.2022-ci il tarixli bildiriş təqdim edilmiş, lakin təqdim edilən “iddiaçının göstərilən ünvanda yaşamaması barədə” Ailənin maddi-məişət şəraitinin müayinəsi barədə məlumat xx.xx.2022-ci il tarixdə tərtib edilmişdir. Qərardan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən apellyasiya şikayəti verilmiş, şikayətdə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməməsi xahiş edilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanda təmənnasız olaraq 3 övladı ilə bildikdə yaşayır. Uşaqlarının atası Hüseynov Pərviz Əbdül oğlu ilə rəsmi nigahda olmamış və uzun müddətdir ki, birgə yaşamırlar. xx.xx.2015-ci il təvəllüdlü Hüseynli Əli Pərviz oğlu, xx.xx.2017-ci il təvəllüdlü Hüseynli Hüseyn Pərviz oğlu və xx.xx.2019-cu il təvəllüdlü Hüseynli Abbas Hüseyn oğlundan ibarət 3 uşağın saxlanılması üçün keçmiş əri Hüseynov Pərviz Əbdül oğlundan aliment tutulması ilə bağlı qətnamə qəbul edilmişdir. Hazırda uşaqları körpə olduğu üçün işləyə bilmir. Valideynləri ona hər ay 300(üç) manat olmaqla maddi kömək edirlər və ailəsinin faktiki gəliri bu məbləğdən ibarətdir. Aztəminatlı ailə olduğu üçün ilə bağlı DSMF 7 saylı Regional Ərazi Filialına faktiki yaşadığı ünvan 2 ünvanı üzrə Ünvanlı Dövlət Sosial Yardımının təyin edilməsi üçün VEMTAS proqramı vasitəsi ilə elektron qaydada müraciət etmişdir. Müvafiq qurumdan ailənin maddi-məişət şəraitinə baxış keçirilmiş və "ailə gəlirləri barədə məlumatların düzgün göstərilməməsi" kimi səbəb yazılmaqla sosial yardımın təyin edilməsindən imina vermişlər. Növbəti dəfə xx.xx.2022-ci tarixdə yenidən ÜDSY üçün elektron qaydada müraciət etmiş, bu dəfə isə yaşadığı ünvana yoxlama gəlmədən "ailə ərizə bəyənnamədə göstərilən ünvanda yaşamır" məzmunlu imtina verilmişdir. Halbuki bundan qabaqkı ilkin yoxlama onun ev ünvanında keçirilmiş və həmin ünvanda akt tərtib edilmişdir. Cavabdehin imtina dəlilləri ondan ibarət olmuşdur ki, İddiaçı VEMTAS vasitəsilə müxtəlif tarixlərdə müraciətlər etmişdir. xx.xx.2022 tarixli, **********10401 nömrəli müraciətinə əsasən sosial yardımın təyin olunmamasının səbəbi ailənin gəlirləri barədə məlumatın düzgün gostərilməməsi olmuşdur. Növbəti xx.xx.2022 tarixli **********10402 nömrəli müraciətinə əsasən sosial yardımın təyin olunması isə ailənin “Ərizə- Bəyannamə”də göstərdiyi ünvanda yaşamaması səbəbindən mümkün olmamışdır. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayətinin dəlilləri imtina aktının dəlilləri ilə eynilik təşkil edir. Prosessual məsələlər Cavabdehin nümayəndəsi Şikarlı Ülviyyə Ələskər qızı əvvəlki məhkəmə iclasında apellyasiya şikayətini müdafiə etmiş, əlavə olaraq bildirmişdir ki, iddiaçı tərəfindən qeyd etdiyi mənzildə yaşamasını təsdiq edən sübut, ən azından kommunal ödənişlər barədə bildirişlər təqdim edilməyib. Bundan əlavə iddiaçıya imtina aprel ayında deyil, xx.xx.2022ci il tarixdə, yəni yaşamasını iddia etdiyi mənzildə müayinə aparıldıqdan sonra təqdim edilmişdir. Həmçinin müayinə zamanı qeyd edilən mənzildə yaşayış üçün şərait olmadığı, hətta yatmaq üçün çarpayıların da olmadığı müəyyən edilmişdir. Hazırki məhkəmə iclasında cavabdehin nümayəndəsi Əzizli Aişə Teyub qızı apellyasiya şikayətini müdafiə etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Məhkəmə kollegiyası iddia tələbinin mahiyyəti ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş: -AZE seriyalı AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1994-cü il tarixdə anadan olmuş, ünvan 3 ünvanda qeydiyyatdadır. -Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Lənkəran şəhər Mənzil Təsərrüfatı İdarəsinin xx.xx.2023-cü il tarixli, 12-16/768 saylı arayışında İddiaçı hal-hazırda ünvan 1 ünvanda müvəqqəti yaşadığı bildirilir. -Ünvanlı sosial yardımın alınması üçün müraciətdən imtina edilməsinə dair xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, İddiaçı “ərizə bəyannamə”də göstərdiyi ünvanda yaşamaması səbəbi ilə ona sosial yardımın təyin olunmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir (maddə 12). Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (maddə 71). “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikasının Qanununun: 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. -6.1-ci maddəsinə əsasən sosial yardım aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin olunur. -6.2-ci maddəsinə əsasən sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi qaydaları bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -6.3-ci maddəsinə əsasən sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir. -«Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2005-ci il tarixli 312 nömrəli Fərmanının 2-ci bəndinə görə «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 6.2-ci maddəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini isə Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 37 nömrəli Qərarı ilə «Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları» təsdiq edilmişdir. Həmin Qaydaların 1.1-ci bəndinə görə bu Qaydalar «Ünvanlı dövlət sosial yardımı haqqında» Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən hazırlanmışdır və ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi mexanizmini müəyyən edir. Həmin Qaydaların 2.1-ci bəndinə görə ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. Müraciət nümayəndə tərəfindən edildikdə, şəxsin qəyyum (himayəçi) və ya patron (köməkçi) olmasını təsdiq edən sənədin surəti arayışa əlavə edilir. Həmin Qaydaların 3.4.2-ci bəndinə görə məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina barədə (6 nömrəli əlavə) qərar çıxarılır. Qaydaların 3.7-ci bəndinə görə aşağıdakı hallarda sosial yardımın təyin olunmasından imtina edilir: -(3.7.1) “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda; - (3.7.2) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində ailənin orta aylıq gəliri hər bir ailə üzvü üçün ehtiyac meyarına bərabər və ya məcmusundan yuxarı olduqda; - (3.7.3) sosial yardım üçün müraciətdən əvvəlki ardıcıl gələn 12 ay ərzində respublika üzrə təsdiq edilmiş yaşayış minimumunun 12 mislindən çox məbləğdə alqısatqı etdikdə; - (3.7.4) ailənin mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olduqda (dövlət tərəfindən reabilitasiya məqsədləri üçün verilmiş nəqliyyat vasitələri istisna olmaqla); - (3.7.5) ailənin əmək qabiliyyətli, işləməyən üzvü Nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin yerli orqanı tərəfindən təklif olunmuş iki münasib işdən imtina etdikdə (bu halda ailənin sosial yardım hüququna onun təkrar müraciəti əsasında 1 aydan sonra baxılır); - (3.7.6) ailənin adambaşına düşən kommunal və rabitə xərclərinin cəminin orta aylıq məbləği ölkə üzrə təsdiq olunmuş yaşayış minimumunun 10 faizindən çox olduqda; - (3.7.7) ailənin mülkiyyətində müxtəlif ünvanda 2 və daha çox eyni təyinatlı daşınmaz əmlak olduqda. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə iddianı əsaslı saymaqda haqlı olsa da gəldiyi nəticəni iddiaçının yaşamasını iddia etdiyi mənzilin müayinəsinin xx.xx.2022-ci il tarixdə aparıldığı halda imtinanın xx.xx.2022-ci il tarixdə, yəni müayinə aparılmadan verilməsi ilə əsaslandırmışdır ki, bu hal iş materialları ilə təkzib olunur. Buna baxmayaraq işin faktiki halına məhkəmə kollegiyası tərəfindən qiymət verilərək, bu qənaətə gəlinmişdir ki, qeyd olunan hal birinci instansiya məhkəməsinin qərarının ləğvinə əsas vermir. Çünki məhkəmə öz qərarında iddiaçının “Ərizə- Bəyannamə”də göstərdiyi ünvanda yaşamasını inkar etməmişdir. Hazırki mübahisənin araşdırılmalı olan halı da məhz iddiaçının həmin ünvanda faktiki olaraq yaşayıbyaşamaması ilə bağlıdır. Məhkəmə kollegiyası iddiaçının “Ərizə-Bəyannamə”də göstərdiyi ünvanda iddiaçının iştirakı ilə cavabdeh qurumun əməkdaşları tərəfindən aparılmış müayinənin audio-video diskinə baxış keçirmiş və müəyyən edilmişdir ki, iddiaçının yaşadığını iddia etdiyi mənzildə 1 ədəd çarpayı və 1 ədəd divan, mətbəxdə məhdud sayda qab-qacaqlar, paltar dolabında geyim əşyaları, məhdud sayda məişət əşyaları mövcuddur. Mənzil səliqəsiz və natəmiz görünsə də ümumi görünüş faktiki olaraq yaşayış olmasını deməyə əsas verir. Xüsusilə qeyd edilməlidir ki, mənzilin yerləşdiyi bloka və mənzilə iddiaçının övladlarının iddiaçıdan qabaqda daxil olmaları uşaqların həmin mənzili tanımalarına və oraya uyğunlaşmalarına dəlalət edir ki, bu hal məhkəmə kollegiyasına iddiaçının həqiqətən həmin mənzildə yaşamasını güman etməyə əsas verir. İşin qeyd olunan faktiki halı və təqdim edilmiş sübutlar onu deməyə əsas verir ki, cavabdeh orqan iddiaçının müraciətinə münasibətdə düzgün hüququ araşdırma aparmamış və bu iddiaçının hüquqlarının məhdudlaşdırılması ilə nəticələnmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən iddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3-cü maddələrinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə (maddə 73.3.1); inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə (maddə 73.3.2); inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda (maddə 73.3.3). Beləliklə işin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 22 fevral 2023-cü il tarixli, 2-1(120)-689/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(106)-22/2024
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-22/2024
05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver