Məhkəmə qərarları › İş №2-1(106)-221/2025

Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-221/2025

01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-221/2025 01.10.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Hüseynov Fikrət Cilingir oğlu (sədrlik edən və məruzəçi), X7 və X5 ibarət tərkibdə, Hüseynli Bülbül Düldül oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(120)-607/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialına qarşı qarşı iddia ərizəsi ilə Şirvan İnzibati Məhkəməsinə müraciət edərək, hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin (hakim H.Nəcəfov) 17 dekabr 2024-cü il tarixli, 2- 1(120)-607/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı iddiaçının 25 il ümumi stajının olmadığı müəyyən edilir. Belə ki, xx.xx.2022-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan yaş həddinə çatmışdır. İddiaçı təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü, Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən əmək haqqı ödənilən 1992-ci ilin l-Xİİ ayları, 1993-cü ilin l-lll, X-Xİİ ayları, 1994-cü ilin İ-İİİ, V-Vİ, X ayları, 1995-ci ilin lll-V, Vİİİ-İX ayları, 1996-cı ilin İİ, İV, Vİİ, Xİ ayları, 1997-ci ilin İİ, İV, Vl-X ayları, 1998-ci ilin İ ayı, 2001 -ci ilin İX ayı, 2005-ci ilin İV-V, Vİİ-İX, Xİİ ayları daxil olmaqla xx.xx.2006-cı il tarixədək ümumilikdə 19 il 28 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Əlavə olaraq, Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən İddiaçı Əli-Bayramlı Araz zavodunda və Nəqliyyat ATSC-də olan əmək fəaliyyəti dövrünə aid əməkhaqqı cədvəllərində 1993-cü ildə 6 ay, 1994-cü ildə 6 ay, 1995-ci ildə 7 ay, 1996cı ildə 8 ay, 1997-ci ildə 5 ay, 1998-ci ildə 11 ay, 1999-cu ildə 12 ay, 2000-ci ildə 12 ay, 2001-ci ildə 11 ay, 2005-ci ildə 6 ay adına əməkhaqqı hesablanmayıb. Bu səbəbdən həmin müəssisələrdə əmək haqqı ödənilməyən dövrlər sığorta stajına daxil edilməmişdir. X2 informasiya sisteminin “Pensiya” altsisteminə əsasən fərdi hesabının sığorta hissəsində 2019-cu ilin noyabr ayında 44,98 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləği) pensiya kapitalı qeydə alınmışdır. Əlavə olaraq, xx.xx.2006-cı il tarixədək 19 il 28 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 5837,79 manat təşkil edir: İddiaçı ümumilikdə 19 il 1 ay 28 gün mübahisələndirilməyən sığorta stajı müəyyən edilmişdir. Həmçinin onun pensiya kapitalının xx.xx.2022-ci il tarixinə indeksləşdirilmiş məbləği 15552,03 manat, xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləği 17713,76 manat (xx.xx.2006-cı il tarixinədən 19 il 28 gün sığorta stajına əsasən 17668,78 manat, 2019-cu il noyabr ayı üzrə 44,98 manat olmaqla) təşkil edir. Məhkəmə arxivdə saxlanılan sənədlərə baxış keçirilən zaman əmək haqqı almadığı dövrlər üzrə əmək haqqı kitablarının bir hissəsində iddiaçının adı olmadığı, digər hissəsində isə iddiaçının adı olsa da, əmək haqqı hissəsi boş buraxıldığı müəyyən edilmişdir. Əmək haqqı cədvəllərinin arxivə təhvil verilməməsi halı olduğu təqdirdə məhkəmə həmin halı iddiaçının xeyrinə şərh edə bilərdi. Lakin hal-hazırda arxivdə əmək haqqı kitablarının saxlanılması və həmin dövrlər üzrə iddiaçının əmək haqqı almmaması halı üzrə məhkəmə hesab edir ki, inzibati orqanın imtinasısı əsassız hesab etmək olmaz və həmin hal iddiaçının hüquqlarının pozulması halı kimi qiymətləndirilməməlidir. Qərardan iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiаçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1975-ci ildən “Azkəndnəqliyyat” Əli Bayramlı kompektasiya bazasında fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1976-cı ildə hərbi xidmətə getməklə bağlı işdən azad edilmiş, xx.xx.1976-xx.xx.1978-ci illərdə Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra xx.xx.1978ci ildən yenidən “Azkəndnəqliyyat” Əli Bayramlı kompektasiya bazasında fəhlə vəzifəsinə işə qəbul edilərək əmək fəaliyyətini davam etdirmiş, xx.xx.1988-ci ildən köçürmə qaydasında Bakelektroavtomat zavoduna işə qəbul edilmiş və xx.xx.1988-ci ilə qədər qeyd edilən zavodda işləmişdir. xx.xx.1989-xx.xx.1989-cu illərdə Ayna kooperativində sürücü vəzifəsində işləmiş, xx.xx.1989-cu ildən X18 zavodunda fəhlə vəzifəsinə işə qəbul edilmiş, xx.xx.1994-cü ildən köçürmə qaydasında Əli Bayramlı avtokombinatına sürücü vəzifəsinə keçirilmiş, xx.xx.2001-ci ildə işdən azad edilmişdir. xx.xx.2005-xx.xx.2007-ci illərdə X12 ATSC-də sürücü vəzifəsində işləmiş, işlədiyi bütün iş stajı əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh təşkilata müraciət edərək hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, cavabdeh tərəfindən ona ünvanlanmış məktubda sığorta stajının az olması səbəbindən yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan onun xx.xx.1992-xx.xx.1994-cü illərdə X18 zavodunda, xx.xx.1994-xx.xx.2001-ci illərdə Əli Bayramlı avtokombinatda, xx.xx.2005- xx.xx.2006-ci illərdə X12 ATSC-də işlədiyi illəri sığorta stajı kimi nəzərə almamışdır. Halbuki qeyd etdiyi kimi bütün əmək stajı əmək kitabçasında öz əksini tapmışdır. Cavabdehin imtina və iddiaya qarşı etiraz dəlilləri ondan ibarətdir ki, iddiaçının mübahisəsiz sosial sığorta stajı 19 il 01 ay 28 gündür: xx.xx.1976-cı il tarixdən xx.xx.1978ci il tarixədək hərbi xidmət dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1988-ci il tarixdən xx.xx.1988-ci il tarixədək, xx.xx.1989-cu il tarixdən xx.xx.1992-ci il tarixədək əmək fəaliyyəti dövrü, Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən əmək haqqı ödənilən 1992-ci ilin l-Xİİ ayları, 1993-cü ilin l-lll, X-Xİİ ayları, 1994-cü ilin l-lll, V-Vİ, X ayları, 1995-ci ilin lll-V, Vİİİ-İX ayları, 1996-cı ilin İİ, İV, Vİİ, Xİ ayları, 1997-ci ilin İİ, İV, Vl-X ayları, 1998-ci ilin İ ayı, 2001-ci ilin İX ayı, 2005-ci ilin İV-V, Vİİ-İX, Xİİ ayları. Mübahisəli sosial sığorta stajı 07 ildir: Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən Əli-Bayramlı “Araz zavodu”nda və “Nəqliyyat ATSC”də olan əmək fəaliyyəti dövrünə aid əməkhaqqı cədvəllərində 1993-cü il tarixdə 6 ay, 1994-cü il tarixdə 6 ay, 1995-ci il tarixdə 7 ay, 1996-cı il tarixdə 8 ay, 1997-ci il tarixdə 5 ay, 1998-ci il tarixdə 11 ay, 1999-cu il tarixdə 12 ay, 2000-ci il tarixdə 12 ay, 2001ci il tarixdə 11 ay, 2005-ci il tarixdə 6 ay adına əməkhaqqı hesablanmamışdır. Bu səbəbdən həmin müəssisələrdə əmək haqqı ödənilməyən dövrlər sığorta stajına daxil edilməmişdir. X2 İnformasiya Sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı fərdi hesabının sığorta hissəsində 2019-cu ilin noyabr ayında 44,98 manat (xx.xx.2023-cü il tarixinə indeksləşdirilmiş məbləği) pensiya kapitalı qeydə alınmışdır. Əlavə olaraq, iddiaçının xx.xx.2006-cı il tarixədək 19 il 28 gün sığorta stajına əsasən həmin tarixə fərdi hesabının sığorta kapitalı 5837,79 manat təşkil edir: (19+28/30gün/12ay) x 306manat=5837,79 xx.xx.2006-cı il tarixədək olan fərdi hesabının sığorta kapitalının xx.xx.2022-ci il tarixə indeksləşdirilmiş məbləği 15512,54 manat, xx.xx.2023-cü il tarixə indeksləşdirilmiş məbləği 17668,78 manat təşkil edir. İddiaçıya məxsus əmək kitabçanın surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək Əli Bayramiı “Araz” zavodunda, xx.xx.1994-cü il tarixindən xx.xx.2001-ci il tarixinədək və xx.xx.2005-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək Şirvan “Nəqliyyat” ATSC-də əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Dövlət X6 xx.xx.2022-ci il tarixli müvafiq məktubuna əsasən Əli Bayramiı şəhər “Araz” zavodunda əmək fəaliyyəti dövründə cəmi 24 ay və Şirvan “Nəqliyyat” ATSC-də əmək fəaliyyəti dövründə cəmi 24 ay əmək haqqı aldığı aylar sığorta stajına daxil edilmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmiş, şikayətin dəlilləri iddia ərizəsinin məzmununa uyğun olmaqla, əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki halına uyğun olmayan nəticəyə gəlmişdir. Prosessual məsələlər İddiaçı apellyasiya şikayətini müdafiə etmiş və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək, birinci instansiya məhkəməsinin qərarının əsaslı olduğunu bildirmişdir. Əsaslandırma Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Surətləri iş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası “Şirvan-Nəqliyyat” Açıq Səhdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli, 01/42 nömrəli arayışından görünür ki, X11 xx.xx.1994-cü ii tarixdə Əli-Bayramlı “Araz” zavodundan köçürmə qaydası ilə Əli-Bayramlı Avtokombinatına sürücü işinə qəbul olunmuş, xx.xx.2001-ci il tarixdə işdən azad olunmuşdur. xx.xx.2005-ci il tarixdə “Əli-Bayramlı Nəqliyyat” X16 Cəmiyyətində sürücü işinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə işdən azad olunmuşdur. -Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyi “X17” MMC-nin xx.xx.2023-cü il tarixli, 17/25 nömrəli arayışından görünür ki, X11 xx.xx.1989-cu il tarixində 89-k nömrəli əmrlə Əli Bayramlı “Araz” zavoduna sürücülük peşəsinə qəbul edilmiş, xx.xx.1994-ci il tarixində 65-k nömrəli əmrle köçürülmə yolu ilə işdən azad edilmişdir. -Azərbaycan Respublikası “Şirvan-Nəqliyyat” Açıq Səhdar Cəmiyyətinin xx.xx.2023cü il tarixli, 01/49 nömrəli məktubunda qeyd edilmişdir ki, X11 xx.xx.1994-ci il tarixdən xx.xx.2001-ci il tarixə kimi X4 sürücü vəzifəsində çalışmışdır. Sonradan, yenidən xx.xx.2005-ci il tarixində “X12” ATSC-yə sürücü işinə qəbul edilmiş, xx.xx.2007-ci ildə tarixində isə işdən azad olunmuşdur. -Azərbaycan Respublikası Dövlət X6 xx.xx.2023-cü il tarixli, 3-48-DA-14F/2- 244/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli Bayramlı (Şirvan) şəhər “Araz” zavodunun 1993-cü ilin aprel-sentyabr ayları filiala təhvil verilməmişdir. Bu səbəbdən X8 həmin aylar üzrə əmək fəaliyyəti barədə məlumat vermək mümkün olmamışdır. 1994-cü ilin aprel ayı üzrə əmək haqqı hesablama cədvəlində vətəndaşın adı aşkar olunan cədvəlin Filialda mühafizə olunan Əli Bayramlı rayon “Avtomobil Nəqliyyat idarəsi”nin 1995-1998-ci illərə aid “Əli Bayramlı-Nəqliyyat” ATSC-nin və 2001-ci və 2005-ci illərə aid əmək haqqı hesablama cədvəllərində seçmə üsulu ilə vətəndaşın adı aşkar olunan cədvəllərin müvafiq qaydada təsdiq olunmuş surətləri təqdim edilir. -Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi “Cihaz” İstehsalat Birliyi “X17” MMC-nin xx.xx.2024-cü il tarixli, 17/36 nömrəli məktubunda bildirilir ki, 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyi yaradıldıqdan sonra “X17” MMC yenidən faliyyətə başlamışdır. X8 müraciətinə baxılan zaman məlum olmuşdur ki, Müdafiə Sənayesi Nazirliyi yaradılmasından öncəki sənədlərin arxivə verilib verilməməsi haqqında hec bir məlumat yoxdur. Faktiki olaraq arxiv şöbəsində X8 məlumatlarının mərkəzi arxivə təhvil verilməsi və yaxud hər hansı səbəbdən məhv olması haqqında arxiv məlumatları yoxdur. Sənədlərin arxiv fonduna verilməsi barədə hər hansı bir qeyd aparılmamışdır. -Məhkəmə kollegiyasının müvafiq sorğusuna cavab olaraq, Dövlət X6 08 iyul 2025ci il tarixli məktubunda bildirilir ki, Azərbaycan Respublikası Dövlət Arxivi Şirvan filialında mühafizə olunan Əli Bayramlı (Şirvan) şəhər “Araz” zavodunun 1993-cü ilin aprel-sentyabr ayları filiala təhvil verilmədiyini qeyd etmişik. Həmin təşkilatın sənədləri zamanında filiala siyahısı olmadan, akt yazılmadan təhvil götürülərək fondda uçotsuz olaraq mühafizə olunurdu. 2022-ci ildə filiada əsaslı təmir işləri aparılan zaman arxiv sənədləri başqa yerə daşınmış. Arxivin binası təmir olunduqdan sonra həmin sənədlərin siyahısı olmadığı üçün ardıcıllıqla yığılması mümkün olmamışdır. Aprel-Sentyabr aylarının cədvəlləri aşkarlanmadığı üçün vətəndaşın arayışında bu ayların göstəriciləri qeyd olunmamışdır. 2025-ci ildə filialda mövcudluğun yoxlanması zamanı uçotsuz sənədlərin həmçinin sözügedən təşkilatın da sənədləri aşkarlanaraq çeşidlənməsi, uçotu və Milli Arxiv Fonduna salınması işləri aparılmışdır. Sözügedən təşkilata 454 Fond nömrəsi verilmişdir. Həmin sənədlər aşkar olunduqdan sonra vətəndaş X11 əmək fəaliyyəti ilə bağlı filiala sorğu daxil olmamışdır. Məhkəmə kollegiyasının sorğusu zamanı X8 əmək fəaliyyətini əhatə edən dövrün cədvəlləri baxış üçün göndərilmişdir. Həmin məktuba iddiaçının 1992-1994-cü illərdə Əli Bayramlı “Araz” zavodunda və 1994-2001-ci illərdə “Əli Bayramlı-Nəqliyyat” ATSC-də almış olduğu əmək haqqı barədə məlumatlar verilmişdir. Həmin məlumatlarda iddiaçının 1992 və 1993-cü illər üzrə bütün aylar üzrə əmək haqqı alması, 1994-cü ilin aprel, iyul-sentyabr, noyabr, dekabr ayları üzrə əmək haqqı almaması, 1995-ci ilin yanvar, fevral, iyun, iyul, oktyabr-dekabr ayları, 1996-cı ilin yanvar, mart, may, iyun, avqust-oktyabr, dekabr ayları, 1997-ci ilin yanvar, mart, may, noyabr, dekabr ayları, 1998-ci ilin fevral-dekabr, 1999-cu ilin bütün ayları, 2000-ci ilin bütün ayları, 2001-ci ilin yanvar-avqust, oktyabr-dekabr, 2005-ci ilin yanvar-mart, iyun, oktyabr, noyabr ayları üzrə əmək haqqı ödənişinin olmaması müəyyən edilmişdir. Qeyd edilməlidir ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi). Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir. İddiaçı cavabdeh inzibati orqana müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehə təqdim etdiyi sənədlərə əsasən onun sığorta stajının qanunla müəyyən edilmiş həcmdən az olması səbəbindən əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun:- -3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdir. -7-ci maddəsinə görə 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının; -3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajından ibarətdir. Məhkəmə kollegiyasın iclasında tərəflərin və arxivin nümayəndəsinin iştirakları ilə Əli Bayramlı “Araz” zavodunun 1992-1994-cü illərə dair və “Əli Bayramlı-Nəqliyyat” ATSCnin 1994-2001-ci illərə dair əmək haqqı cədvəllərinə baxış keçirilmiş, arxiv tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş məlumatların natamam olması, yəni Əli Bayramlı “Araz” zavodu üzrə verilmiş məlumatda iddiaçının 1993-cü ilin aprel-avqust aylarında əmək haqqı almaması qeyd edilsə də, əmək haqqı cədvəllərinə baxış zamanı həmin aylarda əmək haqqı alması müəyyən edilmiş, kollegiya tərəfindən arxiv sənədlərinin yenidən araşdırılması və dəqiq məlumat verilməsi tələb edilmiş, lakin arxiv tərəfindən natamam verilmiş məlumatlar dəqiqləşdirilsə də, iddiaçının aylar və illər üzrə əmək haqqı aldığı dövr nəzərə alınmaqla ümumilikdə 25 il sığorta stajının olması müəyyən edilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, arxiv sənədlərinə baxış zamanı arxiv tərəfindən bir neçə ay üzrə natamam məlumat verilməsi müəyyən edilsə də, həmçinin 1992-1994-cü, 1994-2001-ci və 2005-ci illər üzrə əmək haqqı cədvəllərində iddiaçının yuxarıda qeyd olunan aylar üzrə əmək haqqı almaması da müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hərtərəfli araşdırma aparılmışdır və qəbul edilmiş qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də şikayətin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Apellyasiya şikayətində isə iddia ərizəsinin məzmunu təkrarlanmışdır. İşin faktiki və hüquqi hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Odur ki, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81-82-ci, 87-ci, 89-cu, 90-cı və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Şirvan İnzibati Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 2-1(120)-607/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar