Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 2-1(106)-222/2023 22.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı iş üzrə (Açar sözlər: iş illərinin sosial sığorta stajına daxil edilməklə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X12 və Əsədov İlham Qoşunəli oğlundan ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı «hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbinə dair inzibati iş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(120)-267/2023 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx xxxxx 1956-cı ildə anadan olmuşdur. O, yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh orqana müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 12 avqust 2021-ci il tarixli **********1 nömrəli məktubla iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh mövqeyini onunla əsaslandırmışdır ki, təqdim edilmiş əmək kitabçası və hərbi biletin surətlərinə əsasən iddiaçının ümumi sığorta stajı 21 il 11 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır və eyni zamanda fərdi hesabın sığorta hissəsində qeydə alınmış 16.702,03 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasının minimum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. Məlumat üçün bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildiririk ki, Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 52 saylı arayışına əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi Ağcabədi X1nin əmr kitablarında iddiaçının adına rast gəlinməmişdir. Eyni zamanda 2004cü il tarixli əmr kitabları Ağcabədi rayon Dövlət Arxivinə təhvil verilmədiyi üçün işdən azadolma əmrinin yoxlanılması mümkün olmamışdır. Bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilməmişdir. Birinci instansiya məhkəməsində birinci icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, «cavabdehin 12 avqust 2021-ci il tarixli məktubunun əsassız sayılması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbinin əsası kimi göstərmişdir ki, o, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Ağentliyinin tabeliyində olan Ağcabədi reqional “ASAN xidmət” mərkəzinə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Ərizəsi və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Odənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmiş və cavabdehin 12 avqust 2021-ci il tarixli məktubu ilə bildirilmişdir ki, ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Cavabdeh bunu onunla əsaslandırmışdır ki, təqdim etdiyi xx.xx.1982-ci il tarixində tərtib edilmiş NT-İ N ******* saylı əmək kitabçasına və hərbi biletinin surətlərinə əsasən ümumi sığorta stajı 21 il 11 ay olmaqla tələb olunan müddətdən (25 il) azdır və eyni zamanda fərdi hesabının sığorta hissəsində qeydə almış 16.702.03 manat pensiya kapitalı tələb olunan pensiya kapitalından (28.800 manatdan) az olduğu üçün əmək pensiyasınm minumum məbləğindən (200 manatdan) az olmayan pensiya təminatına imkan vermir. Bundan əlavə cavab məktubunda cavabdeh tərəfindən bildirilir ki, Ağcabədi rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 52 nömrəli arayışına əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyi X5 müəssisəsinin əmr kitablarında onun adına rast gəlinməmişdir. Eyni zamanda 2004-cü il tarixli əmr kitabları Ağcabədi rayon Dövtət Arxivinə təhvil verilmədiyi üçün onun işdən azadolma əmrinin yoxlanılması mümkün olmamışdır. Cavabdeh hesab etmişdir ki, bu səbəblə həmin dövrlərin sığorta stajına əlavə edilməsi qanunauyğun hesab edilmir və yuxarıda qeyd olunanlara əsasən ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanuvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Sosial Müdafiə X16 şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 avqust 2021-ci il tarixli, **********1 saylı məktubu əsassızdır və hesab edir ki, cavabdeh tərəfindən ona yaşa görə əmək pensiyası təyin ediİməlidir. Belə ki, onun əmək kitabçasında qeyd olunan əmrlərə əsasən 04 sentiyabr 1973-ci il tarixdən 02 noyabr 2004-cü il tarixə kimi hüquqi şəxs nəzdində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Cavabdehin istinad etdiyi xx.xx.1995ci il tarixdən xx.xx.2004-cü il tarixədək onun Ağcabədi X1nin əmr kitablarında adının olmaması isə ona yaşa görə əmək pensiyasının verilməməsi üçün əsa ola bilməz. Həmin tarixlərdə müəssisə tərəfindən ona verilmiş yol-nəqliyyat vərəqələri və müəssisəyə ödədiyi icarə haqqları barədə qəbzlər buna bariz sübutdur. Hesab edir ki, mövcud qanunvüriciliyə əsasən cavabdehin istinad etdiyi faktlardakı ziddiyyətlər onun hər hansı bir məsuliyyətinin nəticəsi ola bilməz və bu fakt ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması üçün əsas deyildir. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsi xahiş olunmuşdur. 10 oktyabr 2022-ci il tarixli məhkəmə iclasında iddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək “ona hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi qəbul olunmasını xahiş etmişdir. Şirvan İnzibati Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli qərardadına əsasən iddianın dəyişdirilməsi məhkəmə tərəfindən qəbul edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X16 Şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının nümayəndəsi iddiaya qarşı etiraz təqdim etmişdir. Etirazda qeyd olunmuşdur ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı ona yaşa görə pensiyanın təyin olunması üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 5 saylı regional ərazi filialına müraciət etmişdir. Qeyd olunan ərizəyə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən xx.xx.2021-ci il tarixli, **********1 nömrəli məktubu ilə iddiaçıya yaşa görə pensiyanın təyin olunmasından imtina cavabı verilmişdir. İddiaçıya ünvanlanan imtina məktubunda imtinanın əsası kimi aşağıdakılar göstərilmişdir: 1) xx.xx.1982-ci il tarixdə tərtib edilmiş l/İT-l ******* nömrəli əmək kitabçasının və hərbi biletinin surətlərinə əsasən ümumi sığorta stajı 21 il 11 ay olmaqla tələb olunan (25 il) müddətdən azdır. 2) fərdi hesabının sığorta hissəsində qeydə alınmıs 16702,03 manat pensiya kapitalı tələb olunan (28800 manat) pensiya kapitalından az olmaqla əmək pensiyasının minimum (200 manat) məbləğindən az olmayan pensiya təminatına imkan vermir. 3) xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. 4) Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 52 nömrəli arxiv arayışına əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək işlədiyini iddia etdiyi X6 müəssisəsinin əmr kitablarında onun adına rast gəlinmir və 2004-cü il tarixli əmr kitabları həmin arxivə təhvil verilmədiyi, bununla əlaqədar işdən azadolma əmrinin yoxlanılması mümkün olmadığı ücün göstərilən dövrün sığorta stajına daxil edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. İddiaçının xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyətinin araşdırılması nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli, 52 nömrəli arxiv arayışında onun 1995-ci ildə isə daxiloma əmrinə rast gəlinmədiyi, 2004-cü il tarixli əmr kitablarının isə həmin arxivə təhvil verilmədiyi üçün isdən azadolma əmrinin yoxlanılmasının mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 8 saylı Ərazi Vergilər İdarəsinin cavabdehə ünvanladığı xx.xx.2022-ci il tarixli, **********953300 nömrəli sorğuya cavab məktubundan görünür ki, arxiv sənədlərinə və dövlət reyestrində olan məlumatlara əsasən Ağcabədi rayon İxtisaslaşmış Avtonəqliyyat müəssisəsi vergi uçotuna alınmamışdır. Həmin müəssisənin adına oxşar olan X3 Avtonəqliyyat müəssisəsinin bazasında xx.xx.1998-ci il tarixdə yaradılmış "xxxx" ASC xx.xx.2000-ci il tarixdə vergi uçotuna alınmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödəniiməsi Qaydaları"nın (bundan sonra Qaydalar) 3-cü hissəsində sosial sığorta stajının hesablanması proseduru öz əksini tapmışdır. Qaydaların 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; - Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixdə qüvvəyə minmiş 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə görə, sözügedən maddədə nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsindən aydın olduğu kimi şəxsin əmək pensiyası hüququ iki halda yarana bilər. Birinci halda, şəxsin qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir; bu halda, sığorta stajının mövcudluğu tələb edilmir. İkinci halda isə, əksinə, şəxs ən azı 25 illik sığorta stajına sahib olmalıdır; bu halda, qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi tələb edilmir. Qanunun 25-ci maddəsinə əsasən sosial sığorta stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. İddiaçının təqdim etdiyi xx.xx.1982-ci il tarixdə tərtib edilmiş əmək kitabçasının surətinə əsasən xx.xx.1973-cü il tarixdən xx.xx.1989-cu il tarixədək əmək fəaliyyəti dövrü, xx.xx.1989-cu il tarixdən xx.xx.1995-ci il tarixədək əmək fəaliyyəti dövrü nəzərə alınmaqla 01.01 2006-cı il tarixədək mübahisələndirilməyən sığorta stajı 21 il 11 ay 2 gün təşkil edir ki, bu da tələb olunan müddətdən (25 ildən) azdır. Həmçinin, Ağcabədi Rayon Dövlət Arxivinin xx.xx.2021-ci il tarixli 52 nömrəli arxiv arayışına əsasən iddiaçının işlədiyini iddia etdiyi X5 müəssisəsindəki xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan əmək fəaliyyəti dövrü yuxarıda qeyd olunanlara əsasən sığorta stajına daxil edilməsini istisna edir. İddiaçının işlədiyini iddia etdiyi sözügedən bütün dövrlər nəzərə alınsa onun xx.xx.2006-cı il tarixdədək olan ümumi iş stajı 31 il 1 ay təşkil edir. Həmçinin, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixə kimi iddiaçının fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Göstərilənlərə əsasən məhkəmədən iddianın təmin olunmaması xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Şirvan İnzibati Məhkəməsinin (hakim F.N.Abbasov) xx.xx.2023-cü il tarixli, 2-1(120)- 267/2023 nömrəli qərarı ilə iddianın təmin edilməsi, İddiaçı əmək kitabçasında qeyd olunmuş iş illəri və hərbi xidmətdə olduğu dövr sosial sığorta stajı kimi nəzərə alınmaqla hüququnun yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia tələbinə olan yazılı münasibəti (etiraz və etiraza əlavə) ilə eynilik təşkil edir. Əlavə olaraq cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Şirvan İnzibati Məhkəməsi hüququn tətbiqində və təfsirində səhvə yol verdiyindən, hazırkı iş üzrə düzgün olmayan qərar qəbul etmiş və qanunvericilikdə nəzərdə tutulan normaları düzgün tətbiq etməmişdir. İddiaçının işlədiyini iddia etdiyi dövrlərə aid sənədlərin arxivə təhvil verilmiş hissəsində araşdırma zamanı əmr kitablarında onun adına rast gəlinməməsi, digər tərəfdən qalan hissənin isə arxivə təhvil verilməməsi, həmçinin sözügedən müəssənin mövcudluğunun araşdırılması zamanı onun vergi uçotuna alınmadığının aşkar olunması əmək kitabçasında olan xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan qeydlərin mötəbərliyini şübhə altına alır. Odur ki, qeyd olunan səbəblərə görə həmin dövrlər sosial sığorta stajı kimi götürülə bilməz. Qeyd edilənlərə əsasən Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(120)- 267/2023 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsi xahiş olunmuşdur. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətini müdafiə edib, şikayətin dəlillərinə uyğun izahat verərək Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(120)-267/2023 nömrəli qərarının ləğv olunmasını və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İcraat materialları Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına təqdim edilmişdir. Həmin sənədlərə – iddiaçının şəxsiyyət vəsiqəsinin surəti, əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surəti, cavabdehin imtina məktubu və s. aiddir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-); 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; (-); Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.2. Sığorta olunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: Maddə 21.2.3.Müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olduğu müddət,müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; Maddə 23.2.1992-ci İl yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. 1992-ci il 23 sentyabr tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: 67-ci maddəsinin v) bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünü müdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktiki müddət üzrə nəzərə alınır. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinciyeddinci hissələrinə müvafiq olaraq hesablanır. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə,müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır.Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamə: 1-ci bənd. Əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. 3-cü bənd. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.6. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına şikayət verilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Şirvan Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı işlədiyi illərin sosial sığorta stajı kimi nəzərə alınaraq, hüququnun yarandığı vaxtdan yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Məhkəmə tərkibi qeyd edir ki, iddiaçı yaşa görə əmək pensiyası almaq üçün qanunvercilikdə müəyyən edilmiş yaş həddinə çatmışdır. Belə ki, iddiaçının yaşa görə pensiya hüququ xx.xx.2021-ci ildə (65 yaş) yaranmışdır. Hazırkı halda isə iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iki şərtdən biri olmalıdır: fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olmalıdır. Cavabdeh apellyasiya şikayətində qeyd edir ki,...“iddiaçının işlədiyini iddia etdiyi dövlərə aid sənədlərin arxivə təhvil verilmiş hissəsində araşdırma zamanı əmr kitablarında onun adına rast gəlinməməsi, digər tərəfdən qalan hissənin isə arxivə təhvil verilməməsi, həmçinin sözügedən müəssisənin mövcudluğunun araşdırılması zamanı onun vergi uçotuna alınmadığının aşkar olunması əmək kitabçasında olan xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan qeydlərin mötəbərliyini şübhə altına alır. Odur ki, yuxarıda qeyd olunan səbəblərə görə həmin dövrlər sosial sığorta stajı kimi götürülə bilməz”. Məhkəmə tərkibi cavabdehin bu dəlilini əsassız hesab edir. Belə ki, məhkəmə tərkibi iddiaçının əmək fəaliyyətinə dair əmək kitabçasını onun sosial sığorta stajının müəyyən olunmasında mötəbər subut kimi qəbul edir. İddiaçıya məxsus 12 dekabr 1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1995-ci il tarixli, 45 nömrəli əmrlə Ağcabədi X1nə sürücü vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2004-cü il tarixli, 32 nömrəli əmrlə işdən azad olunmuşdur. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, əmək kitabçasında göstərilən məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün məhkəmə tərkibi tərəfindən hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Məhkəmə tərkibi nəzərə alır ki, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Məhkəmə tərkibinin qənaətinə görə əmr kitabları arxivə təhvil verilmədiyi halda, «iddiaçının işləməsi təsdiq edilmir» kimi gəlinən nəticə səhvdir. Ümumiyyətlə, iddiaçının işlədiyi müddət üzrə əmək haqqı kitablarının, cədvəllərin və əmrlərin arxivə təhvil verilməməsi iddiaçının təqsiri kimi qəbul oluna bilməz və bu hal ona əmək pensiyası təyin edilməsindən imtina üçün əsas deyildir. Yəni başqa şəxsin hər hansı əməli (hərəkət və ya hərəkətsizliyi) vətəndaşın konstitusion hüququ olan sosial təminat hüququnun pozulmasına səbəb ola bilməz. Eyni zamanda məhkəmə tərkibi qeyd edir ki, cavabdehin apellyasiya şikayətində qeyd etdiyi hallar yalnız ehtimallara əsaslandığından sübutun (əmək kitabçasının və arxiv arayışının) qeyri-mötəbərliyi (saxtalığı), eyni zamanda iddianın əsassızlığı barədə nəticəyə gəlməyə əsas vermir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində qeyd edir ki,...“sözügedən müəssənin mövcudluğunun araşdırılması zamanı onun vergi uçotuna alınmadığının aşkar olunması əmək kitabçasında olan xx.xx.1995-ci il tarixdən xx.xx.2004-cü il tarixədək olan qeydlərin mötəbərliyini şübhə altına alır”. Məhkəmə tərkibi cavabdehin bu dəlilini də əsassız hesab edir. Belə ki, iş materiallarında olan Ağcabədi Rayon Dövlət Arxivinin 16 mart 2021-ci il tarixli, 17 nömrəli, 09 iyul 2021-ci il tarixli, 52 nömrəli, 03 iyun 2022-ci il tarixli, 26 nömrəli və 10 noyabr 2022-ci il tarixli, 84 nömrəli arayışlarına və Ağcabədi X1nin 07 və 12 dekabr 1995ci il tarixli əmrlərinə əsasən Ağcabədi X1nin əmr kitablarında İddiaçı 1995-ci ildə işə girmə əmrinə rast gəlinmədiyi, 2004-cü il əmr kitabları isə Ağcabədi Rayon Dövlət Arxivində mühafizə olunmadığından işdən çıxma əmri haqqında məlumat verilməsinin mümkün olmadığı, lakin həmin müəssisənin 1995-ci ilə aid əmrlər kitabında İddiaçı ezamiyyətdə olması bildirilmişdir. İş materiallarında olan Dövlət Statistika Komitəsinin 26 oktyabr 2022-ci il tarixli, 01/3-4195 nömrəli məktubunda bildirilmişdir ki, statistik vahidlərin dövlət reyestrində Ağcabədi X1nə dair məlumat mövcud deyildir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş X1 03 iyun 1996-cı il tarixdən 04 oktyabr 2002-ci il tarixədək statistik vahidlərin dövlət reyestrində Ağcabədi rayonu üzrə qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin məlumatın təqdim edilməsi haqqında 18 noyabr 2022-ci il tarixli, MİHO/1.2-2-2022-7849 nömrəli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Təsərrüfat Hesablı Respublika Maddi-Texniki Təchizat və X4 1995-ci il 03 avqust tarixli, 55/k nömrəli əmri ilə Çıraq Bəhrəm oğlu X7 Müəssisəsinin direktoru vəzifəsinə təyin edilmişdir. Kənd Təsərrüfatı Nazirliyi üzrə özəlləşdiriləcək müəssisə və təşkilatlarla bağlı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 1996-cı il 26 avqust tarixli, 01/37-40-310 nömrəli məktubu ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunmuş siyahıda Ağcabədi X1nin adı öz əksini tapmışdır. İş materiallarında olan Ağcabədi X1nin direktoru X9 tərəfindən imzalanmış və müəssisənin möhürləri ilə təsdiq olunmuş, 2000-2003-cü illəri əhatə edən yük avtonəqliyyatı üçün yol vərəqələrindən görünür ki, İddiaçı həmin müəssisədə işləmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı əldə edilmiş sübutlar Ağcabədi X1nin mübahisələndirilən illərdə fəaliyyətdə olduğunu təsdiq edir. Məhkəmə tərkibinin gəldiyi nəticə ondan ibarətdir ki, iddiaçı əmək kitabçasındakı iş illəri və hərbi xidmət müddəti nəzərə alınmaqla, tələb olunan 25 il sosial sığorta stajını topladığından o, yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan imtinanın əsası kimi istinad etdiyi halları əsaslandıra bilməmiş, sübutetmə yükünü həyata keçirə bilməmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Nəticəvi hissə Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. İş üzrə Şirvan İnzibati Məhkəməsinin 20 fevral 2023-cü il tarixli, 2-1(120)-267/2023 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-1(106)-222/2023
Şirvan Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(106)-222/2023
22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver